Azərbaycan ədəbiyyatı tarixi”nin üçüncü cildi nəşr olunub

 

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin üçüncü cildi nəşr edilib.

 

İnstitutdan AZƏRTAC-a bildirilib ki, üçüncü cild “Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər)” bölməsini əhatə edir.

 

“Elm” nəşriyyatında çapdan çıxmış kitab akademik İsa Həbibbəylinin “Orta əsrlər Azərbaycan ədəbiyyatı: anadilli ədəbiyyat epoxası” və Azadə Rüstəmovanın “Orta əsrlər Azərbaycan ədəbiyyatının ümumi mənzərəsi və inkişaf mərhələləri” adlı irihəcmli tədqiqatları ilə başlayır.

 

Yeni nəşrdə anadilli bədii yaradıcılığın ilk nümunələrinin araşdırılması zamanı bu ədəbiyyatın həm ümumtürk qaynaqları, həm də Yaxın və Orta Şərq ədəbiyyatı ənənələri nəzərə alınıb. Orta əsrlər türkdilli və farsdilli Azərbaycan şairlərinin yaradıcılığı hərtərəfli tədqiq edilməklə yanaşı, Məhəmməd Füzulinin təkraredilməz sənət incilərinin çağdaş ədəbiyyatşünaslıq elminin nailiyyətləri səviyyəsində interpretasiyasına xüsusi önəm verilib.

 

Sanballı tədqiqat oçerklərindən ibarət kitabda İsa Həbibbəyli, Ataəmi Mirzəyev, Azadə Rüstəmova, Möhsün Nağısoylu, Nüşabə Araslı, Fəridə Əzizova, Teymur Kərimli, Zəkulla Bayramlı, Çingiz Sadıqoğlu, Qədim Qubadov, Firudin Qurbansoy, Vəcihə Feyzullayeva, Səltənət Əliyeva, Rəhim Əliyev, Səadət Şıxıyeva, Əbülfəz Kərimov, Könül Hacıyeva, Tahir Məhərrəmov, Azadə Musabəyli, Zəhra Allahverdiyeva, Gülçin Babayeva, Paşa Kərimov, Məhərrəm Qasımlı və digər alimlərin tədqiqatları yer alıb.

 

Kitabın birinci fəsli “XIII-XIV əsrlər Azərbaycan ədəbiyyatı”, ikinci fəsli “XV əsr Azərbaycan ədəbiyyatı”, üçüncü fəsli “XVI əsr Azərbaycan ədəbiyyatı”nı əhatə edir. Azərbaycan, türk, rus, ərəb, fars, özbək, türkmən, tatar, ingilis və digər Avropa dillərində 869 mənbəni əhatə edən ədəbiyyat siyahısını Səadət Şıxıyeva, Səltənət Əliyeva, Fatimə Kərimova və Fidan Hacıyeva sistemləşdirib.

 

Gülnar Səma

525-ci qəzet.- 2021.-  16 mart.- S.9.