Biz getmişdik Zəngilana...
27 İLDƏN SONRA
AZAD NƏFƏS ALAN MÜQƏDDƏS YURD YERİMİZİ
İNDİ DİRÇƏLİŞ HAVASI
BÜRÜYÜB
Heç
unutmadım: 2020-ci ilin dekabrın sonuna az
qalırdı, Böyük Qələbəmizdən bir aydan
çox zaman keçsə də, zəfər eyforiyası
başımızdakı dumanları hələ də dipdiri
saxlamışdı və o duman heç indi də çəkilməyib.
Axı 30 ildən sonra işğal
altındakı torpaqlarımızı azad etmiş, ən
müasir dünyada heç bir ölkənin
bacarmadığını bacarmışıq. Texnologiya, müasir silahlar, inkişaf etmiş ordu bu
qalibiyyətin əsas meyarlarından biri idisə, təməlindəki
güc birləşən xalq və onun qələbə əzmi
idi.
Hər kəs kimi biz də sentyabr ayında müharibə
başlar-başlamaz bir çox dostumuzu, qohumumuzu, əzizimizi
cəbhəyə yola salmışdıq. Müharibə
zamanı onlardan çox gec-gec xəbər alırdıq.
Dediyim o soyuq dekabr ayında belə azad
edilmiş torpaqlarda möhkəmlənmək və müdafiə
səbəbindən hələ çoxu tərxis
olunmamışdı. Bir gün müharibənin
ilk çağlarından könüllü orduya qatılan və
hələ də xidmətdə olan tanışlarımdan
biri 26 saniyəlik bir video atdı. Video mənə
müraciətlə başlayırdı. Davamında
həmin o müqəddəs formadakı tanışım
özünün Zəngilanda olduğunu deyirdi. Hər tərəf ağappaq qara
bürünmüşdü. Uzaqdan
görünən dağlar videodanca qürurla təbəssüm
edirdi "biz daha azadıq" deyərcəsinə.
Tanışım o videoda çox şey
danışmışdı, amma mən "Şahanə"
və "Zəngilan" sözlərinə ilişib
qalmış, gözümü də o ağ donlu dağlardan
çəkə bilməmişdim. İşğalı
mənlə yaşıd olan, gözümü açandan
adını eşidib üzünü görməyi xəyalımıza
belə gətirməyə cəsarət etmədiyimiz o
torpaqda bu gün mənim vətən yoldaşım
addımlayır, səmasında ana dilim cövlan edir və
havasına mənim adım qarışır.
Möcüzə, yoxsa elə bu videonu mənə göndərən,
adımı Zəngilanın havasıyla bəzəyən o
tanışım başda olmaqla, Azərbaycan
oğullarının şücaəti..? Üstündən
düz 4 ay keçəndən sonra anlayacaqdım 2-cinin
olduğunu...
Yollar
Qarabağa aparır...
Qarabağa
ilk səfərim 15 gün öncə gerçəkləşmişdi:
Ağdama getmişdim, ay balam! Səfər təəssüratlarımı
"525-ci qəzet"in səhifələrində oxuyan
oxuyub, oxumayan saytımızı ziyarət etsə,
asanlıqla tapa bilər. Bu gün isə Zəngilana
gedirəm, ay balam!
"525-ci qəzet"ə Qarabağa səfər təklifi
gələndə Zəngilana getməyi təkidlə istəyənlərdən
biri mən oldum. Qarabağda ilk adım çəkilən
torpaq idi Zəngilan. Buna görə mənimçün
daha doğma, daha müqəddəs idi. Məndən
öncə adım getmişdi o gözəlim yurda.
İndi isə adımın və qəlbimdəki
duyğuların iziylə özümün getmək vaxtım
idi...
Mayın
1-nə açılan gecəni nələr hiss etdiyimi,
hansı duyğularla səhəri açdığımı
danışsam, gərək elə yazının birini təkcə
buna həsr edəm. Ona görə üstündən
adlayıb "Gəl, ey səhər!" deyərək,
"gətirirəm" səhəri. Nağıl
dili yüyrək olar, deyiblər. Mən də səhər
6-nın yarısında evdən çıxmağımı,
taksidəki həyəcanımı və bizi Zəngilana
aparan o gözəlim yola çıxarkənki hisslərimi
sözsüz də anladığınıza inanaraq, keçirəm
mətləb üzərinə...
"525-ci qəzet"in Zəngilan səfərinə
çıxmış təmsilçiləri olaraq dörd əməkdaş
düzəlmişik yola. Aramızda fotoqraf da var, "525-ci qəzet"in
və saytımızın müxbirləri də, redaktor da.
Yəni tam heyətlə Allahın adını
çağırıb çıxmışıq bizi Qarabağa
aparan yola. Çiynimizə Tanrının əli kimi
qonan üçrəngli müqəddəsimizlə birgə...
Günlərdir,
hətta həftələrdir, gərgin iş rejimimizə,
dünən gecəni səhərə dipdiri gözlə
açmağımıza, səhər o başdan yola
çıxmağımıza baxmayaraq, hamımız dinc,
hamımız enerji doluyuq. Fərqli mövzulu
söhbətlərlə yola körpü atırıq. Adda-budda cümlələrlə hisslərimizi
bölüşsək də, görünür, heç
birimiz hələ ki, səfərin mahiyyətindən bəhs
etməyə cəsarət göstərə bilmirik.
İş yoldaşlarımın ailəsi yol boyunca tez-tez əlaqə
saxlayırlar, hamısının bircə sözü var:
minalardan ehtiyatlı olun. Gülümsəyirəm,
ötən səfərdə mənim də ailəm bu cür
narahat idi. Hətta anam "sən hər şeylə
maraqlanansan, bax ha, orda nəyəsə baxacam deyib təhlükəli
yerlərə girmə"-deyə dönə-dönə xəbərdarlıq
etmişdi. Jurnalist marağımı bilir
axı. Amma çox şükür, bələdçilərimizin,
nəzarət edən polis və zabitlərimizin sayəsində
səfərimiz yüksək səviyyədə, xətasız-bəlasız
keçmişdi. Ona görə də ailəm
artıq təcrübəli idi.
Yollar
yolları, ağaclar ağacları, evlər evləri, rayonlar
rayonları əvəzlədikcə bir az
daha yaxınlaşırıq Qarabağa, Zəngilana. Yaxınlaşdıqca həyəcanımız
artır, hisslərimiz qarışır. Duyğu selinin ən
coşğununu isə Sabirabadda yaşayırıq...
"İndi
yaşıllıq içindəki bu məkanda..."
Yolda fasilə vermək üçün Sabirabadda,
çox gözəl bir məkanda dayanırıq. Adətən,
istisiylə məşhur olan rayonda belə bir
yaşıllıqlarla zəngin, çay qırağında qərarlaşmış,
sərin və gözəl yer olduğunu bilmirdim.
Varmış... Yol kənarında yerləşən
bu "Dostluq" kafesini hamımız ilk addımdan sevdik.
Neçə saatdır yolda olan bizim
üçün bu məkan cənnət kimi idi. Sifariş verdiyimiz çayımız hazır olana qədər
bir-birimizin şəkillərimizi çəkir, sərin və
tərtəmiz havanın dadını
çıxarırdıq. Dördlükdə
çəkdiyimiz şəkillərimizdən birini "525-ci
qəzet"in bütün əməkdaşlarını bir
yerə toplayan vatsap qrupumuza göndəririk. Rəşad Məcid həmən tanıyır məkanı
və vaxtilə sosial şəbəkədə ora haqqında
status yazdığını deyir. Çox
keçmir ki, status artıq telefonlarımızdadır.
Zamanında Rəşad Məcid yazıbmış:
"Sabirabadın Bulaqlı kəndində, yol
qırağında "Dostluq" kafesi var. Uzun illər rayona
gedəndə burada dayanıb, çay içib, sonra yola davam
etmişəm.
İndi son məntəqə kimi "Horadiz"
yazılan göstəricilərdə o vaxtlar
"Laçın", "Şuşa"
yazılırdı. Hadisələr
başlayandan sonra bu yol daha işlək olmuşdu.
İndi Cocuq Mərcanlıda dirənib dayanan yolla Araz
qırağı kəndləri ötüb Cəbrayılın,
Zəngilanın ərazisindən keçib Xanlıq kəndindən
sağa dönür, Qubadlının, məşhur Güləbirt
kəndinin, yeni tikilən "Qayğı" qəsəbəsinin
yanıyla Laçına qalxırdım. Bəzən
davam edib Minkənd yoluyla Zabuxu keçərək
Ağoğlana, doğulduğum kəndə-nənəmə
qonaq gedirdim. Bəzən də Qala dərəsindən,
Turşsudan keçib Şuşaya qalxırdım. Ordan
da Xankəndini, Əskəranı keçib Ağdama düşürdüm.
İndi yaşıllıq içindəki bu məkanda
hüznə qərq oldum, keçmişə daldım, acı
çəkdim və..."
Düzünü desəm, statusun bu məzmununa heç
də təəccüblənmədim. Axı illərdir
qəlbində Ağdam, Laçın, Şuşa-Qarabağ həsrəti
gəzdirən, hər sözü-söhbəti o torpaqlar olan
insan bundan başqa nə yaza bilərdi ki? Qarabağa
aparan yolun üstündə yerləşən bu kiçik
kafe ona elə məhz Qarabağı, ona gedən yolları
xatırlatmalı idi. Rəşad müəllimin "və..."
deyib yarımçıq saxladığı cümləni biz
tamamlayırıq: "Və...yenidən
eyni marşrutla eyni yerləri ziyarət edəcəksiniz..."
Nə mutlu ki, bu, artıq arzu deyil, təmənna
deyil, ümid deyil. Bu, gerçəkliyin
özüdür. Bu gün biz eyni marşrutla Zəngilana
gediriksə, əlbət, sabah Rəşad
müəllimin adını çəkdiyi və artıq
ürəklə, canla "yenidən bizimdir" - deyə
bildiyimiz, oğullarımızın işğaldan azad etdiyi o
gözəlim torpaqlara da gedəcəyik. Nə
qalıb ki?!
Horadiz...
Cocuq Mərcanlı...
Növbəti dayanacaq yerimiz Horadiz şəhəridir. Burda bizi digər
media nümayəndələri, həmkarlarımız və bələdçilərimiz
gözləyirlər. Post yoxlanışından istifadə
edib Aprel şəhidlərinin xatirəsinə
ucaldılmış abidəni ziyarət edirik. 2016-cı
ilin aprelində baş verən və cəmi 4 gün davam edən
müharibəylə bugünkü qələbənin təməlini
qoyan qəhrəmanlarımızdır onlar. Cəmi 4 gün içində Cəbrayılın
Cocuq Mərcanlı kəndinə yaxın yerləşən Lələtəpə
yüksəkliyinin işğaldan azad edilməsiylə bu kənd
də azadlığına qovuşdu. Həm
Horadiz, həm də Cocuq Mərcanlı 1993-cü ildə
düşmən tərəfindən işğal olunsalar da,
1994-cü ildə Azərbaycan Milli Ordusunun keçirdiyi
"Horadiz əməliyyatı" nəticəsində azad
olunublar. Horadizdə həyat öz
axarıyla davam etsə də, Cocuq Mərcanlını əhatələyən
bütün strateji məntəqələr, təpələr
düşmənin əlində olduğundan orda illərlə
cəmi bir nəfər - Oqtay Həziyevdən başqa kimsə
yaşamayıb. Ta ki, 2016-cı ilin aprelinə - indi
qarşısında durduğumuz o qəhrəman şəhidlərimizin
Lələtəpə yüksəkliyini azad etməsinə qədər...
Behiştlik şəhidlərimizin ruhuna dualar
oxuyub, hüzurlarına baş endirib davam edirik yolumuza.
Rəşad Məcidin statusunda yazdığı kimi daha
son dayanacaq, lövhələrdəki son ünvan nə Cocuq Mərcanlıdır,
nə Horadiz.
Yol boyunca qarşımıza yeni lövhələr
çıxır: Cəbrayıla, Zəngilana, Qubadlıya və
işğaldan azad olunmuş digər bölgələrimizə
gedən yolun uzunluğunu və istiqamətini göstərən
yollar. Kefin istəyir sür maşını
özünçün, get Cəbrayıla, dön
Qubadlıya, baş çək Şuşaya, əl eylə
Laçına... Əlbəttə, bunların
hamısı olacaq, özü də çox qısa zamanda.
Düşmən vandalizminin, məkrinin o
torpaqlardan birdəfəlik silinməsi,
güllü-çiçəkli yurdlarımızın
minalardan təmizlənməsiylə.
"Mən
gedirəm Zəngilana..."
Görürsünüzmü, yazıya nə vaxtdı
başlamışam, hələ gedib Zəngilana çata bilməmişik. Bax,
Qarabağın yolları da beləcə maraqlı,
sözlü-söhbətlidir. Cocuq Mərcanlını
keçəndən sonra iki həftə öncə Ağdamda
görüb gözümün öyrəşdiyi mənzərə
burda da məni "salamladı"... Budur,
başladı erməni vəhşiliyinin izləri. Yamyaşıl ağacların, başıdik
dağların arasında yol boyunca xarabalıqlar mırıq
diş kimi ağarır. Cəbrayılın
ərazisiylə keçirik. Bu, o xarabalıqlardır ki,
zamanında ev olublar, divarları bir ailənin
yurd yeri, isti məskəni olub. Düz 28 il
öncəyə kimi burda vətən yoldaşlarımız
ömür sürüb, həyat yaşayıblar. Yanımızda həmin günlərin yadigarı
soydaşımlarımızdan biri olsa, bəlkə də
künc-bucağından, olduğu ərazidən, hansısa
ağacından, daşından tanıyacaqdı öz evlərini,
baxacaqdı keçmişindən geriyə qalan 3-4
daşın ovxalanmış halına. Hə,
mənzərə çox miskindir, amma qəlbimdəki sevinci,
qüruru silib atmağa gücü yetmir. Təsəllim
baş ucumda, qəlb küncümdədir: bu yerlər bizimdir.
Nə olsun, 28 il öncə biz
yaşamışıq bu evlərdə, axı 28 ildə də
erməni nəfəsi hopub bu daşa-divara. Elə bu cür
olması yaxşıdır, bu xarabalıqlarla birgə
onların nəfəsləri də birdəfəlik silinəcək
yurd yerlərimizdən, yeni tikilən evlərlə yeni
dövranı başlayacaq Qarabağın,
qarabağlıların, Azərbaycanın!
Bu fikirlərlə maşının pəncərəsindən
boylanıram yollara, açıq şüşədən
dolan tərtəmiz, dumduru havanı acgözlüklə
çəkirəm ciyərlərimə. Ruhum isə məşhur
qarabağlı xanəndəmiz Zülfü Adıgözəlovun
səsiylə cövlan edir:
Mən
gedirəm Zəngilana,
Ay ana,
ana, günləri sana,
Gedirəm
axı, gedirəm axı...
Vurulmuşam
bir ceyrana,
Ay ana,
ana, günləri sana,
Gedirəm axı, gedirəm axı.
Atlarımız
yəhərlidədir,
Qızıl,
gümüş kəmərlidədir,
Ana, məndən
arxayın ol,
Sənin
oğlun hünərlidir,
Ay ana,
ana, günləri sana,
Gedirəm axı, gedirəm axı.
Yenə gözümün qarşısına gəlir
anaların Cəbrayılı, Zəngilanı,
Qubadlını, Şuşanı, Ağdamı-Qarabağı
düşmən işğalından azad edən hünərli
oğulları. Şəhidlərimizin ruhuna ehtiram,
döyüşçülərimizin əzminə
sayğılarımızı göndərib üzümü
səmaya tuturam, bu günü bizə yaşadan Allaha
şükürlərimi göndərmək üçün.
Bizdən solda Araz baş alıb gedir
yolunu-yöndəfini itirmiş kimi. Arazdan
o tərəfdəki yurd yerlərimizin ağrısı
"Arazı ayırdılar" üsyanıyla keçib
gedir ürəyimdən. Üzümü doğma səmtə
tutub bir daha pıçıldayıram: "Mən səndən
ayrılmazdım, Zülm ilə ayırdılar..."
Əsir kənddən
"Ağıllı kənd"ə...
Nəhayət,
Zəngilandayıq! Şəhərin girəcəyində
üçrəngli müqəddəsimizlə süslənmiş
"Zəngilan" yazısını görər-görməz
səs-küy ucalır maşının içində.
Hamımız bu mənzərəni həm
gözümüzün, həm də kameramızın
yaddaşına köçürməyə tələsirik.
Burdakı postda da bir az ləngiyəndən
sonra düşürük yola. İstiqamət
Birinci, İkinci və Üçüncü Ağalı kəndləri,
orada bir neçə gün öncə prezidentimiz tərəfindən
təməli qoyulan "Ağıllı kənd" layihəsidir.
Aprelin
26-da Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri
zamanı 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə
edən birinci "Ağıllı kənd" layihəsinin
təməlini qoydu. Bununla işğaldan azad olunmuş
ərazilərdə müasir çağırışlara
cavab verən, beynəlxalq standartlara əsaslanan yeni inkişaf
modelinin tətbiqinə başlanıldı.
Budur, biz də artıq bu layihənin ilk ziyarətçilərindənik. Əraziylə, layihəylə
tanış olandan sonra səlahiyyətli
şəxslərlə, memarlarla söhbət edib, daha
çox bilgi almağa çalışırıq.
Səfər
çərçivəsində qəzetimizə
açıqlama verən Kənd Təsərrüfatı
Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru
Əkbər Abbasov Zəngilanın 3 kəndini əhatə edən
bu layihənin hələlik ilk olduğunu vurğuladı və
artıq dünyanın bir çox ölkəsindən
şirkətlərin quruculuq işlərinə cəlb
olunduğunu bildirdi: "Gördüyünüz kimi, bu
gün Zəngilan rayonunda Birinci, İkinci və
Üçüncü Ağalı kəndlərinin ərazisində
Pilot "Ağıllı kənd" ("Smart Village")
layihəsi icra edilməkdədir. Layihəyə
artıq başlanılıb, ilkin şirkətlər dəvət
olunub, işlər bütün sürətiylə davam etməkdədir.
Layihə çərçivəsində,
ümumiyyətlə, "smart" ifadəsinə həm də
bir abreviatura kimi baxırıq.
Açılışı isə belədir:
S-səmərəli;
M-müasir;
A-ağıllı
idarəetmə və kənd təsərrüfatı;
R-rahat;
T-təhlükəsizlik
Demək, "Ağıllı kənd" bütün
bu məsələləri özündə ehtiva edən bir
layihə olacaq. Belə ki, layihədə əsas konsepsiyanı əhatə
edən beş istiqamət vardır. Bu, yaşayışın, istehsalın, sosial xidmətlərin,
ağıllı kənd təsərrüfatının və
alternativ enerji istifadəsinin təşkilidir. Layihə çərçivəsində ilkin olaraq
200 evin tikilməsi nəzərdə tutulub. Bunların 160-ı birmərtəbəli, 40-ı isə
2 mərtəbəli evlər olacaq.
Həmçinin, layihəyə bir çox xarici şirkətlər
də icraçı qismində dəvət olunublar. Belə ki,
Çinin "Huawei" şirkəti layihədə innovativ
ağıllı infrastrukturun qurulmasında yaxından
iştirak edir. Bundan başqa, kənd təsərrüfatı
sahəsində smart tipli fermaların qurulmasında İsrail və
İtaliya şirkətləri yaxından iştirak edir. Quruculuq və alternativ enerji istiqamətində isə
qardaş Türkiyənin şirkətləri yaxından
iştirak edirlər. Xüsusən, bir
misal çəkim ki, burda alternativ enerjinin bir çox mənbələrindən,
günəş enerjisi və suyun enerjisindən yararlanmaqla Azərbaycanda
ilk dəfə Arximed qurğusundan istifadə olunacaq. Bu da qardaş Türkiyənin şirkətləri tərəfindən
təmin olunur.
Adından da göründüyü kimi, bu, bir pilot layihəsidir. Layihənin
daha sonra ölkənin digər işğaldan azad olunmuş
rayonlarında tətbiqi nəzərdə tutulub".
"Basdığın
yerləri "torpaq"
deyərək keçmə, tanı!"
Sonra minalardan təmizləndiyi üçün bizə
gəzməyə icazə verilən məhdud ərazidə gəzməyə
başlayırıq. Zəngilanın göz yaşı kimi
dumduru havası hələ də heyrətimə səbəb
olan nüansdır. Heç bir yerdə mən
bu cür təmiz havanı görməmişdim,
dadmamışdım. Sanki torpaq belə
oksigen istehsal edir. Nisbətən
hündür yerdən geniş ərazisini seyr etmək
mümkündür. Yamyaşıl ağaclar, dizboyu
otlar, yaşıl otların arasından boy göstərərək
"mən də varam" deyən lalələr, bütün
əzəmətiylə olduğu yerdən dünyaya meydan
oxuyan dağlar, bir qaralıb, bir açılan buludlar,
başımız üzərindən uçub gedən
quşlar, yol boyunca o tərəf-bu tərəfə
şütüyüb, içərilərə doğru tikinti
materialları, ərzaq daşıyan böyük
maşınlar, kamazlar Zəngilanda və ümumən,
bütün Qarabağda başlanan yeni həyatın ilkin
cücərtiləri kimi bizi muştuluğa
çıxmışdılar sanki. Yadıma Zəngilandan
torpaq istəyən dostlarım düşür. Əyilirəm torpağa doğru. Bakıdan çıxanda "torpağına təzimə
gəlirik, Zəngilan" yazmışdım. Hələ toxunmadan şəhidlərimizin
qanıyla suvarılmış torpağa təzim edirəm.
Qəlbimdə böyük Türk şairi Mehmet Akif
Ərsoyun o möhtəşəm misraları canlanır:
Bastığın
yerleri "toprak"
diyerek
geçme, tanı!
Düşün
altındaki binlerce
kefensiz
yatanı.
...Kim bu
cennet vatanın
uğruna
olmaz ki feda?
Şüheda
fışkıracak toprağı sıksan,
şüheda!
Bəli,
Qarabağ torpağının hər zərrəsi
"şühəda fışqırır"... Sonra yavaşca toxunuram torpağa, bu bir parça
torpaq üçün canından keçən minlərlə
cavan canın yarasını sığallayırmış kimi
sığal çəkirəm. Səni bir də yad əllərə
versək, bu qanlar da, bu canlar da bizə haram olsun!
Müqəddəslik
və qəddarlıq...
Ağalı kəndlərindən sonrakı
ünvanımız Zəngilanın düşmən tərəfindən
yerlə-yeksan edilmiş kəndlərindən biri olan Həkəri
çayının sahilində yerləşən Məmmədbəyli
kəndidir. Tarixi çox qədimə gedib dayanan kənd əvvəllər
Tərəkəmə adlanıb. 19-cu əsrdə
sahibinin adıyla Məhəmmədbəyli olaraq adlanmağa
başlayıb. Ermənilərin tarixi abidələrimizə,
mədəniyyət nümunələrimizə, dini məkanlarımıza
etdiyi təcavüzü, vandalizmi dəfələrlə
demiş, dəlillərlə sübut etmişik. Zəngilanda yerləşən Məhəmmədbəyli
türbəsi də məhz həmin sübutlardan biridir.
Bu müqəddəs ocaq kəndin ən
hündür yerində, yaşıllıqlar arasında yerləşir.
Bələdçimizin "buralar minalardan təmizdir,
yenə də ehtiyatlı olun" xəbərdarlığından
sonra izin alıb yuxarıya-türbəyə
çıxırıq. Gördüyümüz
mənzərə damarımızda qanımızı dondurur.
Üstündəki kitabədə ya qəsdən, ya da
aşınmalar nəticəsində pozulan sətirlərdən
başqa, türbənin Məhəmməd əl-Hacın
oğlu Yəhyanın şərəfinə hicri tarixi ilə
704-cü ildə (miladi 1305-ci il) tikildiyini
oxumaq olur. Deməli, nə az, nə çox, düz 7 əsr
öncəyə aid tariximizin ən gözəl nümunəsidir
ki, durub Zəngilanın düz mərkəzində,
xalqımızın tarixini silməyə
çalışanların məkrli niyyətlərinə
inad. Türbənin içi də
çölü kimi xarabalığı xatırladır.
Məzar yoxdur. Ya
çıxarılıb (Ağdamda Pənahəli xanın məzarı
kimi), ya da yerin altındadır. Türbənin
arxa tərəfindəki böyük deşik isə
bütün dünyaya düşmənimizin necə qəddar,
nə vəhşi və insanlıqdan kənar məxluq
olduğunun sübutu kimi durub. Ermənilərin
atdığı top mərmisi nəticəsində yaranıb
bu deşik Qarabağın bağrına düşən
odlardan digərləri kimi. Türbənin solunda
bir vaxtlar ikimərtəbəli tikili olduğunu təxmin
etdiyimiz uçulub-sökülmüş divarlar var.
Ortasındakı pilləkan heç yeri heç yerə
bağlamır. Sanki arxasındakı divarla bağı
itib o pilləkanın, ağzı havaya dayanıb 28 il öz kökündən bağı
qoparılan Zəngilan kimi, Qarabağ kimi. Pilləkanın
başına çıxıb yuxarıdan baxıram Zəngilana,
nə gözəldir, nə munisdir, nə yaralıdır...
Beləcə, artıq qayıtmaq vaxtı
çatmışdı. Bir gözümüz, bir
ayağımız arxada, qəlbimizin bir tərəfini o gözəl
torpaqlarda qoyub üzü Bakıya sarı yola düzəlirik.
Havası ciyərlərimizə bayram yaşatdı,
yağışı yudu, günəşi qurutdu,
torpağı köksü altında gizlətdiyi
yaralarını ruhumuza pıçıldadı,
çiçəkləri alınlarına sürtdükləri
şəhid qanlarının müqəddəsliyindən bəhs
etdi, hər daşı, hər dağı
xalqımızın əzmini, qəhrəman
oğullarımızın şücaətini beynimizə
qazıdı... Qəlbimizə, varlığımıza
köçürtdük Zəngilanı... Geri
qayıdanda fərqinə varırıq ki, sən demə,
Bakıdan Zəngilanacan olan məsafə cəmi 350 kilometr, yəni
4-5 saatlıq yolmuş. Yəni 27 il
gedə bilmədiyimiz, həsrətiylə
yaşadığımız o yolun cəmi 4 saatlıq
"ömrü" varmış... Biz qayıtdıq,
özümüzsə buluda dönüb o dağların
başı üstə hələ çox dövr edəcək...
Yenidən görüşməyə ümid də, inam
da çoxdur, Zəngilan!
Şahanə Müşfiq
525-ci qəzet.- 2021.- 5 may.- S.-10-11.