“Molla Nəsrəddin” ensiklopediyası”nın təqdimatı olub
AMEA Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Molla Nəsrəddin”
ensiklopediyası”nın onlayn təqdimatı
keçirilib.
Təqdimatı
AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli
açaraq “Molla Nəsrəddin” jurnalının on cildliyinin
yenidən nəşri ilə yanaşı,
ensiklopediyasının da hazırlanmasını böyük
hadisə adlandırıb. O bildirib ki, “Ensiklopediyanın
hazırlanmasında Mətbuat tarixi və publisistika şöbəsinin
bütün əməkdaşlarının çox
sanballı xidməti vardır. “Molla Nəsrəddin” və
xarici ölkələr mövzusu yenidən
yazılmalıdır. Çünki bu jurnal yalnız Azərbaycanın
ictimai-siyasi proseslərini izləməyib, həm də
dünyadakı prosesləri izləyib. Eyni zamanda mollanəsrəddinçi
ədəbiyyatın poetikası da müstəqillik
işığında yenidən yazılmalıdır. “Molla Nəsrəddin”
ensiklopediyası mollanəsrəddinçi ədəbiyyatın
və ədəbiyyatşünaslığın bir pasportudur.
Bu, akademiyanın elmi tədqiqat institutlarında hazırlanan
ilk ensiklopediyadır”.
Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anar çıxışında
bildirib ki, “bu hadisəyə çox sevindim. Mən “Cəlil Məmmədquluzadə
ensiklopediyası” hazırlananda da iştirak etmişdim.
Bütöv bir ədəbi dövrün jurnalı olan “Molla Nəsrəddin”in
ensiklopediyasının hazırlanması qürurvericidir. Bu
işdə əziyyəti olan hər kəsə təşəkkür
edirəm”.
Milli Məclisin
Mədəniyyət Komitəsinin sədri Qənirə
Paşayeva çıxış edərək vurğulayıb
ki, “uzun illərdir Molla Nəsrəddin ədəbi məktəbini
araşdıran hörmətli akademikimiz İsa Həbibbəylinin,
digər mollanəsrəddinşünasların bu istiqamətdə
araşdırmalarının məntiqi nəticəsi kimi
meydana çıxan “Molla Nəsrəddin Ensiklopediyası” ədəbiyyatşünaslığımızda
önəmli hadisədir. İlk dəfə olaraq “Molla Nəsrəddin”
jurnalının ensiklopediyası hazırlanıb, nəşr edilib.
Akademiyanın Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsində
nəşrə hazırlanmış, akademik İsa Həbibbəylinin
ümumi redaktəsi ilə işıq üzü
görmüş ensiklopediya Ədəbiyyat İnstitutunun Elmi
Şurasının qərarı ilə çap edilib.
Ensiklopediya adının, başqa sözlə, ensiklopediya təyinatının
mahiyyətinə uyğun olaraq hazırlanmış nəşr,
“Molla Nəsrəddin” jurnalının bütün sahələrini
ardıcıllıqla və ətraflı şəkildə əhatə
edən biliklər dairəsi, məlumatlar toplusudur. Molla Nəsrəddin
jurnalını bütünlüklə lüğət şəklində
sistemə cəlb edən ensiklopediya, bu sahə üzrə
yığcam məlumat verən elmi nəşr kimi yüksək
dəyərə layiqdir. Ensiklopediya öz məzmununa görə
yalnız sahə ensiklopediyası olmaqda qalmayıb, universal-milli
ensiklopediya kimi də təqdim edilə bilər.
Nəşrin
hazırlanmasında akademiklər, professorlarla yanaşı,
Mehman Həsənli, Gülnar Qasımlı, Təhminə Vəliyeva
kimi gənc tədqiqatçıların da iştirakı təqdir
edilməlidir. “Molla Nəsrəddin” ensiklopediyası “Molla Nəsrəddin”
ədəbi məktəbinin ensiklopediyasıdır, Mirzə Cəlil
ensiklopediyasıdır, bütün mollanəsrəddinçilərin
çoxcəhətli əməli fəaliyyətinin
ensiklopediyası dəyərindədir. Bu nəfis kitab, öz əhatə
dairəsi, həcmi, poliqrafiyası və digər parametrləri
ilə birgə qiymətli bir vəsaitdir. Nəşrdə əsas
mətnlərlə yanaşı, “Əlavələr” bölməsi
də maraq kəsb edir: burada “Molla Nəsrəddin”
jurnalının nəşr olunduğu ünvanlar, mətbəələr,
jurnalın redaktorları, habelə, mollanəsrəddinçilərdən
söz açan doktorluq və namizədlik dissertasiyalarının,
gün üzü görən kitabların siyahısı və
s. haqqında bilgilər verilib.
Ensiklopediyada
“Molla Nəsrəddin” jurnalının nəşrə
başlaması, o dövrün gerçəklikləri,
jurnalın tənqid hədəfləri, jurnalın əleyhinə
çıxanlar, kollektivin üzləşdiyi çətinliklər,
mollanəsrəddinçilərin mövhumatla, cəhalətlə
mübarizəsi, jurnalın gün üzü
gördüyü dövrlərdə ölkə, region və
dünyada cərəyan edən tarixi-ictimai-siyasi hadisələr,
o cümlədən I Dünya müharibəsi dövrü –
bütün bunların jurnalın mətn-mündəricəsinə,
müəlliflərin yaradıcılığına təsirləri
sistemləşdirilib, jurnalı yaradanlarla yanaşı,
jurnalda məşhurlaşanlar, belə demək olarsa,
jurnalın - yetişdirdikləri, jurnalın təsirləri,
dil məsələsi, qadın azadlığı məsələsi,
jurnalın Tiflis, Təbriz və Bakı dövrü və s.
kimi mövzuları universal şəkildə əhatə
edilib.
Azərbaycan
peşəkar satirik mətbuatının əsasını
qoyan və ədəbi məktəb yaradan “Molla Nəsrəddin”
jurnalı 25 illik fəaliyyəti ilə türk-müsəlman
dünyasında, Yaxın Şərqdə geniş
yayılmaqla xalqların azadlıq, dövlət müstəqilliyi,
demokratiya uğrunda mübarizəsində özünəməxsus
yerə və rola malikdir. Azərbaycan ədəbi-ictimai fikrinə
yeni üslub, yeni baxış və düşüncə tərzi
gətirməklə yanaşı, demokratik ictimai fikrin təkamülünə,
satirik mətbuatın, satira ədəbiyyatının
inkişafına güclü təsir göstərib. Heç
təsadüfi deyil ki, milli və bəşəri dəyərləri
özündə universal şəkildə təcalla etdirən
“Molla Nəsrəddin” jurnalı bir çox cəhətləri
ilə çağdaş dövrümüzdə də aktual
görünür və xalqın söz xəzinəsinə rəng
qatır.
İlk
buraxılışından (07 aprel 1906, Tiflis) 115, Təbrizdə
nəşrə başlamasından (1921) 100, Bakıda son
sayının gün üzü görməsindən (1931) 90
il keçən “Molla Nəsrəddin” jurnalı
üçün əlamətdar olan 2021-ci il, bu ensiklopediya ilə
süslənmişdir. “Molla Nəsrəddin”
ensiklopediyasının bütün mollanəsrəddinçilərin
ruhunu şad edəcəyinə inanıram. Fürsətdən
istifadə edərək, ensiklopediyanın araya-ərsəyə
gəlməsində əməyi keçən hər kəsə
təşəkkürümü yetirir, yeni
yaradıcılıq uğurları diləyirəm!”
Sonra Mətbuat
tarixi və publisistika şöbəsinin müdiri, filologiya
elmləri doktoru, professor Vüqar Əhməd “Molla Nəsrəddin”
jurnalının və Ədəbiyyat İnstitutunun ilk
ensiklopediyası” adlı geniş məruzə edib: “Cəlil Məmmədquluzadə
irsi və onun redaktorluğu ilə nəşrə başlayan
“Molla Nəsrəddin” jurnalı Azərbaycan milli mətbuatının
və çoxəsrlik ədəbiyyatımızın
mühüm bir istiqamətini təşkil edir. Əsrlərin
sınağından qalibiyyətlə çıxan,
çağdaş dövrümüzdə də öz əhəmiyyətini
və unikallığını qoruyub saxlayan “Molla Nəsrəddin”
jurnalı Mirzə Cəlil
yaradıcılığının “şah əsəri”
(akademik İsa Həbibbəyli) olmaqla bərabər, həm də
Şərq dünyasında ilk rəngli, karikaturalı satirik
jurnal kimi öz adını Azərbaycan milli mətbuatının
salnaməsinə yazmışdır. Jurnal Azərbaycan ədəbi-ictimai
fikrinə yeni üslub, yeni baxış və
düşüncə tərzi gətirməklə
yanaşı, həm də yayıldığı ölkələrdə
demokratik ictimai fikrin təkamülünə, satirik mətbuat
və ədəbiyyatın inkişafına güclü təsir
göstərdi. Milli və bəşəri dəyərləri
özündə yaşadan “Molla Nəsrəddin”
jurnalının yürütdüyü ideoloji xətt
çağdaş dövrümüzdə də olduqca aktual
görünür. Əbədiyaşarlıq qazanan “Molla Nəsrəddin”
jurnalı xalqımızın zəngin söz xəzinəsidir.
Elə bir xəzinə ki, biz bütün dövrlərdə
ondan yaradıcılıqla bəhrələnə bilirik. Məhz
elə bu yüksək məziyyətlərinə görə
də “Molla Nəsrəddin” jurnalı həmişə
çoxsaylı oxucuların və ziyalıların diqqət
mərkəzində qərar tutur.
Azərbaycan
satirik mətbuatının zirvəsi olan “Molla Nəsrəddin”
jurnalı Şərqdən Qərbə qədər
böyük bir arealda yayılaraq şöhrət
qazanmış və mollanəsrəddinçilər ədəbi
nəslinin ölməz irsinin tanıdılması və təbliğində
mühüm rol oynamışdır. Jurnalın bu böyük
xidmətləri çoxmilyonlu oxucular tərəfindən
maraqla qarşılanmaqla yanaşı, həm də dövlət
qayğısı ilə əhatə olunmuş və öz
layiqli qiymətini almışdır. Xüsusilə də, Azərbaycan
Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu və onun rəhbərliyi “Molla Nəsrəddin” ədəbi
abidəsinə həmişə diqqət və qayğı
ilə yanaşır. Akademik İsa Həbibbəylinin
redaktorluğu ilə işıq üzü görən “Molla
Nəsrəddin” ensiklopediyası da bu ölməz, zəngin
irsimizə böyük məhəbbətin bariz nümunəsidir.
İnstitutun Mətbuat tarixi və publisistika şöbəsində
hazırlanan ensiklopediya şərəfli və məsuliyyətli
bir işin nəticəsi kimi olduqca qiymətli və dəyərlidir.
Akademik
İsa Həbibbəyli Azərbaycan realist nəsrinin görkəmli
nümayəndəsi Cəlil Məmmədquluzadə və
“Molla Nəsrəddin” jurnalına dövlət
qayğısından bəhs edərək yazır: “Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları
ilə Cəlil Məmmədquluzadənin anadan olmasının
150, “Molla Nəsrəddin” jurnalının 100, 110 illik yubileylərinin
qeyd olunması, xatirələrinin əbədiləşdirilməsi
klassik irsimizə və milli mətbuatımıza verilən
yüksək qiymətin real təzahürü və təntənəsidir”.
Məhz Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu, onun rəhbərliyi və
əməkdaşları da respublika prezidentinin ideoloji və
strateji xəttini uğurla davam etdirərək Cəlil Məmmədquluzadənin
zəngin və ölməz ədəbi irsinə və XX əsr
Azərbaycan ədəbiyyatının böyük ədəbi
simalarının yaradıcılığını ehtiva edən
“Molla Nəsrəddin” jurnalına bitib-tükənməyən
xəzinə və möhtəşəm söz abidəsi
kimi yanaşır, onun əbədiyaşarlığını
təmin etmək üçün çoxsaylı layihələr
həyata keçirirlər. Bu baxımdan institutun direktoru,
akademik İsa Həbibbəylinin şəxsi təşəbbüsü
və rəhbərliyi ilə işıq üzü görən
“Molla Nəsrəddin” ensiklopediyası milli-mənəvi dəyərlərimizə
verilən böyük qiymətin və dəyərin təzahürüdür.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Mətbuat tarixi və publisistika şöbəsində
hazırlanan ensiklopediya üç illik səmərəli
axtarışların nəticəsi kimi ərsəyə gələn
mükəmməl və monumental bir məcmuədir.
Şöbə əməkdaşlarının tarixi materiallar,
zəngin arxiv sənədləri, tədqiqat əsərləri,
monoqrafiyalar, doktorluq və namizədlik işləri, salnamələr,
memuarlar əsasında hazırladıqları ensiklopediya XX əsrin
ictimai-siyasi, ədəbi-mədəni hadisələrini, mollanəsrəddinçilərin
zəngin və çoxşaxəli
yaradıcılığını, jurnalın
çoxsaylı tədqiqatçılarının elmi fəaliyyətini
özündə əks etdirən dəyərli sənət əsəridir.
“Molla Nəsrəddin”
ensiklopediyasının ideya rəhbəri və baş redaktoru
AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Tərtib
edən və çapa hazırlayan filologiya elmləri doktoru,
professor Vüqar Əhməd, məsul redaktoru filologiya üzrə
fəlsəfə doktoru Gülbəniz Babayeva, koordinatoru
filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənlidir.
Ensiklopediyanın korrektorları Təhminə Vəliyeva və
Zərin Vəliyeva, operatoru isə Şəbnəm Şəfizadədir.
Nəşrin əsas redaksiya heyətinə Ramiz Mehdiyev, Anar,
İsa Həbibbəyli, Teymur Kərimli, Vüqar Əhməd,
Asif Rüstəmli, Gülbəniz Babayeva, Aygün
Bağırlı və Mehman Həsənli daxildir. Ensiklopediya
üzərində işə 2016-cı ildən start
verilmişdir. Əvvəlcə akademik İsa Həbibbəylinin
şəxsi təşəbbüsü ilə “Molla Nəsrəddin”
ensiklopediyası üçün “Sözlük”
hazırlanmışdır. Şöbənin əməkdaşı
Gülbəniz Babayeva 420 səhifədən ibarət olan
sözlüyü “Molla Nəsrəddin” jurnalının 8
cildliyi, Qulam Məmmədli, Elmira Qasımova və Afaq Əliyevanın
“İmzalar” kitabı, keçən əsrin əvvəllərindən
başlayaraq çağdaş dövrümüzə qədər
Cəlil Məmmədquluzadə, “Molla Nəsrəddin”
jurnalı və mollanəsrəddinçilər haqqında
yazılmış tədqiqat əsərləri əsasında
tərtib edilmişdir. Bu mərhələ başa
çatdıqdan sonra akademik İsa Həbibbəyli
sözlüklərin seçilməsi ilə bağlı
şöbə əməkdaşları və müəlliflərlə
müzakirə və diskussiyalar aparmış, məsləhətləşmiş
və ensiklopediya üçün daha önəmli və əhəmiyyətli
olan sözlər seçilmiş və elmi məqalələrin
əsas mövzusuna çevrilmişdir. Dərin elmi
araşdırmalar, çoxsaylı mənbələr və arxiv
materialları əsasında yazılan ensiklopediya milyonlarla
oxucunun istinad edə biləcəyi dəyərli və
monumental bir söz abidəsinə çevrilmişdir.
Ensiklopediyanın
önəmli cəhətlərindən biri də onun həm
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
tarixində, həm də “Molla Nəsrəddin” jurnalı
haqqında yazılmış ilk ensiklopediya olmasıdır.
Jurnalın nəşrindən bir əsrdən artıq vaxt
keçməsinə baxmayaraq indiyədək belə bir
ensiklopediya işıq üzü görməmişdir. Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu, onun rəhbərliyi, Mətbuat
tarixi və publisistika şöbəsi bu məsuliyyətli və
şərəfli işin öhdəsindən layiqincə gəlmişdir.
Mətbuat
tarixi və publisistika şöbəsində hazırlanan
“Sözlük”də əsasən, “Molla Nəsrəddin”
jurnalının cildlərindən, Cəlil Məmmədquluzadə
və “Molla Nəsrəddin” jurnalı ilə bağlı
yazılmış çoxsaylı tədqiqat əsərlərindən,
Qulam Məmmədlinin “Salnamə” və “İmzalar”, Elmira
Qasımova və Afaq Əliyevanın “İmzalar”, “Gizli imza və
atribusiyalar” və digər mötəbər mənbələrdən,
eləcə də tarixi sənədlərdən, mollanəsrəddinçilərin
həyat və fəaliyyətini əks etdirən arxiv
materiallarından istifadə olunmuşdur. Ensiklopediya məhz
fikir süzgəcindən keçirilmiş, seçilmiş
“Sözlük” əsasında hazırlanmışdır. Bu
sanballı və qiymətli məlumat kitabında 400-ə
yaxın məqalə və oçerk əksini tapmışdır.
Ensiklopediyanın
ilk səhifələrində akademik İsa Həbibbəylinin
“Molla Nəsrəddin” ədəbi məktəbinin
ensiklopediyası” adlı proqram xarakterli “Ön söz”ü
yer almışdır. Akademik giriş səciyyəli bu
müfəssəl yazıda Azərbaycan satirik mətbuatının
zirvəsinə ucalan, ədəbi məktəb yaradan və 25
il milli mətbuatımızın və ədəbiyyatımızın
qızıl səhifələrini yazan “Molla Nəsrəddin”
jurnalının və mollanəsrəddinçilərin xalqa
təmənnasız xidmətindən bəhs edərək
yazır: “Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin”
jurnalı XX əsrin əvvəllərindəki ədəbiyyat
və mətbuat cəbhəsinin liderliyi missiyasını
uğurla həyata keçirmişdir. Cəlil Məmmədquluzadə
və “Molla Nəsrəddin” jurnalı bütün istiqamətlərdə
ictimai-siyasi hadisələrə və ədəbi prosesə
ciddi təsir göstərmiş və istiqamət vermişdir...
“Molla Nəsrəddin” ədəbi məktəbi universal
xarakterə malik olub, özündə tənqidi-realist ədəbiyyat
məktəbini, satirik publisistika məktəbini və
karikatura məktəbini birləşdirmişdir. Bu mənada
“Molla Nəsrəddin” jurnalı məktəb hazırlayıb
meydana çıxaran nadir mətbuat orqanıdır... Mənsub
olduğu xalqın milli azadlıq hərəkatına təkan
vermək, onu müstəmləkə zülmündən xilas
etmək və müstəqil dövlətçilik
yollarında dönmədən mübarizə aparmaq
baxımından da C.Məmmədquluzadə
və “Molla Nəsrəddin” jurnalı ardıcıl və qətiyyətli
addımlar atmışdır. Sözün əsl mənasında
C.Məmmədquluzadə Azərbaycan ədəbi-ictimai
fikrində milli azadlıq düşüncəsinin sərkərdəsidir...
“Molla Nəsrəddin” jurnalı Şərqdə satirik mətbuatın
lokomotivi və əsas hərəkətverici qüvvəsidir”.
Ensiklopediyada
“Ön söz”dən sonra akademik İsa Həbibbəyli və
filologiya üzrə fəlsəfə doktoru Gülbəniz
Babayevanın birgə yazdıqları “Görkəmli dövlət
xadimi Heydər Əliyev “Molla Nəsrəddin” jurnalı və
mollanəsrəddinçilər haqqında” adlı məqalə
yer almışdır. Məqalədə ümummilli lider Heydər
Əliyevin Cəlil Məmmədquluzadə irsinə, “Molla Nəsrəddin”
jurnalına və mollanəsrəddinçilərin
yaradıcılığına verdiyi yüksək dəyər
ön plana çəkilir. Azərbaycan Dövlətinin
Memarı, ulu öndərimiz Heydər Əliyev Cəlil Məmmədquluzadənin
çoxşaxəli yaradıcılığına və onun
redaktorluğu ilə nəşr edilən, ilk satirik mətbuat
orqanı olan “Molla Nəsrəddin” jurnalının tarixi əhəmiyyətinə
xüsusi diqqət yetirir.
Ümummilli lider Heydər Əliyev Cəlil Məmmədquluzadəni
təkcə öz əsərləri ilə deyil, həm də
onu dünya arealında məşhurlaşdıran,
şöhrət qazandıran və adını əbədiləşdirən
“Molla Nəsrəddin” jurnalı vasitəsilə Azərbaycan
xalqının milli şüurunun formalaşmasındakı, mətbuatımızın
inkişafındakı unudulmaz xidmətlərini yüksək
dəyərləndirərək yazır: “Cəlil Məmmədquluzadə
dühası “Molla Nəsrəddin” jurnalında öz əksini
tapdı. “Molla Nəsrəddin”, onun vasitəsilə C.Məmmədquluzadə
və jurnalın işinə cəlb olunmuş Azərbaycanın
başqa mütəfəkkir adamları xalqımızın
milli şüurunun formalaşmasında, milli ruhun yüksəldilməsində,
milli oyanışında böyük rol oynadılar”.
Ensiklopediyanın
əsas istiqamətlərindən birini də mollanəsrəddinçilər
- Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər
Sabir, Əliqulu Qəmküsar, Əbdürrəhim bəy
Haqverdiyev, Əli Nəzmi, Əli Razi, Bayraməli Abbaszadə,
Salman Mümtaz, Məmməd Səid Ordubadi və
başqaları haqqında yazılmış oçerklər
təşkil edir. Burada da XX əsrin əvvəllərində
Azərbaycan satirik ədəbiyyatının və milli mətbuatımızın
inkişafında müstəsna xidmətləri olan
böyük ədəbi simalar haqqında elm aləminə məlum
olmayan yeni faktlar aşkarlanaraq oxucuların ixtiyarına
verilmişdir.
Ensiklopediyanın əsas
problematikasını təşkil edən satirik publisistika və
poeziyanın müəlliflərinin həyat və
yaradıcılıqları, jurnaldakı fəaliyyətləri
də geniş işıqlandırılmışdır. Məlumdur
ki, dövrün, zamanın sərt senzurası mollanəsrəddinçiləri
gizli imzalardan istifadə etməyə yönləndirmişdir.
Minlərlə imzanın aşkarlanması, müəlliflərinin
müəyyənləşməsində böyük salnaməçi
Qulam Məmmədlinin və bu gün xeyirxah missiyanı
uğurla davam etdirən filologiya üzrə fəlsəfə
doktoru Elmira Qasımovanın xüsusi əməyi vardır.
Bu prinsip ensiklopediyada da gözlənilmiş, gizli imzaların əksəriyyəti
Elmira Qasımova tərəfindən işlənilmişdir.
“Molla Nəsrəddin”
jurnalını geniş oxucu auditoriyasına sevdirən və əhəmiyyətini
artıran həm də onun çoxsaylı, satirik
yönümlü rubrikalarıdır. Jurnalın nəşri
boyunca istifadə etdiyi folklor nümunələrinə parodiya
və perifrazlar şəklində yaratdığı “Atalar
sözləri”, “Bayatılar”, “Nağıllar”, “El ədəbiyyatı”,
“Tapmacalar”, “Hikmətli sözlər”, eləcə də,
“Teleqraf xəbərləri”, “Ticarət və ekonomi xəbərləri”,
“Daxili xəbərlər”, “Xarici xəbərlər”, “Qafqaz xəbərləri”,
“Mətbuat xəbərləri”, “Elanlar” və s.
çoxsaylı rubrikalar haqqında nəzəri məlumatlar
jurnaldan seçilmiş nümunələr əsasında
Gülbəniz Babayeva tərəfindən
yazılmışdır.
“Molla Nəsrəddin”
jurnalında onun publisistikası və satirik poeziyası ilə
tam uyarlıq yaradan çoxsaylı karikaturaların
böyük rolu vardır. Oxucuların bütün təbəqələri
tərəfindən anlaşılan, istedadlı rəssamların
yüksək sənətkarlıqla çəkdikləri
karikaturalar jurnalın populyarlıq qazanmasında mühüm əhəmiyyət
kəsb etmişdir. Jurnalda Şərq və Qərb mədəniyyətini
qovuşduran, rəssamlıq sənətinin, xüsusilə də
qrafika və karikatura janrının inkişafında misilsiz
xidmətləri olan O.Şmerlinq, İ.Rotter, Beno, Ə.Əzimzadə,
X.Musayev, H.Əliyev, K.Dorş, İ.Axundov, Q.Xalıqov, S.Behzad
və başqaları haqqında yazılmış oçerklər
ensiklopediyanın maraqlı səhifələrindəndir.
Məlumdur
ki, jurnal keçən əsrin 30-cu illərindən
başlayaraq ədəbi ictimaiyyətin diqqət mərkəzində
olmuş, görkəmli ədəbiyyatşünaslar, ədəbi
tənqidçilər, nəzəriyyəçi alimlər tərəfindən
müxtəlif aspektdən təhlilə cəlb edilmişdir.
“Molla Nəsrəddin” ədəbi hərəkatının mənbəyi
və əsas istiqamətləri, tənqidi realizm, mollanəsrəddinçilik,
onun dünya nəzəriyyələr sistemindəki yeri,
orijinallığı və beynəlxalq aləmdə
yayılaraq xarici oxuculara çatdırılması məhz
görkəmli alimlərimizin cəfakeşliyi sayəsində
reallaşmışdır. Ensiklopediyada böyük bir təkamül
yolu keçərək çağdaş dövrümüzdə
də uğurla davam etdirilən bu sistemli
araşdırmaların müəllifləri - Əli Nazim, Mirzə
İbrahimov, Həbibulla Səmədzadə, Əziz Mirəhmədov,
Qulam Məmmədli, Nazim Axundov, Məmməd Cəfər Cəfərov,
Fərman Bayramov, Mir Cəlal, Firudin Hüseynov, İslam
Ağayev, Xeyrulla Məmmədov, Xalid Əlimirzəyev,
Yaşar Qarayev, İsa Həbibbəyli, Təhsin Mütəllimov,
Qorxmaz Quliyev, Elmira Qasımova və başqaları haqqında
oçerklərə də yer verilmişdir. Mollanəsrəddinçi
alimlərin Azərbaycan Mollanəsrəddinşünaslığına
bəxş etdikləri tədqiqat əsərləri, onların
ideya-bədii mündəricəsi, əsas parametrləri və
bu sahədə əldə olunan qənaət və nəticələr
təhlil süzgəcindən keçirilmişdir.
Ensiklopediyada
“Molla Nəsrəddin” jurnalında əksini tapan ədəbi
janrlar - bəhri-təvil, dəyənək, felyeton, karikatura,
pamflet, parodiya, publisistika, satira, taziyanə, təxmis,
tragikomediya və sair haqqında nəzəri məlumatlar da
“Molla Nəsrəddin” jurnalından seçmə nümunələr
əsasında şərh edilmiş, ensiklopediyanın söz
bazasının, siqlətinin və məna tutumunun zənginliyinə
və çoxçeşidliliyinə imkan
yaratmışdır.
“Molla Nəsrəddin”
jurnalı ədəbi məktəb yaradan ilk satirik dərgi
kimi özündən sonra bir çox satirik jurnalların
yaranmasına və nəşrinə yol açdı. Bu
baxımdan, “Babayi-Əmir”, “Bəhlul”, “Məzəli”, “Tuti”,
“Zənbur” və başqa satirik jurnallar “Molla Nəsrəddin” ənənələrini
davam etdirən mətbuat orqanları kimi mühüm əhəmiyyət
kəsb edir. Ensiklopediyada bu satirik jurnallara da xüsusi yer
ayrılıb.
Ensiklopediyanın
“Əlavələr” bölməsində jurnalın redaktoru,
ilk dəfə olaraq nömrələrinin illər üzrə
dəqiqləşdirilmiş sayı, nəşr olunduğu
yer, mətbəə haqqında məlumatlar əksini
tapmışdır. Eyni zamanda, həmin bölmədə
doktorluq və namizədlik dissertasiyaları, Cəlil Məmmədquluzadə
və “Molla Nəsrəddin” jurnalı haqqında tədqiqat əsərləri
də yer almışdır.
Ensiklopediyada
diqqətçəkən önəmli cəhətlərdən
biri də Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin”
jurnalı ilə bağlı dövlət əhəmiyyətli
mühüm sənədlərə, əmr, fərman və sərəncamlara
mətnlərin daxilində istinad edilməsi və jurnalın
ideoloji xəttinin, məqsəd və məramının
aydınlaşdırılması prosesinə müstəqillik
illərinin, yeni dövrün baxışları
bucağından yanaşılmasıdır. Bu prinsip həm
ayrı-ayrı şəxsiyyətlər haqqında
verilmiş oçerklərdə, həm də nəzəri
problemlərdə, müxtəlif mövzulu məsələlərə
münasibətdə gözlənilmişdir. Bununla
yanaşı, ensiklopediyada XX əsrin mürəkkəb
ictimai-siyasi hadisələri fonunda yaranan, formalaşan Azərbaycan
realist ədəbiyyatının, satirik mətbuatın və
xüsusilə də “Molla Nəsrəddin” jurnalının
mövzu və problematikasında əksini tapan bütün məsələlər
diqqət mərkəzində saxlanılmışdır.
“Molla Nəsrəddin”
jurnalı hələ nəşr olunduğu illərdən ədəbi
ictimaiyyətin, ədəbiyyatşünasların və ədəbi
tənqidin yaradıcılıq orbitinə daxil olmuş,
çağdaş dövrdə də bu ənənə
uğurla davam etdirilməkdədir. Ensiklopediyanın redaktoru,
akademik İsa Həbibbəylinin Cəlil Məmmədquluzadə
yaradıcılığı və “Molla Nəsrəddin”
jurnalı ilə bağlı çoxsaylı fundamental
araşdırmaları bu istiqamətdə aparılmış ən
uğurlu və sanballı tədqiqatlar hesab olunur.
“Molla Nəsrəddin”
ensiklopediyası”nın nəşri də
az qala yarım əsrə qədər davam edən səmərəli
axtarışların məntiqi yekunu kimi olduqca dəyərlidir.
Təbii olaraq, ensiklopediyanın əsasını təşkil
edən “Molla Nəsrəddin” jurnalının Tiflis, Təbriz
və Bakı mərhələləri, “Molla Nəsrəddin” ədəbi
məktəbi”, “Molla Nəsrəddin”in Təbriz şəhəri
üzrə abunə dəftəri”, “Cəlil Məmmədquluzadə”,
“Mollanəsrəddinçilik təlimi”, “Tənqidi realizm”, “Səyahətnamələr”,
“Poçt qutusu”, “Eynəli bəy Sultanov”, “Lüğət”,
“Şürbi Mirzəyev”, “Usta Zeynal”, “Oskar Şmerlinq”, “Firidun
bəy Köçərli”, “Çay dəstgahı”,
“Kamança”, “Mirzə İbrahimov”, “Rüstəm Behrudi” və
başqa məqalələr, portret oçerklər, rubrika və
əsərlər akademik İsa Həbibbəyli tərəfindən
işlənmişdir.
Akademik
İsa Həbibbəyli bu monumental söz abidəsini yüksək
dəyərləndirərək yazır: “Molla Nəsrəddin”
ensiklopediyası” - Cəlil Məmmədquluzadənin həyat
və yaradıcılığının, bütün mollanəsrəddinçilərin
çoxcəhətli ədəbi-ictimai fəaliyyətinin
ensiklopedik kitabıdır. “Molla Nəsrəddin”
ensiklopediyası” - Azərbaycanda konkret bir ədəbi məktəb
haqqında yazılmış birinci ensiklopediyadır.
"Molla
Nəsrəddin” ensiklopediyası” - Azərbaycan Milli Elmlər
Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu əməkdaşlarının kollektiv elmi əsəri,
xüsusən, “Mətbuat tarixi və publisistika” şöbəsi
əməkdaşlarının elmi axtarışları və
böyük zəhməti əsasında hazırlanmış
ədəbiyyatşünaslıq salnaməsidir. “Molla Nəsrəddin”
ensiklopediyası” - Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu əməkdaşlarının Azərbaycan elmi
qarşısında növbəti hesabatıdır”.
Ensiklopediyanın
hər bir məqaləsi, oçerki müəlliflərin gərgin
və səmərəli axtarışları dərin məntiqi
təfəkkürü əsasında yazılmış dəyərli
məlumatlar mənbəyi kimi qiymətlidir.
İnanırıq ki, bu zəngin topluda əksini tapan hər
bir faktoloji, terminoloji və nəzəri məlumatlar neçə-neçə
tədqiqatlar üçün tükənməz, əvəzsiz
bir mənbəyə çevriləcək.
“Molla Nəsrəddin”
ensiklopediyasının hazırlanmasında Mətbuat tarixi və
publisistika şöbəsinin əməkdaşları ilə
birlikdə Yeni dövr Azərbaycan ədəbiyyatı
şöbəsinin alimləri İslam Qəribli, Alxan Məmmədov,
Lütfiyyə Əsgərzadə, Elmira Qasımova və Səadət
Vahabovanın da xüsusi əməyi vardır. Şöbələr
arasında yaranan iş birliyi, həmrəylik və məsuliyyət
hissi ensiklopediyanın dəyərini, əhəmiyyətini
artırmış və nəticədə daha mükəmməl
bir işin ərsəyə gəlməsinə təminat
yaratmışdır.
Üç
illik gərgin, səmərəli, məsuliyyətli
axtarış və fəaliyyətin nəticəsi kimi ərsəyə
gələn ensiklopediyada hər bir müəllifin fədakarlığı
və zəhməti danılmazdır. Xüsusilə də,
ensiklopediyanın ideya müəllifi akademik İsa Həbibbəylinin
Mətbuat tarixi və publisistika şöbəsinin əməkdaşları
ilə sıx əlaqəsi, fikir mübadiləsi,
vaxtaşırı toplantılar keçirərək prosesin
gedişi ilə ciddi maraqlanması və ən
başlıcası isə işi dönə-dönə
oxuyub, dəyərli tövsiyə və məsləhətlər
verməsi mükəmməl və monumental bir
ensiklopediyanın ortaya çıxması ilə nəticələndi.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəylinin redaktorluğu, Mətbuat
tarixi və publisistika şöbəsinin əməkdaşlarının
uzunmüddətli səmərəli axtarışları,
kollektiv zəhməti nəticəsində hazırlanıb
çoxsaylı oxucuların, ziyalıların,
bütövlükdə Azərbaycan vətəndaşlarının
ixtiyarına verilən ensiklopediya XX əsrin ən
böyük və qiymətli salnaməsidir.Fürsətdən
istifadə edib ensiklopediya haqqında rəy-məqalə yazan
BDU-nun ustad professoru Cahangir Məmmədliyə təşəkkür
edirəm. Eləcə də, ensiklopediya haqqında ətraflı,
məzmunlu məqalələrlə dövri mətbuatda
çıxış edən bütün müəlliflərə
təşəkkür edirəm və o cümlədən
professor Himalay Qasımova. Xüsusi minnətdarlığımı
bildirmək istəyirəm “525-ci qəzet”in baş redaktoru əziz
dostumuz Rəşad Məcidə.
Ensiklopediya haqqında silsilə informasiya və məqalələr
ən çox “525-ci qəzet”də dərc
olunub.
Xalq
şairi Sabir Rüstəmxanlı
çıxışında bu cür böyük iş
üçün təşəkkür edərək əlavə
edib ki, bu, təkcə Ədəbiyyat İnstitutunun deyil,
bütövlükdə akademiyanın uğurudur.
AYB-nin
katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid
çıxışında “Molla Nəsrəddin” ensiklopediyası”nı Azərbaycan ədəbiyyatı
və mətbuatı üçün Ədəbiyyat İnstitutu
tərəfindən hazırlanmış çox sanballı
töhfə adlandırıb.
Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru,
akademik Teymur Kərimli, həmçinin BDU-nun Yeni media və
kommunikasiya nəzəriyyələri kafedrasının
müdiri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli “Molla Nəsrəddin”
ensiklopediyası” - əsrin söz abidəsi” məruzəsi ilə
çıxış edib.
Mətbuat
tarixi və publisistika şöbəsinin aparıcı elmi
işçisi, filologiya üzrə fəlsəfə doktoru
Gülbəniz Babayeva “Milli məkkurə yaddaşının
ensiklopediyası” adlı məruzə ilə
çıxış edib.
525-ci qəzet.- 2021.-4 may .- S.9.