Bir qəzəlin Nəsimisi
(Əvvəli 28 aprel
sayımızda)
Bundan əvvəlki yazılarımdan birində qeyd
etdiyim kimi, bəzən saç insanın Allaha
qovuşması yolunda bir vasitəyə çevrilir. Bu səbəbdən,
saç Nəsimi şeirində bəzən paradoksal mənalarla
üzə çıxır. Üz
açıq, parlaqdırsa, saç üzü örtən
hicab və qaranlıqdır. Üz iman,
saç küfrdür. Üz tək
olduğundan vəhdətdirsə, saç çoxsaylı
olmasından dolayı Allahın ad və atributlarının cəmi
olan kəsrəti (çoxluğu) ifadə edir. İlahi Zata çatmağın, vəhdətə
qovuşmağın yolu kəsrətin mərhələlərini
adlamaqdan keçir. Haqqa qovuşmaq, Vəhdətə
çatmaq yolundakı çətinlikləri, kəsrəti
bildirən, küfr mənasında işlənən saç
yuxarıdakı beytdə vəhdətə aparan bir vasitə
mənasındadır.
Qeyd edək
ki, digər bədən üzvləri kimi saçın da
metaforları onun rəng, say, forma kimi əlamətlərindən
doğur. Çoxsaylı saç kəsrətdirsə,
qara saç nurun üzünü örtən pərdədir,
küfrdür. Sapa bənzərliyi isə
saça mifik düşüncə ilə bağlı bir
sıra mənalar verir. Quranın özündən
qaynaqlanan metaforlar saçın klassik şeirimizdə nə qədər
böyük önəm kəsb etməsindən xəbər
verir: İlan, əhdaha (əl-Əraf, 104-22, Taha, 57-73, əş-Şüəra,
37-51), tovuz quşu və sünbül (Adəmin hekayəti),sünbül,
əbabil quşu (Fil surəsi), ip (hablü l-mətin (Al-i
İmran,103) və ya quyuya düşən Yusifin ipi, zülmət
(dirilik suyunun məkanı), gecə (Merac və Qədr gecələri,
əl-İsra, 1; əl-Qədr,1), merac-nərdivan (əl-İsra,
1), zəncir, qandal (Harut-Marutun hekayəti, əl-Baqara, 102),
tük xəlbir (İynədən keçən dəvə
obrazı, əl-Əraf, 40), div (Süleyman taxtını
tutmuş mifik obraz, Sad, 34), nəfəs, rayihə (İsa nəfəsi
Al-i İmran 49, əl-Maidə,110), Qələm (əl-Qələm,1,
əl-Kəhf, 109, Loğman, 27), Nur (35) və s.
Bizim beytdə saç ip arxetipi ilə əlaqəli
verilir. "Dürr-i Yetim"də hablü l-mətin
İslam dnini bildirən başqa bir ifadə - urvatü l-vusqa
(möhkəm düyün) lə birgə anılır. "Urva qıldan hörülmü bir ipdir, habl isə
üz üzərindədir" - deyilir. Bu
beytdə, ümumiyyətlə, Nəsiminin br sıra poetik
obrazlarında üç düşüncə layı
müşahidə olunur. Lap alt layda
müfik düşüncə dayanır. Bundan
sonra Quranla bağlı məna gəlir. Daha
sonra isə sufi-hürufi düşüncəsini
görürük. Bu sonuncu layın
izahı əvvəlki iki laydan keçir. Xüsusilə
Quran mənaları burada mühüm rol oynayır. Bu mənalar
primitiv mifik düşüncəyə dərin məna verir,
digər tərəfdən isə anlaşılması çətin
sufi təfəkkürünə
aydınlıq gətirir. Məsələn beytdə
anılan "möhkəm ip" geniş yayılmış
ip arxetipi ilə bağlıdır. Onun
Qurandakı ifadəsi Allahın ipidir (Ali İmran, 103). İpin saçın metaforu kimi işlənməsi
zahiri bənzərliyə əsaslanır. Mifik
düşüncədə Yerlə göyləri birləşdirən
bir ip barədə təsəvvürlər ip/saça vəhdətə
aparan vasitə mənasını verir. Bu məqamda
biz başqa bir vasitə də görürük. İsa əl-Məsihin urucunun
reallaşdığı çarmıxı və Həllac Mənsurun
Haqqa qovuşduğu dar ağacını. Bu
cür silsilə obrazlar hamısı saç ətrafında
cərəyan edir.
Üz - Cənnət
Yanağın
həzihi cənnat-i ədn,
Yüzündür kəşfi, sənsən cənnət-i
hur.
(Sənin yanağın Ədn cənnətidir. Üzündə
ilahi sirlər açılıb. Sən
bir cənnət hurisisən).
Üzlə bağlı bu beytlərdə onun cənnəti
bildirməsini, batini mənaları açmasını
görürük. Cənnət Allah Təalanın Mübarək
üzünün seyr ediləcəyi yerdir. Əl-Qiyamət
surəsinin 22-23-ci ayəsində Allahı cənnətdə
seyr edən möminlərin özlərinin də
üzünün parıldayacağı deyilir: "Həmin
gün üzlər parıldayacaq və öz Rəbbinə
baxacaqlar". Nəsimi şeirində cənnətlə
bağlı motivlərin bəzən məhz İlahi Gözəli
seyrlə bağlı olduğunu görürük:
Hər
bibəsər səni neçə yol bula görməyə,
Uçmaqda
ru'yətə dəxi əhl-i nəzər
gərək.
"Uçmaqda rö'yətə dəxi əhl-i nəzər
gərək" (Cənnətdə Allahı görmək
üçün nəzər əhli olmaq lazımdır) deyərkən
şair cənnətdə belə bu sürurun yalnız
seçilmişlərə qismət olduğunu bildirir. Sanki sufilərin
fani dünyada israrla təcrübədən keçirdiyi bəzən
uğurlu, çox zaman uğursuz seyri cənnətə
köçürülür. Qurani-Kərimin
başqa bir ayəsində kafirlərin axirətdə Rəbblərini
görə bilməyəcəkləri, "Ondan hicabla
ayrılacaqlar"ı bildirilir (əl-Mutaffifin 15).
Əbu Hureyrə, Ənəs ibn Malik, Bilal və başqa səhabələrə
istinadən söylənilən səhih hədisdə deyilir
ki, Möminlər axirətdə Rəbbini Onun öz mərhəmət
və kəraməti ilə bizim üçün xəlq
etdiyi cənnət bağları olan mənzillərdə
görəcəklər.
Nəsiminin bu qəzəlində üzün cənnətə
bənzədilməsi yanağın
qırmızılığından doğur. Burada sətiraltı
mənalar Qurandan qaynaqlanır. Yanağın
klassik şeirimizdə geniş yayılmış metaforu
İbrahim peyğəmbərin atıldığı atəşdir
ki, o, Allaha təvəkkül etdiyindən orada cənnətə
qovuşmuşdur. Yanaqla bağlı digər
geniş yayılmış Quran obrazı Musa peyğəmbərə
görsənən yanar ağacdır.
Beytdə
adı çəkilən Ədn cənnəti Quranda
altından bulaqlar axan bir cənnət kimi təsvir olunur
(Ən-Nəhl, 31; əl-Kəhf, 31;Taha,
76). Görünür ki, bu ifadənin batinilik mənası
məhz Ədn cənnətin anılmasına səbəbdir.
Çünki ilahi kəşf məhz batini mənaları
açır. Digər tərəfdən,
üz, yanaq açıq olduğundan sufizmdəki "kəşf"
konsepsiyası ilə bağlıdır. Amma od kimi qırmızı üz Musa peyğəmbərin
hekayətindəki kimi, niqab anlamını da ifadə edə
bilər. Yəni od sanki ilahi seyri
imkansız edən bir xüsusiyyət kəsb edir. Qeyd edək
ki, Hürufilikdə od ünsürünə
münasibət birmənalı olmayıb. Adəmə
səcdə qılmayan İblisin oddan yaranması odun
"Cavidan-namə"də mənfi yönümlü
izahına gətirib çıxarır.
Qeyd edək ki, Nəsimi poeziyası yalnız İslamla
bağlı olmayıb, digər səmavi dinlərin
düşüncə tərzinə də yaxındır. Yenə Musa peyğəmbərə
qayıdaq: Yəhudilikdə hicab anlamı güclüdür. Allah Təala Musa peyğəmbərə hicab, pərdə
anlamına gələn yanar ağac arxasından təcəlli
edir. Xristianlıqda vəziyyət daha
çox kəşfə - hicabın qaldırılmasına
yaxındır. Yəhyanın İncilində İsa əl-Məsihin
dilindən deyilir: Məni (oğul Allahı) görən Ata
(Allahı) görmüş olur. Siz necə mənə
"Atanı göstər!" - deyərsiz?
Məgər mənim Atada, Atanın da məndə
olmasına inanmırsız?" (14:9-10)
Gördüyümüz kimi, burada İsa əl-Məsih
İlahi varlığın İnsan bədənində təcəssümünün
real nümunəsidir.
Huri cənnətdə möminlərə vəd edilən
gözəl qızlardır. "Cavidan-namə"də
hurilərlə bağlı Quran ayələrinə xüsusi
rəmzi mənalar verilir. Əs-Saffat surəsində
hurilər "qasırat əl-eyn" -
"baxışlarını (ərlərindən başqa)
heç kimə qaldırıb baxmayanlar" (37:48)
adlanırlar. Fəzlullaha görə,
burada hurilər 28 hərfi və nöqtəni təcəssüm
etdirdiyindən yalnız və yalnız yaranmış
olduqları ontoloji sözə meyl edirlər.
Mirqasımovun "Cavidan-namə"yə əsaslanaraq
vurğuladığı kimi, hurilərin üzləri və
bunun ilkin xisləti yalnız öz "ərlərinə",
yəni 28 hərfin mücəssəməsi olan Sözə
açılır. "Hurilərin gözəlliyi
onların İlkin Sözün təcəllisi olmasından və
sözdən (kun!) yaranmasından
doğur" (Mirkasimov, 2015). Qeyd edək ki, huri
öz mahiyyəti ilə qadın
başlanğıcını bildirsə də, Nəsimi
şeirində Fəzlullahın da huriyə bənzədilməsini
görürük. Buna səbəb yenə
də hərf və rəqəm simvolikasıdır. Hurilər "umməhat" (ana, qadın) tipli
varlıqlar olaraq, üzlərindəki anadangəlmə yeddi cərgə
tüklə 28 arxetipik hərf-sözü bldirirlər.
Məlumdur ki, seyr, kəşf kimi anlamlar birbaşa
gözün funksiyası ilə bağlıdır. Klassik poeziyada
göz qəlbə yaxın bir məna kəsb edir. Şair qeyri-ixtiyari qara gözlü huri obrazı ilə
gözü səhnəyə gətirir və onun bu prosesdəki
rolunu qeyd edir. Belə ki, qəzəldəki
kəşf hicabın qaldırılması, aşiqin İlahi
gözəlin camalını seyr etməsidir.
Qəzəlin sonrakı beytində cənnət motivi
davam etdirilir.
Məstanə
göz
Sənün
məstanə eynin sağərindən
Rəvandır səlsəbil, uş məst-ü məxmur.
(Sənin sərxoş gözlərinin içdiyi badə
Cənnətin Səlsəbil bulağı kimi axır, Bu necə
bir məstlikdir!)
Gözün məst olması aşiqin
yaşadığı ilahi ekstazdan doğur. O, sanki Səlsəbil kimi
gur sulu eşq badəsini içib sərxoş
olmuşdur. Bu parçada Səlsəbilin
anılması təsadüfi deyil. Mais
Ağaverdiyev cənnət bulaqlarından birini bildirən Səlsəbilin
hərfi mənasının "Yolu soruş"
olmasını bildirir. Yol, təriqət isə
istər-istəməz müridin məqamlar və hallardan ibarət
yolunu xatırladır. Həqiqətən
də, Nəsimidə hər bir söz dərin sətiraltı
məna kəsb edir.
Əvvəlki beytdə qara gözlü hurilərin
anılması ilə "göz" motivi meydana
çıxdığından, şair bu motivi daha da
inkişaf etdirir. Qeyd edək ki, gözün klassik
şeirimizdəki çoxsaylı metaforik obrazları
vardır. Gözün mürəkkəb
quruluşu, dinamikliyi, açılıb yumulması, göz
yaşları ilə bağlılığı, göz
sürməsi, gözün şəffaf cisim kimi ətrafı
əks etdirməsi, bəd nəzərə inam, gözün qəlbin
aynası sayılması, gözün həsrətlə əlaqələndirilməsi
daim şairlərin poetik təxəyyülünü
qanadlandırıb. Bu obrazların da əsas
qaynağı, əlbəttə ki, Quran-i Kərimdir. İlk öncə Allah Təalanın Basir, Batin,
Zahir kimi gözəl adları göz motivlərinə rəvac
verir. Quranda görmə prosesi ilə bağlı bir
sıra ayələr vardır ki, hər biri klassik şeirimizdə
dərin batini mənalarla çıxış edir: Nuh
tufanı (Hud, 40-44), Musa əsasının dəryanı iki
yerə bölməsi, Musa əsası ilə bulaqların fəvvarə
vurması (əş-Şüəra, 63; Taha, 77) Məcmə əl-bəhreyn
anlamı (əl-Kəhf 18:60), Gözlərin sehrkarlıq
funksiyası - sehr-I Samiri (Taha, 85), Harut-Marut və Babil quyusu (əl-Baqara,
102), Zəmzəm, Səlsəbil, Kövsər kimi müqəddəs
bulaqlar və s. Ayrıca olaraq, Yusifin köynəyinin kor
gözlərə şəfa verməsi (Yusuf, 96) də bu mənaları
artırır. Qurani-Kərimin bir sıra ayələrində
Allahın hər şeyi görən olduğu söylənilir
(Al İmran, 15; əl-İsra,1; Taha, 46; əl-Şuara, 218-220;
əl-Tur, 48; əl-Hadid,4.) Ortodoks İslama
görə, Allah hər bir zaman insanladır və onun işlərindən
xəbərdardır (əl-Hadid, 4). Səhih
hədisdə deyilir. "Allaha elə ibadət
et ki, sanki onu görürsən. Sən onu
görməsən də o, səni görür".
Allahın insanı görməsi, onun lütfkar
baxışı və təcəllisi sufi
ədəbiyyatında dərin mənalar kəsb edib
varlığın xəlq olunması və mahiyyəti ilə
əlaqələndirilmişdir.
(Ardı var)
Aida QASIMOVA
525-ci qəzet.- 2021.- 1 may.- S.17.