Sayıq ol, götürərlər !

 

AĞDAMA SƏFƏRİMDƏN QEYDLƏR

 

 

Ağdamda İmarətdəydik. Bizə çox şey danışıldı bu yer haqqında. Biri yaddaşımda möhkəm yer elədi. Burada 15 min nəfərlik futbol meydançası var. "Qarabağ" komandası sonuncu oyununu həmin meydançada 1993-cü il mayın 12-də Tovuzun "Turan"ı ilə oynayıb. Oyun 1:0 hesabı ilə bitib. Qolun müəllifi "Qarabağ"lı oyunçu Yaşar Hüseynov...

 

Ağdamlılar işğaldan qabaq burda futbol oynayırdı. Həmin günlərdə Moskvada, İrəvanda, Tehranda - daha haralarda Ağdamın, Qarabağın sabahı, qədəri ilə bağlı oyunlar qurulurdu. Qarabağın ən böyük ən yaşıl şəhəri olan Ağdamı Azərbaycandan qoparmaq, sonra da darmadağın edib, minalayıb getmək - bu imiş oyunlar?!

 

Ağdamın xarabalıqlarına baxdıqca yol yoldaşımla düşüncələrimizi bölüşdük. Deyir: "Afrikada, dünyanın müxtəlif inkişafdan çox geri qalmış hissələrində dövlətə layiq olmayan xalqlar, daha doğrusu, tayfalar var. Onlara dövlət vermək olmaz; dövlətlə necə davranmaq lazım olduğunu anlamırlar". Razılaşıram: "Dövlət - hamının hamıya qarşı məsuliyyəti deməkdir. Ermənilərə dövlət qurmağa imkan verən böyük güclər bizim bölgəmizə , öz xalqına da ən böyük pisliyi ediblər". Gerçəkdən: sən uşağa oyuncaq əvəzinə alışqan, kibrit verirsənsə, o uşaq evi yandırırsa, ən böyük günahkar sənsən. Çünki ən azı bu iki Qarabağ müharibəsi göstərdi; qonşuluğumuzda ağlı, şəxsiyyəti formalaşmamış bu adamlara oyuncaq dövlət verdilər. O da bu evə - Qafqaza od vurdu. "Söndürmək" üçün gələnlərin hərəsinin bu evdən çalıb-çapıb aparacağı bir şeylər var. Hamı da hər şeyi ev sahibindən - bizdən qoparmağa çalışıb...

 

Dünən Bakıdan Ağdama bu cür qarmaşıq hisslərlə gedirdim. Beynimdə hər şey bir-birinə qarışıb. Ora çatanda aydınlanaram dedim, olmadı. Hisslərim, düşüncələrim bir az da dolaşıb düyün düşdü. Bu, ən başda Baş Qərvənddə mina partlayışına baxmaq üçün avtobuslarda endiyimizdə oldu. Ətrafı ağ-qırmızı zolaqlı nazik lentlərlə bağlayıblar. Bizə: "Yoldan çıxmayın, hər tərəfdə mina var" dedilər. Avtobusdan düşüb bəlkə torpağı qucaqlamaq istəyi vardı içimizdə. Ancaq qucaqlaşdığımız plasmas qılafın içində torpağa basdırılmış minalar olacaqdı. Və o minalardan birini gözlərimiz qarşısında partlatdılar minaaxtaranlar. Partlayışın səsindən ayağımızın altında asfalt silkələndi. Qadınlar qorxudan qışqırdı. Elə bir neçə kişi də.

 

Baxın ki, cəmi 3-4 ay qabaq bu minalar əsgərimizin ayaqlarının altında partlayırdı. Tək elə buna görə əsgərimizə, onların ailələrinə nə qədər minnət borcumuz var. Ancaq demək istədiyim tək bu deyil. Məni ən başdan təsirləndirən şey öz azad olunmuş torpağımıza bəlli marşrutla, sanki turist kimi getmək idi.

 

Ağdamda hava gündüz xoş idi. Axşama doğru sərinlədi. 3-5 dərəcə isti var. Göz işlədikcə yaşıl çöllər, yamaclar. Bizə yolboyu bələdçilik edən - Ağdamı üzük qaşı kimi dövrələyən Kiçik Qafqazın qarlı zirvələri var. Ancaq yoldan bircə addım qırağa çıxıb bu genişliyi, bu gözəllikləri qucaqlaya bilməzsən. Dağıdılmış evlərin xarabalıqlarına keçib divarına üz söykəyib kövrələ bilməzsən. Həmişə güclü olmaq zorunda deyilik axı. Bütün bunları - viran yurd yerlərini, altı üstünə çevrilmiş məzarlıqları görəndə kədərini içinə atıb qəhərini boğazında düyünləmək zorunda qalmaq! Bunu yaşamaq çox ağırdır. İllah da ki qələbə sevincimiz də yarımçıqkən. Üzümüzə baxan dağların o üzü Xocalı, Əsgəran, ondan o tərəfə də Xankəndi, bu tərəfə baxsaq, Ağdərə. Di gəl ki, oralara gedə bilmirik. Ağdam, Şuşa, Kəlbəcər, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan üçün sevindiyimiz qədər gedə bilmədiyimiz yerlərə də üzülürük. Yolda qarşılaşdığımız rus "sülhməramlıları" bu üzüntümü bir az da təzələdi. Biz qayıdanda yenə qarşılaşdıq - Bərdəyə səhər boş getmişdilər, axşam qarşımızdan dolu keçdilər. Düşmənimizə yardımmı aparırdılar, silahmı? Orasını bilmədim. Bildiyim odur ki, bu rus "sülh quşları" mənim yaramın qaysağını qopardı, qələbəmizin yarım qaldığını mənə bir daha xatırlatmış oldular.

 

 

 

Ruslar demişkən, dördyoldan adlayıb azad olunmuş torpaqlara keçdikcə yolboyu elə hey Ağdama son gəlişimi xatırlayırdım. 92-nin qışı. Soyuq xəncər kimi kəsir. Müharibədən reportaj yazmağa gedirdim. Ağdama çatan kimi avtobusdan düşüb qərargaha gəlmişdim. O saatlarda ermənilər artilleriya mərmilərini şəhərə leysan kimi yağdırdılar. Salamat qalıb-qalmamaq heç kimin əlində deyildi. Dedilər, ruslar ermənilərə yenə Qrad verib, özləri də idarə edir. Nə isə. Ara sakitləşəndə bir sursat maşınının yük yerində iki feldşerlə və bir neçə əsgərlə ön cəbhəyə getdim. Gedən kimi də qızğın döyüşlərin ortasına düşdüm.

 

Yenə gözümü acışdıran o tüstü-duman, yenə qulaqları batıran partlayış səsləri, minaatan atəşinin vahiməli fışıltısı. Yenə yanmış ət iyi ilə barıt qoxusunun qəribə, ürək bulandıran qarışımı. Qarla qanın açıq qırmızı-çəhrayı rəng almış "sıyığı"nda sürüklənmək. Sınmış sümüklərin, qırılmış damarların, parçalanmış əzələlərin ağrısından yumruqlarını gəmirən insanların bağırtısı. Partlayışın sovurduğu torpağın diri-diri basdırdığı çiçəyi burnunda oğlanlar. Ağlaya-ağlaya torpaq qalağını qazan, silah yoldaşını torpağın əsirliyindən qurtarmağa çalışan əsgərin heç vaxt unuda bilməyəcəyim üzündəki o dəhşət və ümid ifadələri. Dağda üzərimizə sanki əcəl kimi qəfildən çökən gecə, meşənin içində kürək-kürəyə vermiş əsgərlərin bir-birinə: "Sayıq ol, götürərlər" pıçıltıları...

 

"Sayıq ol, götürərlər". Bunun nə demək olduğunu əvvəl-əvvəl bilməmişdim. Sonra öyrəndim ki, düşmən kəşfiyyatı gecəgörmə cihazları ilə qaranlıqda biz tərəfə sızıb əsgərimizi postdan oğurlayır. Müharibənin dağ keçidlərindəki, meşədəki gecələrinin zülməti bir başqa vahiməli olurdu. Bayquş ulartısına bənzər səslər, dişi insan qanına batmış çaqqalların narazı vaqqıltısı, qarı qaldırıb günah kimi üzümüzə çırpan küləyin qəzəbli uğultusu, çovğunun qabağına qatıb sürüklədiyi xəzəllərin və ağac budaqlarının xışıltısı...

 

Bəs indi?! İndi mən Bakıdan rahat, isti avtobusda polis müşayiəti ilə 100-dən çox jurnalist, ictimai fəal ilə birlikdə maşın karvanında əmin-arxayın gedirəm Ağdama. Artıq o müharibə yox, o səslər yox. Amma yenə ağrı, üzüntü hiss edirəm; gördüyüm Ağdamdan - böyük, yaşıl, qaynar şəhərdən əsər qalmayıb. Quruca divarlardır.

 

Bizi yenməklə, bu torpaqlardan çıxarmaqla, varidatımızı talamaqla yetinməyiblər; bizi silmək, buradakı bütün izlərimizi silib yox etmək istəyiblər. Ya da, sadəcə, onlara tikinti materialları lazım olub. Evlərin heç birinin damı yox. Bəzi yerdə heç evlərin yeri qalmayıb. Təkcə məscid minarələri ilə birlikdə ayaqdadır. Bir ehtimala görə, oriyentir kimi saxlayıblar. Ancaq hansısa general yaxınlarının tarixi abidələri guya qorumaq qarşılığında Avropa fondlarından qrant qopardığını deyənlər var (Milli Qəhrəman Allahverdi Bağırovun qəbrinə uzun müddət bu səbəbdən toxunmayıblar dedilər. Düzmü, yanlışmı - bilmirəm. Qulaq yalançısı olum). Di gəl, İmarətdə - tarixi abidənin içində heyvan saxlayıblar; üfunətli peyin, samanlıqlar, insan heyvan məişətinə aid cürbəcür alət-avadanlıqların qalıqları, tullantılar ətrafa səpələnib. Təkcə elə Ağdam özünə "mədəni xalq" deyən, tarixini minilliklərlə hesablayan o adam sürüsünün vandallığına əyani sübutdur.

 

... Baş Qərvənddən Uzundərəyə tərəf gedəndə yolun qırağında - çöllük biyabanın ortasında... üç yetişkin pişik gördüm. Onlar ermənilərin atıb getdiyi müdafiə bəndlərinin arasında dolaşırdı. Avtobus hərəkətdəydi deyə şəkillərini çəkməyə imkan tapmadım. "Bəs onlar burda nə tapıb yeyir?" deyə düşündüm. Yəqin yaxınlıqdakı taxıl əkinlərinə qənim kəsilən siçanlara görə burdadırlar. Ya da bəlkə minaaxtaranların yemək qalıqlarına müştəri çıxıblar.

 

Yadıma Çingiz Aytmatovun "Əsrdən uzun gün" romanında dəmiryolu boyunca Qazaxıstan çöllərində dolaşan, sərnişinlərin pəncərədən atdığı qida qalıqları ilə qarnını doyuran səhra tülküləri düşdü. Amma bu pişiklər və Ağdamda Çörək Muzeyinin xaraba divarlarından birinə qonmuş qara qarğa mənə başqa bir şey dedi; azad olunmuş torpaqlarda hələ ki ancaq heyvanlar rahat dolaşır. Bəlkə də, bu, eləcə də, canına isti dəymiş bəzi ağacların orda-burda erkəndən ürkək-ürkək tumurcuqlamağa tələsməsi buralara həyatın tezliklə yenidən dönüşünə işarədir. Hərçənd torpaqları minalardan təmizləmək çox zaman alacaq. Bu geniş çölləri, bu uçuq divarlarn arasını, bu torpağın altını bizə ölüm tələləri olaraq qoyub gedib düşmənlər. Xəritəsini vermək istəməməkləri də bundandır; gedəndən sonra da bizi öldürməyə davam etmək. Bəlkə buna görə qarışıq hisslər məni tərk etmir; düşmən düşmənliyindən əl çəkməyəcək - bu, dəqiqdir.

 

"Mən nifrətə sevgidən daha çox güvənirəm. Çünki sevgidən fərqli olaraq, nifrətin saxtası olmaz". Bunu yeri gəlmişkən, özütürk düşməni Fyodor Dostoyevski "Cinayət və cəza" romanında yazıb. "Vətəndaşımız, vətəndaşımız" deyirik ha! Onlar bəlkə "vətəndaşımız" da olacaq, bizə sevgi göstərisində də bulunacaq. Ancaq unutmaq olmaz ki, o "sevgilər" mövsümidir, saxtadır. Onların bizə nifrəti heç vaxt saxta olmaz; zərbə vurmaq üçün uyğun zamanı gözləyəcəklər, fürsət axtarcaqlar. Bizim nifrət hissimiz korşalsa, bu gün bu xaraba Ağdamın ürək parçalayan görüntülərini, o Sarıhaclıdakı şəhid məzarlığında uyuyan körpə uşağın bizə başdaşından baxan günahsız gözlərini unutsaq, Xocalını... unutsaq, sabah düşmən yenə bizi şah damarımızdan vurar. Odur ki, SAYIQ OLUN, GÖTÜRƏRLƏR...

 

 

Bahəddin HƏZİ

 

 

525-ci qəzet.- 2021.- 17 mart.- S.12.