Türkoloji dilçiliyin əbədiyaşar
korifeyi akademik Tofiq Hacıyev - 85
Bu il
türk dünyasının görkəmli alimi, filologiya
üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi,
«Şöhrət» ordenli, Türkiyə Cümhuriyyəti
Atatürk Dil, Tarix və Kültür Qurumunun fəxri
üzvü, AMEA-nın İ.Nəsimi adına Dilçilik
İnstitutunun sabiq direktoru, akademik Tofiq İsmayıl oğlu
Hacıyevin 85 yaşı tamam olur. O, 1936-cı ildə Cəbrayıl
rayonunun Soltanlı kəndində anadan olmuş, orta təhsili
həmin kənd məktəbində aldıqdan sonra 1953-cü
ildə ali təhsil üçün Azərbaycan Dövlət
Universitetinin (indi Bakı Dövlət Universiteti) Filologiya
fakültəsini seçmişdir. Təhsil illərində
istedadı ilə yaşıdlarından seçilən
T.Hacıyev 1958-ci ildə Filologiya fakültəsini fərqlənmə
diplomu ilə bitirmiş, aspiranturada saxlanmışdır.
Bundan sonrakı ömrünü elmə həsr etmiş,
dilçiliyin dialektologiya, dil tarixi, ədəbi dil,
türkologiya, üslubiyyat, nitq mədəniyyəti və ədəbi
tənqid sahələrinə dair bir-birindən dəyərli əsərlər
yazaraq türk dilçiliyini zənginləşdirmişdir.
Alim elmi yaradıcılığa dilçiliyin
dialektologiya sahəsi ilə başlamışdır. 1962-ci
ildə«Azərbaycan dilinin Cəbrayıl şivəsi»
mövzusunda namizədlik dissertasiyası müdafiə
etmişdir. Gənc alim ilk tədqiqatında dialektoloji terminlərin
sırasına keçid şivəni də əlavə
etmiş, onun mahiyyətini açıqlamış və Cəbrayıl
şivəsinin keçid xarakterli olmasını müəyyənləşdirmişdir.
Onun qənaətinə görə, qərb və cənub ləhcələrinin
sərhədləri bu şivədə başa çatır,
buna görə də Cəbrayıl şivəsində hər
iki ləhcənin xüsusiyyətləri işlənməkdədir.
Bu fikri görkəmli dialektoloq, akad. M.Şirəliyev və
digər mütəxəssislər elmi yenilik kimi qəbul etdilər.
Bundan sonra dialektologiyada keçid şivələr
anlayışı geniş şəkildə işlənməyə
və tədqiq olunmağa başlandı.
T.Hacıyev 1962–1967-ci illərdə
M.F.Axundov adına Pedaqoji Dillər İnstitutunda əvvəlcə
müəllim, sonra dosent (1965-ci ildən) işləmiş,
1968-ci ildən pedaqoji fəaliyyətini Azərbaycan Dövlət
Universitetində davam etdirmişdir. 1969-cu ildə 32
yaşında «XX əsrin əvvəllərində Azərbaycan
ədəbi dili» mövzusunda doktorluq
dissertasiyasını müvəffəqiyyətlə müdafiə
etmişdir. 1971-ci ildə professor elmi adına layiq
görülmüş, 1984-cü ildən ömrünün
sonunadək BDU-nun Türkologiya kafedrasının müdiri vəzifəsində
çalışmışdır. Bu illərdə
türkologiyanın tədrisində, milli kadrların
hazırlanmasında mühüm əməyi olmuşdur. Eyni
zamanda 30-a qədər dərslik, monoqrafiya, 500-dən artıq
elmi və publisistik məqalə yazmışdır.
Alim elmi yaradıcılığa
dilçi-dialektoloq kimi başlasa da, daha çox dil tarixi və
ədəbi dil məsələlərini tədqiq etmişdir.
1976-cı ildə «Azərbaycan ədəbi dili tarixi»
kitabı çap olundu. Kitabda öncə xalqımızın
və dilimizin tarixi ilə bağlı mövcud saxta, qondarma
fikirlər təkzib olunur, tarixi mənbələr və
faktlar əsasında Azərbaycan ərazisində ən qədim
dövrlərdən türk tayfalarının yaşaması
sübuta yetirilir. II minilliyin əvvəllərində
oğuz-səlcuqların regiona yürüşü isə
yerli əhalinin mövqeyi gücləndirmişdir. Bəzi
alimlər buna etiraz etsələr də, alimin tutarlı
faktları qarşısında arqumentlərinin zəif
olmasını görüb susdular. Bundan əlavə,
ədəbi dillə bağlı «XX əsrin əvvəllərində
Azərbaycan ədəbi dili» (1977), «Azərbaycan dili tarixi»
(1983 – K.Vəliyevlə şərikli), «Azərbaycan ədəbi
dili tarixi» (II hissə – 1987), «Azərbaycan dili» (1993 – Z.Budaqova
ilə şərikli), «Azərbaycan ədəbi dili tarixi»
(1991 – şərikli) kimi monoqrafiya və dərs vəsaitlərinin
müəllifidir. 2012-ci ildə «Azərbaycan ədəbi
dilinin tarixi» dərsliyi təkmilləşdirilmiş şəkildə
iki cilddə nəşr olundu. Alim əvvəlki fikirlərini
daha da dərinləşdirərək, yazıya qədərki
dil faktlarından çıxış edərək, Azərbaycan-türk
xalq dilinin e.ə. II minillikdən formalaşmağa
başlaması fikrini irəli sürdü. Hazırda bu fikirlər
elmi ictimaiyyət tərəfindən müdafiə olunur, tədqiqatlar
bu istiqamətdə aparılır.
Klassiklərimizin dili-üslubu ilə
bağlı «Satira dili» (1975), «Yazıçı dili və
ideya bədii təhlil» (1979), «Molla Nəsrəddinin dili və
üslubu» (1983), «Füzuli: dil sənətkarlığı»
(1994) kitabları və onlarla məqalələri tarixi
üslubiyyat sahəsində ən qiymətli örnəklərdir.
Müstəqillik illərində T.Hacıyev
ümumtəhsil məktəbləri üçün proqram və
dərsliklərin hazırlanmasında təşkilatçı
və müəllif kimi iştirak edir. Onun rəhbərliyi
ilə yeniləşdirilmiş «Orta ümumtəhsil məktəblərinin
V–XI sinifləri üçün türk dili proqramı» (1993)
çap olunmuşdur. İlk dəfə orta məktəblər
üçün «Türk dili» IX sinif üçün (1994 –
şərikli), «Türk dili» X–XI siniflər üçün
(şərikli) dərslikləri nəşr edilmişdir.
Bu dərsliklər 1997–1998, 2000,2004, 2005, 2009-cu illərdə
«Azərbaycan dili» adı ilə təkrar çap olunmuş,
hazırda orta məktəblərdə dərslik kimi istifadə
olunur.
T.Hacıyev təkcə dilçiliklə deyil,
eyni zamanda ədəbiyyat məsələləri ilə məşğul
olur. Onun «Sabir: qaynaqlar və sələflər»
(1980), «Şeirimiz, nəsrimiz, ədəbi dilimiz,
düşüncələrimiz» (1999), «Üzeyir Hacıbəylinin
bədii dili» (2014) kitabları, «Türk dünyası ədəbiyyatı
tarixi» (30 cilddə – Ankara), «Üzeyir Hacıbəyov
ensiklopediyası» (1996), «Azərbaycan ədəbiyyatı
tarixi» (6 cilddə – 2004) kitablarında həmmüəllifliyi,
kollektiv tərəfindən ali məktəblər üçün
hazırlanmış «Azərbaycan sovet ədəbiyyatı»
(1998) dərsliyində müəllif kimi iştirakı onun
ümumi filoloji yaradıcılığının nəticəsidir.
«Dədə Qorqud kitabı» abidəsinin, alimin
öz təbiri ilə desək, «Ana kitabımız»ın nəşri,
tədqiqi və təbliği onu daim düşündürmüşdür.
Son dövrlərdə respublikamızda abidəyə
marağın artması, «Dədə Qorqud»un 1300 illik
yubileyinin, kollokviumların, konfransların və Dədə
Qorqud günlərinin təntənəli keçirilməsi
Tofiq Hacıyevin bu sahədəki elmi fəaliyyəti və
türkologiyada nüfuzu ilə bağlıdır. «Dədə Qorqud: dilimiz, düşüncələrimiz»
(1999) və «Dədə Qorqud kitabı: tariximizin ilk
yazılı dərsliyi» (2014) monoqrafiyalarında, «Dədə
Qorqud kitabı» (ensiklopedik lüğət – 2004), «Dədə
Qorqud dünyası» (2004), «Qorqud ədəbiyyatı» (2004),
«Kitabi-Dədə Qorqud» (əsli və sadələşdirilmiş
mətn – 2004) kitablarında, eləcə də müxtəlif
illərdə respublikamızda və xaricdə
nüfuzlu toplularda çap olunmuş 30-dan artıq məqaləsində
abidənin yazılma tarixi, coğrafi koordinatları,
oğuzların mənşəyi, dövlət quruluşu,
kültürü və dili ilə bağlı bir çox
mübahisəli məsələlər tam elmi həllini
tapmışdır. Bu tədqiqatlar respublikamızda
«qorqudşünaslığın» formalaşmasında və
inkişafında, abidə ilə bağlı
araşdırmaların intensivləşməsində
xüsusi önəm daşıyırdı.
T.Hacıyev müəyyən
müddət Azərbaycan Respublikasının Maarif naziri vəzifəsində
(1993) işləmiş, 1999-cu ildə əməkdar elm xadimi
adına layiq görülmüşdür. İstər sovet
dönəmində, istərsə də müstəqillik illərində
respublikamızda və xaricdə beynəlxalq konfrans və
simpoziumlarda dilçiliyimizi ləyaqətlə təmsil
etmişdir. Sovet dönəmində Kişinyov, Odessa,
Nalçik, Tbilisi, Moskva, Alma-Ata, Düşənbə, Nukus,
Bişkək, Ufa və b. şəhərlərdə
keçirilən ümumittifaq konfranslarda maraqlı məruzələrlə
çıxış etmişdir. Son dövrlərdə
Qayseri (1990), Tehran (1993, 1995), Antalya (1993), Bakı (1992, 1994,
1996, 2014), Ankara (1996, 1997, 2002), Urmiya (1997), Bursa (1996), Konya
(1998), Təbriz (1998), İzmir (2000), Tirana (2013) və b. şəhərlərdə
keçirilən beynəlxalq konfranslarda məruzələri rəğbətlə
qarşılanmışdır.
Tərcümə sahəsində də onun fəaliyyəti
uğurla nəticələnmişdir. Türk
dünyasının nadir əsərlərindən olan
B.Serebrennikov və N.Hacıyevanın «Türk dillərinin
müqayisəli tarixi qrammatikası» (2002), Murad Adcinin
«Qıpçaq çölünün yovşanı» (1997) və
«Dünya və türk: munis tariximiz» (2006), Mikayıl Bastunun
«Şan qızı” dastanı və poetikası» (2005), İbn
Mühənnanın «Hilyətül-insan və həlbətüllisan”
(İnsanın bəzəyi və dilin sahəsi)» (2006) əsərlərini
rus dilindən dilimizə tərcümə etmişdir.
Atatürk Dil Qurumu B.Serebrennikov və N.Hacıyevanın məlum
«qrammatika» kitabının əhəmiyyətini nəzərə
alaraq, T.Hacıyevin tərcüməsində türk nüsxəsini
Ankarada nəşr etmişdir. Bunları
yalnız tərcümə əsərləri kimi qiymətləndirmək
düzgün olmazdı, hər bir kitaba yazılan geniş
ön söz və şərhlərdə alim mənbələrdən
çıxış edərək türk dillərinin tarixi və
mənşəyi ilə bağlı qaranlıq məsələlərə
aydınlıq gətirmişdir.
2001-ci ildə AMEA-nın müxbir üzvü
seçilir, 2009-cu ildə «Şöhrət» ordeni ilə təltif
olunur. Pedaqoji və elmi fəaliyyətlə yanaşı,
respublikamızın ictimai həyatında fəal iştirak
edirdi. Azərbaycan Respublikası Prezidenti yanında Ali
Attestasiya Komissiyasında filologiya üzrə Ekspert
Şurasının (2007–2012) və dilçilik üzrə
Əlaqələndirmə Şurasının (2008–2014) sədri
olmuşdur. Eyni zamanda Yazıçılar Birliyinin, Dövlət
Dil Komissiyasının və Milli Məclisdə Toponimiya
Komissiyasının üzvü, «Türkologiya» və «Dədə
Qorqud» məcmuələrinin baş redaktoru olmuşdur.
T.Hacıyev sağlığında ədəbi
məktəb yaratmış alimlərdəndir. Onun rəhbərliyi
ilə 6 nəfər filologiya elmləri doktoru, 30-a yaxın fəlsəfə
doktoru dissertasiyası müdafiə olunmuşdur. Onun yetirmələri
arasında xarici ölkə vətəndaşları da
vardır; R.Özyürək, Sali Savaş (Türkiyə),
Siyamək Hüseyinəlizadə, Mirəli Rizai (İran),
Bibisara Mamedova (Türkmənistan) dissertasiya müdafiə edərək,
hazırda öz ölkələrində bu məktəbin ənənələrini
uğurla davam etdirirlər. Tofiq Hacıyev ədəbi
məktəbinin nümayəndələri AMEA-nın həqiqi
üzvü N.Cəfərov, professorlar E.Əzizov, S.Abdullayev,
R.Əskər, E.Piriyev, S.Zeynalov, dosentlər Q.Abdullayeva,
S.Sadıqova, A.Məmmədova, F.Kərimli və b. müxtəlif
sahələrdə tədqiqatlar apararaq dilçiliyimizi
inkişaf etdirirlər.
T.Hacıyev təkcə respublikamızda deyil,
dünya miqyasında tanınır, əsərlərinə
istinad olunur. 1995-ci ildən Türkiyə Cümhuriyyəti
Atatürk Dil, Tarix və Kültür Qurumunun fəxri
üzvüdür. Elmi və ictimai fəaliyyətinə
görə, 1998-ci ildə Türkiyə Cümhuriyyətinin
«Ləyaqət nişanı» ilə təltif olunmuşdur.
Türkiyə Atatürk Kültür Qurumunun
hazırladığı 30 cildlik «Türk dünyası ədəbiyyatı
tarixi»nin müəlliflərindəndir. Türkiyənin
Sanatçılar və Yazarlar Vəqfinin 2002-ci il üzrə
«Türk dünyasına xidmət» medalının sahibidir.
2004-cü ilin mayında Qaraman Türk Dili mükafatına, həmin
ilin iyulunda da isə Atatürk Dil Qurumunun Üstün Hizmət
Baratına layiq görülmüşdür.
Dünya türkləri
arasında ortaq türk dilinin reallaşması
üçün çox çalışırdı.
Keçən yüzilliyin 80–90-cı illərindən
uluslararası türk dili qurultaylarındakı (1996, 1999, 2004)
məruzələrində, müxtəlif toplulardakı məqalələrində,
gündəlik mətbuatda və kütləvi informasiya vasitələrində
çıxış və müsahibələrində,
«Türklər üçün ortaq ünsiyyət dili» (2013)
monoqrafiyasında ortaq dilin işləkliyini təmin edən
vasitələri açıqlamış, türklər
üçün əhəmiyyətini və vacibliyini
xüsusi qeyd etmişdir. Alim bir çox
türkoloqlar kimi məsələnin həllində yeni ədəbi
dil yaratmağı məqbul hesab etmir, müasir türk dillərindən
birini – Türkiyə türkcəsini ortaq ünsiyyət dili
kimi seçməyi zəruri sayır ki, türklər fərqli
coğrafiyalarda yaşasalar da bu dil vasitəsilə bir-birini
asan, tərcüməsiz anlasınlar.
2013-cü ildə AMEA Dilçilik İnstitutuna
direktor təyin olunur, 2014-cü ildə AMEA-nın həqiqi
üzvü seçilir. Az müddətdə Dilçilik
İnstitutunda struktur dəyişiklikləri aparılır, bəzi
şöbələrin, xüsusilə «Dil tarixi və dialektologiya»
və «Monitorinq» şöbələrinin fəaliyyəti
gücləndirilir. T.Hacıyevin təşəbbüsü və
təşkilatçılığı ilə 2014-cü ilin
oktyabr ayında 20-dən artıq ölkənin
tanınmış türkoloqlarının iştirakı ilə
«Sələflər və xələflər» mövzusunda I
Beynəlxalq simpoziumu keçirildi. «Bütöv Azərbaycanın
dialektoloji atlasının hazırlanması» (5 cilddə) layihəsi
çərçivəsində artıq «Azərbaycan dilinin
Naxçıvan dialektoloji atlası» onun redaktorluğu ilə
4 dil də nəfis şəkildə çap olunmuşdur.
Görkəmli alimin ən
böyük arzusu doğma Qarabağ torpaqlarının
işğaldan azad olunması idi. Çox təəssüf
ki, qələbə sevincini yaşamağa ömrü yetmədi.
2015-ci il noyabrın 27-də qəflətən
dünyasını dəyişməsi doğmalarını,
dostlarını, həmkarlarını və tələbələrini
dərindən sarsıtdı. Tofiq müəllim dünyasını
dəyişsə də, heç zaman unudulmur, onu sevənlərin
qəlbində əbədi yaşayır. Yubileylərində
xatirəsinə həsr olunmuş elmi tədbirlər
keçirilir. Hər il doğum günündə onu
tanıyanlar məzarını ziyarət eləyir, abidəsinin
önünə gül-çiçək qoyur, ona
ehtiramlarını bildirirlər. Allah əziz müəllimimizə
rəhmət eləsin, yeri uçmaq olsun.
Məhərrəm
MƏMMƏDLİ
BDU-nun
Türkologiya kafedrasının professoru, filologiya elmləri
doktoru
Bookmark and Share
525-ci qəzet.- 1 may.- S.12