Bakının İrəvan üzərində
təsir strategiyası –
Sosial şəbəkədə
yazılanlar
Şahin
Cəfərli, siyasi şərhçi:
- Bayden
niyə Putinə qatil dedi?
ABŞ kəşfiyyatı
rəsmən bildirib ki, Rusiya 2020-ci il
prezident seçkilərinin nəticələrinə də təsir
göstərməyə cəhd edib. Bu dəfə
kiberhücumdan yox, Baydenə qarşı qarayaxma
kampaniyasının təşkilindən söhbət gedir.
Məqsəd Trampa dəstək vermək olub.
Kəşfiyyatın raportunda o da qeyd olunur ki,
İran isə əksinə, Baydenin seçilməsini istəyib.
Rusiyanın Baydeni nüfuzdan salmaq üçün
konkret hansı işləri gördüyü
açıqlanmır, amma birini mən deyim. Bu işin
içində Ukraynadakı bəzi çevrələr, hətta
prezident Zelenskiyə yaxın şəxs də olub.
2020-ci il mayın 19-da Ukrayna Ali Radasının
deputatı Andrey Derkaç mətbuat konfransı keçirərək
prezident Poroşenko ilə ABŞ vitse-prezidenti Bayden
arasındakı telefon danışığının səs
yazısını ictimaiyyətə açıqlayıb. Səs yazısında Ukrayna baş prokuroru
Şokinin istefaya göndərilməsi müzakirə olunur.
Baş Prokurorluq o vaxt "Burisma" qaz şirkəti
ilə bağlı təhqiqat aparırmış, bu şirkətdə
vaxtilə C.Baydenin oğlu Hanter də çalışıb.
Prezident Tramp və çevrəsi Hanter Baydenin
korrupsiyaya qarışdığını, atasının isə
onu xilas etdiyini söyləyərək seçki kampaniyası
boyunca bu səs yazısından Bayden əleyhinə istifadə
etdilər. Lakin Tramp həmin bəyanatları
verdiyi günlərdə ABŞ Maliyyə Nazirliyi (hansı ki
birbaşa prezidentə tabedir) bu hadisə ilə əlaqədar
sərt qərarlar qəbul etdi. Nazirlik
olayın arxasında Rusiya xüsusi xidmət
orqanlarının dayandığını və
A.Derkaçın Rusiya agenti olduğunu bəyan edərək
bu şəxs başda olmaqla, 7 Ukrayna vətəndaşına
sanksiya tətbiq olunduğunu açıqladı. Sanksiyaya məruz qalan şəxslərdən biri də
Zelenskinin "Xalqın Xidmətçisi"
Partiyasının fəal üzvlərindən olan deputat Aleksandr
Dubinski idi. Dubinski oliqarx İqor Kolomoyskiyə
yaxındır və onun telekenalında (1+1)
çalışıb.
Bayden
andiçmədən dərhal sonra kəşfiyyatı
toplayıb, təlimat verdi ki, Rusiyanın və
digər dövlətlərin seçkilərə müdaxiləsini
araşdırıb, ona raport təqdim etsinlər. Məhz bu raportu aldıqdan sonra Bayden bu gün
"ABC News"a müsahibəsində Putini qatil adlandırdı.
"Bizim onunla uzun telefon söhbətimiz oldu.
Söhbət ondan başladı ki, məni onu yaxşı
tanıdığımı, onun da məni yaxşı
tanıdığını dedim. Bildirdim ki, əgər
seçkilərə müdaxilə etdiyinizi müəyyən
etsəm, onda hazırlaşın", - deyə Bayden söyləyib.
O, vaxtilə Corc Buşun Putin haqqında dediyi "mən onun
gözlərinə baxdım və qəlbini
gördüm" sözlərinə nəzirə kimi Putinin qəlbi
olduğuna şübhə etdiyini söyləyib.
İndi gələn həftə bu məsələ ilə
bağlı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunacaq. Bu gün isə
ABŞ Ticarət Nazirliyi Navalnı məsələsi ilə əlaqədar
Rusiyaya qarşı yeni məhdudiyyətlər elan edib.
Təkrar Ukrayna mövzusuna qayıtmalı olsaq, qeyd etmək
lazımdır ki, Bayden hələ də Zelenskiyə zəng
etməyib, baxmayaraq ki, o və hökuməti Ukrayna məsələsini
diqqət mərkəzində saxlayır. Bayden Zelenskidən 3 istiqamət
üzrə konkret addımlar gözləyir:
1. Rusiyaya
bağlı 5-ci kolonun zərərsizləşdirilməsi;
2.
Oliqarxik sistemin dağıdılması;
3. Məhkəmə-hüquq
islahatlarının sürətlə həyata keçirilməsi,
Milli Antikorrupsiya Bürosu kimi yeni təsisatların, eləcə
də Milli Bankın müstəqilliyinə tam təminat verilməsi.
Ötən 6 ildə Qərb Ukraynaya siyasi, iqtisadi, hərbi
dəstək versə də, ortada konkret nəticələr
çox azdır, oliqarxik-korrupsion düzən yerində
qalır (Qərbin dəstəyinin nə dərəcədə
yetərli olduğu mövzusunda mübahisə etmək olar). Vaşinqtonda Ukrayna hökuməti
təmsilçilərinə deyirlər ki, necə olur, Rusiya
işğalından şikayətlənib, bizdən dəstək
istəyirsiniz, amma Rusiyaya bağlı adamlar Ukraynada hələ
də sərbəst fəaliyyət göstərir, hətta
dövlət strukturlarında təmsil olunur, üstəlik,
milyardlar qazanırlar.
Məhz
bu qəti mövqedən sonra Ukraynada Rusiya şəbəkəsinə
qarşı ötən 6 ildə olmadığı qədər
sərt tədbirlər görülməyə başlanıb,
hazırda bu proses davam edir.
ABŞ-ın Zelenski qarşısında ən çətin
və ağrılı tələbi isə Kolomoyskinin məhv
edilməsidir.
Zelenski Kolomoyskinin proyektidir, onu məhz
oliqarxın telekanalı məşhurlaşdırıb. Təsadüfi deyil ki, prezident Poroşenko ilə
arası dəydikdən və bankı ("Privatbank") əlindən
alınaraq milliləşdirildikdən sonra ölkəni tərk
edərək İsrailə gedən Kolomoyski prezident
seçkilərindən dərhal sonra Ukraynaya dönüb.
Məsələnin ciddiliyini göstərən
fakt budur ki, ABŞ hökuməti martın 5-də Kolomoyski və
onun ailə üzvlərinə qarşı sanksiya tətbiq
etdi və bu qərarı şəxsən dövlət katibi
Blinken açıqladı. Zelenski də məcbur
olub, ABŞ-ın qərarını dəstəklədiyini
bildirdi və oliqarxlara qarşı mübarizə
aparacağını söylədi. Ukrayna
Baş Prokurorluğu isə "Privatbank"ın rəhbərliyinə
rəsmi ittihamlar irəli sürdü, hətta bankın
işini araşdıran prokurorlar buna cəsarət etmədikləri
üçün baş prokuror İrina Venediktova şəxsən
özü ittiham aktını və həbs orderlərini
imzaladı. Fevralın 22-də "Privatbank"ın
İdarə Heyəti sədrinin sabiq 1-ci müavini Vladimir
Yatsenko Kolomoyskinin şəxsi təyyarəsi ilə ölkəni
tərk etmək istəyərkən təyyarə son anda -
Ukrayna hava məkanını tərk etməyə bir neçə
dəqiqə qalmış yerə endirildi və Yatsenko
saxlanıldı...
Bu hənanın o həna olmadığını
başa düşən Putin isə imitasion demokratiyadan imtina
edərək avtoritarizmi ciddi şəkildə sərtləşdirmək
zorunda qalıb. Maskalar atılıb. Moskvada
tez-tələsik, ardıcıl şəkildə hüquq və
azadlıqları məhdudlaşdıran mürtəce qanunlar
və qərarlar qəbul olunmaqda, vintlər
sıxılmaqdadır. Putin rejimi
hazırda Rusiyanı "alınmaz qala"ya çevirir.
Onları ümidləndirən əsas amil isə
Qərb demokratik sitemləridir. Putin bunu hər
zaman Qərbin zəifliyi kimi görüb. İndi Moskvada
düşünürlər ki, qoca Bayden ya vəfat edəcək,
ya da uzağı 4 il sonra gedəcək,
Tramp 4 il sonra ABŞ-ı yenidən cəhənnəmə
çevirəcək, ölkədə xaos başlayacaq. Avropa Birliyini isə Rusiya heç vaxt ciddiyə
almayıb.
Asif Nərimanlı,
jurnalist:
- Ermənistan
üçün tranzit: Bakının İrəvan üzərində
təsir strategiyası
Rusiya
qazı Ermənistana növbəti üç həftə ərzində
Azərbaycan vasitəsilə çatdırılacaq: səbəb
"Şimali Qafqaz-Cənubi Qafqaz" kəmərində təmir
işlərinin aparılmasıdır.
Bakının ermənilərin soyuq havada donmaması
üçün tranzit olması yaxın və uzaq perspektiv
üçün yeni imkanlar yaradır.
Yaxın
perspektiv: Rusiya, Ermənistan və beynəlxalq ictimaiyyət;
1. Ermənistanın
qaz tədarükünün texniki problemə görə
dayanmamasını Moskva Bakıdan istəyib, Azərbaycan
razılaşır və bununla üç həftə
qazsız qalacaq Ermənistanda Rusiyaya qarşı arta biləcək
narazılığın qarşısını almaqla Moskvaya
jest edir, həm də regional əməkdaşlıqda
maraqlı olduğunu göstərir;
2. Eyni
jest Ermənistanla bağlı Bakının strateji planında
xüsusilə önəmlidir:
- ermənilər üç həftə
qazsız qalacaqlarsa, bu, onsuz da ciddi təzyiqlə üzləşən
Paşinyan hakimiyyəti üçün əlavə problem
yarada bilər: Bakı Ermənistan
hakimiyyətini çətin vəziyyətdən xilas edir və
Nikolun revanşist qüvvələrin qarşısında əlini
gücləndirir;
-
Paşinyan ermənilər üzərində münaqişənin
həll edilməsi və Ermənistanın blokadadan
çıxmasının müsbət tərəflərini əyani
şəkildə göstərmək imkanı əldə
edir;
- bu, Bakının "erməni xalqı bizim
düşmənimiz deyil" tezisinin ermənilərə
açıq şəkildə nümayiş etdirilməsidir;
- ermənilər münaqişənin həllindən
sonra blokadanın aradan qaldırılmasının ilk nəticələri
ilə qarşılaşacaq;
Beləliklə, Ermənistan hakimiyyəti regionda normal
münasibətlərin qurulmasının xeyirlərini öz
xalqına göstərə, Azərbaycan da belə imkan
yaratmaqla Ermənistan üzərində təsir imkanları
qazana bilər.
3.
Bakı bununla beynəlxalq ictimaiyyətə əməkdaşlığa
açıq olduğunu əyani şəkildə göstərir:
diplomatiya üçün önəmli istinad nöqtəsidir;
Azərbaycan üç həftəlik tranzit gedişi ilə
müharibədən sonra həyata keçirdiyi regional əməkdaşlıq
strategiyasında ciddi addımlarından birini atır.
Və
burada uzaq perspektivdə mümkün imkanların
qazanılması da var: Azərbaycan qazı üçün
Ermənistan bazarı;
Ermənistan
üçün uzaq Rusiya qazındansa qonşu Azərbaycan
qazını almaq perspektivi açılır: üç həftəlik
təchizatla erməni cəmiyyətinə belə imkanların
olduğunu göstərmək imkanı var; Azərbaycanın
Ermənistan bazarına çıxışı bu ölkənin
iddialarından əl çəkməsi, ümumilikdə,
Bakı-Ankara təsir dairəsinə daxil olması
baxımından əhəmiyyətlidir;
Önümüzdəki
bir il ərzində
İğdır-Naxçıvan boru kəmərinin inşası
başa çatdırılacaq. Naxçıvanın qaz təchizatına
hesablanan bu kəmər Azərbaycan qazının gələcəkdə
Ermənistan bazarına çıxarılması
üçün də infrastruktur ola bilər.
Aydın
Talışınski, uzman doktor:
- Sadəcə
ordumuzu deyil, tibbimizi, təhsilimizi, hətta mənzil istismar
kommunal xidmətini də Türkiyə standartlarına
keçirməliyik.
Etibar
Əliyev, millət vəkili:
-
SOCAR-ın prezidenti Rövnəq Abdullayevin 12 vitse-prezidenti var:
Yusifzadə Xoşbəxt-Birinci vitse-prezident
Qasımov Süleyman-İqtisadi məsələlər üzrə vitse-prezident;
Nəsirov Elşad Sərmayələr və marketinq üzrə vitse-prezident;
Məmmədov
David-Emal üzrə vitse-prezident;
İsmayılov
Mikayıl-Vitse-prezident;
Bədəlov
Bədəl-Sosial məsələlər üzrə
vitse-prezident;
Məmmədov
Xalik-Kadr, Rejim və İnfor
masiya
texnologiyaları üzrə vitse-prezident;
İskəndərov
Daşqın-Neftin, qazın nəqli və qaz təsərrüfatı
məsələləri üzrə vitse-prezident;
Hüseynzadə
Rəfiqə-Ekologiya üzrə vitse-prezident;
Qəhrəmanov
Tofiq-Strateji inkişaf üzrə vitse-prezident
Bəhram
Hüseynov-Geodeziya və geofizika məsələləri
üzrə vitse-prezident;
Yaşar Lətifov-Yataqların işlənməsi
üzrə vitse-prezident.
Görəsən, bu qurumda neçə idarə
və şöbə fəaliyyət göstərir? Vitse-prezidentlərin
xidmətində nələr var? Maşınlar, köməkçilər,
məsləhətçilər, katibələr və s.
525-ci qəzet.- 2021.- 19 mart.- S.10.