Mühacirlərimiz arasındakı ziddiyyətlərin qabardılmasına qarşıyam"

 

 

Bir xalq üçün ən dəyərli amillərdən biri də, həmin xalqın tarixinin, mədəniyyətinin tədqiqi və öyrənilməsidir. Hələ qatı açılmamış səhifələrin üzə çıxarılması bizim üçün olduqca vacibdir və bu yöndə mücadilə aparan şəxslər həm də tariximizin sadiq keşikçiləri və təəssübkeşləridir.

 

Azərbaycan tarixinin şanlı səhifələrindən biri də cümhuriyyət dönəmi, mühacirlərin həyat və fəaliyyətləridir. Bu sahə üzrə ardıcıl fəaliyyət göstərən şəxslərdən biri də araşdırmaçı-yazar və kolleksiyaçı Dilqəm Əhməddir.

 

Təsadüfi deyil ki, Dilqəm bu istiqamətdəki fəaliyyətinə görə 2019-cu ildə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalına layiq görülüb.

 

***

 

- Çoxu Dilqəm Əhmədi kolleksiyaçı kimi tanıyır. Əksəriyyətinin şair və yazıçı Dilqəm Əhməddən xəbəri yoxdur. Halbuki vaxtilə bir romanınız və şeirlər kitabınız çap olunub...

 

- Siz yadıma salmasaydınız, mən bu məsələləri tamamilə unutmuşdum. Bu gün xatırladım ki, əslində, düz 10 il bundan qabaq mənim "Bozqırdan uçuruma" adlı kitabçam nəşr olunmuşdu. Həmin kitabda bir neçə hekayə və şeirlər yer almışdı. Mən həmin dönəmlərdə "Azadlıq radiosu"nun keçirdiyi ədəbiyyat müsabiqəsinə qatılmışdım və orada hekayəm, şeirlərim bəyənildiyinə görə yazdıqlarımı toplayıb kitab şəklində çap etdirmişdim. Onun ardınca 2012-ci ildə "İmtina" adlı romanım çap olundu. Əslində, deyərdim ki, o illərdə bu roman  çap olunanlar içərisində ən yaxşılarından biri idi. Təbii ki, onda həvəsli idik, tanınmaq eşqilə bu işə qol qoymuşduq. Roman gəncliyin həyatından bəhs edirdi. Orada həm siyasət, həm də sevgi var idi. Mən həmin romanı xoş xatirələrlə xatırlayıram, gələn il "İmtina"nın 10 yaşı olacaq. 2014-cü ildə "Muza" adında bir kitabçam çap olundu. Həmin kitabı ilk və son şeir kitabım adlandırıram. Düzdür, sonralar da şeirlər yazmışdım, amma təbii ki, özümü şair hesab etmirəm. Hətta, hələ ki, yazıçı da hesab etmirəm. Şeir hər kəsin həyatının qısa bir dönəmində olur. Ondan sonra şairlər yetişir və ya yetişmir. Bu baxımdan mən özümü şair kimi yetişməmiş hesab etdim və bu işdən çəkildim. Ara-sıra yazdıqlarım olur və onların bəzilərini Feysbukda paylaşıram. Bəlkə, gələcəkdə xatirə olaraq şeirlər kitabı nəşr etməyi düşündüm. Hələ ki yazıçılıq fəaliyyəti ilə məşğul olmağa vaxtım yoxdur. Çünki bütün enerjimi məşğul olduğum Azərbaycan Cümhuriyyəti və mühacirət tarixinə həsr etmişəm.

 

- Dilqəm bəy, uzun illərdir, mühacirlərin həyatı ilə bağlı araşdırmalar aparırsınız və bir çox faktların üzə çıxarılması məhz sizin adınızla bağlıdır. Bu istiqamətdə fəaliyyət hansı zərurətdən doğdu? Bu işə sevginiz nədən qaynaqlandı?

 

- Təbii ki, istər Azərbaycan Cümhuriyyəti, istər xaricdə onun davamı olan siyasi mühacirət tariximiz bizim üçün çox önəmlidir. Çünki mühacirlərimiz üçrəngli bayrağımızı 71 il ərzində xaricdə dalğalandıran insanlardır və onlar istiqlal mübarizəsini daim davam etdirdilər, mühacirətdə saysız-hesabsız kitablar, məqalələr yazdılar, jurnallar çap etdirdilər, tədbirlər keçirdilər, siyasi təşkilatlar qurdular, ruslarla sonadək mübarizə apardılar. Türkiyə, Fransa, Almaniya, İran və bir çox ölkələrdə mübarizəni davam etdirdilər. Hətta uzaq Argentinaya qədər gedən mühacirlərimiz var idi. Bu baxımdan onların həyat hekayələri çox maraqlıdır. Sovet illərində bizim görkəmli diplomatımız Ramiz Abutalıbovun, alim və ictimai xadim Həsən Həsənovun xeyli fəaliyyəti olub. Onlar bəzi fəaliyyətlərini gizlin şəkildə həyata keçiriblər. Amma müstəqillikdən sonra artıq alimlərimiz bu işlə ciddi şəkildə məşğul olmağa başlayıblar. Mövsüm Əliyev, Nəsiman Yaqublu, Vilayət Quliyev, Ədalət Tahirzadə, Nikpur Cabbarlı, Xaləddin İbrahimli və bir çoxları bu sahədə qiymətli əsərlər yazıblar. Xüsusən, Ramiz müəllim Fransa arxivlərindən bir sıra mühacirlərin şəxsi arxivini ölkəmizə gətirərək onların üzərində çalışıb və qiymətli əsərlər yazıb. Eləcə də, Nəsiman Yaqublu Məhəmməd Əmin Rəsulzadə və digər cümhuriyyət xadimləri haqqında çox qiymətli əsərlər qələmə alıb. Təbii ki, biz də bu əsərləri oxuyub yola çıxmışdıq. Məhz mənim bu mövzuya marağım belə yarandı. Mən ilk dəfə olaraq orijinal kolleksiya materialları əldə etdikdən sonra düşündüm ki, ən yaxşısı bunların tarixini özüm yazım. Beləcə ilk tədqiqatlarıma başladım və öz üzərimdə ciddi şəkildə işlədim. Hazırda bu mövzuda 4 kitabım çap olunub. 2015-ci ildə "Fərqlilər", 2017-ci ildə "Mühacirlərin dönüşü", 2018-ci ildə "Bir ildən yüz ilə" və 2020-ci ildə "Mühacirlərin mirası", eləcə də, professor Ədalət Tahirzadə ilə birlikdə "Azərbaycan Cümhuriyyəti. Qısa tarixi oçerk" adlı kitabımız çap olundu. Bu kitabların özəllikləri o idi ki, buradakı materialların əksəriyyəti şəxsi kolleksiyamdan idi. Uzun illərdir jurnalistika fəaliyyəti ilə məşğul olduğuma görə, kitablarımı da publisistik üslubda qələmə alıram və bu da oxucular tərəfindən maraqla qarşılanır. Mühacirət tarixi elədir ki, bəzi mühacirlərin arxivləri dağılıb, bəziləri övladları tərəfindən qorunub. Mühacirətə aid balaca bir fotoşəkil, məktub belə bəzən bizi geniş mövzulara yönləndirir və biz də həvəslə tədqiqatlarımızı davam etdiririk. Bu baxımdan mühacirət tarixi bitməz və tükənməzdir.

 

- AXC tarixinə dair elə məqamlar varmı ki, indiyədək onlar üstüörtülü qalıb və yaxud siz o haqda məlumatlısınız, amma hələ üzə çıxarmamısınız?

 

- Təbii ki, Azərbaycan Cümhuriyyəti tarixinə dair çoxlu məqamlar var ki, işlənilməyib. Bu məqamlardan ən önəmlisi AXC-nin rəsmi dövlət qəzeti olan "Azərbaycan" qəzeti idi ki, hazırda ADA-nın bir layihəsi həyata keçirilir. Belə ki, Türkiyənin Marmara Universitetinin Türkiyat şöbəsinin müdir yardımçısı, həmyerlimiz, türkoloq Mehdi Gəncəli və onun həmkarı Azad Ağaoğlu tərəfindən "Azərbaycan" qəzeti hazırda əski əlifbadan latın əlifbasına transliterasiya olunur. Orada qiymətli yazılar, müsahibələr, xatirələr yer alıb ki, biz 30 ildir müstəqil olsaq da, çox cüzi hissəsi, xüsusən Rəsulzadənin yazıları müasir əlifbaya çevrilib. Amma böyük bir xəzinə arxa planda qalmaqdadır. Adını çəkdiyim müəlliflərin tədqiqatları, yəqin ki, 4-5 ilə tamamilə yekunlaşacaq və ondan sonra biz cümhuriyyət tariximizə dair çox qiymətli materiallarla tanış olacağıq. Təbii ki, dünya arxivlərində də materiallar var, onlar tədricən üzə çıxır. Məsələn, Avropada oxuyan gənclərimiz İngiltərə arxivindən, mətbuatından cümhuriyyət xadimlərinin müsahibələrini üzə çıxarır, onları dərc edirlər. Hətta ötənlərdə cümhuriyyət nazirlərindən Məhəmmədyusif Cəfərovun, eləcə də Nuru Paşanın ingilis mətbuatında müsahibələri gənclərimiz tərəfindən aşkar edildi. Bu müsahibələr çox böyük maraq doğurdu. Eləcə də türk arxivlərində də çox qiymətli materiallar var ki, onlar da kitab şəklinə salınıb. Məsələn, qaranlıq qalan məqamlardan biri İran mühacirətidir. Bildiyiniz kimi, 1920-ci ildə ruslar Azərbaycanı işğal etdikdən sonra mühacirlərimizin, siyasi xadimlərimizin getdiyi ölkələrdən biri də İran dövləti idi. O zaman hakimiyyətdə türk sülaləsi - Qacarlar idi. 1941-ci ilə qədər mühacirlərimiz oradan çox güclü şəkildə fəaliyyət göstərdilər. Məsələn, Məhəmmədəli Rəsulzadə, Əjdər Qurtulan, Adil xan Ziyadxan və başqaları orada mücadilə apardılar. İranda "Müsavat" partiyasının şöbəsi fəaliyyət göstərirdi. 1941-ci ildə ruslar Cənubi Azərbaycana daxil olan dövrə qədər xeyli aktiv şəkildə mübarizə aparıblar. Onlara aid məndə bir neçə foto var ki, bəzilərini yeni əldə etmişəm. 1921-1941-ci illər Azərbaycan siyasi mühacirətinin İran dövrü, demək olar ki, tədqiq edilməyib. Kiçik-kiçik epizodlar bizə məlumdur və bu, sistemli şəkildə işlənilsə, çox yaxşı olardı. Daha sonra, mühacirlərarası daxili qarşıdurmalar olub ki, mən onlara vaqif olsam da, mühacirlərin bir-birinin əleyhinə yazdığı kitablar mənim kolleksiyamda yer alsa da, adətən onları yazmıram. Çünki hər bir dövlətdə, qurumda, təşkilatda bu kimi hallar yaşanır. Əgər həyati əhəmiyyətli məsələlər deyilsə, onların qabardılıb gündəmə gətirilməsinə qarşıyam. Təbii ki, yazanlara da etirazım yoxdur, amma düşünürəm ki, millət üçün daha faydalı işlər görmək lazımdır.

 

- Bu yolda nə kimi maneələrlə qarşılaşdınız? Əngəl törətmək istəyənlər oldumu?

 

- Mənə indiyə qədər heç bir əngəl törədilməyib. Əksinə, istər Azərbaycan Cümhuriyyəti ilə bağlı mühazirələrim olsun, istərsə də sərgilərim olsun, həmişə çoxlu dəvətlər almışam. Cümhuriyyətimizin 100-cü il dönümündə 23 sərgi keçirdim ki, bunların heç biri mənim öz təşəbbüsüm deyildi, universitetlərimizin, məktəblərimizin, ictimai qurumlarımızın dəvəti ilə həyata keçirilirdi. Azərbaycanda başda ADA olmaqla, Bakı Ali Neft Akademiyası, Xəzər Universiteti, Qərb Universiteti, Turizm Universiteti, akademik Zərifə Əliyeva adına lisey və digər təhsil ocaqlarında çoxlu tələbələr, şagirdlər önündə çıxışlar elədim, sərgilər keçirdim. O sərgilərdə istər Rəsulzadəyə, istərsə də onun silahdaşlarına aid materiallar yer aldı və insanlar 100 illik tarixi materiala toxunmaqdan zövq aldılar. Bu, bizi daha da həvəsləndirdi. Azərbaycanda, demək olar ki, bütün televiziyalar mənim kolleksiyamı işıqlandırıb. Mənə böyük bir dəstək var. Bu dəstəyə görə oxuculara, universitet və televiziya rəhbərliklərinə təşəkkürümü bildirirəm. Ən böyük arzularımdan biri Mühacirət Muzeyi yaratmaqdır. Məncə, o muzey çox maraqlı və lazımlıdır. İnsanlarımız bilməlidir ki, 71 il ərzində bizim bu qədər siyasi xadimlərimiz, ictimai fiqurlarımız niyə dünyanın müxtəlif ölkələrinə pərən-pərən düşüblər. Mənə sadəcə müvafiq məkan və texniki təchizat lazımdır. Düşünürəm ki, iş adamlarımız, Azərbaycanın tarixinə rəğbəti olan qurumlarımız, imkanlı şəxslərimiz mənə dəstək olacaqlar.

 

- Oxucular sizdən yeni töhfələr gözləyir. Yaxın zamanlarda hansısa kitab çap olunacaqmı? Yeni layihələr planlaşdırırsınızmı?

 

- Hazırda həm də "Çapar" nəşrlərinin redaktoruyam, dostum, təsisçimiz Yusif İlhamoğlu ilə bərabər, ikinci ildir ki, bu işlə məşğuluq. İndiyə qədər jurnalımızın 10-dan çox sayı çıxıb, eləcə də 11 kitab çap etmişik. Jurnalımız daha çox tarixi məzmun daşıyır və jurnalın qapağında XX əsrin görkəmli şəxsiyyətlərini təqdim edirik. Bu il Azərbaycanın görkəmli şəxsiyyətlərindən biri, II Dünya müharibəsi iştirakçısı Əbdürrəhman Fətəlibəyli Düdənginskinin həyatı ilə bağlı bir kitab hazırlamışam, hazırda kitabın redaktə prosesi davam edir və apreldə işıq üzü görəcək. Bu kitabda II Dünya mühabirəsində əsir düşən azərbaycanlıların həyat hekayətləri yer alıb, onların İtaliya düşərgələrində çəkdikləri zülmlər, necə böyük əziyyətlə Türkiyəyə gəlmələri və orada necə xoş qarşılanmaları haqqında yazmışam. Eləcə də, Cümhuriyyət nazirlərinin məqalələrini, xatirələrini toplayıb nəşrə hazırlayırıq. Hazırda Türkiyədə doktorantura təhsili alıram və dəyərli materiallar əldə etmişəm, pandemiyadan sonra yeni materialların sərgisini keçirməyi düşünürəm.

 

 525-ci qəzet.- 2021.- 12 mart.- S.13