Seyran Səxavət bütövlüyü
Seyran Səxavətlə şəxsi tanışlığım 2016-cı ilin 24 sentyabrından başlayır. Düzdür, o vaxta qədər onun çap olunmuş əsərlərinin demək olar ki, tam əksəriyyətini oxumuşdum və haqqında artıq bitkin fikirlərim var idi.
Seyran müəllimin hər yeni hekayəsinin, povestinin, romanlarının çapını həmişə böyük maraqla, intizarla gözləyirdim və həmin elə eyni maraqla, zövq alaraq oxuyurdum. Onunla Neftçalada şəxsən tanış olandan sonra böyük Mövlananın məşhur fikrinin - "Ya olduğun kimi görün, ya göründüyün kimi ol" deyiminin Seyran Səxavətdə tamamən doğrulduğunun fərqinə vardım. Həm əsərlərində, həm də xasiyyətində Seyran Səxavət həmişə ürəyinin hökmü ilə hərəkət edib, ürəyinin ona diqtə etdiklərini deyib, yazıb. Bu da onun yazıçı və şəxsiyyət kimi bütövlüyündən xəbər verir.
Seyran Səxavət ciddi yazıçıdır. Bu ciddilik onun şəxsiyyətindən irəli gəlir. Bu ciddi insanın və yazıçının əsərlərində sərt tənqid ola bilər, hansısa qınağa, barışmazlığa rast gəlmək olar. Amma bu qınaqlarda əsla ironiya, təhqir ola bilməz. Çünki belə neqativ cəhətlər onun təbiətinə yaddır. Neçə illik müşahidələrimə əsaslanıb deyirəm, onun qəlbində insanlara sonsuz sevgi hissləri hakimdir və o tənqidlər də həmin sevgidən, ən ümdəsi isə vətəninə olan dəruni məhəbbətindən qaynaqlanır.
O, ünsiyyətcil insandır, bilirəm ki, çoxlu dostları var. O dostların bəzisi artıq haqq dünyasındadır. Amma o, heç kəsi unutmur, heç kəsi yaddan çıxarmır. Hətta dünyadan köçmüş dostlarının fiziki yoxluğu ilə də barışmır; bir neçə il bundan əvvəl dünyasını dəyişmiş müqtədir aktyorumuz Fuad Poladovun telefonuna zəng edir, " üzrlü səbəbdən telefona gələ bilməyən" Poladovun ailəsi ilə hal-əhval tutur. Ən yaxın dostlarından olmuş unudulmaz Yusif Səmədoğlu ilə xəyali yox, gerçək söhbətlər edir. Dünyadan vaxtsız getmiş Rauf Soltanın başdaşısız qəbri ilə insanın ruhunu sızladan söhbətlərə dalır.
Ernest Hemenqueyin ömrünün Paris dövrünə həsr etdiyi "Həmişə səninlə olan bayram" adlı kitabı var... Mən tez-tez Seyran müəllimlə telefonla danışıram. Seyran müəlimlə söhbət etmək mənim üçün həmişə bir xoş bayram misalında olur və bu danışıqlardan yaranan xoş ovqat uzun müddət məni tərk etmir.
O, təvazökar insandır. Hər görüşümüz zamanı bir dəfə də olsun, onu özü haqqında, öz əsərləri barədə danışan görmədim. Hələ imzaları o qədər də tanınmayan nə qədər gənc şairlərin şeirlərini onun dilindən eşidəndə, hətta özünün belə tanımadığı bu yeni imza sahiblərinin şeirləri haqqında necə böyük şövqlə danışdığını görəndə bu böyük yazıçımıza olan hörmətimin miqyası daha da genişlənib və bir daha onun necə böyük bir ürəyə sahib olduğuna heyran qalmışam.
Seyran Səxavətin
75 yaşı tamam olur. Adətən, bu yaşa ömrün müdriklik çağı deyirlər.
Mənim
tanıdığım Seyran
Səxavət artıq
neçə illərdir
ki, bu şərəfli
missiyanın daşıyıcısıdır
və bu gün də həmin müdriklik missiyasını ləyaqətlə
yerinə yetirir.
Onun Vətən
sevgisi haqqında da ayrıca danışmaq istəyirəm. Necə deyərlər,
mən bu sevginin canlı şahidiyəm. Xaraktercə
dəmir kimi möhkəm olan, həmişə nikbinliyini
qoruyub saxlayan Seyran Səxavət işğal olunmuş Qarabağ torpaqlarımızdan
danışarkən, təkcə
dostları arasında
yox, televiziya ekranında da özünü saxlaya bilməyib kövrəlməsi,
danışa bilməməsi
heç vaxt gözlərim önündən
getmir. Onun iki cildlik
"Qaçaqaç" romanının
əhəmiyyətli hissəsi
doğma Qarabağımıza
həsr olunub. Qarabağın tarixi, o torpaqların əzəli Azərbaycan torpaqları olması, Qarabağ elatının adət-ənənəsi,
mentaliteti, Qarabağın
görkəmli şəxsiyyətləri,
şəhərləri, kəndləri,
meşələri, bağları,
yüksəklikləri, dərələri,
mətbəxi, qəbirstanlıqları,
hətta ayrı-ayrı
evləri... bu unikal əsərdə yetərincə təsvir olunub. Seyran müəllim Qarabağın
düşmən əlindən
geri alınacağına
olan ümidini bu 30 ildə bir an da itirmədi,
"Qarabağ haqqında
ən ali
əsəri Ali Baş
Komandan yazacaq" fikrinin çin olacağı günün
inamı ilə yaşadı.
...Füzuli işğaldan azad olunan gün
ilk zəng etdiyim insan Seyran müəllim
oldu:
- Hələ də nə baş verdiyini anlaya bilmirəm. O qədər sevincliyəm ki, hələ də fikirlərimi bir yerə cəm edə bilməmişəm,
- dedi.
Və üstündən iki gün keçəndən
sonra zəng edib,
- Sən, deyəsən, ayın 17-də mənə
zəng etmişdin. Məni təbrik etmişdin.
O gün sevincimdən
həqiqətən də,
özümdə-sözümdə deyildim, - dedi.
Və iki gün sonra təbrikim üçün
mənə təşəkkürünü
bildirdi.
Bu yazımın sonunda
Seyran müəllimlə
bağlı məni neçə vaxtdan bəri narahat edən bir məsələ
haqqında da yazmaq istəyirəm. Bilmirəm buna
mənim haqqım çatır, ya yox, amma düşündüklərimi
deməsəm, bunu özümə bağışlaya
bilmrəm. Müasir
Azərbaycan ədəbiyyatının
aparıcı simalarından
olan, heyrətamiz əsərlər müəllifi,
böyük oxucu, xalq məhəbbəti qazanmış Seyran Səxavətin əsərləri
haqqında son vaxtlar, təəssüf ki, az yazılıb.
Məsələn, Azərbaycan
Yazıçılar Birliyi
tərəfindən Yusif
Səmədoğlu adına mükafata layiq görülmüş
"Nekroloq" romanı,
məncə ədəbi
mühtimizdə hələ
də öz layiqli qiymətini almayıb. Mən bu xoş gündə belə ürək sıxan misalların sayını artırmaq istəmirəm.
Sadəcə, hələlik
onun sonuncu "Qaçaqaç" romanından
əvvəlki "Yəhudi
əlifbası" romanına
qarşı ədəbi
tənqidimizin, qələm
sahiblərimizin susqunluqları
məni həmişə
kədərli düşüncələrə
sövq edib. Çünki "Yəhudi əlifbası"
təkcə Azərbaycan
ədəbiyyatında deyil,
dünya ədəbiyyatında
hadisə sayıla biləcək bir əsərdir, mənim fikrimcə. Əgər
bu roman dünya dillərinə tərcümə
edilib xarici ölkələrdə çap
olunsa, əminəm ki, bu hadisə
bizim zəngin ədəbiyyatımıza yalnız
başucalığı gətirə
bilər... Mən bu arzumun tezliklə həyata keçəcəyinə inanıram.
Əziz
Seyran müəllim,
75 yaşınız mübarək!
Etibar ƏBİLOV
Neftçala, 14 mart 2021
525-ci qəzet.- 2021.- 20 mart.- S.23