Litvalı
müəllifin uydurma
erməni tarixini alt-üst edən məqaləsi
Litvalı tarixçi
Paulyus Vaytekunasın oxuculara təqdim etdiyimiz "Bir daha Ermənistan və ya 26 komissar haqqında" adlı bu məqaləsi
1990-cı ilin fevralında
dərc olunub.
Məqalə digər
litvalı müəllif
- xanım Marite Kontrimaytenin Qarabağ münaqişəsi ilə
bağlı 18 və
23 yanvar 1990-cı ildə
Litvanın "Respublika" qəzetində çap etdirdiyi qatı antiazərbaycan mövzulu yazısına cavab olaraq yazılıb.
P.Vaytekunas o zaman ABŞ litvalılarının 1916-cı ildən indiyədək Klivlend şəhərində
litvaca nəşr olunan "Dirva" milli həftəliyinin
müxbiri idi.
P.Vaytekunasın məqaləsində
göstərilən və
tutduğu ədalətsiz
mövqeyinə görə
ünvanına iradlar bildirilən M.Kontrimayte
"Böyük Ermənistan"
xülyasını və
qondarma erməni soyqırımını təbliğ
edən radikal ermənipərəst Avropa
qüvvələrinin Litvadakı
fəal təmsilçisi
və alovlu tribunu olub. Bu litvalı xanımın Azərbaycan ictimai-siyasi, mədəni və elmi dairələrində geniş tanınmadığını
nəzərə alaraq,
öncə onun ermənipərəst fəaliyyətinə
aid bəzi təfsilatları
açıqlamaq istərdik.
Marite Kontrimayte
həm də Litva şairi və ictimai-mədəni xadimidir.
1947-ci ilin fevralında
Litvanın Plunge rayonunda
doğulub. 1965-1970-ci illərdə
Vilnüs Universitetində
Litva dili və ədəbiyyatı ixtisası
üzrə təhsil alıb. 1971-1973-cü illərdə
Yerevan universitetində erməni
filologiyası sahəsində
təcrübə kursu
keçib. Erməni dilini və ədəbiyyatını yaxşı
öyrənib. Yüksək
səviyyəli peşəkar
ədəbi tərçüməçi
olub. Hovannes Tumanyan, Gevorq
Emin, Paruyr Sevak, Hrant Matevosyan, Arevşat Avakyan, Hovannes Qriqoryan,
Vahaqn Qriqoryan, Rafael Nahapetyan,
Karen Simonyan və başqa
erməni yazıçılarının
bir sıra əsərlərini Litva dilinə
tərcümə edib.
M.Kontrimaytenin özünün
şeirləri ötən
əsrin 70-ci illərində
tərcümə edilərək
ədəbi nəşrlərdə
Azərbaycan oxucularına
təqdim olunub, həmçinin, 1976-cı ildə
Litva şairlərinin Bakıda
buraxılmış "Yasəmən"
adlı şeirlər
toplusuna daxil edilib.
M.Kontrimayte yeni dövr
Litva Xristian-Demokratlar Partiyasının
öncüllərindən olub.
1991-ci ildə həmkarları
ilə birgə sağ təmayüllü
Litva Jurnalistlər Cəmiyyətini
təsis edib və 2008-2011-ci illərdə
bu təşkilatın
sədri olub. 1992-ci ildə Vilnüsdə
Litva-Ermənistan Cəmiyyətini
yaradıb. Dağlıq
Qarabağ ermənilərinə
humanitar yardımların
toplanmasını təşkil
edib və yükləri mənzil başına qədər şəxsən müşayiət
edib. O, 1915-ci il "Erməni
soyqırımı"nın 2005-ci ildə Litva Parlamentində
tanıdılmasının ən fəal təbliğatçılarından biri olaraq mühüm
təşkilati işlər
görüb, bu mövzuda radio və televiziyada çıxışlar
edib, çoxsaylı yazılar dərc etdirib, Ümumdünya
Litva Ensiklopediyası üçün
məqalələr hazırlayıb,
Osmanlı və Azərbaycan türklərinə
qarşı yazılmış
publisistik və tarixi nəşrləri erməni, ispan, alman, rus və polyak
dillərindən Litva dilinə
çevirib yayımlayıb,
müxtəlif antitürk
mövzulu açıq
tədbirlər keçirib.
M.Kontrimaytenin "Böyük
Ermənistan" xülyasına
həqiqət donu geyindirmək sahəsindəki
xidmətləri Ermənistan
dövləti tərəfindən
yüksək dəyərləndirilib.
2012-ci ildə ona Ermənistan Elmlər Akademiyasının Fəxri elmlər
doktoru adı verilib. 2015-ci ildə isə Ermənistanın Qriqor Narekatsi medalı və Ermənistan Respublikası
Mədəniyyət Nazirliyinin
təşəkkürnaməsi ilə təltif olunub. Elə həmin ildə ona Gümrü şəhərinin Fəxri vətəndaşı
adı verilib.
M.Kontrimayte 2016-cı ilin
aprel ayında vəfat edib və Vilnüsdə əsası 1809-cu ildə
qoyulmuş məşhur
Antakalnis məzarlığında
görkəmli incəsənət
xadimlərinin dəfn
olunduğu 25-ci kvartal
adlanan xiyabanda dəfn edilib. Dəfn mərasimində erməni keşişi də iştirak edib və dualar
oxuyub. Bir neçə
il öncə məzarı
üstündə Qarabağdan
gətirilmiş xaçkar
qoyulub.
M.Kontrimaytenin həyat
yoldaşı Ruslan Arutyunyan (1950) tətbiqi riyaziyyat sahəsində alitəhsilli
mütəxəssisdir. O, uzun
müddət Litva Erməniləri
Cəmiyyətinin rəhbəri
olub, 2000-2006-cı illərdə
həm də Litva
Milli İcmalar Şurasının
sədri kimi fəaliyyət göstərib.
Qeyd edək
ki, P.Vaytekunasın 31
il öncə yazılmış
və hələ də öz aktuallığını itirməmiş
bu məqaləsi Vilnüsdə nəşr
olunan "Respublika" qəzetinin
28 fevral 1990-cı il tarixli
sayında dərc edilib və Azərbaycan dilinə həmin mətn əsasında tərcümə
olunub.
***
Bir daha Ermənistan və ya 26 komissar
haqqında
Marite Kontrimayte
(Marite
Kontrimaytenin Ermənistan
haqqında məqaləsinə
dair qeydlər)
Paulyus VAYTEKUNAS
ABŞ litvalılarının "Dirva" həftəliyinin müxbiri,
Ohayo ştatı, Klivlend şəhəri
Yenidən nəşr
edilməyə başlanmış
"Ausrine"-"Dan ulduzu"
(Litva Sayudis Xalq hərəkatının məşhur
mətbu orqanı
"Atgimimas" ("Dirçəliş")
siyasi qəzetinin
(1988-2013) gənclər üçün
əlavəsi olaraq Vilnüsdə 1989-90-cı illərdə
litvaca buraxılmış
nəşrdir - M.H.) qəzetində
ilk dəfə Ermənistan
haqqında, daha doğrusu, Ermənistanın
ərazi iddiaları haqqında oxuduğum gün yaxşı yadımdadır. O vaxtlar litvalıların çoxu,
mən də daxil olmaqla ermənilərin
"haqq işinə"
rəğbət bəsləyirdilər.
Başqa cür ola da bilməzdi, axı, ermənilər öz tələblərini ciddiyyətlə
və xüsusi bir coşqunluqla irəli sürürdülər.
Ən önəmlisi də bu idi
ki, Litva üçün dirçəliş
və dönüş
ili olan 1988-ci ildə onlar bizim tələblərimizi
də dəstəkləyirdilər.
Ermənilər xalqlarımıza
məxsus dini və etnik dəyərlər
arasında paralellər
çəkir və mümkün olan hər bir bənzər
cəhətimizi vurğulayırdılar.
Bütün bunlar ictimaiyyətə sadəcə
oxşar düşüncəli
xalqların identiklik amilləri kimi təqdim olunurdu və sentimental hisslər oyadırdı. Nəticədə
hər şey yazıçı Marite Kontrimaytenin bu yaxınlarda Litvada dərc edilmiş məqaləsində təsvir
olunan kimi təsəvvür edilirdi:
yəni tərəflərin
biri hücum edir, digəri isə müdafiə olunurdu.
Ancaq bir zaman
sonra - 1989-cu ilin aprel-may aylarında mən Tbilisi qanlı bazar
günü hadisələri
haqqında material toplamaq
üçün bu şəhərə səfər
etdim. Daha sonralar isə iki dəfə
Azərbaycanda və Qarabağda oldum. Oralarda çoxlu sayda azəri və erməni ilə rastlaşdım, gözlərimin önündə
istər-istəməz erməni
təbliğatının təsvir
etdiyi vəziyyətə
uyğun gəlməyən
başqa bir mənzərə canlandı.
Tarixi mövzuda cild-cild kitablar oxudum, halbuki bu kitabların müəlliflərinin çoxu
erməni kökənli
idilər (Ümumən
burada maraqlı bir mənzərə ilə rastlaşdım: türkologiya sahəsində,
Qafqaz tarixi üzrə və hətta İslam haqqında
rus dilində çap olunmuş tarixi-coğrafi kitabların
demək olar ki, hamısının müəllifləri
ermənilər idilər.
Buna bir etirazım yoxdur və sevinirəm ki, istedadlı
xalqdırlar, lakin tam aydın səbəblərə
görə mən
İslam barədə müsəlmanların
da yazdıqları ədəbiyyatla
tanış olmaq istərdim). Gəlin mövzudan uzaq düşməyək. Amma hər
halda bizə "tarixə baş vurmaq" lazım gəlir. Çünki M.Kontrimaytenin təbirincə desək, yalnız tarix bu münaqişənin səbəblərini başa
düşməyə kömək
edə bilər.
Görünən budur ki,
bu qanlı tarix həm də ibrətamizdir. Öncə müxtəlif
vaxtlarda Yaxın Şərqə dair çap olunmuş qədim xəritələri
vərəqlədim və
gördüm ki, keçmişdə
etnik Ermənistan indiki Sovet Ermənistanından
xeyli cənubda yeləşirdi. Çar Rusiyasında əhalinin siyahıya alınmasına
aid məlumatları yoxladım,
onları bugünkü
demoqrafik göstəricilərlə
müqayisədə etdikdə
aydın olur ki, sən demə, inqilaba qədər müasir Ermənistan ərazisində digər millətlər çoxluq
təşkil edirdilər.
Onda belə bir sual ortaya çıxır:
hansı ideologiya və kimlərin həyata keçirdiyi siyasət nəticəsində
bugünkü Ermənistan
monoetnik respublikaya çevrilib?
Qarabağ tarixinə
nəzər salarkən,
filoloji və tarixi izahların heç dərinliyinə belə varmadan görmək olar ki, bizim eranın əvvəllərində bu
ərazilərdə Qafqaz
Albaniyası dövləti
olub. Bəs sonra albanlar hara yoxa çıxıblar? Axı ermənilər və albanlar eyni xalq deyillər
və bu barədə heç bir mübahisə ola bilməz. Odur ki, albanların
ermənilərlə birgə
ümumi dinə mənsub olub itaət etmələri əsasında onların ermənilər tərəfindən
assimilyasiya edilməsi
versiyası elmi cəhətdən əsassız
deyil. Ələlxüsus
ona görə ki, Qarabağ katolikosu XIX əsrin sonuna qədər hələ də ayrılıqda fəaliyyət göstərən
alban və erməni kilsələrinin
birləşdirilməsinə qarşı müqavimət
göstərirdi. Azərbaycan
və onun əhalisi haqqında isə son zamanlar ən mənfi fikirləri - vəhşilər,
islam təməlçiləri
və s. bu kimi sözləri eşitməyə öyrəşmişik.
Şərqşünaslıqla heç
olmazsa səthi tanış olan hər kəs bilir ki (bu sahədəki
son araşdırmalar da bunu
sübut edir), Azərbaycan yalnız Zərdüştün vətəni
deyil, eyni zamanda, Avestanın ocağıdır. Etnogenezi
baxımdan bir neçə etnik qrup təmsilçilərinin
soybirləşməsindən ibarət olan bu diyarın sakinləri onlara qılınc gücünə
qəbul etdirilən İslama qarşı uzun müddət müqavimət göstəriblər.
Axırıncı böyük
müqavimət xürrəmi
Babəkin başçılıq
etdiyi üsyan olub. Bu ölkəyə müqəddəs oda sitayiş etmək üçün XIX əsrin
lap ortalarına qədər
Hindistandan parsilər gəlirdilər. Daha sonra burada yeni bir tarix - bu ölkədə
təsir gücünə
malik olmaq uğrunda Rusiya, Türkiyə və İran arasında gedən mübarizə tarixi başlanır. Türkiyə yerli əhalidə işğalçı
ruslar amilindən labüdən qaynaqlanan antixristian əhval-ruhiyyəni
körükləyirdi, həmçinin,
Rusiyanın müttəfiqi
olan ermənilərə
qarşı yerli ictimaiyyətin labüdən
bəslədiyi antierməni
münasibəti dəstəkləyirdi
və nəticədə
ermənilərlə azərbaycanlılar,
həm də onların mədəniyyətləri
arasındakı nifaq daha da böyüyürdü.
Lakin yerli əhalini bu şəraitdə onlara dəstək verən Türkiyəyə
rəğbət bəslədiyinə
görə qınamaq
olardımı?!
Daha sonralar Rusiya ermənilərin hamisi olaraq onların Şimal torpaqlara köçürülməsini
planlaşdırır və
öz rəhbərliyi
altında bunu həyata keçirir. Məhz bunun nəticəsində İrəvan
xanlığının torpaqları
bu gün Sovet Ermənistanı ərazisinə çevrilib.
Birinci Dünya müharibəsində Türkiyə Qafqaz cəbhəsində Rusiya ilə vuruşurdu. Daşnak hökumətinin
süqutundan sonra ermənilərin milli qəhrəmanı
Andronik Moskvaya qulluğ
etməyə başlayır
və o, Türkiyədə
- daha ədalətlə
desək, Türkiyə
Ermənistanında - Çar
ordusu tərəfindən
dəstəklənən və
nəzarət edilən
partizan dəstələri
yaradır. Mən heç bir erməninin və ya onların dostunun xətrinə dəyib incitmək fikrində deyiləm. Lakin
düşünürəm ki, biz 1915-ci ildə baş vermiş erməni soyqırımı barədə
çox az şeyləri bilirik. Hər halda, Sumqayıt hadisələrinin
göstərdiyi kimi, erməni soyqırımı
da təxribat törədilmədən
baş verməyib. Təəssüf ki, Sumqayıt
məhkəməsi haqqında
heç nə deyə bilmərik, çünki bu barədə ətraflı
bilgilərimiz yoxdur - məhkəmə gizli keçirilib.
Nəhayət, 1917-1918-ci illərdəki
inqilablar dövrü gəlib yetişdi. Zaqafqaziya federativ respublikasının süqutundan
sonra Cənubi Qafqazda üç müstəqil dövlət
yarandı. Qısa bir tarix ərzində
yaşamış bu dövlətlər ilk növbədə
Türkiyə ilə yox (!), dərhal bir-biri ilə müharibə etməyə
başladılar. Hər
üç müstəqil
və qonşu respublikanı bir-birindən
ayıran dövlət
sərhədlərinin olmasına
baxmayaraq, onlar arasında müharibə gedirdi. Müharibə üç dövlətin
arasında eyni zamanda getmirdi - əvvəlcə Ermənistanla
Gürcüstan arasında
savaş başlandı,
ingilis silahları ilə silahlanmış daşnaklar Tiflisin lap yaxınlığına gəlib
çatmışdılar (o vaxt Almaniya Gürcüstanı
dəstəkləyirdi). Bir qədər sonra onlar Qarabağ bölgəsində Azərbaycanla
müharibəyə girişdilər.
Söz düşmüşkən,
erməni qoşunları
o vaxt Bakını zəbt etməyə hazırlaşan Qırmızı
ordu hissələri ilə hərəkətlərini
koordinasiya etdikdən sonra Qarabağa hücum etmişdilər. Görünən budur ki, Qarabağ məsələsində
yalnız Stalin günahkar
deyil. Bu baxımdan həmçinin, məşhur
26 Bakı komissarının
fəaliyyəti də
çox maraqlı və ibrətamiz bir tarix olaraq
Zaqafqaziyada baş vermiş inqilablara bir qədər aydınlıq gətirməyə
xidmət edir.
Baxmayaraq ki, onların hamısı
deyəsən, heç
komissar deyildilər,
amma əksəriyyəti milliyyətcə
erməni idilər və Azərbaycan Sovet Respublikasının
"yaradılmasında" həlledici rol oynamışdılar. Buradan
göründüyü kimi,
düşmənçiliyin bütün digər səbəbləri üzərinə
həm də "ideoloji" düşmənçilik
əlavə olunub.
Avropanın ən ucqarında yerləşən
bu regionun tarixi həqiqətən çox mürəkkəb
olub (Avropanın coğrafi sərhədi kiçik Qafqaz sıra dağlarından keçdiyi üçün
bu ərazilər
"Avropa evinin" baş planına düşür), bu tarixin səhifələri
əsrlər boyu axıdılan qanlarla yazılıb və həllini tapmamış ziddiyyətlərlə doludur.
Qafqaz yüz illər ərzində xalqların elə köç yolu üzərində qərar
tutub ki, bu yol yaxın keçmişdə məskunlaşmış
Litvanın tarixi ilə müqayisədə
tarixçilərin qarşısına
qat-qat mürəkkəb suallar
çıxarır. Bu gün
Qafqaz haqqında yeni bir Livan anlamında danışırlar, burada
bir çox maraqlar toqquşur və xalqları kəskin qarşıdurmaya
tərəf itələyir.
Ancaq bu gün "kimin hücum etdiyini" və "kiminsə müdafiə olunduğunu"
aydınlaşdırmaq əsla
kifayət etmir. Burada söhbət həm də "paritet" münasibətlər
saxlamaqdan və ya "bitərəf" qalmaqdan getmir, söhbət baş verən hadisələrə
qərəzsiz yanaşıb
onlara ədalətli qiymət verilməklə münaqişəni dinc yolla tənzimləməkdən
gedir.
Bir litvalı kimi mənə xoşdur ki,
Litva Sayudisi (Litva Xalq Cəbhəsi. - M.H.) 1990-cı ilin
yanvarında Kremlin Azərbaycanda
həyata keçirdiyi
hərbi təcavüzü
pislədi. Lakin o təcavüzə
Avropa Parlamenti və ABŞ prezidenti Buş tərəfindən
dəstək verilib haqq qazandırılması,
eləcə də Amerikada ermənilərin Bakıya qarşı etiraz nümayişləri
keçirməsi mənə
məmnunluq gətirmədi
- çox pərt etdi. Mən həm erməni, həm də azərbaycanlı qaçqınları
görmüşəm, həm
də onların tamamilə oxşar surətdə bir-birini günahlandırdıqlarının şahidi olmuşam. Amma Azərbaycanın kiməsə
ərazi iddiasını
irəli sürdüyünü
eşitməmişəm. Halbuki
Ermənistanın RSFSR-dən
savayı, bütün
qonşu ölkələrə
ərazi iddiaları
var. Dağlıq Qarabağ
münaqişəsinin həlli
üçün gərəkli
tarixi əsasları ölçüb-biçməzdən öncə özün özünün belə bir sualına cavab verməlisən: indiki gərgin durumda belə bir problemi qızışdırmaq
kimin üçün
faydalıdır? Aydındır
ki, bu, stalinizm
tərəfdarlarının seçdiyi bir yoldur, lakin azadlığa
aparan, hətta ermənilərin özlərini
də azadlığa çıxaran yol deyil.
Qafqazda olarkən
mən burada yaşayan xalqların hər birinə ayrılıqda məftun oldum və zənnimcə,
burdakı hər bir xalqın tam əmin-amanlıq içində yaşamaq haqqı var. Özündən əvvəlki
sələfləri kimi,
Sovet imperiyasının
da siyasəti bütün milli azlıqlar üçün
əlverişsiz bir siyasət olub. Başa düşülən
səbəblərə görə
ermənilər, qismən
də gürcülər,
tarixən onlara daha yaxın olan Rusiyanın ağuşuna sığınıblar
və nəticədə
onun siyasi alətinə çevriliblər.
Bununla yanaşı, ermənilər yəhudilər
kimi qədimdən tacir millət olublar, təkcə Osmanlıda yox, həmçinin, Rusiya imperiyası ərazisinə
səpələniblər və
iqtisadiyyatın bir çox sahələrini tamamilə idarə ediblər. İstanbuldan Moskvaya və Daşkəndə qədər
olan ərazilərdə
erməni koloniyaları
formalaşıb və
bu koloniyalar indi də mövcuddur.
Bir çox ermənilər Rusiya dövlət idarələrində
yüksək məmur
vəzifələrini tutublar.
Bununla da onlar millətlərarası
münasibətlərdə gərginlik yaratmaq şansı qazanıblar, qarşıdurma şəraitində
yaşayan qüvvələr
və hökmdarlar isə bu gərginlikdən
dəfələrlə öz
maraqları üçün
istifadə ediblər.
Azərbaycan, Ermənistan,
Qarabağ münaqişəsi
tarixi haqqında danışarkən, ümumiyyətlə,
bu gün ordakı vəziyyət barədə fikir yürüdərkən, bütün
bunları nəzərə
almamaq olmaz. Bax elə burada
fövqəladə bir
obyektivlik və daha böyük çaplı bir müdriklik işlətmək
lazımdır, çünki
bundan nəinki insanların həyatı,
hətta xalqların taleyi və ola bilsin bizim
öz gələcəyimiz
də asılıdır.
Əbəs yerə deyil ki, dünyanın
liberal mətbuat orqanları bizi yenidənqurmanın düşmənləri
ilə bir cərgəyə qoyurlar. Nəhayət, siyasətdə
rəğbət hissləri,
qohumluq əlaqələri
və ya buna oxşar digər münasibətlər
təyinedici rol oynamır. İnformasiya həddindən artıq olmur, lakin tarazlanmamış
və birtərəfli
qaydada təqdim edilən informasiya olur ki, bəzən
böyük ağrılara
səbəb olur və qanlı hadisələrə gətirib
çıxarır. İnformasiya
nəinki aranı qızışdırmağa, hətta
məhv etməyə qadirdir.
Görəsən, hörmətli
M.Kontrimayte bilirmi ki, Sumqayıt hadisələri ərəfəsində
nə üçün
bura çoxlu sayda erməni müxbiri gəlmişdi və onlar hadisələri
qəşəngcə lentə
köçürmüşdülər? O
bilirmi ki, bu hadisə günahkarlarının məhkəməsi
niyə açıq keçməyib, qapalı
olub? O, Bakı yaxınlığında yerləşən,
suyu və işığı olmayan,
uçuq-sökük gecəqondu
komalardan ibarət və çətin təsəvvürə gətirilə
bilən bir viranəlik hökm sürən qaçqınlar
düşərgəsini görübmü?
Başa düşürmü
ki, o düşərgənin
didərgin sakinlərini
varlı erməni mənzillərinə basqın
etməyə təhrik
etmək nə qədər asan bir işdir? O, Azərbaycan Xalq Cəbhəsi fəallarının
erməni ailələrini
dəfələrlə xilas
etməyə çalışdıqlarını
inkar edə bilərmi?! Bir çox ermənilərin hələ indiyədək
Azərbaycanda yaşamaqda
olduqlarını nəzərə
alaraq, Qarabağ hadisələrindən sonra
sülhsevər Ermənistanda
niyə azərbaycanlılar
qalmayıb sualına M.Kontrimayte cavab verə bilərmi? Və nəhayət, maraqlanmaq olarmı ki, 26 Bakı komissarlarından birisi - daha doğrusu, Şaumyanın silahdaşı
olmuş 27-ci komissar Mikoyan necə xilas ola bilib
və hamıdan uzun ömür yaşayıb?..
Litva dilindən Mahir Həmzəyev tərcümə edib.
Mahir HƏMZƏYEV
Litva Azərbaycanlıları Cəmiyyətinin sədri,
Litva Respublikası Hökuməti yanında Milli
İcmalar
Şurasının üzvü
525-ci qəzet.-
2021.- 31 mart.