İntihar və onu doğuran səbəblər
MÜTƏXƏSSİSLƏR
CƏMİYYƏTİ SARSIDAN BU PROBLEMİN HƏLLİ
YOLLARI BARƏDƏ NƏ DÜŞÜNÜRLƏR?
Bu gün cəmiyyətin ən başlıca problemlərindən
biri də getdikcə daha da artan intiharlardır. Həm də
intihar edənlərin əksəriyyəti yeniyetmələr və
gənclərdir. İntiharların
günü-gündən artmasının səbəblərini
araşdırmaq məqsədi ilə psixoloq Elmir Əkbərin
və sosioloq Əhməd Qəşəmoğlunun fikirlərini
öyrəndik.
Elmir
Əkbər, psixoloq:
- İntihar halları ədədi yox, həndəsi
silsilə ilə artır. Bu, gözlənilən
hal olduğu üçün tədbirli və
hazırlıqlı olmaq lazım idi. Hələ
keçən ilin may və iyun aylarında Beynəlxalq
psixoterapiya assosiasiyaları bu haqda həyəcan siqnalı
vermişdi. Bütün ölkələr bu
istiqamətdə həkim terapevtləri, klinik psixoloqları səfərbər
edərək kadrlar hazırlayırdılar. Təbii ki, durumun belə olmasında ən
böyük töhfəni dırnaq arasında desək,
karantin tədbirləri verib. Buna süni həbs
sindromu deyilir. Yəni insanın
azadlığı məhdudlaşdırılır və bu,
ciddi stressə səbəb olur. Koronavirusdan
qorunmaq üçün bu addımın atılması məcburi
hesab edirlər. Ancaq onun yaradacağı fəsadlara
da hazırlıqlı olub bunları aradan
qaldırmalıydıq. Əlavə olaraq,
müharibənin yaratdığı stress, vurduğu
travmaları da nəzərə almalıyıq.
Çox
heyif ki, karantin nəticəsində sevgi əsasında
qurulmayan ailələr çat verməyə başladı.
Necə ki o məşhur nağılda tülkü buzdan ev tikir, yaz gəlir, günəş
çıxır, buz əriyir, həmin ailələrin də
üzdən asdıqları xoşbəxt,
böyük-kiçik sözü ilə yaşayan ailə
imici çat verib sınmağa başladı. Bu
da hər zaman ən zəif bəndin başında
çartlayır. Ailədə də ən
zəif bənd uşaqlardır. Qısaca
desək, ailələrdə hüzur yoxdur. Mən şokdayam. İntihar
etmiş gənc qızların valideynlərini, ailə
üzvlərini dinlədikdə baxırsan ki, övlad
itirmiş valideyndən daha çox, üzr istəyirəm
ifadəmə görə, dərisini xilas etməyə
çalışan biridir. Yəni hərəsi
bir bəhanə uydurur ki, təki onları intihar həddinə
çatdırmaq maddəsi ilə cəzalandırmasınlar.
Bu, psixologiyada qızıl qanundur ki, heç bir
halda xoşbəxt, sağlam, normal ailədə uşaq intihar
etməz. Kimisi cəmiyyəti, kimisi
mühiti, kimisi də sosial şəbəkələri
qınayır, ancaq bilmirlər ki, bu faktorlar
hamımızın həyatında var. Amma kimlər intihar
edirlər? Uşaqlıqda, yeniyetməlikdə
ailəsinin bünövrəsi bütöv olmayan, ailədən
qayğı, sevgi, diqqət görməyən uşaqlar.
Baxırsan ki, ata övladına mənəvi
baxımdan heç nə verməyib, ancaq özünə bəraət
qazandırır ki, ay oxutdurmuşam, ay filan şey eləmişəm.
İntihar edən qızların bir qisminin dəftərlərində,
yazışmalarında fakt olaraq atanın qızı
ölümlə hədələdiyi ortaya çıxıb.
Ancaq həmin ata uşağı intihar etdikdən
sonra bunu danır. Hətta biri deyir ki, nə
etməliydim, buraxardım gedib küçə qızı
olardı? Məgər sən qızına vaxtında
düzgün tərbiyə verməmisənmi ki, indi də gedib küçə
qızı olmasın? Məsələ ondan ibarətdir
ki, ailədə düzgün tərbiyə olmalı, valideynlər
həyat tərzləri ilə uşaqlarına nümunə
göstərməlidirlər. Valideynlər
düzgün nümunə olmadıqda nə deyirlər desinlər,
övladları qulaq asmır, çünki uşaq
gördüyünü götürür. Hər
şeyin ilkin səbəbi ailədən gəlir. Atalar boş yerə deməyib ki, uşaq evin
aynasıdır.
İntihar hallarının qarşısını almaq
üçün psixoloqlar qurumunun yaranması haqda fikirlər
də səslənir. Ancaq psixoloqlar qurumu yaranmazdan qabaq gərək
psixoloqlar olsun. 2-3 adamla qurum yaratmaq olmur
axı. Həm də bilin, intihar, depresiyya kimi ciddi məsələlərlə
psixoloq məşğul ola bilməz. Onunla
yalnız həkim psixoterapevt və tibbi psixoloq məşğul
ola bilərlər. Bu ixtisasların
heç biri Azərbaycanda tədris olunmur. Bəzi universitetlərdə ixtisas olaraq var, amma
bilinir ki, əldəqayırma və saxtadır. Çünki bizdə bunu tədris edəcək
mütəxəssislər yoxdur. Klinik
psixologiya ilə psixologiya tamamilə fərqli
anlayışlardır. Azərbaycanda
çox gözəl sosial və pedaqoji psixoloq
hazırlaşdıran universitetlər var, ancaq klinik psixoloq
hazırlaşdıran yoxdur. Həkim
psixoterapevt isə ümumiyyətlə, yoxdur. Adi psixiatr
təhsili almış adam özünü
psixoterapevt zənn edir. Bunun üçün illərlə
əlavə təhsil almaq lazımdır. Bizdə
bu ixtisaslar olmadığı üçün xaricdə təhsil
almağa məcburdurlar.
İntiharlara qarşı hansı terapiyaların əsas
götürülməsi məsələsinə gəlincə,
təəssüf ki, bu gün absurd, mənasız terapiya
üsulları göbələk kimi artmağa başlayıb. Bizdə də
bayaq qeyd etdiyim kimi, bəzi anlayışı olmayan insanlar
gedib o kursa-bu kursa yazılıb özlərini psixoloq hesab
edirlər. Ancaq bunlar akademik
sayılmır. Akademik üç məktəb var:
psixoanaliz və onun növləri, ekzistensial psixoanaliz, CBT
koqnitiv-davranış terapiyası.
Çox adam ona görə kurslara
gedir ki, guya qısa müddətə mütəxəssis
yetişdirdiklərini vəd edirlər. Amma
mümkün deyil. Əgər
mümkün olsaydı, psixologiyanın vətəni olan
Avstriyada da qısa müddətdə əlüstü
yetişdirərdilər də. Rusiyanın
Sankt-Peterburq şəhərində, Avstriya, İsveçrə
və Amerikada köklü institutlar var ki, orada təhsil
almış insanların köməkliyi ilə mütəxəssis
yetişdirilə bilər. Yoxsa soruşursan ki, klinik
psixologiyada müəllimin kim olub, tutaq ki,
deyir Gülməmməd. Bəs onun müəllimi kim olub, deyir ki, Nurməmməd. Nurməmmədin
də müəllimi olub Pirməmməd. Axırda
da məlum olur ki, Gülməmməmədin özü
heç psixoloq deyilmiş. Ağır sahələri
qoyuram kənara, psixoloqam deyənlərin heç 80-90 faizi
psixologiyaya aid olmayan, fərqli sahələrin
adamlarıdır. Belə dələduzluğun
içərisində, təbii ki, intiharlar artacaq.
Müharibədən gəlmiş qazilərin də
arasında intihar halları var. Bu məsələ
köklü şəkildə həllini tapmalı, həqiqətən
canıyanan, anlayışı olan insanlar diqqət
ayırıb bu işlə məşğul
olmalıdırlar. Bu, çox həssas və
ciddi sahədir, vəziyyət isə bərbaddır.
Əhməd
Qəşəmoğlu, sosioloq:
- Cəmiyyətin
intiharlara çox mühüm, ciddi təsiri var, ancaq
yalnız cəmiyyəti səbəb göstərməyimiz də
düzgün olmaz. Bu məsələlərin
hamısını ətraflı izah etmək üçün
elmi nəzəriyyələrə ehtiyac var. Elmi nəzəriyyədə
kifayət qədər əsaslandırılıb ki, hər
hansı insanın, sosial qrupun davranışına təsir edən
4 amil var: şəxsi, genlərindən gələn
xüsusiyyətlər, yaşadığı mühit,
üstünlük verdiyi dəyərlər və alınan
informasiyalar. Deməli, bu gün intiharın səbəblərini
araşdıranda bu 4 amilə də diqqət yetirməliyik.
Anadangəlmə psixoloji cəhətdən intihara meyilli
insanlar var. Onları müəyyənləşdirib, intihara
meyillidilər deyə aləmə hay salmadan cəmiyyətdə
iş üsulu yaratmaq olar. Çünki intihara
meyillilik müxtəlif cəmiyyətlərdə ortaya
çıxır, ya da çıxmır.
Qanunvericilik, ölkədə insanlar arasında
münasibət mühit yaradır və insana təsir edir. Bir digər
amil olan dəyərlər isə çox mühümdir.
İnsanın daxili aləmi zənginləşdikcə
yer üzünün problemlərini yaxın buraxmır. Əvvəllər buna maarifləndirici, mənəvi
dəyərlərə əsaslanmış bədii əsərlər
və həqiqi dini dəyərlər kömək edirdi.
İndi isə, bədii ədəbiyyat oxuyan
yoxdur, normal filmlər yaranmır. Yəni
insanlarda mənəviyyatı zənginləşdirən
faktorlar zəifləyib. Din amili isə xeyli xurafat, cəhalətlə
dolub. Sovet vaxtında dinə icazə vermirdilər,
ancaq insanlar xəlvət həqiqi dini dəyərlərlə,
bəlkə də, daha yaxın təmasda idi. Daxili aləmin zənginləşməsində təhsil
də əsas rol oynayır. Amillərdən
biri də informasiyadır. Bu gün xeyli
neqativ informasiya alırıq. Müsbət
şeylərdən, xoşbəxt həyatdan, uğur qazanan gənclərdən
danışan yoxdur. Hansısa gəncimizin
dünyanın ən aparıcı jurnallarından birində məqaləsi
dərc edilibsə, bu, intihar hadisəsindən qat-qat diqqətçəkən
olmalı, neqativ hadisələrlə birlikdə müsbət
şeylər də önə
çıxarılmalıdır.
İndi Azərbaycanda bir çox teleserial yaranıb. Ancaq təəssüf
ki, bizdə teleserialların fəlsəfəsini bilmirlər.
Teleseriallar xalqda müsbət mənada mentaliteti
dəyişmək üçün yaradılıb. Amma bizdə film çəkənlər elə bilir,
sərgüzəşt, hay-küy yaratmaq lazımdır.
Bir az hind, bir az türk, rus filmindən bir
şey götürüb qarışdıraraq ortaya bir film
qoyurlar. Bu da əksər hallarda zənginlərin
həyatından bəhs edir. İnsanlar da
baxıb deyir ki, ölkəmdə bu qədər zəngin
insan yaşayır, mən isə acından ölürəm.
Nəticədə ya zəngini öldürmək,
ya dalaşmaq, ya da qarşı çıxmaq kimi hisslər
yaranır.
İnsanların intihar etməsinə təsir edən ən
dəhşətli iki faktor var. Onlardan biri gələcəyə
inamsızlıqdır. İnsan bilməlidir ki, onu sabah, bir
ildən, beş ildən sonra yaxşı şeylər
gözləyir. Ümidi üzüb gələcəkdə
onu yaxşı şeylərin gözləmədiyini
düşünmək isə intihara səbəb olur. Digər faktor isə insanın özünütəsdiqidir.
Hər bir insan doğulandan özünü təsdiq
etməyə çalışır. Beşikdəki
uşaq da qışqırır ki, mən varam. Mühitdə insanların özünü təstiq
etməsi üçün şərait, öhdəsindən gələcəyi
işi olmalıdır. Yoxsa dəqiqədəbir
cəmiyyət ona sən heç kimsən deyib təsdiq etməyəndə,
sözsüz ki, belə hallar çoxalır.
Hansı cəmiyyətə ki günü-gündən mənəvi
dəyərlərə rəğbət artır və
aparıcı rol oynayırsa, orada getdikcə ahəngdar
münasibət yaranır. Ancaq hansı cəmiyyətdə
ki, mənəvi dəyərlər arxaya
sıxışdırılır, harın, meşşan
adamlar özünü daha çox nümayiş etdirərək
öndə olursa, orada vəziyyətin gərginləşməsi
və bunun insanlara təsiri qaçılmazdır. Günü-gündən həssaslaşan, mürəkkəbləşən
cəmiyyətin elmi təminatla köməyə ehtiyacı
var. Dünyanın hər bir yerində ciddi
hazırlanmış elmi mərkəzlər fəaliyyət
göstərir. Bu elmi mərkəzlərə
tanışlıqla, maaş almaq xətrinə
adam düzəltmirlər. Orada mütəxəssislər
işləyir və cəmiyyətdə baş verən sarsıntıları
nəzərə alaraq elmi tövsiyələr, onların həyatakeçmə
mexanizmini hazırlayır. 150 ildir ki, bu
elmi mərkəzlər yaranır, formalaşır. Ancaq Azərbaycanda bu barədə danışanda məmurların
xoşuna gəlmir. Mən 1992-ci ildə
Milli Məclisin içində belə bir cəmiyyət
yaratmışdım. Sonra bir çox
adamların qanmazlığı üzündən,
binamızı əlimizdən almaq, maddi maraq hesabına mərkəzimizi
bağladılar. Mən indi ürəyim
yana-yana bu məsələlərə baxıram. Axı, biz 1972-ci ildən 1977-ci ilə qədər
belə məsələləri nəzarət altında
saxlayır, tövsiyələr hazırlayırdıq.
Birdən-birə bizim mərkəzi bağladırlar,
işçilərə də dedilər ki, kim
hara gedir getsin. İndi isə yeganə
çıxış yolumuz bu elmi mərkəzlərin təşkili
və fəaliyyətidir. Humanitar sahələrdə
ciddi dəyişiklik etməliyik. Təəssüf
ki, bu barədə uyğun strukturlara dəfələrlə
müraciət etsəm də, heç bir reksiya görmürəm.
Aytac ASLAN
525-ci qəzet.- 2021.- 17 mart.- S.16.