"Dəmir yumruq"

 

REAL TV-nin YENİ FİLMİ ƏTRAFINDA DÜŞÜNCƏLƏR

 

Azərbaycanın  yağı düşmən üzərindəki dünya tarixində görünməmiş  qələbəsi haqqında özümüzdə və dünya media arenasında çox maraqlı fikirlər təqdim olunmaqdadır. Amma bir də təkrar edirik, bu, elə bir görünməmiş qələbədir ki, onun barəsində hələ çox yazılar olacaq, çox filmlər çəkiləcək. Vaxt ötdükcə bu qələbənin mahiyyəti, nəinki milli, habelə bəşəri dəyərlər  haqqında daha çox əsərlər meydana çıxacaq.  Bəzən  belə müharibələrin, belə qələbələrin  bədii ədəbiyyatda daha dəqiq desək, faktlarla ifadəsi üçün uzun zaman lazım olmuşdur. Lev Tolstoy özünün dünyaca məlum "Hərb və sülh" romanını həsr etdiyi müharibədən uzun illər sonra qələmə almışdır. Amma belə romanlar həm də ötən zamanın sınağından çıxmış mətbuat materiallarına da çox pənah gətirmişdir. Bizim 44 günlük Vətən müharibəmiz və bu 44 günün hər anı zəfərlə dolu günləri də mətbuatımızın, teleməkanımızın səhifələrində öz yerini  tutmaqdadır. Bu müharibə və bu qələbə sabahın fundamental  tarixi üçün, fundamental bədii  əsərləri  üçün,  fundamental bədii filmləri və səhnə əsərləri üçün ən etibarlı mənbələr olacaq. Amma bu etibarlı mənbələri heç vaxt yetərli hesab etmək olmaz. Və həm də bu mənbələr Vətən müharibəsinin bütün detallarını, bütün nöqtələrini hesaba almalıdır. Bu sahədə qəzetlərimizin, telekanallarımızın bu gündən sabaha - gələcək nəsillərə ünvanlanan arxivləri indidən özlərini doğrultmaqdadır. Vətən müharibəsinin  bu günə və sabaha ünvanlanan media fəaliyyəti sırasında elə bu günlərdə üç illiyini qeyd edən REAL TV-ni xüsusi qeyd etmək  ədalətli olardı.

 

Bu televiziya efirə çıxdığı andan Azərbaycanın milli maraqlarını özünə əsas mövzu seçdi. Azərbaycan Jurnalistikasının - indiki halda telejurnalistikamızın ustadı  Mir Şahin REAL TV-ni, demək olar ki, əsasən bu tematika üçün yaratmışdır. Onun azərbaycançılıq, milli maraqlar, dövlətçilik ətrafındakı fundamental proqram formatları, xüsusilə "Mir Şahinin vaxtı" proqramı bütün detalları ilə Vətənin müdafiəsinə, torpaqlarımızın azadlığına həsr olunmuş və olunmaqdadır. REAL TV-nin Azərbaycana qarşı qaraguruhçuluq fəaliyyətini ifşa edən proqramları bir az əvvəl bəziləri tərəfindən birmənalı qarşılanmırdı. Ancaq Mir Şahin hər cür təhdidlərə, tənqidlərə dözdü. Çünki o bilirdi ki, harda Vətən, torpaq, dövlətçilik və bunların müdafiəsi varsa, bunun xalq üçün, millət üçün necə vacib olduğunu bir gün ən qatı əleyhidarlar da anlayacaqlar. Bəlkə, elə bunu nəzərdə tuturdu ki, Mir Şahin jurnalistlərin Ağdam səfərindən sonra - martın 14-də AzTV-nin "Əsas məsələ" proqramında belə bir fikir söylədi: "Dövlətin müdafiəsi zamanı gələndə heç kəs özünün ağ yaxalığı haqqında fikirləşməməlidir. Kiməsə nəsə deyərəm, kimsə mənə çamur atar, çirkab atar təfəkkürü aradan qalxmalıdır. O yerdə ki, Ağdam olmaq lazımdır, orda Ağdam olmaq lazımdır, daha " adam" yox".  Mir Şahinin bir az çətin anlaşıla biləcək bu fikri bizə dövlətçiliyin müdafiəsi olan yerdə sözü birbaşa və cəsarətlə deməyi tövsiyə edir. Bu, çox dəqiq fikirdir və Mir Şahinin yaradıcılıq kredosu kimi qəbul edilə bilər...

 

Bəs REAL TV - üç yaşlı bu gənc telekanal 44 günlük Vətən müharibəsi və bu müharibədəki zəfərimizi öz efirində necə ifadə edir və etməkdədir. Əlbəttə, REAL-ın real tamaşaçıları bu telekanalın reportyorlarını daim cəbhə bölgəsində gördülər. Bu televiziya bütün sutka ərzində hər yarım saatdan bir efirə çıxardığı "Xəbərlər" proqramı ilə "REAL intervyu" rubrikası ilə "Danışır radio" verilişi ilə, "Profil"i ilə, hadisə yerindən real reportajları ilə ... tamaşaçıları razı salmaqla, həm də gələcəyin video arxivini formalaşdırmaqdadır.

 

Lap bu günlərdə REAL-ın əməkdaşı, 44 gün cəbhə xəttində öz canlı reportajları ilə döyüşən İlqar Mikayıloğlunun Ağdamdan hazırladığı geniş formatlı bir reportajı mükəmməl film təsiri bağışladı. Bütün bunlar öz yerində.

Amma REAL TV-nin bu gündən sabaha daha fundamental əsərləri də yaranmaqdadır. Bu əsərlər sırasında Mir Şahinin birbaşa özünün müəllifi olduğu sənədli telefilmlər dərin məzmunlu tematikası, zəngin faktları, orijinal rejissor üslubu, mətn dili və üslubu kimi çoxtərəfli keyfiyyətləri ilə bu günün tamaşaçısına və sabahkı nəslə Vətən müharibəsi haqqında dolğun informasiyalar verməkdədir. Bu sətirlərin müəllifləri  Mir Şahinin "Azadlığın ad günü" sənədli teleserialı barədə mətbuatda fikir söyləmişlər. Və bu telefilmlərin tamaşaçılar tərəfindən necə qarşılandığını, BDU-nun yüzlərlə əməkdaşının sakini olduğu binaların həyətindəki axşam gəzintiləri zamanı necə dilə gətirdiklərinin şahidiyik. "Dəmir yumruq" Mir Şahinin tamaşaçılara lap bu günlərdə təqdim etdiyi növbəti sənədli telefilmdir. Bu film telefilm formatında fenomenal bir fakt kimi diqqəti çəkir. "Dəmir yumruq!" Bu yumruğu "ordumuzun birinci əsgəri" (Mir  Şahin), Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsindəki qələbəmizin simvolu kimi Ermənistana tuşlayıb onun başını necə əzdiyimizi göstərdi. Ordumuzun hər rayonu azad etdiyi günlərdə bu yumruq yuxarı qalxmışdı və düşmənə milli zərbə simvolu qazanmışdı. Bu yumruq Ermənistanın işğalçılıq siyasətinə göz yuman, Azərbaycanın başının altına yastıq qoymaq istəyən beynəlxalq təşkilatlara bizim gücümüzün göstəricisi oldu. Bu yumruq Qarabağ problemini tarixə köçürərək özü bir tarix oldu: milli iftixar tarixi,  yenilməz bir xalqın tarixi!

 

Mir Şahin "Dəmir yumruq" fimində barmaqların birləşib yumruq formatına düşməsini Vətən müharibəsi dövründə  bütöv bir xalqın-azsaylı, çoxsaylı-hər bir xalqın yumruq kimi birləşməsi simvolu kimi dəyərləndirdi. Çoxmillətli  Azərbaycan xalqının qələbəsini təmin edən fakt kimi ortaya qoydu. Bu filmə baxan hər kəs ölkəmizin cənubunda, şimalında, şərqində və qərbində yaşayan azsaylı xalqlarımızın gənclərinin torpaqlarımız uğrunda Vətənin çağırışına necə sevgi ilə cavab verdiklərinin şahidi olur, qubalı, qusarlı, lənkəranlı, balakənli, ismayıllılı, xızılı,  bakılı, masallılı... bu gəncləri cəbhəyə yola salan anaların, ataların  nitqində, övladlarına tövsiyələrində bircə sözü var: Vətən əmanəti! Və filmin musiqi tərtibatçısı  da ustalıq və peşəkarlıqla ölkəmizdə neçə illərdən bəri hər kəsi duyğulandıran Şəmistan Əlizamanlının "Əsgər, Vətən əmanəti, yurd əmanəti" kimi lirik bir mahnının da təsirini nəzərə alır. Dəmir yumruğu təmin edən bu sayca az, amma Vətənə məhəbbəti  sonsuz bu xalqların igidləri ilə tamaşaçı bir daha fəxr edir. "Bu cavanlar hələ kimsəyə açmadıqları ürəklərini gülləyə açdılar" - Mir Şahinin mətnindəki həmin cümlə bizi nə qədər yandırsa da, milli azlıqlara məxsus o gənclərin, şəhid düşmüş əsgərlərin həqiqət səsidir.

 

Filmin mətnində - müəllifin nitqində çoxlu yeni ifadə var. Və bu ifadələrin hər biri həm məzmunu, həm də orijinallığı ilə bizi heyran qoyur. Belə bir həqiqət ifadə olunur ki, Ermənistanı təkmillətliliyi məğlub edir, Azərbaycana onun çoxmillətliliyi qələbə qazandırır. "Azsaylı, amma çox qüvvətli" bu gənclərin Vətənə sədaqət prinsipləri hər kəsə bir nümunədir. Azərbaycan Prezidentinin elə bu filmdə də təqdim olunan çıxışları - ölkəmizdə dini tolerantlıq, müsəlman-xristian birliyi "Dəmir yumruğun" təminatçısı oldu. Dini ayrı-seçkilikdən uzaq olan bu gənc əsgərlər düşməndən azad etdikləri Şuşanın hər bucağında qürurla dayanıblar və onların filmdəki Vətənə sevgi, düşmənə nifrət sinxronları  filmin ən qiymətli və mənalı nöqtələridir. Filmdə yaxşı vurğulanır ki, bu gənclərin, onların ata-analarının yaşadıqları hər bir yer adi ərazi anlayışından indi Vətən anlayışına çevrildi. Bu oğullar indi düşmənin viran qoyduğu meşələrdə, o torpaqlarda özləri sabah böyüyəcək şitillərdir. Vətən şitilləri! İndi onların hamısı Vətən dilində danışır.

 

Filmdə müəllif ara-sıra tarixi xatırladır. Qarabağın 30 il əvvəlki müdafiəsi ilə bugünkü Vətən müharibəsinin yerlə göy qədər ikincinin xeyrinə olan fərqi göstərir. Və filmin ən vacib məqamı, ideyası odur ki, Vətən uğrunda savaşda azsaylı doğma xalqlarımızın övladları erməninin anti - azərbaycan təbliğatını rədd edib bu Vətənin onlar üçün necə müqəddəs olduğunu sübut etmələridir. Ermənilərin bizim azsaylı xalqlarımıza Azərbaycan uğrunda vuruşmayın kimi məkirli millətçi təbliğatı bizimkilərin qarşısında belə bir seçim qoyurdu: " Şəhadətmi, qəbahətmi?" Doğmalarımız birincini seçdilər və bu gün onlar torpaqlarını azad etdikləri, bu yolda şəhid verdikləri Azərbaycanda uca başla, dik qamətlə yaşayırlar.

 

Filmin bütün sujetində bir obraz dominantdır: Azərbaycan Prezidenti,  ordumuzun Ali Baş Komandanı. Müəllifin film boyu onun çıxışlarına, xalqa müraciətlərinə dair gətirdiyi misallar-sitatlar  Vətən müharibəsində xalqımızın dəmir yumruq kimi birləşməsi faktını aydınlaşdıran, sübut edən amillərdir. Filmin sonu və bu anda çox maraqlı bir məqam:

 

Bu möhtəşəm əsərin mənəvi yaradıcıları - müəllif: Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla; Azərbaycan döyüşçüləri, Yenilməz Azərbaycan xalqı: türklər, talışlar, ləzgilər, ruslar, yəhudilər, kürdlər, taylar, avarlar, saxurlar, rutullar, malakanlar, inqloylar, qaraçılar, assuriyalılar, udilər, almanlar və Dövlətimizin ətrafında birləşən bütün dünya azərbaycanlıları.

 

Biz də REAL-ın daimi izləyicisi kimi, adi bir Azərbaycan vətəndaşı kimi doğma xalqlarımıza, onların igid oğlanlarına və qızlarına sonsuz təşəkkürümüzü bildiririk. Filmin yaradıcı heyətinə: rejissor Qəmərxanım Mərdanovaya, redaktor Səbinə Ağayevaya, müxbir Mahir Məmmədliyə, operatorlar Arif Zeynalov, Ramin Yaqubova, montajçı və qrafikaçı İntiqam İbrahimova yüksək peşəkarlıq faktına görə "çox sağ olun" deyirik.

Qısa bir müddət ərzində Lənkərandan Qubanın Qırmızı qəsəbəsinə, Balakəndən Masallıya, Lerikdən Qaxa, Şuşadan İsmayıllıya... yollanan və bu yerlərin igid əsgər oğlanlarının Vətən sevgisi ilə yoğrulmuş fikirlərini bizə çatdıran bu kollektivə eşq olsun. Və bir də “Facebook”da tamaşaçını bu filmə baxmağa çağırış edən anonsun müəllifi, REAL-ın real patriotu Samirə xanım Səfərəliyevanın xidmətini də xüsusi qeyd etmək istərdik. Üç ildə əlli illik təcrübə qazanmış REAL-çıların bayramı mübarək olsun!

 

Nizami CƏFƏROV, akademik

Cahangir MƏMMƏDLİ, professor

 

525-ci qəzet.- 2021.- 19 mart.- S.11.