Yalquzaq olmalısan
V məqalə
Öləndə yıxılar
Mayın sonlarıdır. Gözəl hava var. Tənəffüsdür.
Hamı məktəbin həyətində.
Qarşıda, ətəyi lap başda kəndin
qurtaracağına dirənən meşənin böyük
talasında bir neçə qoyun-quzu otlayır. Budur, meşədən
açıq-sarımtıl-bozumtul rəngdə iri bir yalquzaq
çıxır. Hiss
olunur ki, ovun yaxşısını müəyyən etdikdən
sonra hücuma keçib. Şığıyaraq qoyunların ən
kök və irisinin boğzından tutub qaldırır, başı
üstə fırlayıb tappıltı ilə yerə
çırpır. Sonra möhkəm çənəsi ilə
yapışıb arxasına ataraq meşəyə doğru
yoxuşu sürətlə qalxmağa başlayır. Kənddən
camaat, məktəbdən müəllimlər, uşaqlar fitə basırlar,
qışqırır, səsləyirlər. Yalquzağın
isə vecinə deyil, yemindən əl çəkmək fikri
yoxdur. Üzüyuxarı qalın kolluqların
arasından sürətlə keçərək meşəyə
girir. Vəssalam. Daha bundan sonra ona kim çatar? Kim cürət edib onun yemini əlindən ala bilər?!
Adi canavar
görmüşdüm,
yalquzaq isə görməmişdim. Canavarlar
itə bənzər, rəngləri yalquzaqdan fərqli və
bir neçə fərddən ibarət dəstə halında
yaşayırlar. Bu isə əsl yalquzaq,
qurd oğlu qurd idi. O, cüssəli və
güclüdür, ayaq üstə tək dayanmağı
bacarır. Bir sürünün
görə biləcəyi işi təkbaşına edir. Zəhmli və
azaddır, əyilməzdir. Cəsarətli, sərt və
qorxmazdır! Onu yaşadan budur- çox böyük cəsarət, azadlıq
yanğısı, mənəvi
və fizioloji güc! Olar ki, büdrəyər,
amma yıxılmaz. Bir dəfə yıxılar: öləndə!..
Biz toplu halında yaşamağı, tünlüyü
sevirik. Elə zaman gəlir ki, yalquzaq olmaq istəyirsən.
Üzünü dağlara, ya da çöllüyə tutub
qaçmaq, dünyadan getmək istəyirsən. Səni yoran,
sənə aid olmayan, uyğun gəlməyən, fiziki və
mənəvi yükünü sənə yükləyən, iyrənclikləri
ilə gözündən düşənlərdən, bir
zamanlar bütün qəlbinlə sevdiklərinin kürəyinə
sapladığı xəncər yarasından qurtulmaq istəyirsən.
İçindəki canavarı oyadırlar və
yalquzaq həyatın başlayır. Bir
vaxtlar çox qorxduğun bu həyatın əslində, elə
son ilmələri vurulan xalı kimi sənə toxunduğu ilə
barışırsan. Zaman keçdikcə
alışırsan. Gözlərin iyrənc
dünyaya açılır, təcrübən artdıqca
gücün də artır.
...Bir an sonranı biləmməzsən. Olacaqları bilsən belə, qarşı dura bilməzsən.
Ziyarat dağındakı qalanı tikdirən
zavallı ata kimi. Yeganə oğlunu
böyüyəndə ilan vurub öldürəcəyini
öncəgörənlərdən öyrənən ata naəlac
qalır, gedib Ziyaratın zirvəsinə yaxın soyuq, buzlaq
bir yerdə qalaça tikdirir. Oğlunu
orada saxlayır. Düşünür ki,
soyuq yerdə ilan olmaz, övladı sağ qalar. Arandan atla gənc
oğlana ərzaq daşıyıb gətirirlər. Bağdan üzüm yığarkən səbəti
yerə qoyurlar. Zəhərli ilan səbətin içinə
girir, qalaçaya
gətirilən səbətdən çıxıb
sürünərək oğlanın otağında yan-yana
salınmış iki xalçanın arasına girir.
Xalının üstündə mütəkkələrə
söykənib üzüm yeyən bəy oğlu əlindən
düşən gilələri xəncərin ucu ilə
batırıb ağzına qoyur. Bir iri giləni
xəncərlə götürmək istəyəndə gilə
hər cəhddə sürüşüb o tərəf-bu tərəfə
diyirlənir. Bəy oğlu hirslənir.
Xəncəri var gücü ilə giləyə
sancır. Xəncər xalçanın altında
ilanı yaralayır
və qəzəblənmiş gürzə çıxıb oğlanı
çalır. Ziyaratdakı o qalaça haqda rəvayətin
nə dərəcədə doğru, əsaslı olduğunu
bilmirəm, amma rəvayət tale yazısı haqda
yaxşı misaldır.
Qarabağın alınmağı da sanki bizim faciəli
milli-tarixi taleyimiz, qanla yazılmış, ağrılı
alın yazımız idi. 80-ci illərin sonundan dədə-baba
torpaqlarından zülmlə çıxarılan Qərbi azərbaycanlılar
sərhəd zonaya yaxın bölgələrdən
Laçına pənah gətirdilər. Onların
nə işgəncə və qətllərə məruz
qaldıqları, bir çox faktlar üstü
açılmadan eləcə gizli qaldı. Yollarda donub qalanlar da həmçinin. Laçın Dağlıq Qarabağla Gorus
arasında iki tərəfdən ermənilərlə qonşu
idi. Neçə il düşmən
vertolyotları başımız üzərindən keçib
Xankəndiyə getdi. Ermənilər qonşu
Qaladərəsi kəndindən yuxarıda yala
çıxıb bizim kəndə avtomatla atəş
açır, camaatı qorxu içində
saxlayırdılar. Meşəyə gedənlər
oralarda "saqqallıların" dolaşdığını
deyir, ehtiyatlı olmağa çağırırdılar.
Bu ağrılar,
körpə övladlarımın həlak olma
qorxusu neçə il ürəyimi
yedi. Həmin illərdə camaatda silah da
qoymadılar. Çox adamdan
yığdılar. Bizi düşmənlə
üz-üzə əliyalın qoydular. Tüfənglər
(gizlində avtomatı olanlar da vardı) yalnız ucqarlarda,
gizlədib saxlamağı bacaranlarda qaldı. Silah ağlı başında olan əsl igidin
yarağı, dostudur.
"Asabyaxın" (osoaviaxim) deyilən tüfəngimizi
sevirdim. Kəndə yenicə getdiyim vaxtlar idi. Yoldaşım çarpayının altından iki ədəd
döşəmə taxtasını qaldırıb altından
yağlı keçəyə bükülmüş xeyli
silah-sursat çıxardı. Asabyaxın
tüfəngi, üç patron götürdü.
Patronun ikisini mənə verdi, birini
özünə saxladı. İkinci mərtəbənin dəhlizinə
çıxıb qarşı tərəfdə ucalan tut
ağacının nazik barmağını göstərərək:
-
Nişan alanda birinci prisseli düzəlt, sonra tətiyi çək.
İlk mən atacam. Gör necə olur, -
deyib nişan alaraq atdı. Tutun
budağı tərpənməz qaldı. Özümdə
olan patronun birini verdim, istəmədi.
- Növbə
sənindir, - deyib silahı mənə uzatdı.
Heç vaxt silahdan atəş
açmamışdım. Orta məktəbdə
hərbi dərslərdə "Kalaşnikov"u
açıb yığmaqda mahir idim. Amma tüfənglə
ilk dəfə idi, nişan alırdım. Gözümü qıyıb tətiyi çəkdim.
Nazik budaq titrədi, bir an sonra
yavaş-yavaş aşağı əyildi. İlk
atəş və uğur.
Payıza yaxın aşağılarda hamının tutu
sovulanda bizim tut yetişərdi. Hər səhər
meşənin quşları tut yemək üçün
yolağanın ağzındakı ağaca doluşar,
hay-küy qaldırardılar. Payıza
döndüyü zaman quşların yeməli vaxtı olur.
Çünki artıq balalarını böyüdüb uçurmuş və
kökəlmiş olurlar. Tüfənglə onları nişan almaq mənə çətin olmurdu.
Tut sovulana qədər hər günorta quş ətimiz
vardı. Mən nə vaxtsa əlimə tüfəng
alıb hansısa canlını həyatdan məhrum edəcəyimi
ağlıma da gətirməmişdim. O insan
ayağı dəyməyən meşələrdə yol gedərkən
Gülxarın, Habilin qəfildən hardansa, uzaqdan ucalan, meşələrdə
əks-səda verən segahını, muğamını dinləyəndə
gözündən yaş süzülən birinin əlinə
tüfəng verən, dünya!
Belə ilkin payız günlərinin birində bulağa
gedərkən yolağaya bir "Villis"in yaxınlaşdığını
gördüm.
Maşından dörd oğlan və bir qız
düşdü. Görünüşündən
çox gözəl olan qız düşən kimi diz üstə
çöküb mədəsini qucaqladı. Gələnlər qaynımı soruşdular. Məlum
oldu ki, qaynımın aran rayonlarının birində
yaşayan tanışının oğlu bu qızı sevirmiş. Qız razılıq
vermədiyi üçün dostları ilə birləşib,
zorla qaçırıblar.
Axşam hamı gələndən sonra evdə
söhbət əsnasında qız hamımıza yalvardı,
ağladı ki, məni evimizə aparın, başqası ilə
deyikliyəm. Bu uşaqlardan şikayət
etməyəcəm. Səhəri gün evin adamları işə getdilər
və dedilər ki, qayıdanda baxarıq. Bir az
keçmiş heç xoşum gəlməyən,
qızın əlinə su tökməyə də yaramayan
oğlan dostları ilə həyətdə
pıçıldaşmağa başladı və qız bizdə
qaldığından evə yaxınlaşıb altdan
yuxarı ikinci mərtəbəyə:
-
Qızı verin, biz gedirik. Daha burda qalmırıq, - dedi.
Qorxudan titrəyən qız ağlayıb yalvardı ki,
qoymayın, məni aparsınlar. Cinayətkarların
baxışları, hərəkətləri xoşuma gəlmədi.
Tüfəngi götürüb pilləkənin
ağzını kəsdirdim: "Yaxınlaşanı
vuracam", - dedim. Gözləmirdilər bunu. Günorta
yoldaşım maşınla gəldi və qızı öz
rayonlarına apardı.
Laçında hər il yazda aran
rayonlarından gələn köçün ağzı
açılır,
maşınla yolu keçmək olmurdu. Bütün dağ, dərə-təpə - hər
yer yorğun ayaqlarını sürüyən,
başıaşağı yol yortan qoyun-quzu sürüləri
ilə örtülərdi. Bu sürüləri
həməyir tərəkəmə itləri müşayiət
edər, ancaq onların gözündən yayınıb
sürüyə "əl gəzdirən"lər də
çox olurdu. Qapılarda zincirsiz saxlanan
ağıldan zay itlər bəzən bu sürülərdəki
həmcinslərinə qoşulub evi tərk edərdi. Açıq
saxlanan itimiz bir ili yazda yox oldu. "Qapı itsiz olmaz", - deyib Qışlaq kəndindən
birini gətirdilər. Çox çətinliklə
zincirə vurdular. Yoldaşım yalnız
bazar günləri evə gələrdi. Səhəri
gün o, çıxıb getdi. İt boynundakı qayışı
bir tərəfdə ucu yuxarı yerə basdırılan dəmirə
ilişdirib başından çıxardı. Çıxan
kimi də cumub həyətdəki toyuqların ikisini
parçaladı. Hamı qorxudan
qaçıb evə doluşdu. Çünki
həyət adamını tanımayan pələng kimi it təhlükəli
idi. Qaldıq məəttəl ki, neyləyək?
Ayrı əlac yox idi. Tüfəngi götürüb
qalın ətindən nişan aldım ki,
sümüyü zədələnməsin. Zingildəyib
meşəyə qaçdı. Dedik, daha
qapıya gəlməz. Sonra baxarıq neyləyərik.
Səhəri günü gördüm, gəlib
düz qapının ağzında yatıb. Qonşu, bir həyətdə
yaşayan qaynım arvadı və uşaqları, qaynanam - hərəsi
bir tərəfdən deyinməyə, hay-küy salmağa
başladılar ki, evdə dustaq qalmalı deyilik ki. Daha düşünməyə,
çıxış yolu axtarmağa yer qalmamışdı.
Tüfənglə alnından nişan
alıb atdım. Əlimi qaldırıb Allaha:
- Məni
çıxılmaz vəziyyətdə qoyursan, günah yazma barı, - dedim. Bunu xatırlayanda içimi qarışıq hisslər
bürüyür. Bilirdim, it sadiq
heyvandır. Mənə isə beləsi
rast gəlmişdi.
Bir ilisə yazda həyətə dadanan
qızılquş imriklənmiş çolpalarımı
bir-bir aparmağa başladı. Bilirdim nə vaxt gəlir.
Tüfəngi götürüb güdməyə
başladım. Məni görəndə şığıyıb zoğal ağacının
sıx yarpaqları arasında gizləndi. Astaca
yaxınlaşdım. Onunla üz-üzə
gəldim. Düz gözümün
içinə baxır və sərvaxt bir görkəm
almışdı. Qızılquşu lap yaxından
görmək hər adama nəsib olmur. İlk dəfə idi, bu cür
yaxınlıqdan belə qəzəbli, iti və
yırtıcı baxışlarla rastlaşırdım. Onu vurmağa fürsət tapmazdım. Fürsət tapsam da, belə cəsarətli birini
vurmağa əlim qalxmazdı.
Bu quş haqda eşitdiyim bir rəvayətdən sonra ona
xüsusi rəğbətim vardı:
"Qarğa ilə
qızılquş rastlaşır. Qızılquş
soruşur:
-
Neçə il yaşayırsan?
Qarğa fəxrlə:
"Üç yüz il yaşayıram", - deyir. Sonra
qızılquşdan: "Sən neçə il
yaşayırsan?" - deyə soruşur.
Qızılquş:
- Otuz il
yaşayırıq, - deyir.
Bu vaxt kolun dibindən
bir sərçə uçur. Onu ovlamaq
üçün şığıyan şahin qaratikan kolunun
altına girən sərçənin ardınca tikanlara pərçim
olub qalır. Qarğa
yaxınlaşıb:
-
Qardaş, səndə ki bu hirs-hikkə var ha, sənə otuz il də çoxdur, - deyir.
Parçalanmış
bədənindən qanı tikanların arsı ilə süzən,
can üstə olan qızılquş:
- Qürrələnmə.
Sənin kimi leş yeyib üç yüz il
yaşamaqdansa, mənim kimi otuz il isti qan içib yaşamaq
daha şərəflidir, - cavabını verir..."
...
Şahinin gözünün içinə baxıb astaca
pıçıldadım:
-
Çıx get, bu həyətə
yaxın gəlmə. Ziyan vermə. Burdan
get.
Qışacan
möhlət verdi. Qışda
qarı süpürüb açılmış yerdə
toyuqlara dən səpmişdim. Dumanlı
bir gün idi. Düz yanımda dənlənən
çolpaların birini çalan quşu havaya qalxanda gördüm. Cücələrinin sayı yazda da, payızda da eyni
olan, yəni birini də zavala verməyən iri bir qara
toyuğum vardı. Atılıb havadaca
quşu qamarladı. Tüklərini yolub
didişdirdi. Qızılquş
çolpanı buraxıb qaçdı.
Qışlaqlı Təvəkkül dayı bir dəfə
quşlarla bağlı maraqlı bir xatirə danışmışdı.
Yaylaqda imişlər.
Toyuqlarının yanında on-on beş
cücəsi hərlənirmiş. Anası bərk-bərk
tapşırır ki, heç yana getmə,
bunlara göz ol. Yoldaşları ilə oynamaq
istəyən uşaq düşünür ki, quş ancaq
cücəni aparır, toyuğa dəyməz. Ona görə bütün cücələri iplə
bir-birinə, ipin də bir ucunu toyuğun ayağına
bağlayır. Arxayın olub
qaçır oynamağa. Bir vaxt baxır
ki, iri bir quş toyuğu caynağına alıb başı
üzərindən keçir. Cücələr
də bir-birinə bağlı toyuğun ayağından
asılı civildəşirlər.
Tüfənglə bağlı xatirələrim gör
bir haralara calandı. Bir yumorlu xatirəni də deyim ki, xoruzlar bir toyuğu incitməyə, başqa adamın onlara
"kiş" deməsinə razı olmaz, sinəsini
qabağa verib qoqquldaya-qoqquldaya iti caynaqlarını işə
salardılar. Qonşu gəlin də buna həsəd aparar:
"Kaş bəzi kişilər də elə bu xoruzlar kimi
ailə qədri bilən, təəssübkeş
olaydılar", - deyirdi.
Həyatın
müxtəlif dönəmlərində qarşıya
çıxan çətinlikləri dəf etməkdə
qazandığın təcrübələr və şəxsi
keyfiyyətlərin karına gəlir. Hər ikisinin üzərinə cəsarət və
istedadı gəldikdə nəticə yaxşı alına
bilər. Məktəblərin açılmasına az qalıb. Geyinməyə isə
fərli bir paltarın yoxdur. Şəhərə
gedə bilmirsənsə, pulun var, amma istədiyini ala bilmirsənsə,
o zaman sadaladıqlarım köməyə gəlir. Bu dəfəki kimi. Axşam "Küləklə
sovrulanlar" filminə baxdıqdan sonra:
- Ah,
Skarlet, yamanca qızsan. İdeya verdin, - dedim. Səhəri
gün döşəküzü üçün
aldığım atlaz parçanı qarşıma qoyub
kostyum biçdim. Bir neçə günə
artıq hazır idi. Əla
alınmışdı. Paltarın döşək
üzü üçün alınan parçadan tikildiyini bilənlər
çox təəccüblənir, həsədlə
baxırdılar.
Silaha və at çapmağa maraq və həvəsim
uşaq vaxtlarımdan vardı. Yadıma gəlir,
ikinci, ya üçüncü sinifdə oxuyardım. Məhləmizə
metal qırıntısı yığan yaşlı bir kişi gələrdi. Atını
elektrik şalbanına bağlayıb ev-ev gəzər,
aldıqlarını xurcuna yığardı. Kişinin başı
qarışan kimi yüyəni açıb ayağımı
şalbana söykədim və yəhərə qalxdım.
Fağır və sakit görünən at elə
bil buna bəndmiş. Fınxırıb
meydançada dingildəməyə, o tərəf-bu tərəfə
qaçmağa başladı. Mən də
bərk qışqırıram. Yiyəsi
gəlib atı sakitləşdirdi, məni yerə
düşürdü. Zəhrim
yarıldı ki, anam bilsə, vayımı verəcək.
Biz tərəfdə mənzilin bütün
otaqlarının qapısının
açıldığı otağa "qəfxana"
deyirdilər. Yəni hamının
birlikdə əyləşdiyi, çay içdiyi otaq. Bu, "qəhvəxana" sözünün təhrif
olunmuş variantı idi. Naxçıvanda
qəhvə içilmirdi.
Bizimlə həmsərhəd olan Türkiyədə
qəhvə içilib. Sərhədlər
bağlanandan sonra söz bizdə qalıb, qəhvə isə
Türkiyədə. Çayxanaya da o vaxtı "qəfə" deyirdilər.
Ailənin başçısını soruşanda evin
xanımı:
- Kişi
qəfəyə gedib, - deyirdi. Yəni
çayxanaya.
Qəfxana otağımızın tünd-göy rənglənmiş qapısı yumşaq şam ağacından idi. O qapıya hər gün qardaşlarımla bıçaq atır, bıçaq batıb qalanda şanslı, qalib hesab olunurduq. Qapıda dəlik-deşik olmamış bir qarış yer qalmamışdı. Anam acıqlanar, atam dinməzdi. Anam evdən çıxan kimi yenə hər şey təkrarlanardı. Biz böyüyəndən sonra atam o qapını dəyişdi. Ən çox oynadığımız oyunlardan biri də qılınclaşmaq idi. Qazan qapağı qalxanımız, kabab şişi isə qılıncımız olurdu. Bir dəfə balaca qardaşımla "qılınclaşan" zaman "xəncərin" ucunu taqqıltı ilə arıq sinəmə batırdığı yadımda. Qorxumdan anamdan gizlədim yaralanmağımı. Bir müddət sonra isə o oyundan əl çəkdim.
Bəzilərinə adi görünən xatirələr başqalarının yaddaşında çox dərin izlər açan unudulmaz nostaljiyə çevrilir. Bunları yazmadan ötüşə bilmirsən. Uzaq yolda ayaqqabının içinə düşmüş xırda daş qırıntısı ayağı necə incidir və ondan qurtarmaq istəyirsənsə, bu xatirələrdən də yazmaqla canını qurtarmaq istəyirsən. Yalnız Laçınla bağlı olanları yazmaq məqsədilə çıxdığım yol min yerə haçalanır. Bunlar bir tablonun müxtəlif rəngləri, bir romanın fəsilləri kimidir .
"Yalquzaq olmalısan"ı yazmağa
başlayanda necə və harada bitirəcəyimi
düşünməmişdim. Yazdıqca çözələnir.
Yaddaş üçün yazdığım qeydlər azalmaq əvəzinə,
daha da çoxalır, üzərinə yeniləri gəlir.
Biz yaşadıqlarımızın adamıyıq.
Yaşatdıranlara bəzən lənət oxuyur, bəzən
minnətdarlıqla yad edirik. Hamınıza xatirələrinə görə
minnətdarlıq edəcəyiniz insanlarla
qarşılaşmağı arzulayıram, əziz oxucular.
HƏCƏR
525-ci qəzet.- 2021.- 17 mart.- S.18;24