Qadın şiddət

 

KEYFİYYƏTSİZ TƏMƏL, ƏYRİ BİNA, PİS KİŞİ

 

 

Pandemiya sadəcə sağlamlığı, iqtisadiyyatı deyil, ailələri, insan münasibətlərini yerlə bir etməkdədir. Virusun ən böyük qurbanları isə qadınlardır.

 

Bir çox qadın karantində, güvəndə, təhlükəsiz hesab edildiyi evində, yuvasında ölümlə burun-buruna yaşamaqdadır. Bağlı qapılar arxasında dəhşətli hadisələr yaşanır. Qısıtlamaların olduğu bu bir il ərzində ailədaxili şiddət pik həddə çatıb. İndi yox, qapanmaya qərar verilən ilk aydan iplər gərilməyə başlayıb. Pandemiyanın elan edilməsindən 4-5 ay sonra BMT-nin baş katibi Antonio Quterreşin dünya ölkələrinə müraciət etməsi heç təsadüf deyildi. Hələ o vaxt Quterreş ailədaxili şiddətlərin artdığını, qadınların təhlükəsizliyinin təmin edilməsini ilk sıraya qoyulmasını söyləmişdi. Çünki pandemiyanın ilk aylarında təkcə Avropada sığınma evlərində qadınların sayı 30 faiz artmışdı. Avropadakı bu artımdan sonra ölkəmizdəki vəziyyət getdikcə daha gözəbatan olmağa başladı. Artıq dünyanın dördbir yanında qətlə yetirilən, ağır döyülmə xəsarətləri ilə xəstəxanaya yatırılan qadınları görürük. Sanki qadın soyqırımı var. Cinayətlərin törədilmə ağırlığı, "fantaziyası", öldürülmə üsulu get-gedə daha da çeşidli hal almağa başlayır. Elə o qədər surətli şəkildə unudulub gedir. Gündəm belə xəbərləri uzağı iki gün aktual saxlayır, sonra diri-diri udub yox edir. Bu isə qətldən daha qorxulu təhlükəlidir.

 

Bir vaxtlar baş verən film kimi qadın cinayətlərini internet, televiziyadan izləyərkən, indi həndəvərimizdə görürük. Məsələn, Türkiyədə Münəvvər Karabulut cinayəti vardı. Sevgilisi cinayətin izini itirmək üçün qızın bədənini hissələrə ayırıb, həmin parçaları şəhərdəki ayrı-ayrı zibil qablarına atmışdı. Artıq bu cür hadisələr Azərbaycanda da yaşanır. Məsələn, daha bir neçə gün əvvəl qaynatası Banunu balta ilə doğramış, cəsədini hissələrə bölərək torbalara yığıb zibil qabına atmışdı. İki gün əvvəl Nəsimi rayonunda iki qız ölümcül şəkildə döyülərək yol kənarına atılmışdı. Bir müddət öncə qadın əri tərəfindən övladlarının gözü önündə 20 bıçaq zərbəsi ilə öldürülmüşdü. Dünən isə Gəncədə günlərdir yoxa çıxan 19 yaşlı Pərvin Musayevanın 20 yaşlı Sərdar Cəfərov tərəfindən öldürülərək zibil qabına atılmış cəsədi eroziyaya uğramış şəkildə aşkarlandı. Gül kimi təravətli, günəş kimi parıltılı bir qız işığı beləcə söndürüldü. Maraqlısı budur ki, cinayət aşkar edilənə qədər onu törədənlər heç olmamış kimi, normal şəkildə həyatlarına davam edirlər. Eynən Sərdar kimi. Şiddətə meyilli insanlar ya təhsil sarıdan kasad olmuşlardır, ya uşaqlıqda istismara məruz qalmışlardır, ya anasının ailədaxili şiddətə məruz qaldığına şahid olanlardır, ya həddən artıq içki içməkləridir, ya da şiddəti normal bir hal kimi sərgiləyərək, qadının üzərində üstün haqqa malik olma anlayışına sahib kişilərdir. Təəssüf ki, cəmiyyətimizdə belə kişilər sarıdan "bolluqdur". Qadınlar təməli kökündən, bünövrəsindən yanlış atılan belə kişilərin əlindən təngə gəlib.

 

Əslində, qadın cinayətlərinin çoxu insanların gözü önündə, açıq-aşkar şəkildə baş verir. Cinayət qurbanlarının çoxusu  aidiyyatı qurumlardan ya çevrəsindən yardım istəyən qadınlardan ibarətdir. Vaxtında müdaxilə olunmayanda, qadınların şikayətləri milli-mentalitet bəhanəsi ilə gözardı ediləndə əlaqədar qurumlar əslində, qatillərin işini asanlaşdırırlar.

 

Bu gün dünyanın bəzi ölkələrinə baxanda qadına qarşı cinayətlərlə bağlı atılan addımların effekt verməsi insanda ümid yaradır. Məsələn, İtaliya bu məsələdə ən bariz nümunələrdəndir. 2018-ci ildə 120 qadın cinayəti işlənən ölkədə qadına qarşı şiddət cəzası ikiqat artırılaraq 15 ilə çıxarıldı. Bu qərardan sonra cinayətlərin sayı yarıya endi. İspaniyada isə ailədaxili şiddət 2003-cü ildən bəri qadınlara aid problem olaraq deyil, "milli məsələ" kimi dəyərləndirilir. Ölkədə qadınlarla bağlı uğurlu siyasət aparılır. Elə bunun nəticəsidir ki, 2003-cü ildə 71 qadın öldürülərkən, 2018-ci ildə bu rəqəm 47-ə düşüb.

 

Tətbiq edilən bu sınaqlardan da görünür ki, məsələnin həlli yalnız sərtləşdirilmiş hüquqsiyasi yolla mümkündür. Uğursuz tikinti kimi təməli əyri olan, əyri ucaldılan binanı suvamaqla, örtməklə düzəltmək mümkün olmadığı kimi, belə məsələləri də sözlə, maarifləndirməklə, yazmaqla normallaşdırmaq mümkünsüzdür.

 

 

Türkan TURAN

 

525-ci qəzet.- 2021.- 20 mart.- S.21.