Acı taleli qız
(Əvvəli ötən
şənbə sayımızda)
Biz bir sıra xalqlardan fərqli olaraq, etiraf etməliyik
ki, öz tariximizə ciddi fikir verməmişik, sirr deyil ki,
onun səhifələrində detallar zənginliyi
çatmır. Nankor qonşularımız isə tarixin
saxtalaşdırılması, bu yolla həm də son bir
neçə əsr ərzində başqa ərazilərdən
köçürülmək qaydasında gəlib onun
torpaqlarında məskunlaşmış və onlara yalnız
mehriban münasibət göstərmiş xalqa böhtanlar
atmaq, onun keçmişini tamamilə inkar etmək yolunu
tuturlar. Faktlar isə bu yalanları təkzib
edir. Unudurlar ki, erməni ədəbiyyatının
klassiki Xaçatur Abovyanın özü 1841-ci ildə
yazdığı "Ermənistan yaraları" kitabında
qeyd edirdi ki, İrəvanda kübar erməni ailələrində
əsasən Azərbaycan dilində danışmağa
üstünlük verirlər, proses belə getsə, şəhərdə
erməni dili sıradan çıxacaqdır. Onun şəhadətinə
görə, Azərbaycan dilindəki nəinki çox sayda
söz erməni dilinə keçmiş, ermənilər hətta
nitqlərində bu dildəki bütöv cümlələri də işlədirlər.
Bir qayda olaraq, həmin dövrdə daha yüksək
səviyyədə olan xalqın mədəniyyəti və
dili başqa xalq tərəfindən qəbul edilir. Qədim
romalıların dili olan latın dili
böyük dərəcədə ispan dilinin, qismən ingilis
dilinin əsasını təşkil etmiş, bütün
Hind-Avropa dillərinə öz təsirini göstərmişdi.
Latın dili həm də yunan dili ilə
yanaşı, elm və təbabət terminlərində
mühüm yer tutdu. Ərazisini
işğal etməklə qalib gəlmiş monqollar Çin mədəniyyətini
qəbul etmiş, bu ölkədə idarəçilik də
Çin dilində aparılırdı. Ərəb
dili türk xalqlarının dilinə əhəmiyyətli təsir
gəstərmişdi. Hindistanda Böyük
Moğolların hakimiyyəti dövründə fars dili saray dili idi. XVIII əsrdə
Prussiyyada ziyalılar doğma alman dili əvəzinə
fransız dilindən istifadə edirdilər. XIX əsrin əvvələrində
isə Rusiyanın hər iki, yeni və köhnə
paytaxtında kübar ailələrin üzvləri arasında
ünsiyyət fransız dilində gedirdi, onların
cavanlarının əksəriyyəti heç rus dilini
bilmirdi, Vətən müharibəsi vaxtı Borodino
döyüşündə rus ordusunun zabitləri fransızca
danışdıqlarından, əsgərlər onları səhvən
fransızlar kimi qəbul edirdilər.
Hər bir xalqın tarixçiləri həm də onun
milli xarakterinin daşıyıcıları olduğundan, təəssüf
ki, şovinizmə yoluxmuş xalqlarda onlar asanlıqla
qeyri-obyektivliyə, tarixin təftişinə keçirlər. Onlar saxtakarlığa millətçilik ruhundan irəli
gələn bir müqəddəs vəzifə kimi
baxırlar. Erməni tarixçiləri
üçünsə bu, xroniki xəstəliyə
çevrilmişdir. Belələri
haqqında böyük fransız filosofu Volterin sözləri
yerinə düşür. Volter yazırdı:
"Tarixçi hansısa qüdrətli ailəyə xoş
gəlmək üçün tiranı tərifləyirsə
- o, qorxaqdır; tarixçi ədalətli hökmdarın
xatirəsini ləkələmək niyyətini güdürsə,
o, dəhşətli varlıqdır, öz
uydurduqlarını həqiqət kimi qələmə vermək
istəyən roman yazanlar isə nifrətə layiqdir". Saxtakar, tarixi təhrif edənlərdə isə bu
üç iyrənc sifəti bir yerdə tapmaq
mümkündür.
Ölkəmiz çox sayda fatehlərin yolunun
üstü, körpüsü olmuşdur. Teymurləngin
qoşunları, Böyük Pyotrun
işğalçıları buraya gəlmişdir. Onlar bu xalqın həyat və düşüncə
tərzinə nəyisə əlavə etmişlər. Xalq isə öz təbiətinə yad olan elementləri
bir okean kimi udsa da, öz xarakterik xüsusiyyətlərinin təmizliyini,
saflığını qoruyub saxlamışdır.
Azərbaycan nisbətən kiçik əraziyə malik
olsa da, bu torpağa təbiət olduqca böyük müxtəliflik
vermişdir. Bu rəngarəngliyə görə onu
dünyanın miniatür əksi hesab etmək olar. Azərbaycan planetin mikrokosmosudur. Ölkəmizin
dağları, çayları, meşələri və
geniş çölləri, münbit torpaqları vardır, zəngin
yerin təkinə malikdir. Lakin bu sərvətlərdən
ən qiymətlisi onun doğma əhalisidir, bu ərazidə
yaşayan xalqlar, dövlətimizin vətəndaşlarıdır.
Azərbaycan
XX əsrin sonunda müstəqilliyinə nail olanda öz
dövlətini heç də körpə uşaq şəklində
qurmadı, çünki əsrin əvvəlində də iki
ilə yaxın bir müddətdə əsl demokratik bir
dövlət kimi artıq mövcud olmuşdu.
Böyük nağıl ustası H.K.Andersen öz
ölkəsi Danimarkanı qu quşu yuvası ilə
müqayisə etmişdi, onun istedadlı və yaxşı
tanınmış sakinlərini isə sonalara bənzətmişdi. Qu quşu
öz qanadları ilə yerin üstünü tutan dumanı
yarır və bu vaxt ulduzlu göy bütün gözəlliyi
ilə adamlara görünür. Yırtıcı
quşlar uçub gəlib bu diyarı viran qoya bilməz, bu
niyyətdə olanlar ağır cavablarını alacaqlar, hətta
lələklənməmiş ətcəbalalar da öz
döşləri ilə düşməni qarşılayacaq,
dimdikləri və caynaqları ilə bütün güclərini
sərf etməklə öz torpaqlarını qoruyacaqlar.
Bizim xalqımız da olduqca sülhsevər, dinc
insanlardan ibarətdir, onlar da qu quşlarını
xatırladırlar, lakin torpağına təcavüz edildikdə
döyüşkən spartalılara çevrilirlər,
düşməni öz torpaqlarından qovmaqla yanaşı, mərhəmət
göstərilmək barədə onun diz çöküb
acizanə yalvarmalarına nail olurlar.
Azərbaycan - əslində qartaldır, təsadüfi
deyildir ki, xəritədəki onun sərhəd perimetrinin
cizgiləri qartalı xatırladır. Qartal isə səmada
uçan heç bir quşa təslim olmur. Təkcə öz şöhrəti hesabına
başqalarının ona sataşması cəhdi baş verir.
Əlbəttə, mən coğrafiyanı,
ölkəmizin tutduğu məkanı fetişləşdirmək
istəmirəm, Azərbaycan gur əsrlərdən keçərək,
nəinki torpaqlarını əsasən qoruyub saxlamış,
ən başlıcası öz böyük adamlarının
işıqlı şüurunda doğan canlı sözü,
sarsılmaz ənənələri qoruyub saxlaya bilmişdir.
Həmin dahilər təkcə bizim iftixar mənbəyimiz
olmayıb, həm də xalqımızı dünyaya
tanıtdıra bilmişlər. Bəlkə
də, onların mənəvi təsirlərinin miqyası
arzuladığımız qədər də geniş deyildir,
onu böyütmək isə gələcək nəsillərin
vəzifəsi olmalıdır. Səkkiz əsr
ərzində ədəbiyyatımız öz inciləri ilə
daha da zənginləşmişdir.
Mən F.M.Dostoyevskinin romanlarından, onun "məhəbbət"
və "nifrət" konsepsiyasından danışanda, bəzi
tələbələr bunları hiddətlə
qarşılayırlar. Dostoyevski belə bir mülahizə yürüdürdü
ki, adam hətta nifrət etdiyinə də
vurula bilər. Biz onun dünyanı heyran qoyan əsərlərinə
niyə qısqanclıqla yanaşmalıyıq,
yaradıcılığı bəyənməmək olar, ona
nifrət bəsləmək isə yalnız zövqün
qaydada olmamasından xəbər verir. Qədim
Roma şairi Katull da "nifrət və məhəbbət"
mövzusuna toxunmuş, onların bir yerdə necə hiss
olunduğunu soruşmuşdu.
Bu vaxt
professorun küt, həyasız kimi tanıdığı tələbə
ayağa qalxıb dedi:
- İndi də başladınız rusları təbliğ
etməyə, nə qədər biz belə cəfəng
şeylərə qulaq asmalıyıq. Gah ingilisi, gah
rusu ortaya atırsınız.
Südabə
xanım ona cavab verərək dedi:
-
Mühazirədə cəfəngiyyata heç də yer
ayırmıram, sizə bilik vermək, hərtərəfli
inkişafınıza nail olmağa çalışıram. Sizə maraqsızdırsa, auditoriyanı tərk edə
bilərsiniz, istəməzdim ki, siz öz səhv
mövqeyinizlə başqalarına zərərli təsir
göstərəsiniz. Axı buna təəccüblənmək
də düzgün deyildir. Çünki
adamlar da bir-birini sevərək və bir-birinə nifrət edərək
birgə yaşayırlar.
Professor bilirdi ki, bu oğlan qeyri-adi adamlardandır, həm
də əclafdır, özlüyündə onu qeyri-adi əclaf
adlandırırdı.
- Gələcəkdə
özünüz mühazirə oxusanız, o vaxt
dünyanın dahi yazıçıların çoxunu
ostrakizmə məruz qoyarsınız. Yəqin
ki, onların ruhu hələ də sizin cəzanızı
gözləyir.
Tələbə
həyasızlığını bir az da
artırdı.
- Mən
heç yerə gedən deyiləm, bizdən xoşunuz gəlmirsə,
siz özünüz çıxıb gedə bilərsiniz,
universitet bundan yalnız fayda götürə bilər. Çünki siz milli hisslərimizə hörmət
bəsləmirsiniz, deyəsən, heç sizin qanınız
da təmiz deyildir. Darıxmayın, biz vətən
xainlərinin axırına çıxacağıq.
Tələbənin dediyi iyrənc sözləri,
xüsusən "xain" ifadəsini eşitdikdə
professorun rəngi qızardı, səndələdi və birdən
döşəməyə yıxıldı. Qızlar onu
qaldırmağa icazə vermədilər ki, xəstəliyin
şiddətini artıran bir təsir göstərə bilərlər.
Təcili yardımdan həkimlər gəldi.
Müayinə apardıqdan sonra infarkt olduğunu
dedilər.
Onu ambulansda xəstəxanaya apardılar və ərinə
xəbər verdilər. Hüseyn müəllim çox keçməmiş
gəldi, Südabə xanım özünə güc verib,
gülümsəmək istədisə də, kiçik təbəssüm
də alınmadı. Rəngi tamamilə
ağarmışdı, olduqca zəif görünürdü,
danışa da bilmirdi. Həkimlər dedi ki, professoru
sağaltmaq üçün əllərindən gələni
edirlər, bu sözlərə görə Hüseyn müəllim
vəziyyətin böhranlı olduğunu başa
düşdü. Adətən, həkimlər xəstənin
vəziyyəti qorxulu olanda, dillərini işə salırlar
ki, bəlkə, xəstədə ümid
qığılcımı əmələ gəldi.
Xəstəxanadakı bir həftəlik müalicə
fayda vermədi və Südabə xanım həyata gözlərini
birdəfəlik yumdu. Bu vaxt arvadının
çarpayısının başında duran Hüseyn müəllimin
gözlərindən yaş axmağa başladı.
Professorun cəsədi məsciddə yuyulduqdan sonra
universitetin əsas binasının dəhlizində qoyuldu. Tabutu əklillər
bəzəmişdi, başının üstündən
Südabə xanımın portreti asılmışdı.
Matəm mitinqində rektor, fakültə
dekanları, kafedra müdirləri, professor-müəllim heyəti
iştirak edirdi. Dekan gurultulu bir
çıxış etdi, Oksford universiteti ilə Bakı
Dövlət Universiteti arasında bu görkəmli alimin
körpü salmaq barəsindəki geniş fəaliyyətindən
danışdı. Sonra bir əlaçı
tələbə çıxış edib, böyük bilik fədaisi
olan müəllimlərinə bütün onu sevən tələbələri
adından minnətdarlığını bildirdi. Sonra söz Böyük Britaniya səfirliyinin
işçisinə verildi. Diplomat mərhum professorun
İngiltərə elm aləmində yaxşı
tanındığından, əsərlərinin tərcümə
edilib ölkəsində dəfələrlə çap edilməsindən
danışdı və çıxışını bu
sözlərlə bitirdi:
-
Xanım professor Səfərlinin vaxtsız vəfatı
universitetiniz üçün böyük itkidir. Biz özümüz də onun simasında öz
xalqımızın nəcib bir dostunu itirdik.
Başqa çıxış etmək istəyənlər
də var idi, lakin onları xəbərdar etdilər ki, bu hərəkət
rəhbərliyin xoşuna gəlməyəcəkdir. Çünki
onlar mərhum professoru sevmirdilər.
Rektor
diplomata yaxınlaşıb, matəmdə iştirak etdiyinə
və dəyərli sözlərinə görə ona minnətdarlığını
bildirdi və hamı eşitsin deyə ucadan pafosla dedi:
- O,
öləndə mən güman etdim ki, universitetimizə
qaranlıq çökmüşdür. Lakin səhv
etdiyimi anladım, çünki professor Südabə Səfərlinin
parlaq işığı heç vaxt bizim xatirəmizi tərk
etməyəcəkdir. Biz baş əyirik,
ağlayırıq, yəqin ki, onun ruhu dərin kədərimizi
hiss edir.
Tələbələrin çoxu məyus görkəm
almışdı, fakültənin tələbə
qızları isə göz yaşlarını saxlaya bilmirdilər,
çünki onlar təkcə çox qiymətli müəllimlərini
deyil, həm də mehriban rəfiqələrini, onların
halına yanan ikinci analarını itirmişdilər.
Səhərisi günü Təzəpir məscidində həm qadınlar, həm də kişilər üçün matəm mərasimi keçirildi. Məclislərə digər universitetlərin humanitar fakültələrinin müəllimləri gəlmişdi. Hüseyn müəllim, rektor və dekan mollanın yanında oturmuşdu. Qadın məclisində isə bu rolu universitetin qadın prorektoru oynayırdı.
Ruhiyyə doğum evinə getməyə hazırlaşırdı, sabahısı günü o, palatada olmalı idi. Son günlər ərzində Südabə xanımdan xəbəri yox idi, zəng vurmamışdı. Axşam televizorda Şopenin noktyürnü çalınırdı. Qız bundan xüsusi ləzzət alırdı, musiqi sona çatanda ekranda Südabə xanımın portreti göründü və aparıcı qəmgin səslə bildirdi ki, ölkəmizin elm ictimaiyyətinə ağır itki üz vermişdir, tanınmış professor Südabə Səfərli ağır ürək xəstəliyindən vaxtsız vəfat etmişdir. Sonra o, qarşısındakı kağızdan professor Səfərlini elmi-pedaqoji fəaliyyəti, bədi yaradıcılığı barədə olan məlumatları oxudu.
Ruhiyyə deyilənlərə inanmaq istəmirdi, elə bil ki, onu ildırım vurmuşdu. Birdən özünə gəldi və Südabə xanımın öldüyünü anasına çatdırdı. Qadın kənd qaydasında ağı deməyə başladı, bəlkə də, əri öləndə belə uca səslə ağlamamışdı. Səsə qonşular gəldilər, onlar güman edirdilər ki, televiziya ekranında gördükləri qadın onların yaxın qohumudur. Bəziləri pıçıldaşırdı ki, indiyədək belə böyük qohumları olduğunu bizdən gizlədiblərmiş.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2021.- 20 mart.- S.22