Qələmsiz yazılanlar

 

 

 

Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, "525-ci qəzet"in baş redaktoru

Adamın cızdağını çıxaran, hiss və duyğularını öz əsarətində saxlayan olduqca təsirli bir film.

 

Səadət Məmmədovanın "Oxu tar! Ağdama gələn var" filmini izləyəndən sonra ilk təəssürat kimi bu cümləni yazdım.

 

Həqiqətən də elə bir təsir gücü, elə bir cazibəsi var idi ki, əvvəlindən axırınacan adamı yaratdığı auradan çıxmağa qoymurdu. Belə bir qiymətli filmi ərsəyə gətirdiyi üçün Səadət xanıma çoxlu təbriklər və təşəkkürlər düşür.

 

Səadət öz anası və bacıları ilə birlikdə Ağdamdan çıxanda uşaq, yeniyetmə yaşlarında olub, yəqin ki, çətinliklər də çəkib, problemlərlə də üzləşib, ağrılı-acılı günlər də yaşayıb. Amma mən bu illər ərzində bir dəfə də olsun, onun dilindən narazılıq, giley-güzar, şikayət eşitməmişəm. Əvəzində isə, köksündə gəzdirdiyi hüdudsuz Ağdam sevgisini, qəlbindəki Ağdam yanğısını, Ağdam həsrətini həmişə hiss etmişəm. Səadət özü də, bacısı Vüsalə də, həkim anası da bu illər ərzində xarakterlərindəki ağdamlılara xas qüruru, kübarlığı, toxluğu qoruyub saxlayıblar.

 

Ağdamdan ilk reportajını ürək ağrısıyla izləmişdim, içimdən bir gizilti keçmişdi. Ağdam sevgisini, uşaqlıq duyğularını, mərhum atasının xatirəsini bu qədər dipdiri saxlaya bilməsi mənə möcüzə kimi görünmüşdü. O reportajı izləyən, Səadətin özünün tanımadığı neçə-neçə insan ona təşəkkürlərini çatdırmağımı xahiş etmişdilər.

 

Səadətin bu yeni layihəsinin ilk filmi isə adamda tamam bambaşqa bir ovqat yaratdı.

 

"Şur" ansamblının rəhbəri Fərhad Paşayev Ağdam mədəniyyətinin simvollarından biridir, neçə-neçə ağdamlı musiqiçinin üzə çıxmasında, yetişməsində əvəzsiz rolu olan insandır. "Şur" ansamblı bir vaxtlar SSRİ-nin, Moskvanın ən mötəbər, ən nüfuzlu konsert salonlarında çıxışlar edib, böyük rəğbətlə, heyranlıqla qarşılanıb. Qarabağın, Ağdamın əsrlərdir musiqi beşiyi olduğunu kim dana bilər ki?

 

Səadətin Fərhad müəllimlə Ağdama səfəri - onun doğulduğu evdən, çalışdığı musiqi məktəbindən, İmarətdən danışdığı xatirələri, o uçuq divarlar, xarabalıqlar arasında ifası, kövrəlməsi adamın qəlbini alt-üst edir, sümüklərini sızıldadırdı.

 

Fərhad müəllim keçən əsrin 70-ci illərində Ağdamdakı həmin musiqi məktəbində, həmin dərs otağında düz iki il mənə tar dərsi demişdi. Peşəkar və heç zaman unudulmayacaq insandır.

 

Bu veriliş həm də cavab idi -musiqiçilərinin kilsədəki süni, qurama ifalarını canfəşanlıqla təbliğ edərək, özlərinin məsum, fağır obrazlarını yaradıb, diqqət çəkmək, gözə girmək istəyənlərə kəsərli və əyani cavab.

 

Çox sağ olun, Səadət xanım - Fərhad müəllimlə bu kövrək söhbəti etdiyinizə və belə bir dəyərli film ortaya qoyduğunuza görə. Bu, təkcə Ağdama yox, həm də Ağdamın o möhtəşəm dövrünün, əsrarəngiz gözəlliyinin canlı şahidləri olmuş bizlərin öz uşaqlığına hüznlü bir səfəri idi.

 

Əminəm, növbəti verilişləriniz üçün qonaqlar tapmaqda qətiyyən çətinlik çəkməyəcəksiniz. Ağdamın uçuq divarları, xarabalıqları arasında hətta gözüyumulu gəzib hər tikilini, hər məkanı anlada bilən, Ağdamı yaddaşında dipdiri saxlayan o qədər insan var ki!..

 

Yorulmayın!

 

Şövqdən düşməyin!

 

Könlünüzdəki Qarabağ sevdası heç zaman azalmasın!

 

P.S. Bu qeydləri yazandan sonra saytlarda Səadətin bacısı Vüsalə Məmmədovanın Ağdamdan reportajına rast gəldim. Onun yazdıqlarını da eyni həyəcanla oxudum. 27 il, 9 ay, 30 gün öncə - 1993-cü ilin 12 iyununda qaça-qaça çıxdığı Süleyman Sani Axundov küçəsindəki həyətlərinə dönüşündən, evlərinin paslanmış kilidindən, məhəccərdən, pilləkənlərinin parça-parça olmuş mərmərindən elə böyük sevgiylə, həsrətlə, acıyla danışır ki, təsirlənməyə bilmirsən.

 

"... Atam bu evi hördürüb, damını vurdurandan sonra vəfat etmiş, anam üç qızını böyütməklə yanaşı, bu yarımtikilini evə çevirmişdi. Bu müddət ərzində bütün dünya nemətlərini özünə qadağan etmişdi".

 

Qeyri-ixtiyari gözlərin önünə belə istedadlı, qəlbi Vətən, torpaq sevgisiylə dolu, vəfalı, sədaqətli övladları böyüdüb boya-başa çatdıran Ananın obrazı gəlir və içini ona sonsuz minnətdarlıq hissi bürüyür. Düşünürsən ki, həm də buna görə Vətən Anadır - unutdurmadığına görə, unutmadığına görə!..

 

***

 

 

Minlərlə xəstə canıyla əlləşir, bunlar da açıq havada maska taxmamaq davası edirlər...

 

***

 

 

Quyuya daş atanlar...

 

***

 

 

Tıxacın xeyri də var; nəyisə yada salırsan, nə barədəsə düşünürsən...

 

***

 

 

Çavuşoğlu çox təmkinli davrandı, ağıllı və soyuqqanlı cavab verdi.

 

Amma zaldan yunanıstanlı nazirə bir yumurtadan, pomidordan atan da olsaydı, lap yerinə düşərdi...

 

***

 

 

Sosial çarx zəmanəsi...

 

***

 

 

Deyir, Rusiyasız dünya birqütblü və maraqsız olardı.

 

***

 

 

İP, qalmaqal düşkünü olan media və sosial şəbəkələr közərən ocağa nöyüt tökməsəydi, Şahbaz Əsgərovla Dilqəm Quliyevin söz savaşı 7 il işgəncə altında yaşamış, əsirlikdə çəkdikləri müsibətlərdən əsəbləri pozulmuş, psixikası zədələnmiş iki nəfərin şəxsi incikliyindən doğan söz atışmasından o yana keçməz, bu dərəcədə ictimailəşib belə ürək bulandıran durumun yaranmasına yol açmazdı.

 

Bu eybəcər mənzərənin baiskarı da elə onlardır.

 

***

 

 

"Bugünün işini sabaha qoyma" dünənin şüarıydı. İndi "Sabahın işini bu gün gör" aktualdır.

 

***

 

 

Özbəklər də peyvənd hazırlayır. Bəlkə, gözləyək ilin axırı özbək peyvəndi vurduraq...

 

***

 

 

Biz qaydalara əməl edən millətik...

 

***

 

 

Bir azdan oxuyan və baxan axtaracaqlar; hamı yazan və göstərən olacaq...

 

***

 

 

Məşhur filmdə Zülümov necə deyir?

 

"Pah atonnan, kolxozçu da özünü deputat kimi aparır".

 

İndi şöbə müdirləri də özlərini nazir kimi aparırlar...

 

***

 

 

Keçmişdə də ölənlər olurdu. Amma onda Feysbuk yox idi deyə, çoxundan xəbər tutmurduq.

 

***

 

 

Deyir, mən deputat olsaydım, parlamentə atla gedib-gələrdim...

 

***

 

 

Belə çıxır ki, Feysbuk əhlinin əksəriyyətini istədikləri səmtə yönləndirə, istədikləri kimi idarə edə bilirlər.

 

Şantaj adiləşir...

 

Təşkilatçı yada düşmür, qınanmır, hüquqi məsuliyyətdən kənarda qalır.

 

Xaos isə insanları qəddarlaşdırır.

 

Qəzəb, kin-küdurət meydan sulayır...

 

***

 

 

Uğursuzluqlarının qisasını alanlar...

 

***

 

 

Sabaha 3-cü onlayn konfransa dəvət etdilər. Bilmirəm telefon dözəcəkmi?

 

Özümü demirəm heç...

 

***

 

 

Gənc, perspektivli kadr, dünyanın bir sıra nüfuzlu ali məktəblərində təhsil almış, təcrübə keçmiş həkim, elmlər doktoru və nəhayət, indiki həssas məqamda dövlətin böyük etimad göstərdiyi məmur. Tamah, pula hərislik, özünün və ətrafındakıların nəfsinin quluna çevrilmək, vəzifənin verdiyi səlahiyyətlərdən havalanmaq şakəri imkan vermədi ki, normal işləsin.

 

***

 

 

Bir həftə, bir ay, bir il sonrakı gündəmləriniz də hazırdır. Narahat olmayın, darıxmağa vaxt qalmayacaq...

 

***

 

 

Sizə də növbə çatacaq. Ehtiyatlı olun!..

 

***

 

 

Tapşırıqla, pulla insanları şərləyən adama nə deyirlər indi?

 

Troll?

 

***

 

 

Abırlı, oturuşunu-duruşunu bilən adam... xeyli azalıb

 

***

 

 

Tərəddüd edənlərə nikbin məsləhət: Peyvənddən sonra özünəgüvən artır...

 

***

 

 

Səhər gec oyanmaq nəyin əlamətidir?

 

Çox yatanlara təəccüblə baxıram.

 

***

 

 

Gəlin-qaynana davasını bu qədər qabartmağa nə ehtiyac var ki?

 

***

 

 

Evdar qadın düşüncəsi və həmrəyliyi Feysbukda üstünlük qazanmaqdadır...

 

***

 

 

Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə "Qarabağ dastanı: Otuz ilin həsrəti - 44 günün zəfəri" adlı kitab çapa hazırlanır. Kitabda Azərbaycanın şair və yazıçılarının Qarabağın işğaldan azad olunmuş şəhər və rayonları ilə bağlı xatirələri, publisistik məqalələri və şeirləri, eləcə də Qarabağın ədəbiyyatı, mədəniyyəti haqqında zəngin materiallar, müxtəlif dövrləri əks etdirən fotoşəkillər toplanıb. Çapa hazırlanan bu materiallar arasında Anar müəllimin arxivindən olan, "Üzeyir ömrü" ("Uzun ömrün akkordları") filminin çəkilişləri zamanı - 1981-ci ildə Şuşada, Cıdır düzündə lentə alınmış şəkil diqqətimi cəlb elədi və keçmişə qaytardı. Şəkildə Anar müəllimin yanında filmdə Cabbar Qaryağdı rolunun ifaçısı Qədir Rüstəmov və Əbdürrəhim bəy Haqverdiyev rolunda oynayan Rüstəm Rüstəmzadədir.

 

***

 

 

Belə çıxır ki, istedadsız kimsə yoxdur. Hamının istedadı aşıb-daşır.

 

***

 

 

Az.TV-nin əməkdaşları işğaldan azad olunmuş bölgələrdə şövqlə çalışırlar; reportajları çoxdur, dolğundur, davamlıdır.

 

***

 

 

Deyəsən, bu aparıcı xanım qripdir. Təki COVİD olmasın...

 

***

 

 

- Xanım, siz həqiqətən jurnalistsiniz? Sualınızdan 37-ci ilin qoxusu gəlir...

 

***

 

 

Litva Respublikasının Xarici İşlər naziri Qabrielius Landsbergis Bakıda səfərdədir.

 

Soyadı məni ötən əsrin 90-cı illərinə qaytardı.

 

Landsbergis Litvada məşhur familiyadır. Vitautas Landsberqis Litva Ali Soveti və Seyminin rəhbəri olub, Litvanın müstəqillik qazanmasında mühüm rol oynayıb. Görəsən, bu gənc nazir həmin şəcərədən deyil?

 

***

 

 

Adam Feysbuka şəkil qoymağa çəkinir. Baxanların beynində ilk reaksiya ölümlə bağlı olur...

 

***

 

 

Yağışın səsinə yuxudan oyanmaq...

 

***

 

 

Bazar səhəri məmurlara nikbin ovqat ərməğanı:

 

İndi dövlət qulluğunda çalışmaq, məmur işləmək çox böyük məsuliyyətdir. Çoxlu keyfiyyətlər - dinamiklik, çeviklik, həssaslıq, yorulmazlıq, tükənməz enerji, həm də böyük səbr, hövsələ tələb edir. Bunları bacarmaq isə hər adamın gücündə deyil.

 

Əzminiz azalmasın.

 

***

 

 

Naşükürlük pis keyfiyyətdir. Ən çox da adamın özünə ziyan verir...

 

***

 

Boş və uzun danışmayın. Qısa və konkretlik dövrüdür indi...

 

 

Rəşad MƏCİD

 

525- ci qəzet.- 5 may.- S-15.