Humay

 

 Səməd Vurğun və Yusif Səmədoğluya

 

 

 

 

Səməd Vurğun Yusif Səmədoğluya

 

"Mənim ruhumda bir iztirab var -

Ölür sənətimin o ilk gözəli.

Fəqət, mən istərəm qıymasın həyat,

Şeirin ağladığı bir gözəlliyə

Qıymasın, şairlər yazıqdır deyə,

Şeirin ağladığı bir gözəlliyə..."

S.Vurğun

 

İnqilaba sədaqətindən asılı

naməlum bir kişi cəsədini

yırğalayırdı külək,

Çalpapağın adamı

Gün batana, gün doğana çapsan atını,

"Üfüqlər gizlətsə qaraltını",

Yenə kor bir qurşun gəlib tapar

sədaqətini gizlədiyin bədənini.

 

Küçədən atlı keçər,

pəncərələr bağlanar,

bir qurd ulayar,

qorxu şəhərə yayılar:

insan gəlir, insan!

 

Ölüm yatağında Günəş buzdu,

Bəlkə , üşüyərək ölməkdir

ölümə gecikənlərin qədəri.

Silahsızıq sözünün

arxasında gizlənmiş kəndin kişiləri -

"Həyat ölməz bir ehtiyacdır".

 

Tozlu yollar uzanıb gedər,

Qan Çanağı tərəfdən bir qaraltı keçər,

Divarda kölgələr böyüyər, kiçilər,

bayrağı ilk asanlar güllələnər.

 

İnqilabı kitabsızlar Allahsızlar edir bəyəm?

"Susuram rüzgarın sualına".

Kor Mədətin oğlu uzundraz

Qasım indi göstər şounu...

Qafil!

Bir bilsən gözəl yaraşdı sənə ölüm,

dirilib bir , bir ölərsən.

Bir ki,

"Ölümdən qorxmağın mənası var?"

Bütün sualların ən həqiqi cavabını verir ölülər öz sükutlarıyla.

Qəbir daşları sipərdir ömürə!

Yalnız daş adamların arxasında

gizlənmək olar,

mərd olmasan, kürəyə qurşun sıxmaq olar.

 

Kürəyə saplanan xəncərin qaşına

hürər bir köpək,

Məscidə it bağlanan çağ idi Sovetlər

bütün filmlərdə yoxa çıxmış şərqiydi azan

"mübarizə, inqilab, üsyan

deyildir asan"

İnqilab adlı bu quduz ağacı

insan qanı suvarmalı.

 

Bərq vurur ulduzlar nəhrdə,

Göyüzü təbəssüm tək qonur Kürün üzünə

Gülür göy qübbə .

Çayın gözləri önündə

qısılmaq olar sevgiliyə.

 

Bir uzaq şəhər həsrətinin vüsalı yox,

Humay, Peykanlıdan uzağı yox.

Təslim ol, bu kiçik kəndə.

Təslim ol, batmanla gələn dərdə.

Təslim ol, sevdaya.

 

"Tarixdən silinər mübarizələr".

Qalar yer üzündə sevda adlı cəbhələr:

Humaylar, Cəlallar, Temirlər Tamaralar.

"Bu qanlı silahlar, dumanlı ahlar",

unudular, unudular, unudular!

"Eşqdə acizlik dəlilik var!"

 

Ölümə gedərkən

"Atlar quşlardan iti qanadlı",

Atların ayaqları yolun əzbərini qanatdı.

Dağın dumanlı yaddaşı oyandı;

Mülkədarın hikkəsi

Xacə şahı salamladı.

 

Gəzdikcə ozanın əli sarı simi

Bir düyünləndi,

çözülmədi keşişin tilsimi.

Barmaqlar, saz pərdə

açılır güllə,

bir , bir

aşiqin bədəninə,

sevdaya qurşun işləməz bəy!

Açılır güllə,

ilk ayaqlar təslim olur ölümə

sonuncu düymə,

gəl bax Cəlaldan keçən mərminin külünə.

Açılır güllə,

özü bilmədən

komsomolun ürəyindəki

qızını öldürür əslində.

Atan səni güllələdi ey "tək ayaqlı qərinə!"

 

"Sevdalar düşkünü, komsomol Cəlal"

Burada sevəni bağışlamırlar.

"Söz verib, söz alıb, söz unudanlar"

Burada sevəni bağışlamırlar.

Ölümə qənşər, Cəlal...

 

Boynu uzun bədəvi atlar ağladılar,

Sevdanın cəsədini daşıdı atlar.

 

"Humayım mənim

Təpədən dırnağa geyinmiş qara",

Aşiqə ümid verən gözlərin

halallıq verir indi ata qanını axıtmağa.

Çıx get daha, əvvəlcə bu kənddən,

sonra kəndindən,

Get cahan mülkündə tapmadığın

haləti axtarmağa.

 

Sən addımladıqca genişləndi dünya,

dünya böyükdür, Allah da, sevda da.

Küləklərlə vidalaş,

hər şeyi bilən Kürlə vidalaş.

Humay - sevdasız bir çölün sərab arzusu!

Humay - çölün vida nəğməsi!

Humay - qeybə çəkilən sevdanın ən gözəli!

Sənə ağladıq bu şeiri,

Səməd, Yusif, bir mən...

 

Yanvar 2020 - Mart 2021

 

 

Ramil ƏHMƏD

 

525-ci qəzet.- 2021.- 20 mart.- S.23.