Kəndimin saralmış
gülünə dəyməz
İlğım şəhərlərin
romantikası
BU
AXŞAM...
...Gördüm, Qarabağa gözüm yol çəkir...
Gözüm yol çəkirsə,
xeyirdir, xeyir!
İlham
Heydər oğlu HAQQA
qol çəkir,
Ər oğlu Ərdoğan
"HƏMD OLSUN!" deyir...
10.11.2020
TƏMİZLİK
Şükür, el qayıdır geri...
İndi xarı bülbülləri
Süsləmək, bəsləmək gərək.
Hər addımda yer minadır...
Hər erməni bir minadır,
Yurdu təmizləmək
gərək.
Gül-çiçəyi oyatmağa,
Qarabağda boy atmağa
Əmək... əmək...
əmək gərək...
2021
KÖHNƏPƏRƏSTƏM...
Ən müqəddəs
saydıqlarımıza "Köhnədir" deyənlərə.
Köhnəlik içində məstəm,
Köhnə dərdlər dəhnəsiyəm.
Mən köhnə köhnəpərəstəm,
Köhnələrin köhnəsiyəm.
Xaqani heç vaxt qocalmır,
Bəs Nizami nədən qalıb?
Yüz təzə don geyən qalmır,
Füzuli
köhnədən qalıb...
Köhnə geyimdə-keçimdə
Bəzz qalasındadır dəstəm.
Parispərəstlər içində
Ən köhnə
Təbrizpərəstəm.
Nə varsa, ha tərəfdədir,
Babatını mənə verin.
Köhnə kitabı rəfdədir,
Nəbatini mənə verin.
Hadi köhnə, Səhhət
köhnə...
Sadala bir-bir... köhnədir...
Müşfiq ömrü qanlı
səhnə,
Ondan da Sabir köhnədir.
Sırğadır, qulağından as:
Əruzla fırlanır bu yer.
Tufarqanlıdan qalıb saz,
Köhnədir? Gətir,
bəri ver!
Mənlə "Yallı" gedən hanı?
Gəlin,
siz diri, mən ölü...
Mənim
havam "Xançobanı",
Mənim havam "Heyvagülü!"
Cild-cild
kitab... təzə... qalın...
Böyür-böyürə... Üst-üstə...
Ay təzələr, təzə
qalın,
Mən köhnə
köhnəpərəstəm.
Köhnə yazılı daşların
Mən də elə daş tərziyəm.
Min il köhnə
qalmışların
Mən astarıyam,
tərsiyəm.
...Ulu ruhlar qarşısında
Xəcalətimdən tər-suyam...
2014
MƏNİ
UNUDANLAR UNUDULMASIN
Adımı "Unudulanlar" sırasına
yazana
Bu ufaq komada, gözdən
uzaqda
Axşamım səhərdir, səhərim
axşam.
Yuxuya getmişəm Qarabulaqda,
Bir də ayıldım ki: unudulmuşam!
Şeir
dəftərimlə qaldı
şəhərdə
Üzümə qapılar bağlanan çağım.
Xızı dağlarında düşdüm
yəhərdən,
Həsrətdən qurtuldu ata ocağım.
Əgər çəkilmirsə bir yerdə adım,
Bu da taleyimin naxışı
oldu.
Şəhər havasında havalanmadım,
Nə yaxşı,
nə yaxşı, nə yaxşı oldu.
Bu çarpaz cığırlar,
yollar nədir bəs?
Yamac vərəqlərdə romantik
yazı...
Kəndimin saralmış gülünə
dəyməz
İlğım şəhərlərin romantikası...
Kəndli
var - şellənir şəhər bağında,
Yadına doğmaca el-oba düşmür.
Mən kənddə yatmışam
fil qulağında,
Adım bir dəftərə, kitaba düşmür.
Şəhərdə şairi öndə görürlər,
Asımmı özümü mən fağır burda?
Orda şairlərə çələng
hörürlər,
Üç gündür başıma
qar yağır burda.
Hansı şairdə var bu dözüm, səbir?
Oğul
itkisidir barım üstə köz...
Yüksək mükafatım ayda-ildə
bir
Sərraf
dodağında bir kəlmə xoş söz...
Dağlardan utandım, susdum,
lal durdum...
Ömrün yetmişində, yetmiş
beşində
Doğum
günlərimdə badə
qaldırdım
Tək-tənha... Gün tutan qaya döşündə...
Hələ Ağasəfa dəyər
canlara,
Oturub-durmağa çatır təpərim.
Məni
sağlığımda unudanlara,
İnşallah, yetişməz ölüm
xəbərim.
Allahım, bu gecə bir mənəm, bir sən...
Bilirsən... Kiməmsə, özüm
qədərəm...
Əzrayıl mələkdir, qoluma
girsə,
Köhnə məzarlığa rahat
gedərəm...
Dünyanı bizlərə umud
olanlar
Hərəsi bir çıraq, hərəsi bir şam.
Mənim
yadımdadır unudulanlar,
Mən hələ
heç kəsi unutmamışam.
Unudulmaz
deyil dünyada hamı,
Heç kəs öz cəddinə umud olmasın.
Allahım, qəbul et bu son duamı:
Məni
unudanlar unudulmasın!
...Bu ufaq komada, gözdən
uzaqda
Axşamım səhərdir, səhərim
axşam.
Göbəyim kəsilən Qarabulaqda
Bəlkə həqiqətən unudulmuşam?
2021
OCAQ
Kəndə dönməyimdən otuz il keçir,
Gün günə
qovuşur, aylar sovuşur.
"Kəndə niyə
köçdün?"...
"Kənddə nə var ki?"
Hələ də zəng vuran, görən soruşur.
Könlünə dəyməsin, qəlbi
sınmasın,
Məni qınayanı necə qandırım?
Çox
qısa deyirəm...
Qısa...
Çox qısa:
Gəldim
ki, üz-üzə iki daş qoyum,...
Çör-çöp alışdırım...
Ocaq yandırım...
2021
O
ZİRVƏ...
O zirvə mənim zirvəmdir.
İki hürgüclü
dəvəmdir.
Həmişə ona sığındım,
Həmişə ona güvəndim.
O zirvə göyə şərikdir.
Dözümü həmişəlikdir.
Papağında qar əriyir,
Ətəyi bənövşəlikdir.
O zirvəyə həsrət
çəkdim,
Gah gül dərib, gah dərd çəkdim.
Evə əliboş dönəndə
Arılara həsəd çəkdim.
Qucaqlamaqçın Günəşi
Ora qalxmışdım
inişil.
İndi ətəkdə qalmışam,
Ətəyim kola ilişir.
Orda hər şey nizam olur,
Orda insan insan olur.
Orda yerlə göy birləşir,
Qanadlanmaq asan olur.
Zirvəyə can atan uşaq,
Dönmüsən qanadlı quşa.
Tut mənim də qanadımdan,
Mən sənə bələdçi
olum,
Qalxaq...
Dayanaq üz-üzə,
Orda Tanrıyla danışaq...
2019
QADIN
ALDANIŞI
Qadın
gözəlliyi - sərgi,
İnsanlığa Haqdan vergi.
Yerişi,
duruşu, ərki,
Nazı aldadır qadını.
Bu boyda kürreyi-ərzin
Gözəli biləndə özün,
Atmaca, gülməcə sözün
Duzu aldadır
qadını.
Sirrini gizlədir, danır,
Guya özündən utanır,
Ürəyi başqa cür
yanır,
Gözü aldadır qadını.
Əldə haram pul ki olur,
Evi, bağı, mülkü olur,
Xəz dərili tülkü olur
Quzu... aldadır
qadını.
Hər suala cavab hazır,
Hər sözü min yerə yozur,
Bir də gördün yazır-pozur,
Yazı aldadır qadını.
Sirri vardır hər bir anın,
Deyim, and içim,
inanın.
Vurulur yaratdığına,
Mən şahidəm: Yaradanın
Özü aldadır qadını...
2019
YOLLARA
DƏN SƏPMİŞƏM...
Səstutandır ürəyim,
Səstutandır çöl-bayır.
Sənin
səsin gəlməsə,
Telefonum zarıyır.
Birdən
elə sanarsan,
Mən qəfəs
küncündəyəm.
Yox! Sənin həsrətinlə
Bir Antey gücündəyəm.
Dizimi yerə vurub,
Dağları tərpətmişəm.
Uç!
Quş qanadında gəl!
Yollara dən səpmişəm...
2019
KÖNÜL
ÇIRPINIR...
Könül çırpınır, qəlb əsir,
Ürəyim - mərmi qəlpəsi,
Başım döyüşdə titrəyir.
Ağacam,
köküm torpaqdı,
Əllərim yarpaq-yarpaqdı.
Yel əsməmiş də titrəyir...
2016
SU
ÇƏRŞƏNBƏSİNDƏ
Şəklim düşür... Su varlanır...
Yuvalanır, yuvarlanır,
Xəyallarım suda axır...
Elə bil axıb gedirsən,
Dünyadan çıxıb gedirsən,
Möcüzə var suda, axı.
Bu daş masam kənarında...
Oturmasam
kənarında,
Mən olmasam, su darıxır...
2018
ƏSİR
DÜŞMÜŞƏM
Sözümə baxmır qələm,
Əlim əsir - düşmüşəm.
Mən sözün əsiriyəm,
Sözə əsir düşmüşəm.
2021
AĞASƏFA
525-ci qəzet.- 2021.- 16
mart.-S. 14.