XIX əsrdən gələn qışqırıq

 

 Bir rəsmin dedikləri

 

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünaslıq üzrə fəlsəfə doktoru Limunə Yadigarovadır. Limunə xanımla Norveç rəssamı Edvard Munkun "Qışqırıq" əsəri haqqında danışmışıq.

 

- Rəngkarlıq qrafik əsərlərin müəllifi kimi tanınan norveçli rəssam Edvard Munkun yaradıcılığı ekspessionizmin görkəmli nümayəndəsi kimi dünya sənət tarixində xüsusi yer tutur. Onun dərin psixoloji əhval-ruhiyyədə yaratdığı əsərləri hər zaman tənqidçilərin maraq dairəsində olub. Yaradıcılığının ilkin dövrlərində naturalizm, impessionizm cərəyanına aid əsərlər işləsə , bu, ona daxili ekspressiyasını ifadə etməyə imkan vermirdi. O, həyatın daha dərinliyinə enməyə, onu çılpaqlığı ilə ifadə etməyə həvəs göstərirdi təsadüfi deyil ki, bu yol onu ekspessionizmin görkəmli sələflərindən birinə çevirdi. Rəssamın əsərləri müasirləri tərəfindən böyük tənqidlərə məruz qalsa da, bu, onun yaradıcılığında böyük partlayışların əsasını qoyurdu. Bəzən onun əsərlərini natamam kimi qəbul edilməsi rəssam üçün o qədər böyük önəm daşımırdı. Çünki onu əsas maraqlandıran təsvirin mahiyyəti idi o, əsərin mahiyyətinin açılmasını böyük ustalıqla həll edirdi. Əsərlərinin böyük əksəriyyətinin məzmununu tənhalıq, həyəcan, melanxoliya kimi ekzistensial mövzularla bağlılığı onların bütün dövrlərdə öz aktuallığını saxlamasına səbəb olub.

 

Əsərin yaranma tarixçəsi

 

- Edvard Munku dünyaya tanıdan onun özündən daha çox məşhur olan "Qışqırıq" əsəri 1893-cü ilə aiddir. Əsərin süjeti dörd variantda, fərqli dövrlərdə, müxtəlif texnikalarda işlənib "Həyatın frizi" seriyasına aid edilir. Munkun bu seriya üzərində uzun müddət işləməsi haqda qeydləri var. Ruhunun  tam dolğun ifadəsini ekspessionizmdə tapan Munkun bu əsəri XX əsr incəsənətinin konsepsiyasının formalaşmasına sanki bir giriş oldu.

 

Əsərin məzmunu ilə bağlı müxtəlif versiyalar irəli sürülsə , hesab edirəm ki,  müəllifin öz qeydlərində dediyi kimi, əsas məzmunun "təbiətin qışqırığı" üzərində qurulduğuna əsaslanmaq daha məqsədəuyğun  olardı. Kompozisiya quruluşuna nəzər salsaq, rəssamın yaradıcılığına, düşüncələrinə daha dərin nüfuz etmiş olarıq. Kompozisiyada ilk diqqəti çəkən tamaşaçıya doğru yönəlmiş, geyimli, böyük təşviş içində əllərini başına sıxaraq qışqıran mumiyaya bənzər varlıqdır. Bəzi mənbələrdə Munkun baş qəhrəmanını belə obrazda təsvir etməsi onun dünya muzeylərində saxlanılan mumiyalardan ilhamlanması ilə izah olunur. Əslində, rəssamın nəyə əsaslanaraq obrazı bu tərzdə ifadə etməsi mübahisəli olsa da, bu cür dərin psixoloji halın bundan daha mükəmməl təsir qüvvəsinə malik hansısa bir variantda təsvirini düşünmək mümkün deyil. Müəllif sadə, primitiv təsviri üsulla kədər, heyrətlə dolu bərəlmiş gözlərdən, güclü emosional haldan geniş açılmış ağızdan çıxan qışqırığın şiddətini real hiss etdirə bilib. Düşdüyü qorxulu, ümidsiz, dəhşətli mühitdən, daxili təlatümündən qaçmaq istəyinin refleksi kimi əllərin başa doğru qalxaraq qulaqlarını bağlaması qəhrəmanın emosionallığını artırmaqla əsəri ekspressiv enerjiylə yükləyir. Bu enerji mərkəzi fiqurdan arxa fonda təsvir olunmuş təbiətdə davam edir. Sanki alova bürünmüş səma əyilmiş xətlərlə, ziddiyyətli rənglərlə, dərinliyi yox etməklə qayalı sahilli körfəzin üzərində tünd çalarlarda qorxulu bir kölgə yaradaraq əsərin dramatizminin güclənməsinə xidmət edir.

 

Tabloda bu gərginliyə tab gətirərək sarsılmayan yeganə element körpüdür. Onu ətrafda baş verən xaosa qarşı qoyulan, insanla təbiəti ayıran əngəl kimi qəbul etmək olar.

 

Rəsmin bu qədər sevilməsinin səbəbi  nədir?

 

- Ümumiyyətlə, bir rəssamın kətana köçürdükləri onun yaşadığı həyat tərzindən yaranan daxili hisslərinin təcəssümüdür. Çox maraqlıdır ki, Munkun "Qışqırıq" əsərinə baxdıqda sanki tamaşaçı tabloda baş verənləri görməklə yanaşı, səslə eşidir. Bəlkə , bu əsərin ekspressiv ruhunun bu qədər güclü olmasının səbəbi hər bir insanın hansısa səbəbdən daxilində gizlətdiyi, bəzən cəsarət edib çıxara bilmədiyi bir hayqırtının dəlicəsinə qışqırmaq istəyi ilə üst-üstə düşməsi ilə bağlıdır. Əsərin zamansızlığı tamaşaçını tablodakı mənzərəni öz müasiri kimi qəbul etməsinə səbəb olur onu aktuallaşdırır. Bu hiss hər birimizin içində var. Daxilimizdəki çıxarmağa çəkindiyimiz emosiyaların əksini tabloda tapmağımız onu bizə daha yaxın edir.

 

- Əsərdə arxa planda iki nəfərin kölgəsi görünür. Bu kölgələr kimin obrazıdır?

 

- Bəli, tabloda yuxarı sol tərəfdə iki insanı diqqəti çəkən əsas fiqurlar kimi qeyd etmək olar. Baş verən bu gərgiliyə əks olaraq tam sakit verilmiş yeganə element körpü onun üzərində olan iki insandır. Bəlkə , əsərin məzmununun açılması haqqında bir neçə versiyaların yaranmasına səbəb olan da məhz budur. Bu iki insanın təbiətdə baş verənlərdən xəbərsiz laqeyd kimi təqdim olunması ilə baş verən hadisələrin insanın daxili təlatümlərinin nəticəsində yaşadığı gərginliyə işarə edilir. Müəllif bu əsər haqqında müxtəlif zamanlarda fərqli münasibət bildiririb: ya təbiətin nəhəng nəhayətsiz qışqırığını eşidib qorxaraq əllərilə qulaqlarını bağlayan insan yaxud da özünün son dərəcə gərgin vəziyyətdə olduğunu, "təbiət qanımda qışqırırdı" söyləyərək daxili təlatümdən yaranmış qışqırıqdan təbiətin lərzəyə gəlməsini deyib.

 

- Munk rəsmi çəkdikdən sonra onun psixoloji problemlərinin olduğuna dair müzakirələr getdiyi deyilir. Hətta rəssamın bu söyləntilərdən çox üzüldüyü barədə məlumatlar var. Sizcə, bu əsər Munkun həyatında kimi rol oynadı?

 

- Munkun uşaqlıqdan yaşadığı həyat tərzi sözsüz ki, onun əsərlərinə mühüm təsir edib. Hətta onun əsərləri üzərində aparılan tədqiqatlarda da rəssamın psixoloji vəziyyətinin normal olmaması, mütəmadi depressiv hallarda olması ilə bağlı fikirlər söylənilir. Xüsusilə, uşaqlıq dövrlərindən yaşadığı çətin həyat tərzi - yoxsulluğun, xəstəliklərin ailəsindən yan keçməməsi, doğmalarını erkən itirməsi, ölümlə bağlı qorxulu yuxularının yaranmasına səbəb olan atasının əyləndirmə məqsədilə uşaqlarına danışdığı qarabasma hekayələrin dövrün siyasi-tarixi hadisələrinin onun düşüncələrində yaratdığı dərin izlər gələcəkdə yaradacağı psixoloji məzmunlu əsərlərinin əsas qaynaq mənbələrinə çevrilməsi gözlənilən hal idi. Bəzən əsərin süjeti psixi xəstə insanın fantaziyası kimi qiymətləndirilir.

 

Bəli, düz qeyd edirsiniz, bəzən onun özünə bu cür əsəri yaradan insanın  psixi pozğunluğunun olmasıyla bağlı dəfələrlə tamaşaçıları tərəfindən fikir bildirilib. Hətta tablo üzərində aparılan tədqiqat zamanı onun yuxarı sol küncündə çətinliklə oxunacaq şəkildə "bunu ancaq dəli çəkə bilər" yazısının kimin tərəfindən yazıldığı barədə böyük mübahisələr olub.

 

İlkin olaraq bu sözlərin sərgidə nümayiş zamanı hansısa tamaşaçı tərəfindən yazıldığı deyilsə , sonralar Munkun şəxsi gündəliyindəki xəttiylə tutuşdurularaq özü tərəfindən yazıldığı nəticəsinə gəlinib. Lakin bu yazı tamaşaçıların onun haqqında düşündüklərinin rəssam tərəfindən tabloya yazılmasıdır. Sözsüz ki, bu cür kəskin tənqidlər onu çox üzürdü bu məyusluğunu tabloların üzərində yazırdı.

 

Hesab edirəm ki, "Qışqırıq" ekspessionizmin ən bariz nümunəsi kimi hələ tam şəkildə sirri açılmamış ən məşhur əsərlərdəndir. Bəlkə, o səbəbdən heç vaxt maraq çərçivəsindən çıxmayıb hər yanaşmada bir versiya meydana gəlir.

 

Əsərin rəng koloriti 

 

- Rəssam bu tabloda qarışıq texnika tətbiq edib. Həm yağlı boya, həm də temperadan istifadə etməsi emosionallığa güc qatsa da, əsərin koloritində geniş rəng palitrasından istifadə etməyib, əksinə, sadədir. Bəzi versiyalara görə, tabloda səmanın gərgin qırmızı-sarı rənglərdə təsvirinin səbəbi 1883-cü ildə İndoneziyada Krakatau vulkanının püskürməsi nəticəsində havada yaranan alov dilləri və qan ləkələrinin göyümtül qara fiord üzərində yayılmasından təsirləndiyi, digərində bunun sadəcə digər təbiət hadisəsilə bağlı olduğu, başqa birində isə onu həyatı boyu təqib edən qorxu, qarabasma, depressiya və tənhalıq hisslərinin məhsulu kimi dəyərləndirilir. Təbii ki, bütün bunlar versiyalardır və onu getdikcə uzatmaq da olar.

 

Hansı səbəbdən olur-olsun, müəllif tərəfindən düşünülmüş şəkildə seçilmiş iki əsas rəngin - qırmızı və göy, həmçinin, bu rənglərin qarışığından yaranan rəng çalarlarıyla mərkəzi fiqurun və təbiətin xəyali, müəmmalı əyri xətlərlə ifadəsi kompozisiyanın dramatizmini, gərginliyini daha da artırır.  Sanki ümidsizlikqorxudan yaranan qışqırığın əks-sədasından ətrafda olan hər şey deformasiyaya uğrayır və təbiət insanın emosiyası ilə səsləşir.

 

Əsər bizə nə deyir?

 

- Rəssamın nə təsvir etdiyi və nə demək istədiyi barədə çox fikirlər söylənilib, bu gün də söylənilir. Əsər hər insan tərəfindən fərqli qavranıla bilinər, lakin bütün bu fikirlər son nəticədə "Qışqırıq"da cəmlənir və tamaşaçı öz daxilinə qapanaraq o qışqırıq anına hansı vəziyyətdə gəlib çatmasına köklənir. Məgər hər birimiz bəzən bu cür qışqırmaq istəmirikmi?  Rəssam isə əsərin ideyasını "təbiətin qışqırığı" kimi izah edir. Bəlkə də, açılmayan sirr elə bundadır...

 

Aytac SAHƏD

 

525-ci qəzet.- 2021.- 17 mart.- S.19.