Təsadüf köynəyi
Nə vaxt
səni görsəm
qəlbimdə bir
təəssüf əyləşir
mənim yerimə.
Mənim yerimə
həmin təəssüf
baxır sənə,
çayı həmin
təəssüf süzür
ikimizə də.
Səni görəndə
anlayıram ki,
çoxdandır insan
nəfəsi dəyməyən
evdir könlüm.
Gözlərimi düymələyir
saçlarının qoxusu,
səni düşündüyüm
gecələrin yuxuları,
-
cəllad yuxusu
-
huşum bulanır
başımda
günahlarım kəndir
yağlayır,
kətil çəkir
yaddaşımda.
Aşiq olduğum
günü soruşma
məndən,
bilmirəm haçan
başladı hər şey,
bəlkə, təsadüf
köynəyinin yaxasından
çıxmışıq hər
ikimiz.
Daha şübhə
və tərəddüdlər
arasında itib həqiqi tarixçəmiz.
Sevərkən sənin
günahların da mənə yazılırdı:
sən ələ
düşəndə, məni
əsir aparırdılar,
səni unudanlar
məni də xatırlamırdılar.
Qəlbimdə sənin
doğulduğun günün
əbədiyyətidi,
könlüm keçmişini
vərəqləmir ki,
orda daim
pak qalasan, -
korlanmayasan,
aldatmayasan,
aldanmayasan.
Ovcundan öpdüm ki,
yumruğuna yığılan qəzəbin
tozu alınsan,
gözlərindən öpdüm ki,
dünyaya zillənmiş ağrılarının
qapaqları bağlansın.
Sən mənim yox yerdən var olan
məhəbbət ruzimsən,
məni hamı kimi olmağa
yubandıran arzumsan.
Tarixin qumar masası
Vaxt
ötür,
aram-aram anlayırsan ki,
yaşadığın bu ömürdə
nəyə cəsarətin çatmayıbsa,
haqqını itirmisən onların
önündə.
Və sözlər,
əməllər duman kimi çəkilib,
lal
və hərəkətsiz
dayanmısan
taleyinin saatları yatıb.
Dəlicəsinə sevdiklərinin
hərəsi bir tərəfdə
öz cəlladını tapıb.
Tarixin gözləri qumar
masasıdır,
o, ancaq qaliblərə
və məğlublara
baxır,
bizsə tarixdən uzağıq,
bir
neçə dostu kimi
eyni
xatirənin başına
yığışmış.
Bəzən bir günah gözlərində batırırsan
axirətin sərmayəsini,
bəzən bir gözləmə
otağının önündə
yaşayırsan
sonuncu ləyaqətli dəqiqəni.
Yuxu kimi
Bizdən elə gözəl
günlər qalıb
ki geriyə,
o anların xatirinə həmişə
keçmişdən danışmağa çatır
haqqımız.
Qiyamət qiyamında
kölgəli bir ağaca möhürlənib adımız.
Dünənə qarşı qəzəbimiz
yoxdur,
xoşdur tarixçəmizin niyyəti,
bircə səninlə eyni
söhbətləri etmək
sayılmır
qocalıq əlaməti.
Günahdan gözlərimiz qamaşır
baxa
bilmirik bəhanə günəşimizə,
amma
ayrılıq soğan
doğraya bilməz
ömürlük doğmalıq neşəmizə.
Dünya bir pəncərə
imiş,
Baxdım səni gördüm,
Hansı evə köçdümsə,
sənə baxan pəncərəni
də
özümlə "götürdüm".
Rənglərin qiyamı
Rənglərin qiyamı dövrüdür
ömrümdə,
bütün rənglər əlacsızlıq
bayrağı qaldırıb
hamısı solğun bir sarının vəfasızına
sığınıb.
O vaxt ki,
hər cür tordan qaçıb
aqibətimin əlinə düşəcəm
onda
izdiham arasında
xatirələr paylayan
gizli bir ələ çeviriləcəm.
Ay işığını
quyuda basdırıb qayıdıram,
yorğunam,
bütün işıqlar sızıldayır
addımlarımda.
İki zülm arasından
asılmış
kəndir üstə yeriyirəm.
Kəndir qırılır
və quyudakı ay işığı
ipdən tutub qalxır göy üzünə.
Eyni
vaxtda yandırılan
şamlar kimi,
hərəsi bir vaxta
sönür ömrümüzdə doğmaların,
yaddaşımız od qoruyanıdır
işığı par-par yanan yaraların.
Havadan asılı qalan
bir damla
məni müjdələyir yuxuda
daha
o qədər keçmişəm
ki,
məni xatırlayan kimsə
qalmayıb dünyada.
Sima xəritəsi
Üzümün xəritəsində
sevgim gözlərin rəngdədir,
incimə,
demə ki, heç soruşmursan,
"ölmüsən,
ya qalmısan?"
Sənin yerini ən yaxşı mən bilirəm:
sətirlərim arasındasan.
Qanımı soyunub yatıram
ki,
barı gecələr axmayasan
damarlarımdan,
sənsə boşluğun araladığı
qapıdan
sızırsan qəlbimə.
Şükür, şükür,
bizə səhvlərimizi sevdirən
günlərə.
Nə demişdimsə hamısı
bir-bir gəldi ba
şımıza,
amma
yenə də biz,
fil qulağında yatdıq.
Bu da az şey
deyil -
arzularımıza olmasa da,
ehtimallarımıza çatdıq.
Təzə sətir həsrəti
Sən gəncsən, gözəlsən,
və xəbərsizsən bunlardan
Gözlərində o qədər böyük
gələcək var ki,
səndən əvvəl öləcəyimi
rahatca oxuyuram ordan.
Sevdiyim qadınlar
evinə çatmayan
mühacir məktublarıdı ömrümdə.
Sən məndə yubanma,
yetiş yaşayacağın evin sahibinə.
Gücünü arsızlıqdan alan
zəmanəmizdə
mənimlə yorma özünü,
hiyləli əlifbalarla yazılmış
kitablardan
köçürmə həyatın üzünü.
Kim nə yaşayıbsa yaşayıb,
kim
kimə qurşanıbsa
qurşanıb.
Mənim ömrümdə
dəliliyə təzə sətirdən
başlama.
Beş günlük həyatımızı
bir
ömürlük təəssüfə
bağışlama.
Əbədiyyət savaşı gedən
bu
fani dünyada
Mənim əllərimlə
sabahı yalnızlığına odun tullama.
Keçdi ayağının altına
daş qoyub
böyüdüyümüz günlər.
Dözmək susuzluğundan
quruyur
istək torpağına
əkdiyin güllər.
Onsuz da
ovcunda
gizlətdiyin səadətin
yerini
qorxuların söylədi
hamıya.
Xiffətin mənə
yadigar olsun,
qismətin Tanrıya.
Fərid HÜSEYN
525-ci
qəzet.-2021.-13 mart.-S.23