Ağdam, mən və telefon...
Bu günlərdə bir
qrup jurnalistin və ziyalıların Ağdama növbəti səfəri gerçəkləşdi. Mənfur düşmənin
özündən sonra
buraxdığı çirkin
izləri, xarabalıqları,
dağıntıları görmək
və dünyaya göstərmək üçün
bu səfərlərin
hər biri həyati önəm daşıyır.
Səfər iştirakçılarının paylaşımları, bəzi
jurnalistlərin reportajları
sayəsində dövrünün
ən varlı, ən tanınmış və ən müasir şəhərlərindən
biri olan Ağdamda erməni vandalizmi nəticəsində
daş üstə daşın qalmadığına
bir daha şahid olduq. Bu mənzərələrə baxarkən
keçirdiyimiz hisslər
təəssüf deyil,
heç ağrı da deyil. Bu, sözlə ifadə
olunmayacaq bir boşluqdur. O boşluq
ki, orda qurd ulayır, utanmasa, dünyanın gözü qarşısında
dizlərinə çırpa-çırpa
viran qalmış torpaqlara ağı deyər.
Tarix boyu ermənilər xalqımızın
başına çox
vəhşət gətiriblər. Dəfələrlə
soyqırım, doğma
yurddan qovulma, təhqirlərə, əzablara
məruz qoyulma, əsirlik və sair... Xislətində kin,
küdurət olan, xəstə təfəkkür
sahibi bir topluluğun (onlara "xalq" demək də olmur) özündə olmayan hər cür gözəlliyə, mədəniyyətə,
zəngin tarixə malik bir xalqa
qarşı duyduğu
bu nifrətə çevrilmiş qısqanclığı
anlamaq elə də çətin deyil, əslində. Yüz illərdən bəri
"böyük Ermənistan"
xülyasıyla yaşayan,
ancaq əlində keçmişi və torpağı olmayan bir topluluq, əlbəttə,
başqasının (ən
yaxın qonşusunun)
torpağına və
keçmişinə göz
dikməli idi. Bəli, bütün bunlar heç bir vicdana, məntiqə sığmasa da, özümüzü başa
düşmüş kimi
göstərə bilərik,
bəlkə də.
Amma 44 günlük müharibə
nəticəsində azad
olunan torpaqlarımızda
gördüyümüz mənzərə
nə haqq qazandırılmalı, nə
də başa düşülməlidir. Minlərlə insan öldürüb,
bütün dünyəvi
və insani qanunları, hüquqları
heçə sayıb
sahibləndikləri torpağı
illər boyunca bu cür viran
qoymağın adı
nədir, görəsən?
İnsandan torpağını istədin, onu öldürdün, bəs
daşdan, torpaqdan nə istədin ki, bu dərəcədə
dağıtdın, xarabaya
çevirdin?! Bu sualların
nə məntiqi izahı var, nə də doğru-düzgün cavabı...
Tanınmış jurnalist, yazıçı
Azər Qismət də bu səfərdə
yer alan
heyətin tərkibində
idi. Hər zaman olaylara
öz baxış bucağından yanaşan
və izləyicilərə
də bu cür təqdim edən Azər bəy bu dəfə
də təqdimatı
ilə fərqləndi.
O, telejurnalist məharətiylə
Ağdamın xarabalıqlarını
məhdud şəraitdə
çəkdiyi çox
kiçik həcmli videolarla elə dolğun şəkildə
çatdırdı ki,
sanki özü yox, o daş, o torpaq dil açıb
danışdı. Sənədli filmi xatırladan bu videolarda müəllif
xırda detallarla çox böyük ağrıları dilləndirməyi
bacardı.
Bu videolar arasında
onun Ağdamdakı qızıl dükanının
qarşısında çəkdiyi
görüntü özünün
bədii keyfiyyətləri,
poetikası ilə fərqlənirdi. Burda nə vaxtsa
avtomat-telefon olmuş,
indisə pas atmış
dəmirdən ibarət
olan kiçik "qutu" Azər bəyin diqqətini çəkir.
O dövrdə insanları bir-birinə bağlayan, xəbərləşməyin ən
effektiv üsulu olan bu avtomat
telefondan indi sadəcə görüntü
qalıb. Azər Qismət o telefonla
edilən zəngləri,
ağdamlı gənclərin
bir-birinə etdiyi sevgi etiraflarını yada salır.
Yadıma Xalq yazıçısı Anarın çox sevdiyim "Mən, sən, o və telefon" hekayəsi düşür. Uşaqlığının böyük hissəsi və gəncliyi mobil telefonların, sosial şəbəkələrin dövrünə düşən biri kimi avtomat telefon və onun o dövrün insanlarının həyatındakı rolunu ilk dəfə bu hekayəylə kəşf eləmişdim. Hər oxuyanda o telefonlara qarşı mübhəm duyğular yaranır məndə.
Bəs müharibədən öncə Ağdamın qızıl dükanının qarşısındakı bu avtomat telefon hansı söhbətlərə, hansı pıçıltılara, hansı həyəcanlara şahid olub, görəsən? O telefon dəstəyi neçə sevgilisinin səsini eşidən gənc oğlanın əlində əsib, neçə gənc o dəmirə söykənib sevdiyi qızın bircə anlıq üzünü görmək üçün onu razı salmağa çalışıb, neçə insan uzaqdakı doğmasının bayramını, ad gününü məhz bu telefonla təbrik edib, neçə insan təsadüfi yığdığı nömrəylə həyatının sevgisini tapıb...
Sonra müharibə başlayıb. O avtomat telefondan gələn zəng səslərini top, güllə səsləri eşidilməz edib. O gənc oğlanlar telefon dəstəyi tutan əllərinə silah alıb döyüşə atılıblar. Neçəsi şəhid, neçəsi qazi olub. O qızların sevgi dolu pıçıltılarını imdat hayqırtıları əvəzləyib. Neçəsi bir kor gülləyə qurban gedib, neçəsi də əsirlikdə ölümünü gözləyib. Bir-birini bayram, ad günü münasibətiylə təbrik edən o insanlar müharibə sözünün dəhşətində əriyib yox olublar. 28 il onların təqvimində bircə gün olub-Ağdamın işğal günü...
Əşyaların yaddaşı, hissi varmı? Məncə, var. Bəs bütün bunlar yaşanarkən o avtomat telefon nə hiss edib, nələr düşünüb? Görəsən, o çətin zamanlarda o telefondan kimsə öz doğmasına "düşmən gəlir, canınızı qurtarın" zəngini edibmi? O dəstəkdə eşidilən son azərbaycanlı səsi nə deyib, nə danışıb? Müharibədən sonra o telefona da düşmənin mundar əli dəyibmi? Gənc sevgililərin həyəcanlı pıçıltılarına öyrəşmiş o dəstəkdən hansısa dığanın iyrənc gülüşü eşidilibmi? İyrənibmi o səsdən, diksinibmi o gülüşdən?
Ən çox hekayəsi olan əşya məhz o avtomat telefonlardır, məncə. Ağdamda qızıl dükanının qarşısındakı həmin avtomat telefonun hekayəsi nə zaman, necə bitib, görəsən? Axı onların hekayəsi də 30 ildir yetim, boynubükük idi...
İndi məni ən çox sarsıdan və göynədən məhz
onların aqibətidir. Bütün əzablara,
yoxluqlara rəğmən Ağdam,
Qarabağ azad edildi. Azərbaycan xalqı öz
torpaqlarına qayıdır. Orda binalar da tikiləcək,
evlər də, teatr da
olacaq, muzey də, yol da. Amma
o avtomat telefonlar, çox güman, olmayacaq. Axı indi texnologiya, rabitə, kommunikasiya başqadır, daha
təkmildir. İndi həmin telefonlara ehtiyac yoxdur. Hər kəsin cibində ən az bir telefonun
olduğu zamanda kim avtomat telefonla
sevgi etirafı edir, bir-birini təbrik edir, xəbərləşir
ki? Nə ağır taleyi
varmış telefonların. 30 il əvvəl
vardılar, 30 ildən sonrakı qayıdışda olmayacaqlar! Görəsən, o
telefondan ən son kim danışmışdı?
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2021.- 20 mart.- S.13.