"Qadın fotoqraflar
həmişə çox az
olub"
FOTOQRAF
İQLİMƏ MƏMMƏDLİ: "BU SƏNƏTİN
ƏSAS CƏHƏTİ GÖRDÜKLƏRİNİ
ÖLÜMSÜZLƏŞDİRMƏ
İSTƏYİDİR"
Sosial şəbəkələrdə
tez-tez qarşımıza
çıxan, diqqət
çəkən maraqlı
fotoların müəllifləri
bu fotolara bəzən günlərlə
vaxt sərf edir, baxdıqları hər mənzərədən
bir gözəllik tapıb bizə təqdim etmək üçün min bir əziyyətə qatlaşırlar. Bu mənzərələri
bir xanımın obyektivindən, həm də daha zərif rakursdan izləmək də mümkündür.
Budəfəki həmsöhbətimiz xanımdır
- hər şeyə öz zərif prizmasından baxan İqlimə Məmmədlidir.
***
- Sosial şəbəkələrin
imkanları kifayət
qədər genişdir.
Bəziləri bu imkanlardan
öz biznesini inkişaf etdirmək üçün, bəziləri
sosiallaşmaq üçün,
bəziləri kamuflyaj
kimi istifadə edir. Düşünürəm ki, sosial şəbəkələr hər
kəsin ehtiyacını
qarşılayacaq səviyyədədir.
- Gənclərimizin sosial mediadan istifadə tərzini necə qəbul edirsiniz?
- Sosial media ölkəmizdə
öz gücünü
tam göstərə bilmir.
İstedadlı, savadlı, zövqlü
gənclərimiz olduqca
çoxdur. Ancaq bu platformaların gücündən
düzgün istifadə
edə bilməyən
gənclərimiz daha çoxdur.
- Necə oldu ki, bu sahədə
çalışmağa qərar
verdiniz?
- Evimizdə qədimdən qalma bir fotoaparat
var idi. O fotoaparatla fotolar çəkməyə başladım
və getdikcə marağımın artdığını
hiss etdim. Sonralar özümə bir
kamera aldım. Qısacası, həvəslə başlamış fəaliyyət
bu gün mənim üçün bir həyat tərzinə çevrilib.
Ali təhsilim də yaradıcılıq sahəsindədir,
musiqi təhsili almışam.
- Dünya bir fotoqrafın obyektivindən
necə görünür,
bizim adi gözlə görə bilmədiyimiz nələri
görürsünüz?
- Elə insanlar var ki, baxır,
lakin görmür. Bəziləri baxır da,
görür də, ancaq gördüklərini
təsdiq etmir. Bəziləri isə sadəcə
təsdiqlə kifayətlənir.
Fotoqraf sənətini sadaladıqlarımdan
fərqləndirən əsas
cəhət bütün
bunlardan sonra gördüklərini ölümsüzləşdirmə
istəyidir.
- Bu günə qədər kadra aldığınız
fotolardan hansı sizin üçün daha təsirli olub?
- Bu cür hallar çox olub. 2018-ci ildə çəkdiyim
bir fotonun hekayəsini danışmaq
istərdim. Küçədə
oturmuş, qarşısında
qəpik-quruşla dolu
qutu olan bir adam
diqqətimi çəkmişdi.
Yaxınlaşıb portretini çəkmək
üçün icazə
istəmişdim. Ona pul verib-verməyəcəyimi soruşdu.
Pul verib şəklini çəkdikdən sonra mənə, "Mənim pasportum da var,
mən dilənçi
deyiləm, bu pulları evsiz adamlar üçün yığıram" deyərək
öz vəziyyətini
izah etmək ehtiyacı duymuşdu.
O vaxt bu dialoq məni çox düşündürdü.
- Bu gün bir çox
fotoqraflar müxtəlif
yarışlarda iştirak
edirlər. Siz necə, fotolarınızla
müsabiqələrdə iştirak
edirsinizmi?
- İştirak etdiyim yarışlar olub, amma hələ ki beynəlxalq
səviyyəli yarışlarda
iştirak etməmişəm.
- Yəqin ki, maraqlı yerlərdə çəkilişləriniz çox
olub. Bu zaman
başınıza gələn
ən yaddaqalan hadisələrdən birini
danışardınız.
- İndi yadıma düşən bir hadisəni paylaşmaq istərdim. Bir xanım məndən fotosunu çəkməyimi istəmişdi. Çəkilişə özündən yaşca xeyli kiçik başqa bir xanımla gəldi. Aralarındakı isti və mehriban münasibət fotolardan çölə daşırdı. Çəkilişə başlamazdan öncə qızı kimi təqdim etdiyi xanımın əslində gəlini olduğunu anlayanda çox təəccüblənmişdim. Bu məşhur qayınana-gəlin münasibətlərinin əks nümunəsi olduğu üçün mənə çox xoş təsir bağışlamışdı.
- Sənətə gender məsələsini aid etmək düzgün deyil, ancaq fotoqrafiya sahəsində qadınlar azdır. Sizcə, bunun əsas səbəbi nədir?
- Əksər sahələrdə gender məsələsi aktual olduğu kimi, bu sahədə də aktualdır. Keçmişdən bu günə - həmişə qadın fotoqraflara çox az rast gəlinib. Digər tərəfdən, fotoqrafiyaya gəlir və ya tanınma məqsədi ilə baxılırsa, təbii ki, kişilərin bu sahədə daha öncül olması anlaşılandır. Ancaq neytral yanaşsaq, qadın və ya kişi olmasından asılı olmayaraq hər bir insanın iki gözü var.
- İqlimə xanım, siz əsasən küçədə bəyəndiyiniz fərqli görkəmli insanların fotolarını çəkirsiniz. İnsanın sizə fərqli gəlməsi üçün hansı keyfiyyətləri olmalıdır?
- Cizgiləri, həqiqi mimikaları, soyuq və ya mehriban baxışları ola bilər. Çox vaxt bu kimi nüanslar onları mənim gözümdə fərqləndirir. Amma bu o demək deyil ki, hər fərqli görünən adamı çəkmək istəyirəm. Bu, həm də enerji ilə bağlıdır.
- Ən böyük arzunuz nədir?
- Ən böyük arzum film çəkməkdir.
- Gələcəklə bağlı hansı planlarınız var?
- Görmək istədiyim çox yer, tanımadığım çox insan var. Sənətimlə bağlı çox şey öyrənib yaddaqalan işlər görmək istəyirəm, gələcəkdə işlərimdən ibarət kitab nəşr etdirməyi planlaşdırıram.
Günel ABBAS
525-ci qəzet.- 2021.- 17 mart.- S.21.