Sağ əlin üçüncü
barmağındakı döyənək
Nə vaxt doğulmaq, dünyaya nə vaxt gəlmək
kimin öz əlindədir ki? Doğulmaq tale
işidir.
Onun da bəxtinə fevralın son günlərində
doğulmaq düşüb. Hərdən buna etiraz
edərək "İldə bir dəfə ad günüm
olur, o da Xocalı hadisələri ilə eyni vaxta düşür",
- deyir.
Ad
günlərinin təmtəraqla qeyd edilməməsini bununla əlaqələndirməsə
də, əslində, onun belə məclislərdən, yubiley
tədbirlərindən o qədər də xoşu gəlmir.
Ona görə də heç vaxt belə məclislər
təşkil etməyib.
Tək
bir dəfədən başqa...
50 illik yubileyi münasibətilə bir kafedə təxminən
50 nəfər yaxın adamın, dost-tanışın
iştirakı ilə xudmani məclis təşkil
olunmuşdu.
Çox yaxşı bir süfrə
açılmışdı, sağlıqlar, xoş sözlər, deyib-gülmək...
Saat 11 olsa da, saat 6-dan
başlayan yubiley məclisi davam edirdi. İştirakçılar hələ də
dağılışmaq istəmirdi. Belə uzun-uzadı
yığıncaqları xoşlamayan Şakir müəllim həmişə
yanında olan qovluğunu qoltuğuna vurub mikrofona
yaxınlaşdı: "Əziz dostlar! Bu
gün mənimlə, ailəmizlə birlikdə olduğunuza
görə hamınıza təşəkkür edirəm.
Məclisimiz davam edir, kim nə qədər
istəyirsə, əyləşsin, yeyib-içsin, mən isə
evə tələsirəm. Yarım saatdan sonra Çempionlar Liqasının
oyunu başlayır, ona baxmalıyam. Həmin oyun barədə
sabah çıxan qəzetə material
hazırlamalıyam. Ondan başqa da bir neçə vacib
işlərim var. Sabah
saat 9-da da işdə
olmalıyam..."
Şakir Yaqubov bu dərəcədə dəqiq və
konkretdir.
Həmişə də belə olub. Nə onun nə vaxtsa işə
beş dəqiqə gecikdiyini görən
olub, nə də işdən beş dəqiqə tez
çıxdığını.
Təkcə işə yox, görüş veribsə,
görüş vaxtına da belə dəqiqdir, söz veribsə,
sözünə də belə sadiqdir.
Özünün bu dəqiqliyini həmişə
başqalarından da umub. Hətta məsuliyyətsizlik
hallarında, kimsə öz səhvini anlamayanda onu sərt
şəkildə tənqid etməkdən, dişinin dibindən çıxanı
deməkdən də çəkinməyib.
Əlbəttə,
onun bu tələbkarlığı və xasiyyətinin cod tərəfi
kimlərisə ondan incik salıb, küsdürüb. Amma
Şakir müəllim xasiyyətini dəyişən deyil ki?..
Onu sevənlər, ona sadiq qalanlar ustadı elə xasiyyətinin
bu sərtliyi ilə seviblər. Kim ki, onun bu sərtliyinə
dözübsə, onun jurnalistika məktəbindən, yüksək
peşəkarlığından nəsə əxz edib, öyrənib.
Kim dözə bilməyibsə, bu sahədə
onda bir natamamlıq, yarımçıqlıq olub.
Vərdiş, xarakter elədir ki, onu dəyişmək
ya çox çətin olur, ya da mümkün olmur. Əgər hər səhər
sənin iş günün həmin gün işıq
üzü görən
qəzetləri oxumaqla başlayırsa, bundan necə
imtina edəsən? Əgər sən təzə
çapdan çıxan bədii ədəbiyyat nümunələrini
mütaliə etməyə adət etmisənsə, ondan əl
götürə bilərsənmi?
İş burasındadır ki, bütün bunlar
Şakir müəllimin həyat tərzinə çevrilib. Nə vaxt getsən,
stolunun üstündə gündəlik qəzetləri, rəfində
yeni kitabları görərsən. Həm də bu
oxuduqlarının kəm-kəsirləri, əyər-əskikləri
barədə təkzibolunmaz qeydləri ilə birlikdə.
Onu da əlavə
edək ki, Şakir müəllimin irad tutduqları
sırasına son illər nəvələrinin
dərslik kitabları da daxil olub. Hətta nümunəvi dərslik
kimi tövsiyə olunanlar da...
Yeri gəlmişkən
onu da deyək ki, onun tənqid hədəfləri arasında
vaxt tapıb izlədiyi televiziya verilişləri, müəllif
proqramları da
var...
Həm də təkcə irad tutmaq, tənqid etmək
yox, doğru olanı göstərmək də ona xas olan
keyfiyyətdir.
Hansısa filosofun sözüdür:
"Dünyada ən asan iş məsləhət verməkdir".
Şakir Yaqubov təkcə yol göstərmir, məsləhət
vermir, "necə olmalıdır?" sualına cavab da
verir...
Bunlar bir
tərəfə, həm də bütün bu
oxuduqlarını ən xırda incəliklərinə qədər
yadda saxlamaq fenomen
yaddaş tələb edir.
Hansı plenumun nə vaxt keçirildiyi, hansı qərarın
nə vaxt verildiyi, hansı məqalənin hansı qəzetdə
hansı səhifədə və sütunda verilməyi - hamısı
onun hafizəsindədir. Şakir Yaqubovun
yaddaşı müasir dillə desək, Vikipediyadır.
Onu tanıyanların "gəzəri
ensiklopediya" adlandırması həm də bu keyfiyyətlərindən
qaynaqlanır.
Kiminsə belə bir ifadəsi var, deyir ki, insan bu
dünyaya gələndə özü ilə birgə bəxti
də doğulur. İstedad, bacarıq, qabiliyyət öz yerində, amma kim nə deyirsə-desin, bəxt amili heç də
kiçik məsələ deyil. Şakir Yaqubovu
yaşadığı ömürdə bəzən bəxtsizlik,
talesizlik də izləyib. Astara rayonundakı Pensər kənd
orta məktəbinin əlaçı şagirdi ali məktəbə
yox, texnikuma, sonrakı il Azərbaycan Dövlət
Universitetinin jurnalistika
yox, kitabxanaçılıq fakültəsinə qəbul
olunub.
Həyatda iki dəfə cərrah bıçağı
altına düşüb. Həkimlik karyerasında minlərlə
uğurlu əməliyyat aparması ilə öyünən tibb
elmləri doktoru, professor və məşhur kardioloq-cərrah
onun üzərində bəlkə də ən uğursuz əməliyyatını
aparıb və Şakir müəllimin həyatı ikinci dəfə cərrah
bıçağından asılı qalıb. İkinci əməliyyat
və yenə də uğursuz...
Bir
neçə il əvvəl jurnalistlərin
ev bölgüsündə haqsızlıqla üzləşənlərdən
biri də o olub. Həyat yoldaşı,
qızı və nəvələri ilə birlikdə
yaşayan mətbuat veteranına cəmi bir otaq verilib. Həmin
bölgünün ədalətli olduğunu əsaslandırmağa
çalışan bir həmkarını isə efirdə
çıxış edərkən söylədiyi "hər
kəs layiq olduğu qiyməti alır" ifadəsinə
görə neçə illərdir ki, bağışlaya
bilmir.
FutbolPress.Az
| Şakir Yaqubov - 70
Həmin
bölgünü aparan və ömründə əlinə qələm
götürməyən ixtiyar sahibləri, əlbəttə
ki, Əməkdar
mədəniyyət işçisi Şakir Yaqubovun sağ əlinin
üçüncü barmağının həmişə
döyənək olduğundan xəbərsizdilər. Lap xəbərdar
olsalar belə, guya nə dəyişəcəkdi ki?
İndi kompüter, texnologiya əsridir. Daha qələm
tutmaqdan heç kəsin barmağı qabar olmur, heç kəs
qar kimi ağappaq kağızı yazıb-pozmaqdan
şumlanmış tarla kimi qapqara qaraltmır. Kompüter dövründə yaşayanlar əlbəttə,
razılaşmayacaqlar, amma kağız-qələmlə
işləməyin özgə ləzzəti var axı?
Mübahisə açmaq istəmirəm, şübhəsiz
ki, hər kəs
yaşadığı zəmanənin
övladıdır. Lev Tolstoy deyirdi ki, barmaqlarım mürəkkəbə
bulaşmayanda yazıçı olduğumu hiss eləmirəm.
Şakir Yaqubov həm kağız-qələm, həm də kompüter
dövründə çoxlu kitablar yazıb, məqalələr, resenziyalar, esselər,
xatirələr qələmə alıb, tərcümələr
edib. Özü də istər
siyasətdən, istər iqtisadiyyatdan, istər sosial, mədəniyyət
sahəsindən yazsın, istərsə də mənəviyyat
məsələsi və idmandan, hamısını eyni peşəkarlıqla
yazır. Doğrudur, son illər mətbuata gələnlər
onu daha çox idman, xüsusilə futbol mövzusunda yazan
jurnalist kimi tanıya bilərlər, lakin belə bir
bölgü aparmaq bəlkə də düzgün olmaz.
Hərçənd ki, futbol üzrə dünya
çempionatı, eləcə də digər yüksək səviyyəli
turnir və yarışlar haqqında onun yazdığı
reportaj və təhlillər, "futbol əfsanəsi"
Banişevski, İngiltərə kraliçasının
qızıl fit bağışladığı hakim Tofiq Bəhramov
haqqında bəhs edən kitabları, ayrı-ayrı idman
növləri üzrə yüksək nəticələr
qazanan dünyanın məşhur
ulduzları haqqında yazdığı məqalələr bu gün də böyük maraqla
oxunur.
Şakir Yaqubov analoqu olmayan çox
böyük peşəkar, azman jurnalist olmaqla yanaşı,
çox da böyük tərbiyəçidir -
danlaya-danlaya, bəzən
acı sözlər deyə-deyə, həm də can
yandıra-yandıra, sevə-sevə...
Şakir
Yaqubov çox böyük ziyalı və müəllimdir - əsəbiləşə-əsəbiləşə,
hirslənə-hirslənə, tüstülənə-tüstülənə,
həm də yol göstərə-göstərə...
Şakir
Yaqubov vətənpərvər və azərbaycansevərdir - millətin
səhvlərini göstərə-göstərə, onun dərdlərinə
yana-yana danışır,
yazır və bunlara baxmayaraq, onu çox sevir...
Bayaq kağız-qələm dövründən
danışdıq, indi klaviatura döyəcləyənlərin
çoxunun Azərbaycan mətbuatının cəfakeşlərindən
olan Şakir Yaqubov məktəbindən, yaradıcılıq
tələblərindən xəbərləri yoxdur. Çox təəssüf!.. Bəlkə də mətbuatın indiki
dişsizliyi və kəsərsizliyi belə peşəkarların, belə ustad sənətkarların
azalmağında, hardasa yoxluğundadır. Məgər
"Şakir Yaqubovun jurnalistika məktəbi"ni yaratmaq pis
olardımı? Jurnalist kadrları hazırlayan ali
məktəb tələbələri ilə onun
görüşünü təşkil etmək necə? Hər dəfə mətbuat səhifələrində,
ekran və efirlərdə, saysız-hesabsız saytlarda
alaşıq-dolaşıq, heç bir məna, məzmun və
fikir ifadə etməyən materiallarla rastlaşanda, istər-istəməz ürəyindən
keçirməli olursan: Nə Şakir müəllimin
yeridir... Həmin yazını dərc edənin
"aşını-suyunu" verib, müəllifi də özünə
"peşə axtarmağa" yola salaydı...
Nə qədər
zamandan, bizi
qocaldan, yaşımızın üstə yaş gətirən
amansız illərdən qaçmağa çalışsaq
da, bəzən bu, mümkün olmur.
Şakir Yaqubovun ömür təqvimində daha bir il tarixə qovuşur. Onun ad
günü ümumən Azərbaycan jurnalistikası,
vicdanlı qələm sahiblərinin hamısı tərəfindən
qeyd edilməyə layiqdir. Bu gün əlinə qələm
götürən, klaviatura döyəcləyən, mikrofon
tutan hər kəs özünü ustad və peşəkar
jurnalistlərin yaratdığı məktəbin, qoyduğu dəst-xəttin
davamçısı hesab etməlidir. O cümlədən də Şakir
Yaqubovun...
Onunla
birlikdə "Azərbaycan gəncləri",
"Kommunist", "Həyat", "Azərbaycan",
"Səhər", "Panorama" qəzetlərində
çalışanların hər birinə bu çeşmədən
bəhrələnmək payı düşüb. Bu sahədə çalışan,
fəaliyyət göstərən hər kəs
üçün ustad jurnalistin xeyir-duasını almaq,
"redaktor qayçısı"nı
görmək onların gələcək karyerası
üçün çox faydalı rol oynayıb.
Bu gün onun xeyir-duasını alanlardan nazir müavini
kürsüsündə əyləşənlər də var,
şirkət direktoru, qəzet redaktoru, sayt rəhbəri
olanlar da. Onların arasında Şakir Yaqubovu xatırlayanlar
da var, unudanlar da. Rus şairi Brodskinin sözü yada
düşür: "Məni unudanlardan şəhər salmaq
olar". Həyat belədir: unudanlar özləri də
unudulurlar. Necə deyərlər, unudulanlar
unudanları unutmurlar.
Həmişə
xatırlanan, çətin unudulan bir sıra təqvim günləri
var: ali məktəbə qəbul olunduğun gün, əsgərliyə
getdiyin gün, ordudan tərxis olunduğun gün, doğma kəndinin
işğal günü, əzizlərini itirdiyin, doğma kəndinin,
rayonun işğaldan azad
olduğu gün və s. Böyük
jurnalist Şakir Yaqubovun doğum günü də mətbu
sözə, jurnalist əməyinə dəyər verən hər
kəs üçün belə təqvim günlərindən
biridir.
Süleyman QARADAĞLI
525-ci qəzet.- 2021.-
1 may .- S.20