Vətən müharibəsinin folklor
yaşantıları
Azərbaycan Vətən müharibəsinə
başlayandan şəraitə uyğun yeni folklor örnəkləri
meydana çıxır və yayılır. Bu folklor
örnəkləri təkcə məzmununa görə deyil,
janr özəlliyinə görə də diqqət çəkir.
Azərbaycanın Qarabağ uğrunda apardığı
Vətən müharibəsi yeni və orijinal folklor örnəklərinin
yaranmasına səbəb oldu, desəm, yanılmaram. Belə folklor
örnəklərinin bir qismi diləklər adlanır. Tədqiqiatçı İbrahim Quliyev müharibə
dövründə el arasında dolaşan diləkləri
yazıya alıb. Duanın bir növü olan diləklər
məzmununa görə seçilir:
İlahi,
düşməni ələ keçirib məhv etməyimiz
üçün bizə yardım et!
İlahi,
düşməni yurd-yuvamızdan qovmağımız
üçün bizə kömək et!
İlahi,
düşmənlə əlbir olanları və onlara
yardım edənləri yerlə-yeksan et!
İlahi,
bizi düşmən üzərində mütləq qalib et!
İlahi,
şanlı bayrağımızı bütün işğal
altında olan torpaqlarımızda
dalğalandırmağımız üçün bizə
fürsət ver!
İlahi,
şəhidlərimizə rəhmət et,
onları Cənnətin ən uca yerlərində sakin et!
İlahi,
sərkərdələrimizə və əsgərlərimizə
güc-qüvvət ver, onları öz pənahında saxla!
İlahi,
Vətən müharibəsində mütləq qalib
olmağımız üçün etdiyimiz duaları, nəzir
və qurbanları qəbul et!
Tanınmış pedaqoq Zülfünaz Qurbanova Ağdam
rayonda doğulub, amma orada böyüyüb-başa çatmaq
ona qismət olmayıb. Qarabağ torpaqları azad edilməyə
başlayanda Tanrıya yalvarırdı ki, payızı yaya
döndər, qoy səngərdə düşmənlə
üzbəüz qalan və elə səngərdə də
gecələyən əsgərlərimiz üşüməsinlər.
Zülfünaz xanım poetik xalq deyimlərini də dilə gətirir:
Adına,
özünə Vətən deyirəm,
Çölünə, düzünə Vətən
deyirəm.
Varsa
ordum, var yurdum,
Var ol
ordum, var ol yurdum!
Zülfünaz
xanımın bayatı zümzümələri də ürəkdən
gəlir və Vətən sevgisini ifadə edir:
Əzizinəm,
Ağdamdı,
Qara
damdı, ağ damdı.
Yolunu
gözləməkdən
Gözlərimə
ağ damdı.
Əziziyəm,
ağ damı,
Yaşıl
damı, ağ damı.
Bir
neçə gün içində
Azad
görək ağ damı.
Mədhnamə klassik ədəbiyyatdan gələn
termindir. El arasında da layiq olanların şərəfinə
mədhnamələr deyilir ki, bunlar da əsasən xalqın sevimlisi
olan və öz vəzifəsinin öhdəsindən ləyaqətlə
gələn insanlar olurlar. Vətəni, əsgəri,
ordunu, Ali Baş Komandanı, şəhidləri, qaziləri,
Azərbaycanın haqq savaşını dəstəkləyənləri
mədh edən bu nümunələr epik və lirik şəkildə
olur. Mədhnamələr
bəzi hallarda vəsfnamə kimi də təqdim olunur.
Folklorşünas Reyhan Dadaşın qələmə
aldığı mədhnamə/vəsfnamə bunun ən
gözəl nümunəsidir: "Sən mənim görən
gözüm, aldığım nəfəsim, döyünən
qəlbimsən, Sən mənim bu günüm, gələcəyimsən,
şanlı tariximi sətir-sətir yazan Azərbaycan əsgəri!"
Folklorun
dua janrı sosial şəbəkələri başına
alıb, az qala, bütün səhifələri
bəzəyir. Orduya, xalqımıza edilən
dualar mükəmməldir. İşğal
altında olan Azərbaycan torpaqlarını azad etmək
uğrunda vuruşan, soyuq havalarda da səngərdə yatan igid,
mərd oğulları qorumaq istəyi Tanrıya edilən
dualarla ifadə olunur. Şəhid olanlara
başsağlığı verilir. Hərbi
xidmətə gedənə uğur dilənir. Dualar məzmun rəngarəngliyi ilə seçilir.
Müharibə dövrünün dua
tematikasını nəzərdən keçirdikdə belə
bir mənzərə yaranır. Əsgərlər və
Ordu haqqında:
Qoluna
qüvvət, Azərbaycan əsgəri!
Allah
Orumuzun bütün zabit və əsgərlərini qorusun!
Tanrı
Azərbaycan türk əsgərlərinə qüvvət
versin!
Əsgərlərimiz
zəfərlə geri dönsünlər!
Yaralı
əsgərlər haqqında:
Allah
şəfa versin!
Allah pənahında
saxlasın!
Allah
amanında saxlasın!
Tanrı
köməyi olsun!
Yastığı
yüngül olsun!
Allah
balalarına bağışlasın!
Allah
saxlasın!
Şəhidlər
haqqında:
Yeri cənnət
olsun!
Ruhu
şad olsun!
Tanrı
balalarını yerində bərqərar etsin!
Qazilər
haqqında:
Allah
gözəl günlər qismət etsin qazilərimizə!
Qazilərimizin
arzuları çin olsun!
Zəhmətləri
itməsin!
Qazilərimizin
çəkdikləri zəhmət yerdə qalmasın!
Bu dualar təskinliklər və uğurnamələr də
adlanır. Təskinliklər və uğurnamələr
artıq bir janr kimi formalaşır, inkişaf edir. Boyunalmalar da janr keyfiyyəti qazanmaqdadır. Azad edilən torpaqlarda qurban kəsmə, nəzir
paylama, kasıb sevindirmə kimi boyunalmalarda dua elementləri
üstünlük təşkil edir. Duaların bir qismi
alqış xarakterlidir:
Var ol!
Sağ ol!
Tanrı əsgərlərimizi
qorusun!
İlahi,
bu savaşda yağılarla vuruşan bütün əsgərlərimizə
kömək ol!
Duaların bir neçəsi qısa məzmunludur, hətta
bir sözdən ibarətdir. Bu dualar səsvermələr
də adlanır, hər hansı bir duaya qarşılıq
kimi səslənir. Belə duaların tematikası
özündən əvvəl söylənmiş dualarla
bağlı olur:
Amin!
İnşallah!
Allah
qoysa!
Uğurlar!
Şüarlar da tematik baxımdan alqışın bir
növü olsa da, fərqli strukturdadır. Belə ki,
şüarları alqışdan fərqləndirən
onların çağırış xarakterli olmasıdır.
Folklor örnəklərində "Yaşasın!" və
"Eşq olsun!" sözləri ilə alqışlanan
şüarlar üstünlük təşkil edir:
Yaşasın
xalqımız!
Yaşasın
ordumuz!
Yaşasın
Qarabağ!
Eşq
olsun əsgərlərimizə!
Xanım
zabitlərimizə eşq olsun!
Məzmununa
görə digər dualardan fərqlənən folklor örnəklərindən
biri təbriknamələr adlanır:
Təbrik
edirəm!
Uğurların
bol olsun!
Yolun
açıq olsun!
Axarıncı
olsun, axırıncı olmasın!
Həmişə
xoş xəbərin gəlsin!
Təbriknamələr kimi şükranlıqlar da
duanın bir növüdür. Şükranlıq duanın məzmununda
ifadə olunur:
Tanrıya
şükür!
Şükür
İlahinin kərəminə!
Şükür
edirik ki, Haqq bizimlədir!
Bu günə
də şükür!
Minnətdarlıq da şükranlıqdan doğur. Təsadüfi
deyil ki, minnətdarlıqların bir qismi təşəkkürnamələr
adlanır. Bu folklor örnəklərini bir-birindən məzmununda
işlənən "Minnətdarıq"" və "Təşəkkür
edirik" ifadələri fərqləndirir:
Ali
Baş Komandana minnətdarıq!
Cəsur
Ordumuza minnətdarıq!
Haqq
işimizi dəstəkləyən dövlətlərə
minnətdarıq!
Qarabaq
torpaqlarını azad edən
əsgərlərimizə təşəkkür edirik!
Əsgərlərimizlə
birlikdə ön cəbhədə olan həkimlərimizə
təşəkkür edirik!
Vətənpərvər
oğullar tərbiyə etdiklərinə görə
analarımıza təşəkkür edirik!
Bəddualar
qarğışın bir növüdür, bunu folklor örnəyinin
məzmunundan da görmək mümkündür:
Erməni
işğalçılarına ölüm olsun!
Kökünüz
kəsilsin!
Daşınız
öz başınıza düşsün!
İddialar da folklor janrı kimi maraq doğurur. Əslində,
iddialar ata sözlərinin janrdaxili dəyişimidir. Bunu
nümunələr də təsdiq edir:
Başkəsənin başını vaxtında kəs,
kəsməsən, o sənin başını kəsər.
Əlini öpən əsir hərbçinin
yalvarışlarına aldanma, azad edilən kimi kürəyindən
vuracaq.
Müharibə folklor örnəkləri içərisində lirik parçalar üstünlük təşkil edir. Daha çox bayatı və ağılar söylənilir. Ağılar əsasən şəhidlərin yas mərasimində onların yaxınları tərəfindən deyilir. Ağının növü kimi hayqırtı, qıyha, bozlama, sızlama diqqət çəkir. Şəhid qəbirlərinin başdaşı və sinədanlarına yazılan ağılar da maraqlıdır. Ağı-epitafiyalar adlanan bu nümunələrin ayrıca araşdırılmasına ehtiyac var. Amma Azərbaycan xalqının folklor örnəklərində janrından asılı olmayaraq pozitivlik açıq-aşkar hiss olunur. Hətta ağılarda belə bədbinlikdən çox nikbinlik vardır. Şəhidin arzularının həyata keçməsini ifadə edən işıqlı fikirlər deyilənləri təsdiq edir. Sosial şəbəkələrdə bayatı şəklində olan arzulamalar diqqətimi çəkdi. Arzulamalar niyyətlə, istəklə bağlı lirik folklor nümunələridir:
Qır düşmənin qıçını,
Əsgər, sındır xaçını,
Qoyma gözümü yolda,
Azad eylə Laçını.
Şuşanı gəzib qayıt,
Düşməni əzib qayıt.
Dağlardan erməninin
Ayağını üzüb qayıt.
Duman gəlir, çən gəlir,
Hər tərəfə tən gəlir.
Şuşa, Xankəndi dedik,
Bütöv bir Vətən gəlir!
Lirik folklor örnəkləri içərisində həcvnamələr deyilən nümunələr də vardır. Həcvnamələr daha çox düşmənə olan nifrəti, qəzəbi ifadə edir:
Dığa, dığa, ay dığa,
Erməniyə tay dığa.
Dinc otura bilməsən,
Başuy soxum palçığa.
Adın nədi, Paşinyan,
İt də yeməz aşınnan.
Cəmdəyin dəyərsizdi,
Güllə dəysin başınnan.
Gülməcə ölməyən bir janrdır, ən çətin məqamlarda lətifə yaratmaqdan qalmayan Azərbaycan xalqı tanınmış simalara da şəbədələr qoşur. Xalq ən kritik anlarda da öz folklorunu yaratmaqdan qalmır. Həm də yeni folklor janrları meydana çıxır, yaxud janrdaxili dəyişmələrə məruz qalan, bölgələrdəki adları ilə qeydə alınan örnəklər yaranır, yayılır. Bu folklor örnəklərini elə bu gün, isti-isti toplamasaq, unudulub gedəcək.
Bombanın üstündə erməni arvadı
Ermənilər uzun yalvarışdan sonra Moskvada Azərbaycanla atəşkəsə nail olurlar, amma bu atəşkəs qaydalarına elə özləri riayət etmirlər, müharibə zolağından kənarda olan bölgələrə bombalar atırlar. Belə bombalardan biri Gəncəyə düşür və burada yaşayan erməni qadını yaralanır. Adamlar bu məsələni müzakirə edirlər, müzakirələrə Azərbaycanda qardaşlıq mühitində yaşayan digər xalqların qadınları da qoşulurlar. Söhbət bazarda alverçi qadınların arasında baş tutur. Avar soruşur:
- Erməni arvad Gəncədə nə gəzirmiş ki, ona bomba da dəysin?
Talış deyir:
- Qıza, ermənilər çox bilirlər, yəqin bu erməni arvadı bombanın üstünə qoyub atıblar. Ermənistanda kişi qalıb ki?
İki urus televiziyada Qarabağ savaşından göstərilən səhnələrə baxır. Son məlumatları verən aparıcı deyir ki, ermənilər böyük itkilərə məruz qalıblar, vəziyyət gərgindir, ərləri ölən erməni qadınları yüklərini çatıb Qarabağdan çıxırlar. Sonra aparıcı əlindəki mikrofonu Qarabağdan qaçmaq üçün cəməklərini toplayan erməni qadınına tuşlayıb soruşur:
- Siz niyə Qarabağı tərk edirsiniz?
Erməni qadın deyir:
- Öldürdülər, ərimi öldürdülər, qaynatamı öldürdülər, qaynımı öldürdülər, baldızımın ərini öldürdülər, hamımız dul qaldıq, yığışıb gedirik Ermənistana.
Televiziyaya
baxan uruslardan biri o birindən soruşur:
- Bunlar ərlərini
itirdiklərinə görə Ermənistana gedirlər? Bəyəm orada təzədən ərə gedəcəklər?
O biri urus
barmaqlarının arasına keçirdiyi ucuz siqaretə qullab
vurub deyir:
- Brat, Ermənistanda
kişi qalıb ki, dul arvadlar da ərə gedələr?..
Qabağa
arvadları buraxın
Cəbhədə vəziyyət gərginləşir, Ermənistan ordusu hər gün neçə kəndi qoyub qaçır, əsgərlərin arasında fərarilik baş alıb gedir. Bu məsələ Ermənistan prezident aparatında müzakirə olunur. Çaş-baş qalmış ermənilər bilmirlər, hansı təklifi versinlər ki, məğlubiyyətdən yaxa qurtarsınlar. Bu zaman Paşinyan şəhadət barmağını qaldırıb deyir:
- Çıxış yolunu tapdım, gəlin, qabağa arvadları verək, türklərin başları qarışar erməni arvadlarına, biz qəfil hücuma keçərik.
Çoxbilmiş erməni məmurlarından biri deyir:
- Cənab baş nazir, türklər əvvəlki türklər deyillər, Azərbaycan müstəqil olandan sonra bizim arvadlara vız atmırlar.
Paşinyan hirslənir:
- Necə yəni vız atmırlar? Mən Annanı göndərərəm, gör türkləri nə təhər hayıl-mayıl edir!
Məmur deyir:
- Cənab baş nazir, elə əsas ona vız atmırlar, keçən dəfə nə qədər poza verdi, türklərin heç tükü də tərpənmədi.
Öldürücü və sarsıdıcı güllədən betər bilməcələr tarixə dərs verir, dərs verir ki, sabah o tarixi saxtalaşdırmaq mümkün olmasın. Elə tarixi həqiqətlər var ki, folklorda yaşayır.
Təqdim etdiyim folklor örnəklərini hər yerdə, ictimai nəqliyyatda, dost-tanış məclisində, yas yerlərində ayrı-ayrı adamlardan qələmə almışam. Əsas qaynağım isə sosial şəbəkələrdir. Adətən, sosial şəbəkələr elmi istinad mənbəyi sayılmır, çünki buradakı səhifələr fərdlərə məxsusdur, onların şəxsi fikirlərini ifadə edir, həm də "dondurulduğu" anda, yaxud bir səhifə olaraq qapadıldığı məqamda qaynaq kimi əhəmiyyətini itirir. Lakin Vətən müharibəsi bütün Azərbaycan xalqını eyni məqsədə səfərbər edə bildi və adamlar şəxsi maraqlarını arxa plana keçirdilər, hamı Vətən üçün, xalq üçün, Qarabağ üçün mübarizə meydanına atıldı. Kimi sözüylə, kimi canıyla, kimi də maddi dəstəyi ilə Qarabağı işğaldan azad edən əsgərlərimizin yanında oldu. Bu birlik folklor örnəklərimizə də sirayət elədi. Hər bir fərd həm də folklor yaradıcısı və daşıyıcısı kimi diqqət çəkdi. Mən bu fikirdəyəm ki, sosial şəbəkələrdə fərdlər tərəfindən qeydə alınan folklor örnəkləri xalqımızın milli söz sərvəti kimi dəyərlidir və vaxtında toplanılmalıdır.
Tarixi fakt belədir ki, müharibələrdən
sonra dinc quruculuq işlərinə rəvac verilir, insanlar
ağrı-acılarını arxada qoyur, yeni həyata
başlayırlar. Amma tarixin bu məqamında xalq öz
yaşantılarına rəğmən yaratdığı
folklor örnəklərini unutmayacaq, çünki bu, tarixlə
yazılmış folklor olduğu kimi, folklorla da
yazılmış tarixdir. Ona görə bu
folklor örnəklərini məhz indi, həmin folklor örnəklərində
haqqında söhbət gedən hadisələri
yaşadığımız anda toplamalı, qələmə
almalı, nəşr etməliyik ki, gələcək nəsillərə
ibrət dərsi olsun.
Bilal
ALARLI
525-ci qəzet.- 2021.- 19 mart.- S.13.;16.