Klassik ədəbi irsimizə Tofiq
Hacıyev baxışı
Bu
günlərdə 85 illiyi, çox təəssüf ki,
özü olmadan qeyd edilən görkəmli alim, akademik,
Əməkdar elm xadimi, "Şöhrət" ordenli,
Türkiyə Cümhuriyyətinin "Ləyaqət
nişanı", "Türk dünyasına xidmət"
medalları ilə təltif olunmuş Tofiq İsmayıl
oğlu Hacıyev Azərbaycan tarixində və elmində
silinməz izlər qoyub.
Əfsuslar
olsun ki, böyük insan, görkəmli türkoloq bizim
yaşadığımız bu gözəl günləri
yaşamadı, Qarabağın, o cümlədən, doğma
yurdu Cəbrayılın azad olunduğu xəbərini
eşitmədi, azad edilmiş torpaqlarda qürur və fərəh
hissi ilə gəzib-dolanmadı. Ancaq Tofiq müəllim bu
günlərin mütləq gələcəyinə ürəkdən
inanırdı...
Akademik Tofiq Hacıyevi yaşadığı ölkənin
yalnız bu günü deyil, dünəni və gələcəyi
də çox maraqlandırırdı. Buna görə də o,
xalqın, vətənin, yaşadığı mühitin dərdlərini
öz dərdinə çevirən Azərbaycanın
bütün dəyərli şəxsiyyətlərinin
yaradıcılığına müraciət edib, onları dəyərləndirib,
xalqın düçar olduğu bəlalardan qurtarmağın
yollarını onların öz əsərlərindən gətirdiyi
nümunələrlə təsdiq etməyə
çalışırdı.
Böyük alim Azərbaycan xalqının
işıqlı gələcəyi, inkişafı və
maariflənməsi yolunda qorxmadan, çəkinmədən
mübarizə aparan M.F.Axundov, C.Məmmədquluzadə, H.Zərdabi,
M.Ə.Sabir kmi mütəfəkkirlər haqqında
sanballı əsərlər - məqalələr, monoqrafiya
yazmışdı.
Bu müdrik və həssas yanaşma akademik Tofiq
Hacıyevin M.Ə.Sabirin yaradıcılığına
münasibətində daha qabarıq şəkildə
görünür. O hələ aspiranturada oxuduğu illərdən bu
böyük şairin irsinə yaxından diqqət göstərmiş,
ümumilikdə Sabir haqqında 13 məqalə və iki kitab
yazıb çap etdirmişdi.
1961-ci ildə şairin 100 illiyinə həsr etdiyi
"Sairin fırçası" adlı məqaləsi
"Azərbaycan" jurnalında
çıxmışdı. Onun satirik əsərlərlə
bağlı yazdığı əksər məqalələrdə
Sabirin yaradıcılığına müraciət olunur.
Bu məqalələrdə Sabirin özündən
əvvəl yazıb-yaradan şairlərlə ideya
bağlılığı, haqsızlığa nifrət, zəhmətkeş
insanlara məhəbbət kimi keyfiyyətləri öz əksini
tapıb.
İlk məqalədən
sonra Tofiq Hacıyevin "Füzuli və Sabir" seriyası,
M.Ə.Sabir üslubunda "Molla Nəsrəddin"
formaları, "Satirik nitqdə jarqonun xüsusiyyətləri",
"Dilimizin satirik gücü", "İnqilabi-satirik
üslubda xüsusi isimlərin işlənmə xüsusiyyətləri",
"Sabir satiraları dini xürufatla mübarizədə",
"Sabirin uşaq şeirləri haqqında", "Sabirin
elmi düşüncələri" adlı məqalələri
jurnal və qəzet səhifələrində işıq
üzü görüb.
Onun
Sabirin həyat və yaradıcılığı ilə
bağlı kitablarından biri 1975-ci ildə ADU nəşriyyatında
çap edilən "Satira dili", digəri isə 1980-ci
ildə "Yazıçı" nəşriyyatında
işıq üzü görmüş "Sabir: qaynaqlar və
sələflər"dir. "Satira dili" əsəri
bütünlüklə M.Ə.Sabirə həsr olunmasa da,
"Sabir: qaynaqlar və sələflər" əsəri
tamamilə M.Ə.Sabirin yaradıcılığından bəhs
edir. Kitabda Sabirin Füzuli yaradıcılığından bəhrələnməsi,
onun yaradıcılığına şifahi xalq ədəbiyyatı
nümunələrinin təsiri, Sabir
yaradıcılığının Mirzə Fətəli
Axundov yaradıcılığı ilə
bağlılığı, Sabir
yaradıcılığında "Molla Nəsrəddin"in
rolu və Sabir yaradıcılığında C.Məmmədquluzadənin
bir şəxsiyyət kimi rolu və sair məsələlər
öz əksini tapıb. Bundan əlavə, Sabir
yaradıcılığının C.Cabbarlıya təsiri
kimi məsələlər də qələmə
alınıb, bu böyük şəxsiyyətlərin hər
birinin yaradıcılığının bir məktəb vəzifəsini
yerinə yetirdiyi müqayisəli faktlarla konkretləşdirilib.
Akademik
Tofiq Hacıyev "Sabir: qaynaqlar və sələflər"
kitabının müqəddiməsi hesab olunan "Daha dərin
köklər" bölməsində yazır: "Azərbaycan
dilli satirik şeir Mirzə Ələkbər Sabirlə kamala
çatır: zarafatdan, məzhəkədən yüksəlib,
masqaradan, həcvçilikdən çıxıb, mükəmməl
ictimai-estetik vüsət qazanır; ötəri, əyləndirici
gülüşdən sarsıdıcı gülüşə,
yumşaq yumordan sərt satiraya keçir".
Kitabı oxuduqca, bir-birindən 350 illik zaman məsafəsində
yaşamış bu iki böyük şairin eyni dərdləri
daşımaları diqqət çəkir. Aydın olur
ki, bu iki həmdərdi tarixin uzaq keşməkeşləri ayırsa
da, onları eyni əqidə, eyni məslək birləşdirir.
Kitabda
akademik T.Hacıyev bu qənaətə gəlir: "Sabir
yaradıcılığı Füzuli
yaradıcılığından qidalansa da, onların
yaradıcılıqları arasındakı fərq aradan
qaldırılmamış, Sabir bu xətti heç zaman
keçib gedə bilməmişdir... Sabir görürdü
ki, Füzuli məktəbinin ən istedadlı nümayəndəsi
olan öz müəllimi Seyid Əzim belə onun bərabərinə
çata bilməmiş və Füzuli üslubunda təxminən
yeni heç bir şey deməmişdir..."
Kitab
müəllifi nümunələrlə göstərir ki, Sabir
uzun müddət Füzulinin cazibə qüvvəsində
qalsa da, sonradan bu tilsimindən, çətin də olsa,
uzaqlaşa bilir, özünü poeziya üfüqlərində
daima yaşadacaq yeni bir yola qədəm qoyur və bu yol onu
kortəbii Füzuli pərəstişkarlığından kənarlaşmağa
kömək edir.
Sabirin Füzuli yardıcılığından
ayrılıb özü üçün yeni bir bənzərsiz
cığır açması və bu cığırdan
keçdikdən sonra əlçatmaz uğurlar əldə
etməsi kitabın dördüncü, "Müstəqil
üslub yollarında" bölməsində öz əksini
tapıb.
Verilən nümunə və aparılan təhlillərdən
belə məlum olur ki, Sabir təkcə Füzuli
yaradıcılığından deyil, öz
dünyagörüşünə, ideyalarına uyğun gələn
digər mütəfəkkirlərin də
yaradıcılığından qidalanmışdı. Bu
yaxınlıq təkcə insan sənətkarlığına
olan vurğunluqdan, sənətkarlıq xüsusiyyətlərini
hesabına deyil, öz sənət üslubu da digərlərindən
kəskin surətdə fərqlənməklə, onların
qarşılarına qoyduqları məqsəddən, amaldan da
asılı idi.
Sabirin,
şəxsiyyətinə və tutduğu poetik yola hörmət
bəslədiyi görkəmli sənətkarlardan biri də Azərbaycan
dramaturgiyasının banisi, hamının savadlanması
üçün yeni əlifba uğrunda mübarizə aparan
şair, publisist, dövlət adamı, eyni zamanda
yurddaşlarının savadlanması üçün əlindən
gələni əsirgəməyən M.F.Axundov idi.
Müəllif qeyd edir ki, Sabir təkcə Füzuli
yaradıcılığını sevib, ondan qidalanmır, bu
vurğunluq onun M.F.Axundov yaradıcılığına olan
münasibətində də özünü göstərir.
Kitabın
"Eyni səviyyə" bölməsində T.Hacıyev
Sabirin M.F.Axundova, onun yaradıcılığına,
yazdığı əsərlərdəki personajlara olan
vurğunluğunu nəzərə alaraq yazır: "Müəllim
seçmək məsələsi qarşısında dursa idi,
Sabir bunu heç də problemə çevirmədən
bütün sələflərindən öyrənməkdən
imtina etmədən, şübhəsiz, M.F.Axundovu, həmişəlik
özünə müəllim seçərdi. Yeganə
müəllimdən dərs almağı heç kəs qanun
zoruna qəbul etdirə bilməz. Sabir də
həm Axundovdan, həm də Füzulidən dərs
alırdı".
Kitabda
Sabirin Axundova olan münasibətindən bəhs edən
bölmələri oxuyanda duyursan ki, insan kamilliyi birtərəfli
yolla, kiminsə əsərləri-yaradıcılığı
ilə tanış olmaqla başa gəlmir.
Kamil yaradıcı şəxsiyyət tarixdə
qalmaq, yaddaşlara kömək üçün mütləq
geniş elmi dünyagörüşə, fasiləsiz
mütaliəyə sahib olmalıdır. Elə bunu nəzərə
alaraq T.Hacıyev kitabda yazır: "Sabir Axundov
ideyalarını məhz Füzulidən öyrəndiyi, mənimsədiyi
sənətkarlığın gücü ilə öz
yaradıcılığındakı məlum zirvəyə
qaldırır".
Müəllif, Sabirin M.F.Axundov irsi ilə
tanışlığı haqqında əldə heç bir
rəsmi sənədin olmadığını qeyd edir. Lakin
tutduğu yol, gördüyü işlər,
qarşısına qoyduğu həlli tələb olunan məsələlər
Sabirin Axundov yaradıcılığından
qidanlandığını göstərən faktlar kimi ortaya
qoyulur. Bununla bağlı Tofiq Hacıyev yazır:
"Böyük satirikin M.F.Axundov irsi ilə bilavasitə
tanışlığı haqqında hələlik heç
bir tarixi sənəd yoxdur. Lakin bu sənədsizlik
iki sənətkarın üslub yaxınlığı kimi
böyük faktın qarşısında gücsüzləşir".
T.Hacıyev
Sabirlə Axundovu müqayisə edəndə onların hər
ikisinin yaradıcılığının xalq mənafeyinə
xidmət etdiyini, xalqın dərdinin öz dərdi hesab edib
onu aradan qaldırmağın yollarını
axtardıqlarını xüsusi olaraq vurğulayır:
"Ədəbiyyatımızın tarixindəki inqilabi
çevriliş cəsarətinə görə M.Ə.Sabiri nə
Q.B.Zakirlə, nə S.Ə.Şirvani ilə yox, məhz və
yalnız M.F.Axundovla müqayisə etmək olar, ona bərabər
tutmaq olar... Sabir də ədəbi formalara Mirzə
Fətəli tələbləri ilə yanaşırdı.
O dövrün tələbinə, "millətin işinə
yarayan" formaya müraciət etdi, inqilabi satiranın
bünövrəsini qoydu. Axundovla Sabirin
yaxınlığı təkcə ideya, məslək birliyində,
estetik baxış uyğunluğunda deyildir. M.F.Axundovun komediyaları ilə M.Ə.Sabir
satiraları arasında ciddi üslubi təmas vardır".
Müəllif
Axundov və Sabir yaradıcılığında
qarşıya qoyulan məqsəd, tənqid hədəfləri,
həyata baxış və həlli vacib olan məsələlərdə
bir yaxınlıq görür və bu yaxınlığı
belə ifadə edir: "Həm M.F.Axundovun, həm də
M.Ə. Sabirin üslubunda tənqid başlıca yer tuturdu:
onlar ictimai qüsurları amansızcasına ifşa edirdilər.
Axundov da, Sabir də mənəvi eybəcərliyin,
əxlaqi şikəstliyin, ictimai xəstəliklərin səbəbini
mövcud ictimai quruluşda görürdülər".
Mirzə
Cəlil, "Molla Nəsrəddin" və M.Ə.Sabir
haqqında söz açarkən T.Hacıyev yazır:
"Molla Nəsrəddin" və M.Ə.Sabir. Bir qədər
qəribə səslənir: məgər "Molla Nəsrəddin"lə
M.Ə.Sabiri ayrılıqda təsəvvür etmək
mümkündür?! "Molla Nəsrəddin"in
yaradıcısı Cəlil Məmmədquluzadə və onun
dostu Mirzə Ələkbər Sabir bu ədəbi məktəbin
iki ən böyük feilidir. "Molla Nəsrəddin"i
yığcamlaşdırıb şərti olaraq bir cümlə
şəklində təsəvvür etsək, bu isim və bu
feil onun baş üzvləridir".
Sabirin jurnalla əlaqəsinin yaranmasına işarə
edən professor Tofiq Hacıyevin fikrincə, "Molla Nəsrəddin"
nadir istedad sahibi olan öz Sabirini tapmışdı. Həm də
gözlədiyindən də tez, gözlədiyindən də
yaxşı".
Müəllif
"Molla Nəsrəddin" də nəşr olunan Sabir
şeirlərinin adi şeirlər olmadığını
söyləyir və qeyd edir ki, "Sabirin məqsədi bu
sözlərlə döymək, zərbə vurmaqdır. Bunun üçün də onun satiralarında
heç bir söz orta çəkidə
çıxış etmir; onda hər söz öz
ağırlığının ən yüksək dərəcəsindədir.
Sabir şeiri üçün sözü
maksimum ağırlığı səciyyəvidir".
Akademik T.Hacıyev bu kitabında təkcə satiraya, bu
janrda yazan görkəmli sənətkarlara diqqət göstərməmiş,
eyni zamanda, bu kitabda diqqət mərkəzinə gətirilən
məsələlərin hərtərəfi tədqiqata
ehtiyacı olan məsələlər olduğunu
vurğulamışdı.
Bu kitabda
akademik dörd elmi iş mövzusunun, o cümlədən,
"Sabir və Füzuli", "Sabir və Axundov",
"Sabir və C.Məmmədquluzadə" və nəhayət
"C.Cabbarlı və Sabir" mövzularının işlənməsi
vacibliyini diqqətə çatdırmış, bu məsələlərin
həllini özündən sonra gələn elm
adamlarının öhdəsinə buraxmışdı.
"Son
söz yerinə" başlıqlı bölmədə
akademik Tofiq Hacıyev Sabir haqqında olan fikirlərinə
sanki yekun vuraraq yazır: "Poeziyamızın tarixində, nəhayət,
Füzuli "tilsimi" tamam qırıldı. Onu Sabir dağıtdı. Lakin o
özü poeziyada yeni bir tilsim yaratdı, Sabir tilsimi!"
Akademik Tofiq Hacıyevin əsərlərində bu kimi, cəsarətli,
yeni, yalnız onun özünəməxsus dərin siqlətli
fikirlər, əbədi-bədii müzakirə mənbələri
çoxdur. Yəqin ki, gələcək nəsillər Tofiq
müəllimin zəngin irsindən həmişə bəhrələnəcəklər.
Sərdar ZEYNAL
Filologiya üzrə
elmlər doktoru
525-ci qəzet.- 2021.- 5 may.- S.18.