Seyran Səxavət bilyardda rus
yazıçı Andrey Bitovu necə uddu?
YAZIÇI
SEYRAN SƏXAVƏTİN GƏNCLİK VƏ UŞAQLIQ DOSTU
ASİF EMİNOV ONUNLA BAĞLI XATİRƏLƏRİNİ
BÖLÜŞÜR
"Onun
yaradıcılığı ilə ilk
tanışlığım gənclik dövrümdə olub. "Daş evlər",
"Gözü işığa düşən adam", "Qapıların o üzündə
qalan dünya", "Dar köynək" əsərlərini
oxumuşdum.
Zaman elə
gətirdi ki, sevdiyim bir yazıçı ilə şəxsən
tanış oldum, nəinki tanış
oldum, hətta Azərbaycan Yazıçılar Birliyində
bir yerdə işlədik, bir otaqda oturduq. Sonralar isə onun
"Yəhudi əlifbası", "Qaçaqaç"
romanlarını, "Yüz ilin kişisi", "İt intervüsü",
"Cəhənnəm" hekayələrini oxudum.
Hər
bir əsərində dilimizin gözəlliyini, zənginliyini
özündə ehtiva edən, xalq ruhunda, Tanrıya və
sevgiyə bağlılığı, insanın
özünüdərkinə, mənəvi cəhətdən
kamilləşməsinə həsr olunan, ümumbəşəri
ideyalara söykənən, dərin məzmunlu,
düşündürücü romanların, povestlərin və
hekayələrin müəllifi kimi və dünyaya
özünəməxsus baxışı olan yaradıcı
şəxsiyyət, sözə həssaslıq və ehtiramla
yanaşan, haqq sözünü yerində və zamanında
deməyi bacaran cəsarətli bir qələm sahibi kimi tanıdım
onu".
Söhbət yaxın günlərdə 75 illik yubileyinə
hazırlaşdığımız, görkəmli Azərbaycan
yazıçısı Seyran Səxavətdən gedir.
Seyran Səxavətin 75 illik yubileyi münasibətilə
onun gənclik və uşaqlıq dostu Asif Eminovla müsahibəni
təqdim edirik.
Qeyd edək ki, Asif Eminov ixtisasca
hüquqşünasdır, istefada olan polkovnikdir və Birinci
Qarabağ müharibəsi veteranıdır.
***
- Asif
müəllim, Seyran Səxavət sizin üçün kimdir
- şair, yazıçı, dramaturq, yoxsa etibarlı dost?
- Seyran hər
şeydən əvvəl mənimçün etibarlı
dostdur. Bizim dostluğumuzun tarixi qədimdir.
Dostluq bizə atalarımızdan keçib.
Biz qazaxlıyıq. Atam biz uşaq olanda
Seyrangilin rayonunda işləyirdi və atalarımız
yaxın dost olublar. Atam Seyran haqqında həmişə
yüksək fikirdə olub. Seyranın
özündən böyük qardaşları var idi. Ancaq atam Seyranı atasına göstərib, bu
uşağın böyük gələcəyi var, bundan
muğayat ol demişdi o vaxt. Seyran mənimçün
kimdir? Bir eldə, obada yüzlərlə
insan yaşayır. Ancaq o elə, obaya bir bəla gələndə
qabağa üç-dörd adam
çıxır. Seyran Səxavət həmin o
üç-dörd adamın biridir. Haqq
sözünü zamanında deməyi bacaran, adi söhbətlərində
belə, haqqın, ədalətin yanında olan insandır mənim
dostum. Qaldı ədəbi fəaliyyətinə,
yazıçı kimi Seyran həmişə məni heyrətləndirib.
Mən dünya və Şərq ədəbiyyatına
az-çox bələdəm. Seyranı
dünya ədəbiyyatının oxuduğum ən
tanınmışları ilə müqayisə edəndə tərəzinin
Seyran olan tərəfi ağır gəlir. Bu, dostum olduğuna görə deyil, sadəcə
içimdəki ədalət hissi məni Seyran tərəfə
çəkir.
- Asif
müəllim, deyirsiniz dostunuz həmişə haqqın, ədalətin
yanında olan yazıçıdır, sizcə, Seyran Səxavət
haqqı, ədaləti tapa bilibmi əsərlərində?
- Ta qədimdən,
eramızdan əvvəl böyük mütəfəkkirlər
bu haqda yazıblar. Sonra müqəddəs
kitablar gəldi, Allah öz elçilərini göndərdi
yer kürəsinə. Bunlar hamısı
haqqı, ədaləti bərpa etmək, insanları düz
yola gətirmək üçün idi. Sonra
məlum oldu ki, güclü ilə zəif, varlı ilə
kasıb, gözəl ilə kifir olan yerdə bu çaba mənasızdır.
Çünki saydıqlarım bir-biri ilə
mübarizədədirlər. Zəif -
güclü, kasıb - varlı, kifir isə gözəl olmaq
istəyir. Yəni bunların arasında
mütləq ədalət olması absurddur.
Özündən əvvəlkilər kimi, Seyran da
axtardığı haqqı, ədaləti əsərlərində
tapır və insanları haqq, ədalət yoluna
çağırır. Siz deyə bilərsiniz ki, bəs dünya
dövlətləri ədalət prinsipi olmadan necə idarə
olunur? Hər bir dövlət öz
qanunları çərçivəsində idarə olunur.
Bu, mütləq ədalətə söykənmir.
Afrikada və başqa yerlərdə aclıqdan
ölən uşaqları hansı ədalətin
ayağına yazaq? Amerika
Əfqanıstana, İraqa, Suriyaya, Liviyaya ədaləti bərpa
etməyə getmişdi. Bacardımı?
Yox! Əksinə, nə qədər
haqsızlıq, ədalətsizlik etdilər. Seyran Səxavət "Yəhudi əlifbası"
əsərində Yer kürəsini ittiham edir.
Ay ilk məhəbbbətim,
son məhəbbətim - Seyran Səxavət » Manera.Az
Romanda Seyran insan zəkasının daha da dərinliklərinə
nüfuz edərək bəşəriyyəti
düşündürən yaşamaq və necə yaşamaq
sualının cavabını axtarır. Lakin bu
islaholunma və özünəqayıtma prosesi, müəllifin
təəssüflə qeyd etdiyi kimi, hələ çox
ziddiyyətlərlə qarşılaşacaq, uzun yol keçəcək.
Yəni ədalətin nisbi olmasını Seyran
Səxavət özü də dolayısıyla etiraf edir.
- Asif
müəllim, yazıçının siyasətlə məşğul
olmasına necə baxırsınız?
-
Yazıçı əsərini yazır və özü də
bilmədən siyasətin içində olur. Tarixə
nəzər salsaq, Nizami, Xaqani məgər siyasətçı
idilər? Ancaq hökmdarlar onları öz
yanlarında sarayda saxlayırdılar. Bu,
hökmdarların onların qəzəllərindən feyziyab
olduqları üçün deyildi. Şairlər
peyğəmbərlərdən sonra Tanrının ən
sevimli bəndələridir. Tanrı belə
şəxslərə öncəgörmə kimi bir qabiliyyət
verib. Qələm adamları öz əsərlərində
gələcəkdən xəbər verirlər.
Keçmişdə də, indi də hər bir dövlətin
gələcəyi haqqında proqnozlar hazırlanır. Proqnozları
hazırlayanlar əsasən yazıçıların əsərlərinə
isdinad edirlər. Bundan isə
yazıçıların xəbəri olmur. Yazıçı "Mən siyasətdə
yoxam" desə də, siyasətin içində olur. Eyni zamanda, sənət adamları xalqla hakimiyyət arasında
körpü, vasitəçi rolu oynayıb həmişə.
Bununda səbəbi odur ki, siyasətin qəliz
dilini şair, yazısı xalqın başa
düşdüyü formada çatdıra bilir. 44 günlük Vətən müharibəsində qələbəmizdən
sonra Seyran Səxavəti televiziyaya dəvət etmişdilər.
Aparıcının "Seyran müəllim, 44 günlük
müharibə və qələbəmiz haqqında yeni əsərlər
yazılacaqmı" sualına Seyran "Ən böyük, ən
gözəl əsəri Ali Baş Komandanımız
özü yazdı, bundan sonra yazılanlar Ali Komandanın
yazdığı BÖYÜK qələbəyə olsa-olsa nəzirə
olacaq" cavabını verdi. Seyran Səxavət, mənim əziz
dostum Tanrının əhvalının yaxşı olduğu
vaxta yaratdığı xüsusi əl işidir.
- Asif
müəllim, bildiyimə görə, Seyran Səxavətlə
eyni vaxtda Moskvada təhsil almısınız. Tələbəlik
illərinin maraqlı əhvalatları olub yəqin ki.
- Bir halda
ki, soruşdunuz, gəlin sizə Seyranın görkəmli rus
yazıçısı Andrey Bitovla maraqlı tanış
olma əhvalatını danışım. Deməli,
Seyran çox yaxşı bilyard oynayırdı. Bir gün məni SSRİ Yazıçılar
İttifaqının Yaradıcılıq evinə
aparmışdı. Gəldik bilyard
salonuna. Elə bu zaman şair Məmməd
İsmayıl da gəlib çıxdı. Məmməd
İsmayıl Seyrana dedi ki, daşları düz, oynayaq. Seyran
cavabında dedi ki, Məmməd, birinci sən vur, məndən
böyüksən, sən başla, onsuz da mən udacağam. Oynamağa başladılar. Demək
olar ki, Məmmədin əlinə bilyard çubuğu dəymədi.
Seyran dalbadal səkkiz şarı yuvaya saldı və Məmmədə
zarafatla dedi ki, kiyi saz kimi tutursan, ona görə uduzdun. Elə
yekunlaşdırıb nahara getmək istəyirdik, bir eynəkli,
arıq kişi yaxınlaşıb Seyrana
dedi ki, bir oyun da mənimlə oynayaq. Vaxt az
olsa da, Seyran ehtiraz etmədi. Qısa zamanda Seyran
oyunda onu da uddu. Eynəkli kişi bizi
nahara dəvət etdi. Seyran dedi ki, gedək, amma hesab mənlikdir.
Eynəkli kişi "Mən dəvət
edirəmsə, deməli, hesabı da mən verəcəm,
qalxın gedək" dedi. Tanışlıq zamanı məlum
oldu ki, eynəkli kişi Rusiyanın
tanınmış yazıçısı Andrey Bitovdur. Seyran
heyrətləndi və mənə dedi ki, Asif, bu kişi dünyanın böyük
yazıçılarından biridir. Mən ədəbiyyat
adamı olmadığım üçün
tanımırdım onu. Seyran isə əksər
rus yazıçılarını tanıyırdı. Eyni zamanda, Bitovu da. Seyran onun
"Puşkinin evi" əsəri barədə xeyli
danışdı və Bitov gördü ki, Seyran onun
yaradıcılığına yaxından bələddir.
Onu da deyim ki, Sovet dönəmində bir neçə
yazıçı vardı ki, onları çap etmirdilər. Eyni zamanda, Andrey
Bitovu da. Belə yazıçılara
"Samizdat", yəni özü-özünü nəşr
edən deyirdilər. A.Bitovun
"Puşkinin evi" romanının vərəqlərinə
krest qoyub, yəni yararsız əsər kimi
qaralamışdılar. Bitov həmin əsərini
yol tapıb Amerikaya göndərmiş, orada həmin əsəri
elə qaralanmış şəkildə çap etmişdilər
və müəllifə yüksək qonorar
yazmışdılar. Seyranın rus ədəbiyyatı
və A.Bitovun yaradıcılığı barədə ətraflı
söhbəti onda necə maraq doğurdusa, nahardan sonra Bitov
dedi ki, indi buradan durub gedirik "Beryozka" mağazasına. "Beryozka" Moskvada yeganə xarici valyuta ilə
alış-veriş edilən ticarət mərkəzi idi.
Bitov Seyrana bir kostyum, həyat yoldaşı Almaz xanıma
uzunboğaz çəkmə aldı və üzünü mənə
tutub dedi ki, sənin dostun çox qeyri-adi təfəkkürə
malik insandır, çalış onu qoru.
O vaxtdan
uzun illər keçıb. Seyran Səxavəti
mən yox, Allah qorudu. Bu günlərdə
əziz dostum Seyranın 75 yaşı tamam olur. Mən əziz dostuma cansağlığı və
yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Dayandur SEVGİN
525-ci qəzet.- 2021.-
12 mart.- S.14.