Anar: Vətən brendi
PƏRVİN
"İllərini
sayan Anar"... Ustadın doğum günü ərəfəsində
Moskvada "Maska" nəşriyyatında çapdan
çıxan bu qalın, sanballı kitabı oxuduqca bir həqiqəti
anlayıram: Sənətkar vətənindən ayrı qəbul
oluna bilməz.
Erkən gəncliyindən, elə ilk işıq
üzü görən əsərlərindən müxtəlif
dillərə tərcümə edilən yazıçı azərbaycanca,
Azərbaycanın bir parçası kimi qavranıb. Yazdığı
mövzular ümumbəşəri olsa da, qəhrəmanları
süni "milli-mentalitet" çərçivələrini
dağıtsalar belə, Anar Azərbaycanı ifadə edib.
Bir dəfə bu haqda soruşmuşam da;
axı, sadəcə dini kitabları vərəqləyəndə,
ya da qədim əfsanələri oxuyanda görürük ki,
çox şey yazılıb. Hələ klassiklərin
həyatın dibindən başlayıb pillə-pillə,
qat-qat ən üst zirvəsinə kimi, hər şeyi qələmə
almasını demirəm! Anar Ustad özü də 50
yaşı ərəfəsində "Anarla üz-üzə"
filmində düşüncələrini dilə gətirir,
deyir, yaşadıqca özünü sanki şahmat
oyunçusu kimi görürsən və bilirsən ki, bu sahənin
qrossmeysterləri var...
Bir də ki dünyanın ən böyük dərslərdən
- müharibələrdən çıxıb, kitabların
yazılmasından yandırılmasına kimi bütün mərhələləri
keçdiyi, primitivliyi müasir texnika ilə ört-basdır
etdiyi bir zamanda qələmin gücü, funksiyası, mənası
qalırmı?
Mən yaşıma uyğun maksimalizmlə yanaşıram bu
məsələyə... Və bəzən qəliz
suallar da verirəm. Anar müəllim isə
bütün varlığı ilə inandığı,
tapındığı həqiqəti müdafiə etməkdən
usanmır. Deyir ki, yazmaq lazımdır,
heç nəyə baxmayaraq işləmək və yazmaq.
Çünki vətənin üçün yalnız bu yolla
faydalı ola bilərsən! Ayrı yerdə
isə səadət, sevinc, rahatlıq yoxdur; hər halda Onun
üçün! Bir də bu yolun özündə də iki
istiqamət var; Vətəni (oxu: Xalqı!) onun özünə
anlatmaq və sərhədlərin o tayında tanıtmaq... Vətən təkcə coğrafi ərazi deyil, həm
də o torpaqda yetişəndi; sünbül, çinar, nar,
insan, sənət, musiqi, rənglər, söz, ədəbiyyat
və s.
Beləliklə, "Torpaq yetişdirir" ifadəsi təsadüfi
deyilmiş. Və mən gecənin bu aləmində "İllərini
sayan Anar"ı sərhədin o tayındakıların
gözü ilə anlamağa çalışdıqca yenə
də əmin oluram ki, bu torpağın yetişdirdiyi heç
bir dəyər onun qələminin diqqətindən
yayınmayıb. Amma o dəyərləri öz təqdimatında
anlatmağa çalışan sənətkar Özü - əsərləri,
ictimai həyatı, yaratdıqları ilə Azərbaycanın
simvoluna, brendinə çevrilib... Bu, sadəcə
missiyadır və ona xidmət etmək, daşımaq sadə
məsələ deyil!
"Yaşamaq haqqı" traktatının ön
sözünü yazanda vahimə basmışdı məni. Düzünü deyirəm...
Bir anlıq dərk etdim ki, bu qalınlıqda kitabı, bu
ağırlıqda yükü, bu qəlizlikdə mövzunu,
həm də "ürəyin qanı ilə" yazılan əsəri
bir adam, Bircə adam yaradıb,
daşıyıb, içindən keçirib, yazıb.
Axı, burda bir İnstitutun bəlkə yüz ilə görə
biləcəyi iş var?! Axı, niyə bu
yükün altına təkcə girib ustad?! Cavab
aydındır, çünki Azərbaycanın tarixi onun nəslinin,
valideynlərinin, özünün ömründən
keçib, çünki bir çox hadisələrin canlı
şahidi olub, indi arxivlərdə qıfıllanmış
söhbətləri uşaqlıqdan eşidib, görüb,
bilib və çox erkən yaşından dərk edib... Bütün bunları öz laboratoriyasından
keçirib oxucuya çatdırmaq istedad, ağıl və səbrdən
başqa, həm də böyük fədakarlıq tələb
edir. Vətənə sevgi isə daha vacib meyardır bu
işdə! Bütün bu cavablarım məni sona kimi qane etməzdi,
əgər ötən yay ustadın az qala 30 ildən
çoxdur, üzərində işlədiyi "Əslim, nəslim"
romanının əlyazmaları ilə tanış olmasaydım. Deməli,
İkinci Dünya müharibəsi zamanı Krım cəbhəsində
qulluq edən Rəsul Rza Nigar xanıma məktub yazır:
"Bir gün gələr çəhrayı süfrənin
başında oturub bu günlərin müdhiş həqiqətindən
danışarıq, balaca oğlumuz, mənim Anar balam dizlərimə
dırmaşar, mən ona gördüyüm həqiqətlərdən
bir parça söyləyərəm. Mən ona bir dərədə
güllələnmiş yeddi min adamın qayalarda səslənən
iniltisindən bir parça, ancaq kiçik bir parça
danışaram".
Onda Anarın cəmisi 4 yaşı vardı. Elə Nigar
xanım da həmin illərə aid gündəliklərinə
Rəsuldan nigaran vaxtlarını balaca Anarla
bölüşdüyünü, onunla ovunduğunu
yazırdı. Görəsən, yük,
missiya - dediyim elə o zamandan başlamır ki? Axı
atasının dizinə dırmaşan balaca nağıllar,
laylalar əvəzinə "yeddi min adamın qayalarda səslənən
iniltisi" haqda eşidibsə, ya da sadəcə bu ab-havada, ən
qəliz və vacib mövzuların içində
böyüyübsə, üstəgəl, təbiətin səxavəti
- istedad, əzm susmağa imkan verməyibsə... Heç özüm də bilmirəm ki, Anarın
sirrini niyə çözməyə
çalışıram?! Bəlkə
qarşımdakı kitab, ən fərqli adamların
yozumları dərinlərə, köklərə getməyə
sövq edir, ona görə...
Beləliklə, "İllərini sayan Anar"
kitabı həm Azərbaycan, həm türk, həm də rus
söz, nüfuz, vəzifə, qələm sahiblərinin
yazıçı haqda fikirlərini, məqalələrini
ardıcıl oxumaq imkanı verir. Diqqətimi ən
çox çəkən hələ Sovet dövründən
yazılan təhlillər oldu. Yazımın
əvvəlində dediyimi bir daha təkrar edirəm ki,
yazıçı ölkəsinin tərkibi kimi qəbul
olunur. Məsələn, o zaman ki cavan
müəllif Anar Moskva üçün, Mərkəz
üçün bir əyalət şəhərinin -
İttifaqa daxil olan respublikanın paytaxtı Bakının
yazıçısı idi, onun əsərlərinə qoyulan
tələblər də başqa idi. Əlbəttə,
əsasən obyektiv məqalələrin hər birində əsərlərin
qeyri-adi istedadla yazılması, müxtəlif yozumlara yol
açması deyilir və yaradıcılığa yeni
başlamış gəncin gələcəyinə inam da ifadə
olunur. Ələxsus "Ağ liman",
"Macal", "Beşmərtəbəli evin
altıncı mərtəbəsi" əsərləri
ümumittifaq, hətta dünya ədəbiyyatı kontekstində
təhlil olunur. Lakin Azərbaycan müstəqilliyə
yaxınlaşdıqca və buna nail olandan sonra elə həmin
söz, nüfuz sahibləri Anarın yozumunu, təqdimatını
gözləyirlər; bütün bunlar haqda o, nə deyir, o,
bu hadisələri hansı baxış bucağından təqdim
edəcək... Məşhur alim, tənqidçi Lyudmila
Lavrova yazır: "90-cı illərdə yazılan əsərlərin
qəhrəmanlarının vəziyyəti
çıxılmaz görünür. Ona
görə yox ki, "Otel otağı" və
"Qırmızı limuzin" baş qəhrəmanın
ölümü ilə bitir. Bakıda, Qarabağda,
Xocalıdakı faciələrdən sonra, yüz minlərlə
qaçqının respublikanı kədər və itkilərlə
basdığı zamanda bəzi ikiayaqlı məxluqların
öz kefi üçün, var-dövlət, şəxsi maraqlar
arxasınca qaçaraq yaşaması necə də miskin
görünür..."
Bu dəqiq təhlil Anarın özünün də, qəhrəmanlarının
da ovqatını göstərir. Peşəkar tənqidçinin
mətnlərdən gəldiyi qənaəti həm
yazıçının ömrü, həm də yeni əsərləri
təsdiq edir. İllər sonra Lyudmila Lavrova elə həmin
tezisin davamı kimi yazır: "Və Anarın bütün
bu obrazlı desəm, şəfqətdolu
yaradıcılığı - 60-cı illərdə
yazdığı ilk hekayələrindən, son vaxtlarda,
artıq üçüncü minillikdə qələmə
aldığı, təhkiyəsi etibariylə sərt olan
"Ağ qoç...", "Göz muncuğu" əsərləri
milli həyatın dərinliklərindən gələn səsə
çevrilir. Və bu səs sadəcə
böyük sənətkarın yox, həm də müdrik
aqilin səsidir".
Qapalı
bir dairə yaranır burda... Anar və onun
mövzuları arasında. Yazıçı bu məsələdə
yüz faiz azad deyil, gündəmin, tarixin, şəxsi həyatın,
hardasa dibdə gizlənmiş əndişələrin, lap elə
sevinclərin diktəsi var. Və yazıçı ən
düzgün çıxış yolunu tapıb, məncə!
Hamısını bütöv bir yolun, əsərin,
böyük bir "epopeya"nın tərkibi
kimi təqdim edib. Əgər dahi Mirzə Cəlili anlamaq dərdi
varsa, özünə nərd oynamaq üçün yoldaş
tapa bilməyən Məmməd Nəsiri də başa
düşmək lazımdı! Üzeyir bəyin
gördüyü misilsiz işlər heyranlıq doğurur,
amma nə etməli ki, öz sənətində uğursuz olan
Kəbirlinski də var
və onu görməzdən gəlmək
yaraşmaz bizə... Bu, Səttar Bəhlulzadədir və onun
rəngləri ilə min-min illər bəzəyə bilərik
ömrümüzü, amma bir xalçanı ikinci dəfə
toxuya bilməyən sadə xalçaçı qadın da
heç bəlkə fikirləşmədən verdiyi cavabla
bizi özümüz haqda düşündürür...
Nazım Hikmətin sözünün qüdrətinə
şübhə ola bilməz, amma
"fikrim dağlara getdi" misrasına qafiyə axtaran
qrafoman vəzifə sahibinin də "şeirinə"
doyunca gülmək ixtiyarımızdı... Bir-birindən xəbərsiz
dünyadan köçən iki böyük sənətkarın
Rəsul Rza və Nigar Rəfibəylinin hekayəsini bir
eşq nağılı, dastan kimi oxuyuruq, amma
övladlarının onlara şirin yumorla yanaşması da
valideynlərimizə münasibəti rahatlaşdırır...
Vətənindən ötrü ürəyi nigaranlıqla
döyünən Anar bütün yazdıqları ilə
savadımızı artırır, ruhumuzu zənginləşdirir,
dünyamızı gözəlləşdirir, ancaq ölkəsini
param-parça görən Məlik Məmmədlinin quma
bata-bata ağ qoç arxasınca qaçması da müəllifin
etdiklərinin yanında zəif görünmür.
Bu
siyahını o qədər uzatmaq olar ki... Anar Ustadın zirvələrdə
gördükləri, elə oradaca yazdıqları ilə bizlərin
adi, sıradan adam dediklərimiz onun gözündə yaxın yerdə,
eyni səviyyədədir... Lev Aninski buna
"çıxılmazlıq" adı verir: "Anar bilir:
hətta Təhminə də, onun ən güclü qəhrəmanı,
qələmindən çıxan ən gözəl
varlıq, o dairədən çıxa bilməyəcək. Niyə o, bu qədər ağıllıdı?
Meydan oxumağının faydasız olduğunu bilsin deyə..."
Kitaba ad
vermiş məqaləsində isə Aninski yazır: "Anar
nəsrində bədii effekt geosiyasi mənzərənin nəticəsi
kimi yox, qəribə şəkildə onun əksi kimi meydana
çıxır. Şüurun xaltasına təslim olmayan
istedad möcüzəsi kimi... Tarixi biliklər,
emblematik işarələr və unudulmaz mərhələlər
yazıçının intellektual baqajında nə qədər
çox yığılırsa, çıxılmazlıq
düyünü boğazında bir o qədər daralır;
Zonadan qaçmaq alınmaz, dəhşətlərdən can
qurtarmaq olmaz, fatal "ümumdəliliyi" adlamaq da
mümkün deyil".
Tənqidçi
bu gətirdiyim fikirləri "Ağ qoç, qara
qoç" əsərinin təhlili kimi qələmə
alıb... Amma mənə görə, illər
öncə Təhminənin dairəsi ilə XXI əsrdə Məlik
Məmmədlinin zonası elə eyni ərazidir. Axı,
fərqi nədir, durum necədi, vəziyyət hansı şəkildədi,
doğulduğun ölkə nə yaşayır, o torpaqda nələr
baş verir, sən burdasan və heç hara getməməlisən...
Çünki istəmirsən! Amma Anar ustad cəmisi bircə
dəfə getmək istədi, hərçənd, Zaur illər
əvvəl demişdi ona ki: "Heç bir təyyarə,
heç bir gəmi insanın özünü özündən
uzaqlaşdıra bilməz. Lap dünyanın o
başına getsən də, öz keçmişindən
ayrıla bilməzsən". Amma həmişəlik
yox, sadəcə 8 aylıq bir azacıq uzağa getmək,
Türkiyədə dərs demək bütün olaylardan, itkilərdən
sonra mənən toparlanmaq, düşüncələri
arıtlamaq üçün yardımçı ola bilərdi... Əslində isə
nə oldu? Yazıçı elə ilk gecə balaca bir
otelin darısqal (yenə darısqallıq!) otağında
"Şuşam mənim" mahnısına qulaq asıb
ağladı... Qəribə "təsadüf", lap
"Otel otağı" qəhrəmanı - Kərim Əsgəroğlu
kimi! Nə qədər pafoslu səslənsə də, Lev
Anninskinin dediyi dairədən, yaxud zonadan çıxmaq
mümkün deyil, bir də onu görə ki, vətən
müəllifin öz içindədi, onu özü ilə hər
yerə aparır və yəqin elə bununla da, brendə
çevrilib! Bunu bir vaxt Qazax yazıçısı Oljas
Süleymenov obrazlı ifadə etmişdi: "Anar, atan sənə
gözəl ad düşünüb. Məndə bütün
başqa gözəl assosiasiyalarla yanaşı, bir fikir də
oyadır: Şərqi Xəzəryanı səhralarda
birhürgüclü dəvəni qazaxlar Nar
adlandırırlar. Onu adətən karvanın
sonuna qoyurlar. O vaxtdan - sonuncu dəvənin yükü
ağır olar - ifadəsi yaranıb. Çünki
gedən karvandan düşən yükləri onun belinə
yükləyirlər".
Sonuncu
olmadığına inanmaq istəyirəm və Anar müəllimin
başladığı, ömrü boyu apardığı
işi davam etdirəcək yeni nəsillərin varlığına
şübhə etmirəm... Çünki özünüdərk,
özünəinam şəxsiyyətin, deməli,
bütöv millətin güclü olması üçün
vacib şərtdir! Anar isə bütün ömrü və
yaradıcılığı boyu güc verib... Mən
çox uzatmadan bir neçə xarakterik Anarsayağı
adı verdiyim ideyaları sadalayacam:
- Anar
"Kitabi-Dədəm Qorqud"u bütün başqa
xalqların eposlarından üstün bilir və bunu sübut
edir ("Dədə Qorduq dünyası").
-
Yazır ki, XVI əsrdə ingilislərin Şekspiri,
ispanların Servantesi vardısa, bizim Füzulimiz vardı. O
zaman bizdə kamil nəsr və dram əsərləri
yazılmamışdı, amma ən üstün poeziya bizimki
idi ("Şairin kədəri").
- Deyir ki,
Üzeyir bəy gənc yaşında yox yerdə opera, Mirzə
Fətəli dram janrını yaradıbsa, deməli, biz
bütün qonşularımızdan üstünük
("Üzeyir ömrü", "Sübhün səfiri").
- Anar
dünya müharibəsində qalib gələcək Stalinin Məhəmməd
Əmin Rəsulzadə ilə bir qatarda gedişini yazır və
şəxsiyyət, güc, qürur etibariylə Məhəmməd
Əminin Stalindən zəif olmadığını deyir
("Yaşamaq haqqı").
- Əlyazmalarını yandıran və gözlərini
açıb dünyanı qaranlıq görən Mirzə Cəlilin
ömründə və yaradıcılığında hər
anın üzərinə işıq salır və isbat edir
ki, əlyazmalar "yanmır" ("Anlamaq dərdi",
"Qəm pəncərəsi",
"Nigarançılıq" və s.).
- Millətin
savadlanmasını Sovetlərin xidməti kimi qələmə
verənlərə öz üsulu ilə cavab verir... Məsələn,
Əli bəy Hüseynzadənin və Əhməd bəy
Ağaoğlunun taleyi, intellekti haqqında yazmaqla ("Əhməd
bəy Ağaoğlu: Mən kiməm", "Ucundadır
dilimin həqiqətin böyüyü").
- Anar Qara Qarayev olub təvazökar
qalmağın, Cəfər Cəfərov olub bütün təzyiqlərə
dözməyin, sınmamağın, Rəsul Rza olub mübarizədən
çəkilməməyin yollarını öyrədir...
Onların həyat və yaradıcılıq hekayəsi əsasında!
Və bədii yaradıcılığında heç kəsin
tanımadığı sıravi adamların balaca
dünyasını böyüklərlə tən yazır,
onların içində, yanında, mücadiləsinin tərkibi
kimi yazır. Bu mövzuda sonsuza qədər danışmaq,
yazmaq olar. Amma mən bilmirəm ki, niyə qırğız
yazıçısı Çingiz Aytmatov "Tale
müasirim" məqaləsində belə bir arzusunu dilə
gətirir: "Mən Azərbaycana, Anarın vətəninə
yazıçının öz arzularında, xəyallarında
gördüyü ideala yanaşmağı diləyirəm..."
Heç Anar müəllimdən bu haqda
soruşmaq da istəmirəm! Sadəcə bu qum dənəsini,
bu sözü, bu yazını, bu kitabı, bu övladı o
yerə qaldırmaq mənim işimdisə, öz üzərimə
düşəni etməyə çalışıram! Sən
də çalış! Sən də... Elə sən də!
Siz də... Hamımız! Ən azı ona
görə ki, bütün ümidlər solğunlaşanda
Anar Ustad söz verdi: Şuşa alınmayınca, ölməyəcəm!
- dedi ölkə Prezidentinə. Bu, əslində,
günümüzdə yaşadığımız
böyük qələbənin, fantastik zəfərin anonsu
deyildimi?!
Mən
yeni anonslar gözləyirəm, Ustad!
PƏRVİN
525-ci qəzet.- 2021.- 13 mart.- S.14.