Acı taleli
qız
(Əvvəli
ötən şənbə sayımızda)
Südabə
xanım göz yaşlarımı özünün təmiz əl
dəsmalı ilə silib dedi:
-
Sən balaca uşaq kimi danışırsan, bunu heç də
səndən gözləməzdim. Nə baş verəcəksə,
onu mərdliklə qarşılamalıyıq. Təbiətin
qanunu heç kəs poza bilmir, dəyişə bilmir,
yaxınlaşan ölümün da qarşısını
almaq çox çətindir.
Mən
sənə Herodotun Kserks barədə yazdığı bir əhvalatı
danışmaq istəyirəm. Bu əhvalat ölümün
qaçılmaz olduğunu, qədim insanların da bunu
yaxşı anladığını əks etdirir. Persiya
çarı Kserks 150 minlik ordu ilə Yunanıstana hücum
etmək üçün Hellespont boğazı (indiki Dardanel
boğazı) yaxınlığındakı təpədə
əyləşib, dərəyə səpələnmiş
qoşunlarını, boğazdakı 700 gəmisini qürurla
seyr edirdi, özünü dünyanın gələcək
hökmdarı hesab edirdi. Ona qulluq edən dayısı
çarın yaxşı əhval-ruhiyyədə olmasına
sevinirdi. Ondan aralandıqdan bir az sonra xəbər verdilər ki,
çar ağlayır. Dayısı qorxa-qorxa ona
yaxınlaşdı, əsəbləşsə,
hamını, onun özünü də ağır cəzalandırardı.
Götür-qoy etdikdən sonra soruşdu:
-
Əlahəzrət, nə olmuşdur, niyə kefiniz pozuldu?
Kserks
əlini üzündən çəkib dedi:
-
Mən gəmilərimə, əsgərlərimə baxıram,
yüz ildən sonra nə dənizçilərdən, nə
döyüşçülərdən əsər-əlamət
qalacaqdır. Mən özüm də olmayacağam,
hamımız o dünyada məskunlaşacağıq.
Südabə
dedi:
-
Çox ağıllı sözlərdir. Hamımız bu
dünyanı tərk edəcəyik, tez, ya gec. Ona görə
də sənin belə həyəcan keçirməyin əbəsdir.
Başının üstünü kəsən
ölümün qarşısını heç nə ilə
almaq olmur. Ölməkdən hamı qorxur, çünki həyat
bütün əziyyətlərinə baxmayaraq, şirindir,
yaponların güman etdiyi kimi, heç də "pərvanə
yuxusu" deyildir. Mən hələ yaşayıram, səninlə
gələcək barədə sadəcə fikirlərimi
bölüşürəm. Mənim sözlərimi
ölümümdən sonra Hüseynə
çatdırmalısan, onsuz da hiss edirəm ki, bir qadın
kimi də o, sənə ilk andan laqeyd deyildir. Lakin hər
ikinizin mənə olan sədaqətinizə də heç
vaxt şübhə etməmişəm. Sən Hüseynin
boş qalmış ürəyini doldura bilərsən, ona
yaxşı sirdaş ola bilərsən. Sənin olduqca
mülayim xarakterinə də bələdəm, bu da
hansısa bir rəqabətdə üstün gəlməyinə
şərait yaradan amildir. Onu da sənə
çatdırmalıyam ki, hətta keçirdiyin pis
ömür də səni poza bilməmiş, xasiyyətini mənfiliyə
doğru dəyişə bilməmişdir. Digər bir
üstünlüyün yalançı olmamağın,
aldatmaqdan uzaq olmağın, səmimiliyini ən çətin
anda da itirməməyindir. Sən özünü
bütünlüklə bərpa edə, ləyaqətli bir ev
xanımına çevrilə bilərsən. Gur işıq gələn
qapını üzünə bağlama, çünki yenidən
büdrəyə bilərsən. Mən ikimizin də arzu etmədiyimiz
bu iyrənc perspektivi də nəzərə almışam.
Onda mənim qızım olmağın adını birdəfəlik
itirə bilərsən. Ona görə də sən hökmən
özünə ailə qurmalısan. Bu məsələdə
Hüseyni də sənin üçün ən yaxşı
seçim hesab edirəm.
Ruhiyyə
bu sözlərə dözə bilməyib,
hönkür-hönkür ağladı. Südabə xanım
da özünü saxlaya bilmədi, gözlərindən
yaş axıtmağa başladı. Qız hiss etdi ki, bu mərd
insanın həyata, yaşamasına inamı çox
azalmışdır və ona görə də onu tərk etməyi
qərara aldı.
Südabə
xanım dedi:
- Hər ikimiz öz ağciyərliliyimizi
nümayiş etdirdik, mən hələ sağ ikən sən
mənə matəm qurursan, şivən qaldırırsan.
Onu qapıdan yola
salanda dedi:
- Məsləhətimə
əməl etməlisən, yoxsa ruhum səni
bağışlamaz, həm də bil ki, tale təkəri
bütöv dövrəsini edib, hərəkətini başa
çatdırmalıdır.
Ruhiyyə evə
çatanda da Südabə xanımın son sözlərini
yadına salıb, uca səslə ağlamağa
başladı. Anası heç nə başa
düşmürdü, ilk dəfə idi ki, professor
xanımın yanından hədiyyəsiz qayıdırdı.
Qızını sorğu-suala tutsa da, ondan heç nə
öyrənə bilmədi. Elə başa düşürdü
ki, qızı hamiləliyin sonu
yaxınlaşdığına görə təlaş
keçirir, xeyli arıqladığına görə də zəifliyinin
doğuşa pis təsir edəcəyindən qorxub,
ağlamağa güc verir.
Ruhiyyə Südabə
xanımın ölümün gözünə dik
baxmasına da məəttəl qalmışdı. Bu qadın
öz ölümü barədə çox mərdliklə
danışırdı. Deyirdi ki, təkcə ayrı-ayrı
insanların həyatında deyil, xalqların həyatında
da dəhşətli bədbəxtliklər baş verir və
bu, kütləvi faciələrə yol açır.
Milyonlarla insan həyatını itirir, şəhərlər
xarabalıqlara çevrilir. Bir-iki əclaf liderin hesabına
dünyada qan çayı axmağa başlayır. İkinci
Dünya müharibəsinin təşəbbüsçüləri
alman nasistləri və yapon militaristləri idi. Bu ölkələrdə
dünya əhalisinin vur-tut 8 faizi yaşayırdı, onlar
dünya əhalisinin 92 faizini müharibə bədbəxtliklərinə
cəlb etdilər, bəşəriyyəti böyük itkilərə,
dərdlərə məruz qoydular. Başqa xalqlarla müqayisədə
də onlar daha az itki vermişdilər. Bir fərdin
ölümü milyonların həyatdan məhrum olması ilə
müqayisədə xırda məsələdir, ancaq bu da bir
həqiqətdir ki, bir nəfərin ölümü də
onun yaxınları üçün böyük faciədir. Mənfur
qonşularımızın təcavüzü hesabına
xalqımız xeyli sayda qurban verməli olmuşdur.
O, dünyanın
faniliyini də, ömrünün hansı andasa
qırılmasını da xüsusi qeyd edirdi. Qədim
yunanlara görə, üç moyradan biri tale sapını əyir,
digəri hörür, üçüncüsü isə kəsir.
Biz sonuncu əməliyyatdan qorxmamalıyıq. Ölüm
insanların anadangəlmə hüququdur və bu hüquq
öz icrasını tapmalıdır, Südabə xanım
insanın yaşamaq imkanını dağ yamaclarını bəzəyən
çiçəyə bənzədirdi. Gözəllik mənbəyi
olan bitkilər gur çiçək açır, ətrafa
gözəl qoxu yayır, lakin quraqlıq onları haqlayan kimi
quruyur, yoxa çıxırlar. Adama xoş gələn mənzərə
artıq qeyb olur, çünki çiçək meşəliyi
yoxa çıxmışdır.
Qədim dövrdə
yunanlar dünyanı "gözəllik" adlandırırdı.
Təbiətin ilkin formalarında hər şey - səma,
dağ, ağaclar, heyvanlar, rənglər, hərəkət
bizə həzz verir. İnsan onları seyr etməyə daim
ehtiyac duyur. İnsan gözü ən yaxşı rəssam
hesab olunur, çünki gözəlliyi başqa həyati
formalardan fərqləndirməyi bacarır. Heç kəs, ən
primitiv zövqlü adam da gözəlliyə
bütünlüklə biganə qala bilmir. İnsanın
özünə gəldikdə, kamil gözəllik yalnız
zahiri və daxili gözəlliyin sintezində özünü
büruzə verir. Çünki bəşər övladı
canlı məxluq kimi həm də ruha, mənəvi aləmə
malikdir.
Südabə
xanım Ruhiyyəyə deyirdi ki, heç bir mübaliğəyə
yol vermədən, mən sənin kamil gözəlliyə
malik olduğuna əminəm, çünki sən ürəkaçan
cizgilərinlə yanaşı, həm də təmiz ürəyə
maliksən. Ona görə də gələcəkdə mən
sənin Hüseynlə ailə qurmağınızı
çox istəyirəm, heç şübhə etmirəm
ki, qısa müddətdə siz bir-birinizi atəşin qaydada
sevəcəksiniz və ikinizi də razı salan bir xoşbəxtliyə
qovuşacaqsınız.
Ruhiyyə ilk
görüşdən Südabə xanımın qeyri-adi adam
olduğuna yəqinlik tapmışdı. Onun təəccüb
qaydasındakı mərhəmətini, ilk dəfə
küçədə ağlayan vaxt ona yaxınlaşanda hiss
etmişdi. Bu qadın onu bir qızı kimi sevirdi, lakin bu da
hansısa bir əsas vermirdi ki, keçmişinə də
yaxşı bələd olduğu bu qız ən saf, təmiz
məxluq kimi ölümündən sonra iyirmi beş il bir
yerdə yaşadığı ərinin yeni arvadı kimi onun
evinə sahib olsun. Bunu hətta altruizm adlandırsalar da, bu ifadə
də onun qəlbinin genişliyini heç cür əhatə
edə bilmirdi.
Çox
götür-qoy etdikdən sonra Yusif müəllimlə bu məsələni
müzakirə edib, onun rəyini öyrənmək ehtiyacı
duydu. Ona görə də Yusif müəllimə zəng
vurub, onunla görüşmək istədiyini bildirdi. Yusif
müəllim xəstəxanada müalicə olunduğunu dedi.
Ruhiyyə onu yoluxmağa gəlmək istədiyini bildirdikdə,
professor razılaşmadı və xəstəxanadan
çıxdıqdan sonra özünün ona zəng
vuracağını vəd etdi.
Ruhiyyənin hamiləliyi
başa çatmaq ərəfəsində idi.
Özünü o qədər də yaxşı hiss etmirdi,
qarnında ciddi ağrılar baş verirdi. Onu analıq məzuniyyətinə
buraxmışdılar, aylıq maaşını müntəzəm
qaydada ödəyirdilər. Rəfiqələrindən rus
qızı olan biri vaxtaşırı ona zəng vurub hal-əhval
tutur, nəyə ehtiyacı olduğunu soruşurdu. Ruhiyyə
dəfələrlə ondan borc pul almışdı,
çünki həmin qızın əri yüksək
maaş alırdı, bu dəfə də qarşıdakı
doğum evinə yollanmağın xərclərini nəzərə
alaraq ondan borc istədikdə, rəfiqəsi gətirib pulu ona
evində verdi.
Südabə
xanımın ölümü
Südabə
müəllimə növbəti mühazirəsinə
dünya ədəbiyyatına marağın
artırılması lüzumu barədəki öz mülahizələri
ilə başladı, çünki bəzi küt tələbələr,
pis dənizçi okeanda üzməyi sevmədiyi, öz
xırda dənizində, gölündə üzməyə
üstünlük verdiyi kimi, biliklərini yalnız milli ədəbiyyatla
məhdudlaşdırmaq istəyirdilər. Professor dedi ki, əgər
mən dünya ədəbiyyatına müraciəti vacib
sayıramsa, bu o demək deyildir ki, artıq milli ədəbiyyatımızın
inkar edilməsinə yuvarlanmışıq.
Yox, biz nəslini
tanımayan İvanlar deyilik. Mən dünya anarxistlərinin
lideri olan M.A.Bakunin də deyiləm ki, haray
çəkəm ki, "Mənim vətənim yoxdur". Mənim
doğma vətənim var və ona çox bağlıyam.
Xalqımızın tarixinə və qədim ədəbiyyatına
hörmətlə, məhəbbətlə
yanaşmalıyıq, lakin bu, heç də dünya mədəniyyətinə
arxa çevirmək demək deyildir. Bəşəriyyətin
nailiyyətlərinə də biganə qalmamalıyıq,
ümumdünya mədəni xəzinəsindən də
faydalanmalıyıq. Kvazivətənpərvərlik heç də
həqiqi vətənpərvərlik deyildir, onun əksidir. Bəzi
xalqlar öz şovinizm xüsusiyyətləri ilə
hamıya düşmən gözü ilə baxır, bu yolla
öz əleyhdarlarının sayını artırırlar.
Biz onların uğursuz mövqelərinə yuvarlanmaqdan
özümüzü qorumalıyıq. Onların qatı millətçiləri
özlərinin malik olduqlarını, hava şarı kimi
üfürüb doldururlar. Güman edirlər ki, bu şarlar nəhəng
təbliğat vasitəsinə çevriləcəkdir, nəzərə
almırlar ki, onlar da almanların nəhəng
"Hindenburq" tsepellini kimi göydə partlayıb, xeyir gətirmək
əvəzinə, böyük zərər vura bilər. Bizim
qürur mənbəyi olan qədim ədəbiyyatımız
vardır. Hote özünün "Qərb-Şərq
divanı" əsərində Nizamini fars dilində yazan
yeddi böyük şairdən biri adlandırmışdı,
onun Azərbaycan şəhəri Gəncədə
yaşadığını, qəbrinin də orada olduğunu
bütün Avropaya çatdırmışdı.
Farsların cəhdlərinə
baxmayaraq, dünya Nizaminin, həqiqətən, Azərbaycan
şairi olduğu rəyi ilə razılaşır. Nizamidən
bəri azərbaycanlıların idrakının, mədəniyyət
və ədəbiyyatının gur çayı axmağa
başladı. Bu çay bəzən məhvərini dəyişirdi,
lakin heç vaxt qurumurdu. Bu, sağlam həyat instinktinə
malik olmanın mühüm sübutu idi. Azərbaycan
qonşularına bəzi şeyləri verdiyi kimi, onlardan da nəsə
götürmüşdür, lakin mənən güclü
olduğundan və ya özünə inandığından
bunları özünəməxsus qaydada qəbul etmiş və
öz həyat parçasına hörmüşdü.
Keçmişdə ancaq həm də durğunluq və tənəzzül
halları da olmuşdu, lakin nəticə etibarilə onlar
ötüb keçmişdi. Biz bunlarla öyünürük,
lakin təkcə ruhun böyüklüyü kifayət
deyildir. Həyat canlı orqanizm olduğuna görə onun digər
toxumaları, hüceyrələri də normal işləməlidir,
digər sahələrdə də geridə qalmamalıyıq.
Təkcə Aşıq Alının şeirini əzbər
bilməklə biz həyatımızı hərtərəfli
dolğun edə bilmərik. Mən əgər başqa ədəbiyyatlardan
misal gətirirəmsə, bunlar da ehkam xarakteri
daşımamalıdır. Siz onların düşüncə
fəlsəfəsinə bələd olmaqla, həm
özünüzü silkələməli, əvvəllərdəki
ətalətə qapılmanızı məzəmmət etməlisiniz.
Başqalarına dirsək göstərmək bilik qazanmaq yolu
deyildir, bilik müxtəlif mənbələri geniş mənimsəmə
prosesindən keçir. Biz zəhmətdən
qaçmamalıyıq, biz qədim hindlilərdə nəcib
məşğuliyyət sayılan əkinçilik zəhmətinə
həvəslə girişməliyik, təsadüfi deyil ki,
Hindistandakı qədim arilərin mənşəyini bildirən
arya adı sanskrit dilindəki "şumlamaq"
sözünün kökündən əmələ gəlmişdi.
Biz də bilik qazanmaqda, işdə zəhmətdə qədim
arilər və ya müasir yaponlar kimi
"şumlamağı" bacarmalıyıq, zəhmətsevərliyimizlə
öyünməliyik.
(Ardı
var)
Telman Orucov
525-ci qəzet.-2020.-13 mart.-S.22