Acı taleli qız
(Əvvəli
ötən şənbə saylarımızda)
Hüseyn
müəllimlə görüş ərəfəsi və
onunla söhbət
Ruhiyyə
Yusif müəllimin sözündən ruhlanmışdı və
bu, onu fəal hərəkət etməyə sövq
etmişdi. O, qət etdi ki, hökmən Hüseyn müəllimlə
görüşsün və ona arvadının vəsiyyətini
çatdırsın. Öyrəndi ki, qırx mərasimi Təzəpir
məscidində keçiriləcək və ora yollandı.
Qadın məscidində hamı bahalı paltarda, bər-bəzəkdə
idi, onların arasında Ruhiyyə tovuz quşlarının
yanındakı qara qarğa kimi görünürdü, sadə
paltarı ilə hamıdan fərqlənirdi. Universitet müəllimləri
olan xanımlar bərkdən danışırdılar, bəzi
sözlərə gülənlər də olurdu. Onun
yanındakılar Ruhiyyəyə yuxarıdan aşağı
baxırdılar və ondan soruşdular ki, tələbəsən,
yoxsa müəlliməsən? Hər iki suala başını
silkələməklə cavab verdi. Süfrəyə plov gələndə
isə, xanımlar elə səs-küylə yeyirdilər ki,
elə bil barama qurdu öz yuvasını sarımaq ərəfəsində
tut yarpağını sürətlə udur və bərk
xışıltı salır. Bəzi dəbdəbəli
paltar geyinmiş, sinələrini, qollarını qızıl
bəzək-düzəklə bəzəmiş arvadlar isə
səhrada uzun müddət ac qalmış, leş
üstünə düşmüş kaftarları yada
salırdılar. Ruhiyyə məclisə baxıb heyifsilənirdi.
Çünki Südabə xanım belə matəmə layiq
insan deyildi. Elə bil ki, heç kəs onun ölümünə
heyifsilənmirdi, buraya da çoxu mərhum xanımı yad
etmək üçün yox, özünü göstərmək
və yağlı-üzlü xörəyə qonaq olmaq
üçün gəlmişdi. Ona görə də bir-iki
qaşıq plov yedikdən sonra yanındakılarla xudahafizləşib,
tələsdiyini bildirərək, məclisi tərk etdi.
O, dəhlizə
çıxdıqda təsadüfən məclisdə
iştirak etmiş məşhur professor qonağını yola
salan Hüseyn müəllimlə görüşdü. Bu
adamın vaxtilə Südabə xanımın ağır xəstəlikdən
xilasına böyük kömək göstərməsini onun
öz dilindən eşitmişdi.
Arvadının
ölümünə görə ərinə
başsağlığı verdi və gözlərindən
axan yaşı saxlaya bilmədi. Sonra vaxtı olanda onunla
görüşmək istədiyini bildirdikdə, Hüseyn
müəllim dedi ki, iki-üç gündən sonra zəng
edərsən, görüşərik.
Bir həftə
sonra Ruhiyyə zəng etdi və Hüseyn müəllim dedi
ki, həmişə olduğu kimi, bazar günü bizə gəl,
söhbət edərik. Qız onun zənginə belə cavab
verdiyinə görə sevindi. Özünə bir qədər
səliqə-sahman verdi, fiqurası da qaydasında idi, hamiləliyindən
əsər-əlamət qalmamışdı. Ucuz mağazadan
aldığı donunu və koftasını geyindi, yəqin
ki, Hüseyn müəllim onu xoş sifətlə qarşılayacaqdır.
Belə
ümidlə o, Südabə xanımgilin qapısının zəngini
basdı. Qapını açan ev yiyəsi onu "xoş gəldin"
deyə salamladı və qonaq otağına dəvət etdi.
Ruhiyyəyə yer göstərib, özü də
qarşı tərəfdəki kətildə əyləşdi.
İlk sözü bu oldu:
-
Sözlü adama oxşayırsan. Səni eşidirəm.
Ruhiyyə
belə müqəddimədən tutuldu, çünki bu ona
işarə idi ki, özün xahiş etmisən, mən də
görüşə razılıq verdim. İndi
görüşün məqsədini ayırd etmək
lazımdır.
Hüseyn
müəllim dedi ki, yəqin, hamiləliklə
üzülüşmüsən, uşağı doğub, icarə
götürənlərə təhvil vermisən. Görkəmin
də bir qədər dəyişilmişdir, elə bil ki,
cavanlaşmısan.
O, bu
sözləri deyəndə yadına saldı ki, ilk dəfə
Ruhiyyəni görəndə onun gözlərinə
vurulmuşdu. Bu gözləri təsvir etmək də çətin
idi, qız sevinən kimi onlar parıldamağa
başlayırdı. Lakin bu gözlərdə həm də
anlaşılmayan bir hüzn, bir məchulluq var idi. Hüseyn
müəllim qədim Roma şairi Vergilinin sözlərini
yada saldı: "Dərddən yaralanan, bu ölümcül
yaranı daim özü ilə daşıyır". Ruhiyyə
də köhnə dərdlərini unuda bilmirdi. Lakin birdən
qəmgin baxış dəyişilirdi, bəbəklər alov
şiddəti ilə parlamağa başlayırdı. Bu vaxt
qızın yanaqlarına da gur qan gəlirdi, zərif üz
cizgilərinə ehtiras şehi hopurdu. Qəmgin görünən
bu qız şimşəkvari gülüşlə
canlanmağa başlayırdı. Lakin ani sevinc az sonra yox
olurdu, əvvəlki gözəllik geriyə dönməz
şəkildə solurdu. İlk müşahidəsindən
Hüseyn müəllim bu qıza heç də laqeyd deyildi,
lakin öz hisslərini gizlətməyi də bacarırdı.
Lakin ev
yiyəsi yenə də onun sifətində donmuş gərginliyi,
qəmginlik nişanələrini gördü. Görən, o,
niyə belə qəm-qüssə dəryasına qərq
olmuşdur? Yəqin ki, Südabənin ölümü ona
ağır təsir etmişdir, axı onlar qısa müddətdə
bir yerdə olsalar da, bir-birlərinə çox bağlı
idilər. Bir qədər düşündükdən sonra
güman etdi ki, yəqin, başqa səbəblər də
vardır.
Ruhiyyə
söhbətə müqəddimə ilə
başlamağı bacarmırdı, ona görə də
birbaşa mətləbə keçdi.
-
Südabə xanımın ölümündan əvvəl mənə
verdiyi tapşırığa və sonralar mənə
ünvanladığı məktuba görə sizinlə
görüşmək istədim. Mən hər şeyi
açıq danışacağam, xahiş edirəm, bunu mənim
nəzakətə əməl etməməyimin nümunəsi
kimi qəbul etməyəsiniz. Südabə xanım son aylarda
ürək ağrısından əziyyət çəkirdi,
bunu sizə demək artıqdır, yəqin ki, siz bunu
görür, müşahidə edirdiniz. O, özünün
yaxınlaşan ölümünü hiss edirdi, axı
çox müdrik bir insan idi. O, öləndə sizin tək
yaşaya bilməyəcəyinizə görə təşviş
hissləri keçirirdi. Mənim taleyimə də biganə
deyildi. Hər ikimizin gələcəyini nəzərə
alaraq məndən xahiş etdi ki, Hüseyn müəllimlə
ailə qurmaq barədə fikirləş və mən öləndən
sonra bu ideyanı ona hökmən çatdır. Bu, mənim sənə
vəsiyyətimdir, əməl etməsən, ruhumu incidəcəksən.
Məktubunda da həmin fikirlər yer alır və məni cəsarətli
olmağa, sizinlə açıq danışmağa səsləyirdi.
Hüseyn
müəllim qonağını dinlədikdən sonra dedi ki,
bu səhnəyə Çarlz Dikkensin "Devid Kopperfild"
romanında rast gəlmişəm. Devidin çox sevdiyi, gənc
olduğu kimi, büllur kimi zərif olan arvadı Dara öləndə,
o, heç də Südabə xanım kimi yaşlı deyildi,
Devidin uşaqlıq dostu, özünün də mehriban rəfiqəsinə
çevrilən Aqnesi yanına çağırıb
xahiş etdi ki, Devidi tək qoyma, ona ərə get, siz xoşbəxt
olacaqsınız. Aqnes bunu etdi və onların gözəl ailəsi
yarandı.
Mən
Südabəni də başa düşürəm, sənin də
səmimiyyətinə şübhəm yoxdur. Ancaq bu təklif
də sadə məsələ deyil. Mən yaşlı adamam,
sən isə çox cavansan. Evlənmək həyatdakı ən
ciddi addımlardan biridir. İkinci dəfə evlənmək,
ailə qurmaq isə daha məsuliyyətli olduğundan bir
andaca qərar vermək yaramaz. Hərtərəfli
düşünüb, məsələnin həllinə
yaxınlaşmalısan. Düşünürəm ki, sən
də məni tələsdirməməlisən. Mən ciddi
fikirləşməliyəm, bu yaşımda səhvə yol
verməməliyəm, səhv etsəm, sənə də
pislik etmiş olaram. Çünki söhbət hər ikimizin
gələcək taleyindən gedir. Bu, teatr tamaşası
deyil ki, səhnədəkilərin təsiri altında hissə
qapılasan, "katarsis" prosesindən keçməyinlə
öyünəsən. Könülün saflaşmasına biz
həyatda nail olmalıyıq, buna hazırıqmı, bax əsas
məsələ də bundadır.
Ruhiyyə
əvvəldən rədd cavabı almağa da
özünü hazırlamışdı, lakin Hüseyn
müəllimin sözləri ona soyuq duş təsiri
bağışladı. Bu cavab onu olduğu quyunun lap dərinliyinə
salmışdı. Düşünürdü ki, gərək
mən də Tatyananın Oneginə yazdığı kimi, onu
qabaqlamaq üçün məktub yazıb özümün təklifə
"yox" cavabımı həmin məktubda göstərəydim.
Onda mən Yusif müəllimə verdiyim sözü
pozardım, məsələni bünövrədən həll
yolundan sapdırardım. Axı niyə o, başa
düşmür ki, mən cavan qız olduğum halda,
özü kimi yaşlı bir adama ərə getməyə
razılıq verirəmsə, deməli, ona güzəştə
gedirəm. Onu da başa düşürdü ki, bir təcrübəli
insan kimi onun keçmişinə bələddir, bu maneəni
keçməyə isə böyük cəsarət
lazımdır. Belə cəsarət sahibi deyildirsə, onunla
qurulan ailənin də ömrü uzun olmaz. Peşman olub,
sonradan mənə özü izdivac barədə təklif etsə,
mən ona intiqam şəklində rədd cavabını verəcəyəm.
Digər tərəfdən, onun mənim məhəbbətimə
ehtiyacı yoxdursa, özü də sevgidən uzaqdırsa, mən
onunla necə ailə qura bilərəm. Bu ailənin aqibəti
nə olacaqdır? Mən güman edirdim ki, o, mənə
az-çox vurulmuşdur, söhbətimizdən isə mən
buna yaxın olan heç bir işarə duymadım. Heç
yaxşı olmadı ki, o, mənə elçi düşmək
əvəzinə, mən ona elçi düşdüm. Bəlkə
o, Konqoda, ya Ruandada almaz axtarmaq istəyir. Bəlkə
Çexovun qoca rus məmuru kimi, bağındakı ləklərə
manna yarması səpmək istəyir ki, hansısa bir
sürpriz göstərsin. Onun özü Otello kimi
"yaşın ötdüyü illərin vadisinə
düşmüşdür", ancaq mənə hələ
minnət qoymaq istəyir. Sonradan peşman olsa, mən də
ehtirasımı susdurmağı bacaracağam.
Ruhiyyə
suallar içində qalmışdı, niyə bu təcrübəli
adam ona qəti cavab vermədi, ümid odunu söndürməyə
yaxın olan közərmədə qoydu. Axı hərənin
öz dünyası, öz marağı vardır, bəlkə
də, o, varlı bir qadınla evlənmək istəyir ki,
heç olmasa əvvəlki həyat tərzini saxlaya bilsin.
Yoxsa mənim kimi kasıb qızı niyə almalıdır
ki, maaşla dolanan bir adamın evində yeyən bir
ağız da artsın. Yaponların "Narayyama əfsanəsi"ndə
deyilirdi ki, uzaq keçmişdə evdə yeyən
ağız artıq olanda oğlu qoca anasını belinə
alıb, qarlı dağa çıxarıb, oraya qoydu ki, tənhalıqda
soyuqdan, aclıqdan ölsün. Ümumiyyətlə, fikirləşsək,
çoxlu səbəblər tapmaq, ya uydurmaq olar. Ona görə
də Ruhiyyə özünü təhqir olunmuş hesab
edirdi, bu ziyalı kişi gərək onunla ehtiramla
danışaydı, lap arvadının təklifini rədd etsə
də. Çünki axı Ruhiyyə öz təşəbbüsü
ilə bu təkliflə onun yanına gəlməmişdi, qızın
ləyaqətinə hörmət əlaməti olaraq həmin
təklifə qeyri-müsbət münasibətini də bir qədər
yüngül qaydada ifadə edə bilərdi.
Ruhiyyə özünü məğlub edilmiş əsgər, qalası alınmış bir sərkərdə kimi hesab edirdi. Ağlının kəsdiyi qədər götür-qoy edir, Hüseyn müəllimi kobudluqda, onunla qaba davranmaqda ittiham edirdi. Başqa cür də hərəkət edə bilərdi, adi taktı gözləməli idi, axı bu fağır qız ondan ənam diləmirdi ki? Fikirlər onu üzsə də, qəti bir qərara gələ bilmirdi, yenəmi onun oxu daşa dəydi, yoxsa tunelin qurtaracağında işığın görünməsi şansı hələ qalır?
Yenə Yusif müəllimə zəng vurmaq qərarına gəldi, o, yeganə adam idi ki, ona düzgün yol göstərəcəkdi. O, zəngə cavab vermədi, bir saat sonra özü zəng etdi. Bildirdi ki, kafedranın iclasını keçirirdi, ona görə gec zəng etməli oldu. Ruhiyyə Hüseyn müəllimlə görüşdüyünü və söhbətin məğzini ona çatdırdı. O güldü və dedi:
- Sən ikinci nüsxəsi olmayan skeptiksən, düşündüyün baş verməyən kimi pəjmürdə olursan, elə güman edirsən ki, hamı, hətta sənin xətrini istəyənlər də sənə düşmən kəsilmişdir. Ərə getmək, ailə qurmaq şahmat oyununa bənzəyir, bir-iki gedişdən sonra özünü qalib, ya məğlub hesab etmək bu oyundan xəbəri olmamaq deməkdir. Sən ilk e2-e4 gedişini etmisən, bu, hələ heç nədən xəbər vermir. Səbirli ol, hələ debütə başlamısan, qarşıda mittelşpil, endşpil durur. Tələssən, tez mat olarsan. Sənə isə partiyanı udmaq lazımdır və sənin udacağına şübhəm yoxdur. Çünki rəqib hələ cavab gedişini də etməyib. Elə bilirsən ki, artıq sənə "şah" adlanan gediş edildi və sən öz şahını təslim etməlisən. Belə tez qaydada ruhdan düşmə, sən hələ çox partiyaları udacaqsan. Elə bilirəm ki, mənim Hüseyn müəllimlə danışmağıma da ehtiyac yoxdur, mən bu vaxt onun öz nikahı kimi ali bir işinə qarışmış olaram. Bu məsələyə hətta ən yaxın adamların da müdaxiləsi məqbul hesab olunmur. İlk gedişini etdiyinə görə səni təbrik edirəm, gələcək gedişlərində daha ehtiyatlı və diqqətli hərəkət etməyi arzulayıram. Sən böyük bir turnirdən qalib çıxmalısan, lap başlanğıcdan qrossmeyster olmaq istəyirsənsə, bu, heç də mümkün deyildir. Tələsmə, həyat oyunları sənə çox təcrübələr verəcəkdir.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2021.- 1 may.- S.22.