Ələkbər Salahzadə - içində qərib adam

 

Ələkbər Salahzadə uzun illər gəncliyin jurnalına rəhbərlik etdi. Daha sonra incəsənət toplusuna məsləhət bildilər; incəsənətin yaradıcılıq ruhunun və dəyər yönəminin formalaşması kimi bir funksiya daşıdığını da nəzərə alsaq, şairin bu mövqedə görünməsi təbii idi.

 

Redaktorluq onun üçün də, mənsub olduğu nəslin əksər nümayəndələri kimi, ədəbiyyatın və mədəniyyətin, əsl sənətin dəbə yox, dəyərə işləməsi məsuliyyətinə ekvivalent idi, Ələkbər Salahzadə və onun nəslinə mənsub olanlar ədəbiyyatda, sənətdə dəyərin mahiyyətini və məzmununu şou niyyətlərindən uzaq tutmağı bacarırdılar. Çünki peşəkarlığın və estetik idealın səviyyəsini və sərhədlərini dəqiq bilirdilər. Onlar dəyəri heç də köhnənin ətəyindən bərk-bərk yapışıb durmaq kimi, yaxud inkişafın, müasirliyin əl-ayağına dolaşan buxov kimi hiss etmirdilər. Qarışan dünyada, zövqlər xaosunda yol göstərən, azmamaqda və əriyib-itməməkdə yolgöstərən qəbul edirdilər, ucalmağa dayaq, kök kimi dərk edirdilər. Ələkbər Salahzadə və onun nəsildaşları redaktorluğu şəxsi mənafe və kimdənsə qisas almaq, kiməsə yarınmaq vasitəsi kimi qavramırdılar, ən azı, bu, onların ədəbi əxlaqına zidd olduğuyçün. Amma Ələkbər Salahzadə məhz nadan iddiaların arxada cövlan edən və üzə dirənmiş tərbiyəsizliklə cəsarəti ayırd edə bilməyən sırtıqlığından ikrah edərək özünə qapanırdı, bunca adam dolaşan dəhlizlərdən bağlı qapıların sükutunda özünüaldatmaya sığınırdı. Ələkbər Salahzadə ədəbiyyatı şouya çevirmək cəhdlərinin iştahasınımı başa düşmürdü, yoxsa bu iyrəncliklərə göz yummaqla cavab verən sükutun içində ətrafın "yeni tərzə" biganə susqunluğunumu? Ələkbər Salahzadəni, bəlkə söz adamı kimi ədəbiyyatı şouya sürükləyənlərin və bunu "böyük ədəbiyyata xidmət" kimi bağıranların mənəmlik miskinliyindən betər, bu miskin oyunları bilə-bilə, onları meydana salıb rəvac verənlərin seyrçi sükutu incidirdi. Özü kimi, sözün də incidiyini, sözün, dəyərlərin bunca urvatsız günə salınmasını görüb inciyənlərin ağrısını da ürəyinə salırdı; hərdən biganə olmaq istəyirdi, əhmədi-biqəmliyinə salmaq istəyirdi... Çoxdan başa düşmüşdü:

 

Gözünü yumsan

Qulağın görəcək

Qulağını tıxasan gözün eşidəcək.

Gözünü yumduqların

Bir yer tapıb

Girəcək ürəyinə,

bədənini göz-göz,

deşik-deşik edəcək.

Qulağını tıxadıqların

Nəyəsə çevriləcək,

Böyüyəcək,

Böyüyəcək -

Gözlərinə görünəcək!

Odur ki,

Gözünü yummaqdan,

Qulağını tıxamaqdan

Biryolluq əl çək!

 

Ələkbər Salahzadə bu şeirindən yıxıldı, onun ölümünü əzrayıl gətirmədi, bu şeirindəkilər gətirdi, əslində. Yoxsa, Ələkbərin hələ çox işi vardı; gözünün azalmaqda olan nuru qayıtmışdı, sevinirdi, tərcümə kitabı çıxmışdı, tərcüməsi yüksək qiymətləndirilmişdi; ədəbiyyat mükafatına layiq bilmişdilər (söhbət Bosniya və Hersoqovina yazıçısı Meşa Selimoviçin "Dərviş və ölüm" romanının tərcüməsindən gedir), ruhlanmışdı, bir yığın ailə qayğıları və sevincləri onu gözləyirdi...

 

Hamı onun susqunluğunu xasiyyətinə, təbiətindəki utancaqlığa bağlayırdı. Hamı onun obrazının ayrılmaz atributundan - damağından düşməyən siqaretindən yazırdı. Ona qalsa, onlar heç də Anarın qəlyanını milli sərvət kimi təqdim etmək uzaqlığına gedib çıxa bilmirdilər! Halbuki bizim nağıllarımızda, düşüncəmizdə siqaret, qəlyan təkcə kişinin yox, həm də, evin qayğısına kişi kimi çiyin verən nənələrimizin, bir sözlə, çək-çevir əlində qalan, qərar vermək məsuliyyətini dərk edən insanın söykənəcəyi olub əvvəllərdə.

 

Ələkbərin siqaret çəkməyində təəccüblü, əlahiddə, fövqəladə nə vardı? Heç nə. Sadəcə, dərd çəkdiyini gizlətməkçün siqaret çəkirdi, göynəyini sovurub çıxarırdı qəlbindən, ruhundan...

 

Dərd "ev dərdi, uşaq dərdi, nazlı dilbər dərdi" deyil kişi üçün, şair üçün. Sahilini aşa bilməməyin xiffətindən suyu azalan dənizin kədəri, yayın cırhacırında susuzluqdan cadarlamış ağacın yanından polad boruda əsir keçən suyun, illah da ağacın müsibəti, göz qabağında ola-ola "hayanda durum ki, görəsən məni" xiffəti , 38 yaşlı Lorka, 29 yaşlı Müşfiq, Xocalıda şəhid olan ruhumuzun xəcilliyini gizlədə, ört-basdır edə bilməmək zəifliyi... Sakit, səssiz... Siqaret çəkmirdi, günahların, səhvlərin, ağrıların, itkilərin, səxavətlə payladığı, görmək istədiklərində görmədiyi təbəssüm.., bəlkə bütün bunlar, bəlkə tamam başqa şeylər... demək çətindi... Bir şey aydındı: gücü çatmırdı çəkməyə.

 

Ələkbər xor ifaçısı deyildi, onun özüylə, dünyayla, xatirələrlə... "dərdləşməsi" solo ifaçılığıydı. Ələkbər üçün bu dünyada da, şeirdə də ən çətin şey dialoq idi; üz-üzə danışmaqdan çox darılırdı. Ələkbər Salahzadənin ən məhrəm həmsöhbəti Ələkbər Salahzadəydi. Ələkbər onunla, yalnız onunla, vaxt vadisində dolaşıb xatirə çiçəkləri yığmağı, Müşfiqin monoloqunu dinləməyi, yalnız onunla heyrətlənməyi (sanki yaşıl bir pərdə çəkib yaşıl bir dövranın üstünü örtdü), Qobustan adlı zaman dolaylarında dolaşmağı istəyirdi. Bəzənsə... elə bilirdi ki, solistliyinin fərqində deyillər, onu dinləmirlər (haqlı deyildimi?!), özünü kənara çəkməyi də bundan irəli gəlirdi. Bəzən Ələkbərin "doğmalar arasında ögeylik qəribliyi" yaşaması şeirdə "hecadan" uzaqlaşıb "sərbəstin" havasına uymağını, "getsəm öldürərlər, getməsəm ölləm" tərəddüdünü də xatırladır. Yaxud qınaqlar; vaxtilə üzünə vurulan, haqlı-haqsız, tənqidlərə tuş olması, yaxud arxada deyinənlərin adda-budda qulağına gəlib çatan pıçıltıları: "Gül kimi şeirimizi qoyub nədi bu "yenilik"adlı əllaməçilik arxasınca düşməyi?!" Halbuki onun yaradıcılığının bütün mahiyyəti, havası

 

o illərdə, o yollarda

o yellərdən əsən mehdi.

o sözlərin havasıdı,

o tellərdən əsən mehdi...

 

Ələkbərin bu "ikiləşməsi" sözə üz tutub yol gəldiyi gündən onunlaydı, ancaq kimi inandırasan, kimə sübut edəsən ki:

 

Bu yerlər dünyaya gəldiyim yerlər,

Gəlmişdim, gedirəm, getməyim gəlmir.

istərəm ömrümdə qazanc bir günü,

yenə də ötürüm,

Getməyim gəlmir.

 

Arzularının işığını görüb duya bilməyənlər niyəsə onun "əzabkeş" obrazını yaratmağa cəhd ediblər, şeirinin nəfəsini hiss etməyənlər, nədənsə, onun intonasiyasının ahəngini yox, misralarının nəfəsini yox, sosial-mənəvi diqqətsizlikdən əzab çəkməyini səylə qabardırdılar. Əyalət düşüncəmiz bu gün də şairliyin - yaradıcılığın qiymətini mütləq təltifdə - özü də yalnız Xalq şairi fəxri adında, yüksək orden-medalda görmək klişesindən qopa bilmir və deyəsən, bilməyəcək də (Halbuki Ələkbər Salahzadənin yaradıcılığı çoxqatlı elitar etirafını almışdı - Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdü. Səhv eləmiriksə, yaşadığı mənzili də yazıçı kimi almışdı, ustadı Rəsul Rzanın adına olan Beynəlxalq mükafatla təltif olunmuşdu və sair). Belə düşüncə yaradıcılıq həzzinin necə böyük bir səadət olduğunu necə başa düşəcək?! Əslində isə, onun yaradıcı gücü fərqliydi. Salahzadə şeirindəki bədbinlik antropoloji pessimizmə bağlı deyildi!

 

Ələkbər Salahzadə - Bioqrafiya.com

 

Ələkbər Salahzadə bəlkə çoxundan tez, həssas bir fəhmlə yaşadığı dövrün özəlliklərinin yavaş-yavaş sürüşərək əldən çıxdığını, qüruba endiyini görürdü. Ona görə də onun intonasiyasında tərəqqiyə inamın, optimizmin yerinə tükənmənin yorğunluğu sezilirdi, cəmiyyət üzvünün fərdiliyi əvəzinə, yaradıcı insanın orijinallığı yerinə, ətrafın bəsit kütləviliyə meyillənmə ehtirası onun şair düşüncəsini tutqunluğa boyayırdı. Deməli, şair az qala sosial şizofreniya həddinə gətirəcək mənəvi aşınmaları qabaqcadan duymaqla, ümumi psixoloji mənzərədə postmodernin - bu çağırılmamış qonağın gətirəcəyi narahat məqamlardan nigarandı və bu, onun şair düşüncəsində seçilən psixoloji vəziyyəti büruzə verirdi, bəlkə də eyni dövrdə yaşayanların üçündən bir qədər ləng, bir qədər az, beşindən çox tez sezilirdi. Ələkbər Salahzadə gözlənilən ciddi təhlükəyə qarşı mədəni-mənəvi irsi diqqətdə saxlamağı, yaddaşı oyaq saxlamağı mütləq, vacib, zəruri bilirdi.

 

Bu torpağın üstü var,

Bu torpağın altı var.

Üstündə lay-lay səması,

Altında min qatı var.

Qara altun atları,

Qat-qat göy qanadları!

Bu torpağın indisi,

İndisinin

Altında keçmişi,

üstündə gələcəyi...

 

Lakin heç bir halda bədbinlik təlqin eləmirdi, sadəcə, özünü etnik mühitin rəngarəngliyində itirməməyə, seçilməyə ümidləndirirdi. Çünki Ələkbər Salahzadə bu yurdu, bu vətəni nəhayətsiz bir ehtirasla sevirdi və şeiri - düşüncəsi bu şövqün ötürücüsü ola bilirdi.

 

Bu yurdun

torpağı bir qarış artmasa belə

başı üstdə

qalxdıqca

qalxa biləcəyin səması var!

 

Qəribədir, bütün mahiyyətilə onun yaradıcılığının trendi sabahaydı, amma dünənə arxa çevirməklə, ənənəyə ağız büzməklə yox, dünənindən güc ala-ala , ənənəni təzə formaya salaraq gedirdi sabaha. Çünki Ələkbər çox erkən başa düşmüşdü ki:

 

Bütün gələnləri təzə deyil dünyanın,

Bütün köhnələri - köhnə!

 

Ələkbər Salahzadənin şair obrazı özündən sıyrılıb bir baş yuxarı, bir boy ucada durur, bu, faktdır! O, ustad bildiyi Rəsul Rza ilə yanaşı durmurdu, şöhrəti ilə onu ötüb keçmək iddiası və nəsibi olmadı, ancaq mənsub olduğu bu ədəbi məktəbə məhz Ələkbər Salahzadə naxışı vura bilirdi, bu məktəbin ayaq üstə dura bilməsi, möhkəmlənə bilməsi, pyedestalda qala bilməsi üçün orijinal yaradıcı əmək qoydu.

 

 

 

Ələkbər Salahzadə bayram şairi olmadı, ola bilmədi. Onun natiqliyi kütlə ehtirasına hesablanmamışdı. Ələkbər Salahzadə daxili monoloq xiridarıydı, o kəslərçün yazırdı ki, o kəslərə yazırdı ki, mikrofon aludəçisi deyildilər, səsucaldıcı küyü yox, özüylə qalıb qəlbiylə söhbət etməyi üstün tuturlar. O, oxucunun ardınca getmədi, oxucunu günün içindən, vaxtın yollarından keçirib uzaqlara, çox uzaqlara aparırdı. Bu uzaqlığın adı - oxucunun öz qəlbiydi. Elə ona görə də Ələkbər Salahzadə həyatdan getsə də, diqqətləri özünə yönəldə bildi, sağlığında olduğundan daha çox! Səslənməsiylə yox, səsiylə, səsləri dinləyə bilməsiylə. Dinləyə bilən insan düşünə bilir; düşünə bilirsənsə, düşündürməyi də bacaracaqsan!

 

Gün kimi aydın şeylərin

Üstünü örtmək nə üçün?

Gözgörəsi yalana

Ayrı rəng sürtmək nə üçün?

 

Bu idi Ələkbəri darıxdıran nəsnələr! Yaşamaq istəyirdi, hamı kimi, haqqı olanlara nail olmaq istəyirdi. Haqqı olmayanların layiq bilindikləri tərəzinin gözünü əyirdi. Ələkbər qışqıra bilmirdi, arifanə qımışmaqla baxırdı dünyanın gərdişinə, qəlbinin yaralarını sükut adlı sarğısıyla sarıyıb işinə davam edirdi; bir də eşidərdin, kitabı çıxıb, "Qobustan"ın növbəti sayı nəşr olunub...

 

Ələkbər Salahzadə ömründə bircə dəfə bədii həqiqətin ağılagəlməz gözlənilməzliyi ilə hamını çaş-baş qoydu; qəfil gedişi ilə hamını heyrətləndirdi... Bu heyrətin yeri qüssə dolu təəssüflə doldu - dondu.`

 

Ədəbiyyatın altmışıncılarından biri gəlib ömrün altmışına da çatmışdı, özü də yalançı atəşfəşanlıqla yox, qəzetlərdə özü haqqında tost, tərif yaz(dır)maqla(!) yox, gözünü "xəbərlər"in sərəncam rubrikalarına zilləyərək yox...

 

Nə yaxşı ki bilən yoxdu,

Soruşan yoxdu yaşımı.

 

Demək olmaz ki, unutmuşdular, yox, belə deyildi; tərcümə etdiyi sanballı əsərin nəşrini, qiymətləndirilməsini (yuxarıda qeyd olunmuş tərcümə kitabı) özünə, yubileyinə ən gözəl hədiyyə bilirdi. Ən maraqlısı da oydu ki, dostlar Ələkbərdə görünməmiş bir ruh yüksəkliyi müşahidə edirdilər və sevinirdilər! Elə bil Ələkbər Salahzadə hər gün bir az daha çox tələsirdi, amma qətiyyən ölümə yox!

 

Vətən, damar-damar yollarınla da

Hər qarış yerinə bağlanmalıydım.

Bəlkə indiyəcən mən heç olmasa

Divarda bir daşın adlanmalıydım.

Bir-bir hər qapıdan girmək çətindi,

Bir-bir hər obandan ötəydim gərək.

Bilirəm, hesabla bu yaşımda mən,

Sənə borclarımı qaytarmalıydım.

Başımmı qarışdı, gecmi alışdım?..

 

Ələkbər yalnız özünə bənzəyirdi; dost itkisinə, xoş təriflərə, şablonlara, klişelərə, yaxşılıq-yamanlıq anlayışlarına münasibətiylə fərqliydi. Yadımdadır, çox istedadlı esseist Zemfira xanım Əsədullayevanın hər yazısına onun özündən artıq sevinirdi, şəxsən mənə görə, ədəbiyyatımıza yeni nəfəs vəd edən bu gözəl xanımın çox vaxtsız ölümünə doğması kimi yanırdı, amma heç vaxt "xaç atası", "qayğıkeş hami" ədası ilə danışmadı, etdiyi yaxşılığı, köməyi dilə gətirmədi, dostları haqda xatirələrini mənsubiyyət şəkilçisinin birinci sətirindən asmadı...

 

Ələkbər Salahzadə həm də, hamı kimi, həmişə başa düşülməyin sevdasındaydı, üzündəki yalqız insanın təbəssümünü ağrıyla daşıyırdı. Ələkbər bəzən unudurdu ki, başa düşülməkdən əvvəl insan başa düşməyə cəhd etməlidir. Onun ağrılarının ilkin düyünü burada idi. Halbuki Ələkbər Salahzadə əsasən məhəlli düşüncə adamı deyildi, amma kosmopolit düşüncəylə heç cür uyuşmayan "ehtiyatlılığını"da başa düşmək asan deyildi. Məhz bu anlaşılmazlıqdan bəzən onu çox qiymətləndirən insanları da təəccüblə və təəssüflə baş-başa qoyurdu.

 

Bəzən biz daha çox qiymətləndirdiklərimizdən böyüklük, ucalıq, alicənablıq umuruq, onların xırdalanmasını görmək istəmirik...

 

Qəribəlikləri vardı və bu qəribəliklər bəzən onun şair obrazına yaraşmırdı, heç yaraşmırdı.

 

Mən Ələkbər Salahzadənin qədərsiz diqqət və hörmətindən, "nədən istəyirsiz, hansı mövzuda istəyirsiz, təki bizə də yazın" - deyə redaktoru olduğu jurnalla əməkdaşlıq təklifindən nə qədər məmnundumsa, bir dəfə sifariş verdiyi yazıda "mikroskopik" gəzişmələrini, təəccüblü məsləhətini heç cür başa düşmədim, hətta belə göründü ki, cəsarətliliyə iddialı redaktorun bu sözüylə əməlinin heç də həmişə üst-üstə düşmədiyi məqamlar da olurmuş... Sadəcə, prinsipial məsələlərdə güzəşt məcazıma uyğun olmadığından, münasibətləri yeni sətirdən başlamağı məqbul hesab etmədim. Amma, bu dediklərim heç vaxt və heç bir halda mənim Ələkbər Salahzadə adlı şairə ehtiramlı münasibətimə kölgə salmadı...

 

... Bir dəfə Ələkbər Salahzadəni avtovağzalda gördüm. Həyat yoldaşı yanında, rayon avtobusuna yaxınlaşırdı, amma Ələkbər o anda Bakıda deyildi, avtovağzalda deyildi; Ələkbər çoxdan çatmışdı rayona, genişliyə, qoyub gəldiyi ata ocağının xiffətini dəryazın ağzına verə biləcəyi biçənəyə, özüylə baş-başa qala bildiyi yerlərə. O anda Ələkbərin üzündə elə bir ifadə vardı ki, tanımayan elə bilərdi, Nobel mükafatı alması xəbərini qəfil çatdırıblar ona və xoşbəxtlikdən, Fikrət Qoca demiş, sinəsinə sığmırdı ürəyi.

 

Mən qayıtmaq istəyirəm

Yaddaşıma

Gül-çiçək beşiyimə.

Palıd qabığıma, tut yarpağıma,

Yun evimə-eşiyimə.

 

Süd qoxulu bu duyğularıyla Ələkbər şeirimizin "qayıdış" himnini yaza və qələbəsini yaşaya bilmiş Musa Yaqubun nəfəsilə səsləşir, amma Ələkbərin tərəddüdü-istəyi daxili nitq aktı təsirindədir; Musa Yaqub "səhvini", təəssüfünü ucadan söyləməkdən çəkinmədi, Ələkbər Salahzadə isə, hər yerdə hədəfdə, hər yanda üzdə olmaqdan sıxılırdı.

 

Ələkbər Salahzadə - darıxan adam!

 

Hər yay kəndə tələsirdi; ot biçininə, taya qoymağa başı qarışanda darıxmağını unudurdu, bir vaxt qoyub gəldiyi, vaxt ötdükcə qərib tövrləriylə ürəyinin başını sökən ata yurdu, uşaqlığının izlərini yaşadan hər cığır, hər keçid qarşısında "günahını yumağa" can atırdı. Təvazökarlığından, heç vaxt ağlına gəlmədi ki, Ələkbər Salahzadə kəndinin, soyadının adını-taleyini Azərbaycan ədəbiyyatının tərcümeyi-halına yazıb.

 

Rahatlıq, komfort Ələkbər Salahzadənin halal haqqı olsa da, nəsibi olmadı. Amma heç vaxt qapılar döymədi, kürsülər qarşısında ağlayıb-sıtqaya, əzilə-büzülə özünə əlahiddə imtiyazlar tələb etmədi, halbuki haqqı çatırdı. Onun davası özü ilə oldu; məsuliyyətsizliyə, etinasızlığa səsini qaldırmadı, kimsənin xətrinə dəymək istəmədi... Özünə sığışdırmadıqlarına başqalarının - umduqlarının həssas olacağını gözləmək də onun haqqıydı...

 

Ələkbər Salahzadə zahiri effektlərə aludə deyildi, dincəlməyi dəbdəbədə yox, qulaq dincliyində tapa bilirdi. Ona çox yaxın olan insanlardan biri danışırdı ki, Ələkbər son bir neçə ildə yay istirahətini həm də Nabranda çox kiçik, yol kənarının səs-küyündə, lap ləpədöyəndə bir otaq kirayə edib qalırdı və o darısqallıqda özünü o qədər rahat, asudə, məmnun hiss edirdi ki... Və onu başa düşmək çox da çətin deyildi!

 

Ələkbər Salahzadə - içində olan adam!

 

Ələkbər Salahzadə təkcə özündən çıxıb gedə bilmədi heç vaxt. Ələkbər Salahzadə özündən, ətrafından sıyrılıb gedə bilməyin bir yox, bir neçə yolu olduğunu bilmədi... Ələkbər Salahzadə bu dünyada məişət çətinliklərini yendirməyin də yolunu bilmədi; xahiş-minnətlə özündən sonrakılara gün ağlamağın, güzəran düzüb-qoşmağın yolağasını tanımadı. Bəlkə də Ələkbər Məmmədsalah oğlu bilirdi bu yolları, amma Ələkbər Salahzadəyə öyrədə bilmədi. Sıxıntıdan qurtulmağınsa, bir klassik yolunu bilirdi - hamının gedəcəyi bir yola yolçu olanlar arxada qoyub getdiklərinin təsəlliylə barışıb yaşamağa davam edəcəklərinə əmin olub gedirlər... Bir də əminliyi vardı - özünü Sözə verib gedirdi. O Sözə ki, hər cür doğmadan, hər cür dostdan, hər cür arayandan daha etibarlıdır...

 

Dediyin sözə enməkdən,

səni söz-söz oxumaqdan,

səni söz-söz anmaqdan

sənə söz-söz yanmaqdan...

yaxşı bir şey yox!..

 

Ələkbər Salahzadə ədəbiyyatda, minillik Azərbaycan poeziyasında bu gün bu etirafı öz ünvanına yaza bildi.

 

Südabə AĞABALAYEVA

 

525-ci qəzet .-2021.- 18 mart.- S.10.