Zamana ram olmayan poeziya
Əli Kərim - 90
Bir
şair yaşayardı
Yerlə göy arasında.
Ayağının
ucunda
Gəlib
keçdi dünyadan,
Söz ucundan, şeir ucundan.
Qıvrılanda
ürəyimiz
Kövrələndə
dodağımız
Əli Kərim
avtoqraflı xatirələr
Gəlib tutar əlimizdən.
Bu
şeiri İsa İsmayılzadə Əli Kərimin bivaxt vəfatından
az sonra yazmışdı. İndi
Əli Kərim də dünyada yoxdu, İsa İsmayılzadə
də. Azərbaycan poeziyasında iki bənzərsiz
şairlərimiz. Amma fiziki ölüm
şairlər üçün əbədi ölüm deyil.
"İnsan dünyaya bənzər - Səfərdədir
əbədi". Əli Kərimin ölümündən
52 il keçir, amma bu gün müasir
şeirimizdən söz açanda Əli Kərimi
xatırlamamaq mümkün deyil.
Günlərin
bir günü insan kimi də, şair kimi də istedadlı
olan Ələkbər Salahzadəyə yaxınlaşıb dedim:
"Siz Əli Kərimi necə
xatırlayırsınız?" O dedi: "Əli məndən
on yaş böyük idi. Biz ədəbiyyata gələndə
o, artıq tanınmış şair idi. Yadımdadır,
İsa və mən şeirlərimizi Əliyə təqdim edərdik,
çünki "Azərbaycan" jurnalında şeirə o
baxırdı. Bir neçə dəfə gəldik,
getdik, Əli qovluqları bircə-bircə axtardı, şeirlərimiz
tapılmadı... Axırda elə bir təbəssüm
göstərdi ki, biz o təbəssümə təslim olduq.
İş elə gətirdi ki, mən "Azərbaycan"
jurnalında işə düzəldim. Əli
ilə yoldaş oldum, dostluq elədik, nə gizlədim, hərdən
yeyib-içirdik. Əli olduqca mədəni,
tərbiyəli bir insan idi. Çox
savadlıydı, dünya ədəbiyyatını, xüsusilə,
müasir Avropa yazıçılarının yaradıcılığını
gözəl bilirdi". İndi Ələkbər
Salahzadə də dünyada yoxdu. Amma o da
unudulmayıb. Bu mart ayında Əli Kərimin
90, İsanın və Ələkbərin isə 80
yaşı tamam olur.
Mən isə Əli Kərimi bircə dəfə
görmüşəm. Bir tələbə dostumla Kommunist (indiki
İstiqlal) küçəsiylə
üzüaşağı enirdik. Qarşımıza
ortaboylu, yaraşıqlı, qarasaçlı bir kişi çıxdı, sən demə, dostum
onu tanıyırmış, mənə dedi ki, bu adam şair
Əli Kərimdir. 68-ci ilin fevral ayıydı,
deyəsən. Əli Kərimin şeirlərini
oxumuşdum, "Qaytar ana borcunu" şeiri dillər əzbəri
idi. Bilirdim ki, Əli Kərimin "İlk
simfoniya" poeması 1957-ci ildə Moskvada keçirilən gənclərin
və tələbələrin XI Ümumittifaq festivalında
mükafata layiq görülüb. 1969-cu ilin ilk iyul
günlərinin birində isə "Azərbaycan gəncləri"
və "Ədəbiyyat və incəsənət" qəzetlərində
Əli Kərimin qara haşiyəyə alınmış
şəklini gördüm. Sarsıldım.
Mən şair ölümünü ilk dəfə səkkiz
yaşım olanda duymuşam, birinci sinifdə oxuyurdum, müəllimimiz
sinifə girdi və böyük bir hüznlə bildirdi ki, Azərbaycanın
dahi şairi Səməd Vurğun vəfat edib. O gün yaxşı
xatırlayıram ki, kəndimizdə çox adam
kədərliydi. Təbii ki, mən də bu
ölüm xəbərindən doluxsundum. Axı,
müəllimimiz bizə S.Vurğunun "Azərbaycan"
şeirindən müəyyən parçaları əzbərlətmişdi.
Əli Kərimin ölümü isə məni
çox həyəcanlandırdı və bundan sonra mənim
Əli Kərimli günlərim, illərim başladı.
Onun sağlığında çap olunan "İki
sevgi", "Həmişə səfərdə",
"Qızıl qanad" şeirlər kitabları
yanımdan əskik olmadı. Bir gün Universitetdə (mən
filologiya fakültəsində təhsil alırdım) müəllimimiz
Bəxtiyar Vahabzadə üzünü bizim kursun tələbələrinə
tutub dedi ki, Əli Kərimi kim oxuyub. Əlimi qaldırdım. Dedi ki, onun çoxlu tərcümələri
də var, sən qəzet və jurnallarda o tərcümələri
tap, köçür, Əlinin həyat yoldaşı Elza
xanım gəlib götürər. Bir ay ərzində
bu tapşırığı yerinə yetirdim. Tərcümələri də şeirləri qədər
gözəldi və onları Elza xanıma təhvil verdim.
Əli Kərim və onun bənzərsiz poeziyası barədə
neçə məqalə yazıb çap etdirmişəm
(bu sahədə qardaşım Cavanşir Yusifliyə qibtə
edirəm, onun Əli Kərim yaradıcılığı barədə
üç kitabı və neçə məqaləsi
işıq üzü görüb). Bu yazıda təkrara
yol verməyəcəyəm.
Vaqif
Yusifli. Qismətin şeirləri. » Yarpaq.az
Böyük
şairimiz Rəsul Rza yazırdı: "Şair var ki,
yüksəliş pillələrini dayana-dayana,
tövşüyə-tövşüyə,
yazdığını təkrarlaya-təkrarlaya qalxır. Şair də var ki, öz-özü ilə
yarışda, hər əsərində bir pillə qalxır,
özünü, özgəni təkrarlamaq faciəsindən
uzaq olur. Əli Kərim ikincilərdəndi".
Bu fikrin davamı kimi mərhum professor Tofiq Hacıyevdən də
bir misal gətirmək istəyirəm: "Əli Kərim
mövzu məhdudluğu bilməyib, özünü
çağırılmış bayatıların çərçivəsinə
salmayıb. Onun şair ilhamı
doğuluşundan buxov üzü görməyib, sifətdən
gözəlliklə yanaşı, həm də əlvanlığı
seçib. Mövzuları ən azı əsərlərinin
sayı qədərdir". Təfsilata
varmadan deyə bilərəm ki, bu fikirlər Əli Kərimi
bənzərsiz bir şair kimi çox dəqiq səciyyələndirir.
Əli Kərimin şair səciyyəsi, fikrimcə,
ənənəvi şeirdən modern şeirə doğru
poetik inkişafı əks etdirir. Onun
şeir kitablarında bircə qoşmaya və gəraylıya
da təsadüf eləmədim. Ancaq
hecanın müxtəlif ölçülərində
yazdığı bütün şeirlərdə ənənəyə
möhkəm bağlılıq vardır. Sadəcə
olaraq, ənənənin Əli Kərim şeirində yeniləşməsi
prosesi diqqəti cəlb edir. Daha
doğrusu, Əli Kərim heca şeirində stereotiplərdən
qaçır, bədii təsvir vasitələri, xüsusilə
təşbihlər və metaforalar (özü də əksəriyyəti
orijinal) Əli Kərim şeirinə poetik təravət gətirir.
O, klassik poeziyaya və xalq şeirinə yeni bədii vasitələrlə
yanaşıb, bircə qəzəl və rübai, bircə
qoşma və gəraylı yazmadan ənənəni yeni
biçimdə dirçəldib. Bunun üçün
şairin "Qayıt" şeirinə müraciət etmək
kifayətdir:
Həsrətin
araya atdı dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun.
Qayıt,
mənim gülüm, qayıt bu yerə
Ey mənim istəyim, nə gəlməz oldun.
Ümidlər,
arzular pərən-pərəndir,
Qəlbə təsəllidir xatirələrim.
Bir
halımı soruş, könlümü dindir,
Axşamlar yadıma düşür səhərim.
Qayıt,
mənim gülüm, yerbəyer elə
Dərdli səhərləri, gecələri sən.
Çaşıb
başqa yolla keçirəm elə,
Düz öz qaydasınca küçələri sən.
Qayıt,
yerinə qoy Ayı, Günəşi -
Yenə olduğutək görüm həyatı.
Qayıt,
gözüm nuru, könlüm atəşi,
Qayıt,
sahmana sal bu kainatı!
Bu şeir bir-birilə möhkəm bağlı olan iki
şeir qolunu özündə ehtiva edir. Ruhca bu şeir Aşıq
Ələsgərin, Abbas Tufarqanlının, Dədə Şəmşirin
ayrılıq, həsrət motivləri üstə köklənən
iltimaslarını xatırladır: "Kəsmə
iltifatın, salma nəzərdən, Ələsgərtək
binəvanı, sevdiyim!" Amma şeirin
üçüncü və dördüncü bəndlərində
sanki Füzulinin nəfəsini eşidirik: "Deyil bihudə,
gər yağsa fələkdən başıma daşlar,
Binasın tişeyi-ahımla viran etdigimdəndir". Əlbəttə, formal baxımdan bu
oxşarlıqlar düz gəlməyə bilər, amma ruhca
ayrılıq nəzərə çarpmır. "Qayıt, sahmana sal bu kainatı!" - sanki Füzuli Əli Kərim lisanıyla haray
çəkir. "Əli Kərim "Qayıt" şeirində
bu motivin bədii həllini elə orijinal verdi
ki, dövrümüz üçün bir qədər arxaik
görünən hicran mövzusu, necə deyərlər,
müasirləşdi" (Tofiq Hacıyev). Burada
Əli Kərimin Füzuliyə, Nəsimiyə, Müşfiqə,
Səməd Vurğuna, Rəsul Rzaya həsr etdiyi şeirləri
xatırlamamaq olmur. Açığını
deyim ki, Füzuli və Nəsiminin poetik obrazı Əli Kərim
şeirində yeni yüksəklik əldə edib.
Altı
yüz ildir, bəşər
düşünər,
çatmaz yenə
Məşəqqətli
ölümün
Nəsimi zirvəsinə.
Əli Kərim
XX əsr Azərbaycan şeirində doğma dilimizin nəyə
qadir olduğunu bir daha
həqiqətə çevirdi:
Bu
şirin dilini yaratmış güman,
İlahi damağı çağ olan zaman.
Bu dildə
varlığın hər sədası var;
Bir neçə sait də düşməmiş kənar.
Bu dil - təmizlikdə
uşaq nəfəsi,
Gözəllik utanar bu incə dildən.
Əli Kərimin
çox şeiri zamanın sınağından keçdi, bu
gün "Babəkin qolları", "Atamın xatirəsi",
"Metronun yaylı qapıları", "Gəl, Azərim",
"Habil", "Van-Qoqun günəşi", "Kürə
yağış yağırdı", "Daş",
"Həmişə səfərdə", "Bəzən
haqq qazanır insan öləndə", "Analar ağlar",
"Xirosimada məktəbsiz uşaq", "Şəhidliyin
zirvəsi", "Qayıt", "Nə xoşbəxt
imişəm bir zaman, Allah" və başqa şeirləri təkcə
altmışıncı illərin deyil, bu günün də
müasir şeirləridir.
Otuzdan çox yaşamışam.
Sevgi toranında.
Mühazirə salonunda.
Sevgimlə
bir-birimizə deyəcəyimiz
İki söz arasında.
Xəstə
olarkən
Həkimin mənə etdiyi çarəsində.
Bəzən
baş tutmayan şerimin
Dağılmış
divarlarının xarabasında,
Bəzən
söz yarışında
Bəzən ölüm sözünün polyar
qışında.
Vaxtilə
bu şeir ("Fraqmentlər" )
haqsız tənqidə məruz qalmışdı. Rəsul Rza isə onu novatorluq hadisəsi
adlandırdı, şeirin ayrı-ayrı
"anlaşılmaz", guya "mücərrəd" təsir
bağışlayan misralarını anlatdı.
Əli Kərimin novatorluğu nədə idi? Mən bu məqamda
böyük tənqidçi Belinskinin bir fikrinə üz
tutmaq istəyirəm. O yazırdı ki, "söz
öz-özlüyündə boş səsdir: o, ancaq fikir ifadə
etmək üçündür. Fikir isə
öz-özlüyündə ağıllı və gözəl
bir şeirin kölgəsindən başqa bir şey deyildir.
O, gerçəkliyin yalnız ideal mahiyyəti olmaq
etibarıyla əhəmiyyətlidir. Praktiki tətbiq
ölçüsünə gəlməyən hər bir
şey yalan və boşdur. Vaqif
adamların dilində köhnə həqiqətlər belə
sanki ilk dəfə söylənilir, müəllimlik
iddiası edən adamların dilində isə bəzən
yeni fikirlər təsir buraxmadan itib-batır, sanki bunlar adi
söylənmiş şeylərmiş". Əli Kərim
özü də yazırdı ki: "İntellektlə həyat
birləşəndə, daha doğrusu, intellektin həyati əsası
olanda əsl şeir yarana bilər".
Əli Kərimin "Xətlər variasiyaları",
"Meridian üstündə oyun" və bir çox
şeirləri 60-cı illərdə bizim poeziyada modern
şeirin ilk nümunələri idi.
Əli Kərim poeziyası mənim
üçün həmişə təzədir,
çünki nə öz zamanının, nə də
sonrakı illərin tozu o poeziyanın heç bir sətrinə
qona bilmədi. Bax, indi bu sətirləri yazanda, Əli Kərim
haqqında, ona sevgim barədə düşüncələrimi
qələmə alanda həmin həqiqəti xatırladım
- zaman bir çox şairi sındırdı, amma Əli Kərimə
toxuna bilmədi.
Vaqif
YUSİFLİ
Filologiya
elmləri doktoru
525-ci qəzet.- 2021.- 19 mart.- S.14