Tanıyaq və tanıdaq: Leyla Nedayi

 

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

 

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasimilli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir...

 Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.

 Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır.

Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

 Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

 

 Esmira Fuad - Faniliyin poetik tarixi

 Esmira FUAD

Filologiya elmləri doktoru

 

***

Leyla NEDAYİ

 

 7 yanvar 1985-ci ildə Ərdəbildə kitaba elmə vurğun olan ziyalı bir ailədə dünyaya göz açıb. Azərbaycanın yamyaşıl sinəsi olan barlı-bəhrəli Muğanda boya-başa çatıb. İlk orta təhsilini Muğanda bitirib. Qrafik rəssamlıq ixtisası üzrə yüksək lisans diplomu alıb.

 

 Hazırda universitetin hüquq fakültəsinin tələbəsidir. Leyla  Nedayi ilk şeirini 13 yaşında ikən yazıb. "Ulduzlu gecələr" adlı şeir toplusu Təbrizin "Əxtər" yayım evində çap olunub.

 

 Şeirlərini bir neçə qiraətçi oxuyub internet səhifələrində səslənib. Uzun zamandan bəri böyük bir roman yazmaqla, eyni zamanda, 2-ci şeir kitabını hazırlamaqla məşğuldur.

 

 Tanrının sıcaq qucağıdır

 

Sərilib sevgi dolu açına

 

Mən nədəndir hara baxıramsa

 

Səni görürəm

 

Gülün gülüşündə

 

Səmanın bulaq-bulaq

 

Dum-duru göz yaşında

 

Sellərin

 

Hönkür-hönkür kükrəməsində

 

Savalanın vüqarında

 

Yarpaqların göz yaşında

 

Yellərin dolanbac yollarında

 

Mən nədən bu qədər görürəm, axı səni?

 

İndi xəyala dalıb, şaşıb qalmışam

 

Görən mən sən olmuşam, ya sən mənmi?

 

Basıram bağrıma,

 

Öpürəm havanın nəfəslərini

 

Kainatın isti havasını

 

Axı hər gün tanrı əllərinlə

 

Qucaq-qucaq

 

Sevgi yollayırsan bizə, Canım mənim...

 

Mənə "Dəli olmusan" deyirlər.

 

O qədər yanıtsız gülüşlər içində sənsiz

 

Özümlə danışıb-gülürəm, sənsiz

 

Öpürəm səni, yenə sənsiz

 

Darıxıram səndən sarı

 

Boş yerini tumarlayıram, sənsiz

 

Dün gücə şeir oxuyurdum

 

Sən otaqda önümdə oturmuşdun

 

Xəyalın var idi, acaq özün yox

 

Neçə illərdi çayını içmirsən

 

Soyuyur dəyişirəm,

 

yenə soyuyur dəyişirəm

 

Yenə sənsiz...

 

Mənə "Dəli olmusan" deyirlər,

 

qədər sevirəm bu dəliliyi

 

Heç bir saya-hesaba sığmayan

 

Gizli sevgim...

 

İndi dəlilik şeirinə çevrilmişik

 

Vay, aləm var bu dəlilikdə

 

Sevgini anlamayanlar bilərlər axı

 

Boşla onları.

 

Anla bu andakı ləzzəti,

 

Dəyişək görüşlə bu həsrəti.

 

Gəl, çayını .

 

Mən hər gün sənlə yaşayıram, sənsiz

 

qədər körpə şeirlər

 

doğuram Sevgindən

 

Hər gecə-gündüz, sənsiz

 

Yenə boyluyam...

 

Axı, ürəyim şişib,

 

Az qala partlayır yenə

 

bu dönə tumarlamasan

 

duyğularımı

 

Körpə şeirlərimin örtüyü

 

kəfən olacaq ürəyim.

 

Səni şeirlərimdə doğanda

 

Zövqümün bağrı çatlayır,

 

Bir daha xəyalınla ola-ola,

 

yazıq ki,

 

kimsəsiz hiss edirəm özümü...

 

bu yetim şeirlərimin

 

Qaynağı sənsən

 

Amma sənə həsrət yaşayan

 

Şeirlər yazıq-yazıq, şeirlər

 

Sənin varlığının əriş - arğacında

 

Dara çəkilmiş xalı kimi

 

Yaşayıram sənlə

 

Yenə sənsiz.

 

***

 

Bu "Əsən yellər" nədən bu qədər

 

Mənə xoş gəlir ilahi?

 

Dolaşır

 

ürəyimin dolam-dolam damarına

 

Səpilir bütün varlığıma

 

Çiçəklənib dolur içimə

 

Yaz olur payızımda

 

Qazır, sökür basdırdığım bütün

 

Səndən olan anılar!

 

Durur qarşımda talan edir

 

Oynadır, ağladır

 

Bütün gizli dərdlərimi

 

Çılpaqlandırır "Xatirələrimizi"

 

Ürəyim önündə,

 

Xoş toxdaqlıq verən bir gülüş

 

Oturur üzərimdə

 

Bu əsən yellərdə sirr var ilahi?

 

Alır, aparır məni çəkir ruhumu

 

Alıb qanadına (Uçuram) uçuram

 

İllər,

 

İllər,

 

İllər öncəyə

 

Bəlkə dəyib üz-gözünə?

 

Qarışıb aldığın nəfəsdən ki,

 

bu qədər

 

Ətirli, çiçəkli xoş gəlir mənə

 

Sarılır dolanır "Sarmaşıq" kimi mənə

 

Sığal çəkir darıxan könlümə

 

Sığal çəkir qan ağlayan

 

Bağrıma...

 

Didir, boğur, sıxır,

 

Öldürür bir an bütün kədərlərim

 

Darıxan "Ürəyimi"...

 

Qucaqlayır məni bu yellər,

 

deyir mənə, xoş gəlir,

 

Gülə-gülə ağladır,

 

Həm acı, həm xoş gəlir...

 

Tamsınıram,

 

öpürəm bu yelləri, ilahi!

 

xoş gəlir bu əsən yellər mənə!

 

Necə "sevindirir",

 

sərxoş edir məni

 

İlahi, İlahi...

 

 ***

Əyləşərdim qapınızda bir ömür,

 

Dilənərdim səni səndən, həyatım!

 

Xor baxışlar alanmazdı canımı,

 

Dilənərdim səni səndən, həyatım!

 

 

Əllərini tutmaq üçün əlimə,

 

Gözəl adın gətirərdim dilimə,

 

Heç baxmazdım günüm, ayım, ilimə,

 

Dilənərdim səni səndən, həyatım!

 

 

Sürünərdim addım-addım dalınca,

 

İsti səsin qulağıma alınca,

 

Ürəyimə canımda yer salınca,

 

Dilənərdim səni səndən, həyatım!

 

 

Yollarına qızıl güllər səpərdim,

 

Torpağını ovuc-ovuc öpərdim,

 

Hər gün gəlib küçənizdən ötərdim,

 

Dilənərdim səni səndən, həyatım!

 

 

Sənsiz hər an canıma od salını,

 

İstəmirəm bu dünyanın malını,

 

Dadmaq üçün dodağının balını,

 

Dilənərdim səni səndən, həyatım!

 

 

Bu sevgidə varlığımı danardım,

 

"Leyli" kimi eşq oduna yanardım,

 

Şeirlərimi bir-bir sənə sunardım,

 

Dilənərdim səni səndən, həyatım!

 

 

***

 

Ürəyimə

 

Səni əkmişəm...

 

Suvarıram əllərindəki buludlarla...

 

Ürəyim dərdli biri idi

 

Həsrətin gözlərimin nəmli

 

Buludları ələyir, satır.

 

Gözlərin məni atır dənizlərə,

 

Ağrılı küçələrin saçları mənəm,

 

Əllərindəki susuz toxum...

 

Əllərin göyərdir məni, sevdiciyim

 

İçim səni deyir... Çölümsə məni...

 

Səni çölümün içində saçaqlanıram

 

Səni görməmiş toxumlarda

 

Ah!.. Yalvarıram,

 

Buludlar məndə can verir, səni suvarır

 

Ey... mənim sevdiciyim...

 

gizli eşqim...

 

 

Esmira  Fuad

525-ci qəzet.- 12 mart.- S.15.