Səyyad Aran məktəbi  

 

Ədəbiyyatın ilk cümləsini biz Səyyad Arandan öyrənmişik. Yəni mən, Sərvaz, Murad, Dayandur başqaları. Səyyad müəllim kimi şeiri, hekayəni təhlil etmək istəmişik, yenə mən, Sərvaz, Murad, Dayandur  başqaları.

 

Bu o zaman idi ki, Səyyad müəllim İmişli şəhər 1 saylı orta məktəbində ədəbiyyat müəllimi işləyirdi, bizi məktəbə  ədəbiyyat gecələrinə dəvət edirdi. Uzun müddət belə  tədbirlərin  təsirindən ayrıla bilmirdik.

 

İmişli şəhər 1 saylı orta  məktəb Səyyad müəllimin sayəsində  universitet idi, hər sinfində, həyətində, bacasında ədəbiyyat, şeir qoxusu hiss olunurdu. Məktəbin divarları Səyyad müəllimin keçirdiyi tədbirlərin şəkilləri ilə bəzədilmişdi, barmaq basmağa yer yox idi. Hələ söküb qurtara bilmirlər. Məncə, gərək sökməyələr, qoruyalar, bunun üçün gərək ədəbiyyat ürəyin ola, o da yox.

 

Rayonumuzda "Qızıl ulduz" qəzetinin nəzdində "Ümid" ədəbiyyat dərnəyi vardı. Biz onun fəal üzvləri idik, yəni mən, Sərvaz, Murad, Dayandur başqaları. Qəzetin şöbə müdiri Siyab Məmmədov dərnəyin rəhbəri idi, Səyyad Aran da həm yazıçı, həm   tənqidçi idi.

 

Səyyad müəllim oxuduğumuz şeirlər haqqında fikir bildirəndə düşüncələrimizdə yeni ədəbi üfüqlər açılırdı. İndi şeirlər haqqında belə fikir deyənlər yoxdur. Ancaq  baş yelləmək qalıb, bir "yaxşıdır", ya da "pisdir" deməklə kifayətlənmək.

Ən gözəl ədəbiyyat əsasən ya qəzet, jurnal ətrafında, ya da ədəbi dərnəklərdə formalaşır; bunu bilməmiş deyilsiniz. 19- cu əsr rus ədəbiyyatı  jurnal dərnəklərdən çıxmışdı, Dostoyevski, Nekrasov, Turgenev, Belinski düşüncəsi dərnəklərdə formalaşmışdı. Belinski bu düşüncəni təhlil edib yayırdı, yazıçıları məşhurlaşdırırdı.

 

"Ümid"   bizi rayonda tanıtmışdı, əlbəttə, Səyyad Aranın təhlilləri hesabına. Biz o vaxt Səyyad müəllimlə dost olmağımızla fəxr edirdik, elə indi ...

 

Sonra Səyyad müəllim İmişli rayon təhsil şöbəsinin müdiri oldu, mən 1 saylı orta məktəbdə ədəbiyyat müəllimi işlədim. Hər addımda  Səyyad  müəllimin ədəbiyyat nəfəsini hiss elədim, indinin özündə həmin məktəbdə "Səyyad Aran ənənəsi" yaşayır.

 

80-ci illərdə Səyyad Aran  Bakıya hər dəfə  gedəndə bizə yeni ədəbiyyat xəbərləri gətirərdi; kimin kitabı çıxıb, kim kimin tərəfindədir, kim kimin əleyhinə yazıb. Səyyad müəllim danışardı, biz maraqla qulaq asıb gələcək həyat yolumuzu  müəyyənləşdirərdik.

 

Səyyad müəllim İmişlinin mədəni həyatında həmişə mühüm rol oynayıb. Gənclərdə ədəbiyyata, jurnalistikaya böyük maraq oyadıb.  Onun aydın, təsiredici nitqi, rabitəli danışıq tərzi, qarşısındakını inandırmaq ustalığı  hamıya məlum idi təhsil, mədəniyyətlə bağlı yığıncaqlarda heç kəs  Səyyad müəllimdən sonra çıxış etmək istəməzdi, çünki bu çox çətin idi. İndinin özündə belədir   mən indi bu yazını da  yazarkən onun səs tempi ilə yazıram.

 

Səyyad müəllimin mühakiməsi, müşahidə qabiliyyəti çox iti özü çox dəqiqdir. Təhlilləri  qarşısındakını valeh edirdi, ən başlıcası, o, bizi özümüzə   inandırdı.

 

80-cı illərdə Səyyad müəllimin hekayələri dövri mətbuatda, xüsusən "Azərbaycan", "Ulduz" junallarında, "Ədəbiyyat incəsənət" (indiki "Ədəbiyyat qəzeti") qəzetində çap olunurdu, kitabları çap edilirdi. Tanıdığımız adamın kitabını oxumaq ədəbi taleyimizə daha çox müsbət təsir göstərirdi. Səyyad müəllimin nəzəri şəkildə dediklərini əyani sürətdə kitabında tapırdıq çevrə qapanırdı bizim təsəvvürümüzdə tamlıq, bütövlük  yaranırdı.

 

File:Seyyad Aran 2.jpg - Wikimedia Commons

 

Sonra Səyyad müəllim Bakıya köçdü. Biz darıxmağa başladıq.  Günlərin bir günü  Bakıya, onun yaşadığı, daha doğrusu, kirayə qaldığı evə getdim. Gərək ki, ev Sovetskidə idi. Tək qalırdı. Yoldaşı Zalikə müəllim hələ ki, rayonda idi.

 

Yenə evi kitablar bəzəmişdi, balaca rəf, səliqə ilə yığılmış  qab -qacaq, evin bir  küncündə kartof- soğan... Biz həmişə  Səyyad müəllimin danışıqlarını eşitmişdik, amma birdən -birə  kartof - soğanı görəndə "həyat bir daş kimi alnıma dəydi." Uşaq vaxtı bildiyimiz "müəllim  çörək yemir" mifi birdən- birə  gözümdə dağıldı. Hətta Səyyad müəllim, nəinki  yeyə bilmək, hətta gözəl yemək bişirirmiş.

 

Səyyad müəllimin istedadı, saflığı, qabiliyyəti, dosta sadiqliyi onu yarı  yolda qoymadı. Ölkə əhəmiyyətli məsələlərdə öz məntiqi ilə seçildi.  Tale, zaman  onu Naxçıvana - Heydər Əliyevin yanına gətirdi. Ulu Öndərimiz onun istedad fəaliyyətini yüksək qiymətləndirdi. Səyyad Aran Yeni Azərbaycan Partiyasının ideologiyasının formalaşmasında  mühüm rol oynadı. Heç bir müxalifət lideri o vaxt Səyyad Aranla debata çıxa bilməzdi, şübhəsiz ki, həmin müxalifətçi lider uduzacaqdı.

 

O, əvvəllər Akademiyanın "Elm" qəzetində şöbə müdiri, sonralar  Milli Məclisin üzvü, İstanbulda konsul işlədi. Hazırda  Dini Qurumlarla İş  Üzrə  Dövlət Komitəsində sədrin birinci müavini vəzifəsində çalışmasına baxmayaraq, qələmi yerə qoymadı, roman, povest, hekayələr yazdı, kitabları çap olundu, ədəbi müzakirələrə qatıldı, Mövlud Süleymanlı yaradıcılığından elmi   müdafiə  etdi bu günlərdə "Azərbaycan" jurnalında "Baş daşı" romanı çap olundu. Roman  ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılandı.

 

Səyyad Aran İmişli şəhərində mənimlə qonşu idi. O, 1992- ci ildə  Bakı şəhərinə köçdü. Hər dəfə yanılırdım, onun qapısını döyürdüm, qapının kilidli olmağı ağlıma bəzən gəlmirdi. Bu şeiri o vaxt yazdım.

 

Bir  axşam götürüb çamadanını,

Gedərsən, İmişli torpağı bilməz.

Hər dəfə gələrəm sizin qapıya,

Şəhərə köçməyin  ağlıma gəlməz.

 

Mən bu şəhərdə tənhayam, təkəm,

Qırmanc  kipriklərim gözümü döyər.

Döyə bilmədikcə sizin qapını,

Əllərim hər dəfə dizimi döyər.

 

Gör necə nəm çəkib sözlərin sənin,

Gedirsən, deməli, mən lalam, karam.

Tökülüb küçəyə izlərin sənin,

Ölərəm, izini ayaqlamaram.

 

Plaşın yaxası  evdən   isti,

Öpərsən, üzünü qoyarsan, öyrəş.

Əlini verməyə dost əli yoxsa,

Darıxsan,  bax, özün özünlə görüş.

 

Gedirsən, atılıb  birinci addım,

Dalınca özünü atar o biri.

Bax elə bilərsən, elə bilərsən,

Arxanca gələn var, di toxta,  yeri.

 

Qonşusu  köçənin ağırdı dərdi,

Təkliyim şəhərə hay- haray salıb.

Deyəsən o evdə yarımçıq vərəq,

Ya da gözü dolmuş qələmin qalıb.

 

 

Qəşəm NƏCƏFZADƏ

Əməkdar mədəniyyət işçisi

 

525-ci qəzet.- 2021.- 20 mart.- S.16.