"Novruz həm də
birlik bayramıdır"
"FOLKLORUMUZDA BİR YAZ XANIM
OBRAZI VAR, BU OBRAZ BAHAR QIZINA ÇOX BƏNZƏYİR"
"
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin
böyük elmi işçisi
Atəş Əhmədli ilə Novruz adətləri haqqında söhbətləşdik.
- Novruz bayramının
tarixən xalqımız
üçün nə
kimi əhəmiyyəti
olub?
- Novruz Azərbaycan
xalqı üçün
yeni ilin gəlişidir. Tarixən xalqımız bu
bayrama böyük əhəmiyyət verib.
Yazın
gəlişi ilə təbiətdə baş verən dəyişikliklər
həm də insanın ruhuna təsir edir. Boşuna demirlər ki, yaz insanın qanının qaynayan vaxtıdır. Bunun təkcə
fiziki yox, həm də mənəvi anlamı var.
Yaz fəsli insanı yaradıcılığa,
yeniliyə səsləyir.
Digər
tərəfdən, bu
bayram milli bayram olduğu üçün xalqı birləşdirir. Biz bunun ən yaxşı
təzahürünü keçirilən
şənliklərdə və
adətlərdə görə
bilirik.
- Sovet dönəmində qoyulan qadağalar hansısa adətləri unutdurdumu?
- Novruzun əsas ideyalarından biri xalqın bütövlüyünün,
birliyinin qorunmasıdır.
Heç
kimə sirr deyil ki, bütövləşən
xalq daha güclü olur. Əlbəttə, xalqın belə
birliyi rus imperiyasının maraqlarına
uyğun deyildi. Başqa adətlərimiz kimi Novruza və Novruz adətlərinin icrasına qadağalar var idi. Bu qadağalar rəsmi
qanun şəklində
yox, daha çox hansısa taktiki gedişlərdə
özünü göstərirdi.
Məsələn, bu işlərlə
bağlı irəli çıxan fəalları
aradan götürmək,
onları təqib etmək, qorxu yaratmaq və s. Buna baxmayaraq xalq öz bayramını unutmurdu. Bu mövzudan
danışarkən Şıxəli
Qurbanovun adını unutmaq olmaz.
Sizin sualınıza
cavab olaraq onu deyə bilərəm
ki, bu bayrama
qoyulan məhdudiyyətlər
müəyyən adətlərə
öz təsirini göstərib. Məsələn, Sovet dönəmində
çərşənbələr belə təntənəli
surətdə keçirilmirdi.Çərşənbələr
belə sistemli şəkildə öyrənilməmişdi.
"Böyük çilə", "kiçik
çilə" də
unutdurulan adətlər
sırasında idi. Daha sonra Sovet dövründə
unudulan mərasimlərə
misal kimi "Xıdır İlyas" mərasimini göstərə
bilərik. Bu mərasim Naxçıvanda
bu gün də qorunub saxlanılır. Ümumiyyətlə, Naxçıvan adətlərin
qorunması baxımından
olduqca mühafizəkar
bir yerdir.
- Bahar qızının sonradan uydurulduğunu, əslində, bu personajın bizə yad olduğunu deyənlər var. Bu nə
dərəcədə doğrudur?
- Bir çoxları düşünür ki, Bahar qızı Qar qızının alternativi olaraq süni şəkildə yaradılmış bir obrazdır. Məncə, bu o qədər də qondarma məsələyə bənzəmir. Bizim folklorumuzda bir Yaz xanım obrazı var. Bu obraz Bahar qızına çox bənzəyir. Xalq yazıçısı Mirzə İbrahimov öz xatirələrində yazırdı: "Anam mənə danışırdı ki, yeraltı dünyanın sahibi Yaz xanımı əsir edib, yalnız ildə bir dəfə yaz gələndə onu anası Günəşlə görüşməyə icazə verir". Bu xatirədə də deyildiyi kimi bizim folklorumuzda Yaz xanım obrazı var. Ona görə də düşünmürəm ki, Bahar qızı bizə yaddır.
- Gələk, papaq atma məsələsinə. Bəzən papaq atmanın da eynən Bahar qızı kimi bizə yad olduğu, adətin dəyişikliyə uğradığı bildirilir, hətta bu adətin yığışdırılmasını təklif edilir. Siz bu mövzuda nə düşünürsünüz?
- Bu məsələ folklorşünaslığımızda həmişə mübahisə predmeti olub. Novruz adətləri ilə bağlı aparılan tədqiqatlarda biz papaq atmaqla bağlı hər hansı bir məqama rast gəlmirdik. Papaq əvəzi xurcun, yaylıq, qurşaq, şal, torba göstərilirdi. Məsələn, Məhəmmədhüseyn Şəhriyar "Heydərbabaya salam" poemasında "şal salladım bacadan" deyir. "Dəli Kür" filmində biz Şamxalgilin bacadan xurcun salladığını görürük. Bir sözlə, pay toplamaq üçün papaq heç vaxt vasitə olmayıb. Sadəcə etnoqrafik fonun dəyişməsi adətlərə də öz təsirini göstərib. Məsələn, indi qurşaq əvəzi kəmərlərdən istifadə olunur. Yaxud da evlərin indiki tikilişi bacadan xurcun sallamağa uyğun deyil. Buna görə də papaq daha əlverişli hesab olunur. Təbii ki, biz buna qarşı çıxmırıq. Sadəcə vasitənin bu olmadığını deyirik. Düşünürəm ki, əvvəlki icra üsulları daha məqsədəuyğundur. Xurcun, yaxud torba ola bilər, necə ki Yeni il bayramında xüsusi bəzəkli torbalardan istifadə olunur. Eyni şəkildə Novruz bayramında da müxtəlif simvollarla bəzədilmiş torbalar istehsal oluna bilər. Digər tərəfdən, papağın ayaqlar altına atılması düzgün deyil. Çünki bizdə papağa hörmətlə yanaşılıb. Ən əsası, bu gün papağın içinə qoyulan sovqatların bir çoxu şirəli şirniyyatlar, açıq qida məhsullarıdır ki, bunların papaqla təması gigiyenik baxımdan düzgün deyil.
- Sizin üçün Novruz hansı mənanı ifadə edir?
- Mənim üçün Novruzun ən əhəmiyyətli tərəfi birlikdir. Bu bayramın o qədər gözəl mesajları var ki, sadaladıqca bitməz.
Aytac SAHƏD
525-ci qəzet.- 2021.- 20 mart.- S.21.