"Folklorun tərcüməsində xalq ruhunu
saxlamaq çox çətindir" –
Səhər Orucova: “Arzum
budur ki, Azərbaycan dastanlarını rus dilinə keyfiyyətli tərçümə edim”
Azərbaycan
folklorunun tədqiqinə və tədrisinə böyük
töhfələr verən ali təhsil ocaqlarından biri də
Bakı Dövlət Universitetidir.
Universitetin Filologiya fakültəsinin Azərbaycan
şifahi xalq ədəbiyyatı kafedrası olduqca məhsuldar
fəaliyyət göstərərək tələbələrin
bu yöndə peşəkar yetişməsində
böyük rol oynayır. Kafedranın müdiri filologiya
üzrə elmlər doktoru, professor Səhər
Orucova ilə folklora dair aktual məsələlər barədə
həmsöhbət olduq. Səhər Orucova 2 monoqrafiya,
8 proqram və yüzlərlə məqalə müəllifi,
1 jurnal təsisçisi, onlarla monoqrafiya, dərs vəsaitinin
redaktoru, "İlin alimi" mükafatı
laureatıdır.
***
- Səhər
xanım, günümüzdə Azərbaycan folklorunun
araşdırılması hansı səviyyədədir, ədəbiyyat
elminin bu sahəsində kifayət qədər məhsuldarlıq
varmı?
- Azərbaycan
folklorunun araşdırılması həmişə diqqət
mərkəzində olub. Deyərdim ki, humanitar
elmlər içərisində digər sahələrlə
müqayisədə şifahi xalq ədəbiyyatına
üstünlük verildiyinin şahidi oluruq.
Çünki folklor bizim tariximizdir, coğrafiyamızdır,
musiqimizdir... Bir çox elmlərlə
bağlı nəşrlər çap olunursa, orada mütləq
folklora toxunulur. Şifahi xalq ədəbiyyatı
bir dəryadır və heç vaxt tükənmir. Bildiyimiz kimi, "Kitabi-Dədə Qorqud"
dastanı bizim ən qədim və zəngin abidələrimizdən
biridir, bu dastan haqqında onlarla kitablar, yüzlərlə
monoqrafiyalar işıq üzü görüb. Amma yenə də dastanda elə məqamlar var ki, hələ
də açılmayıb. Həmin məsələlərə
yenidən qayıtmaq məqsədəuyğundur. Ona
görə də, müasir dövrdə folklor
araşdırmaları davam edir, proses inkişafdadır.
- Əvvəlki illərə nəzərən tələbələrin
Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasına
marağı artıb. Bunun səbəbini nədə
görürsünüz?
- Ötən
dövrlə müqayisədə kafedraya maraq çoxalıb.
Bu, kafedranın mühitindən və
gördüyü işlərdən asılıdır. Hələ kafedraya gəlmək istəyən bir
çox tələbələr kənarda qalır. Bizim bütün müəllimlərimiz çox məhsuldar
fəaliyyət göstərir, tələbələrə
qayğı, diqqət ilə yanaşırlar. Həm də dərs prosesində fənnin
özünü sevdiririk. Məsələn, biz
çalışırıq ki, dərsi əyani vəsaitlərlə
keçək, tələbələrə folklorla bağlı
tapşırıqlar verək ki, onlara həm
maraqlı olsun, həm də yeni biliklər və təcrübələr
əldə etsinlər. Ona görə də
magistratura və doktoranturaya qəbul zamanı bizim kafedraya
üstünlük verənlər ildən-ilə artır.
- Biz
bilirik ki, sizin folklor nümunələrinin tərcüməsi
ilə bağlı yüzlərlə məqaləniz var. Sizcə,
tərcümədə həmin nümunənin ruhunu qoruyub
saxlamaq nə dərəcədə mümkündür?
- Tərcümə
zamanı çox problemlər yaranır. Məsələn,
bayatılarda bizim milli ruhumuz, doğma hisslərimiz öz əksini
tapıb. Bayatı elə bir janrdır ki,
türkdilli xalqlar üçün spesifikdir. Rus folklorunda da bayatıya forma cəhətdən
oxşayan "çastuşki" olsa da, məzmunca bir-birindən
fərqlənir. Bayatıya, ümumən
folklora hopmuş xalq ruhunu tərcümə zamanı
saxlayıb əks etdirmək çox çətindir. "Əzizinəm", "mən aşiqəm"
və başqa belə sözləri necə tərcümə
etmək olar?! Hətta rus dilini mükəmməl
bilsən də, mümkün deyil. Lirik
janrlar içərisində bayatıların tərcümə
tarixi nisbətən sonralara gəlib çıxır. Rus müəlliflərindən A. Kalaşev və
A.Yakimov 1894-cü ildə SMOMPK-da çap etdirdikləri
"Tatar mətnləri" içərisində
bayatıların layla və ağı növləri
olmuşdur. Bunların rusca şərhi
verilir. Bu rus müəlliflərinin
bayatı janrı ilə tanışlıq mərhələsi
və ya onların bir toplayıcı kimi bu janra diqqəti idi.
Bayatılarımızın rus dilinə
ustalıqla tərcümə edənlərdən də biri
Vladimir Qafarov olub. O, tərcümə zamanı
çalışıb ki, bayatının intonasiyasını,
ritmikasını, ifa manerasını saxlasın, xalq ruhunu hiss
etdirsin. Başqa nümunəyə baxaq, görək
aşıq yaradıcılığını necə orijinala
yaxın tərcümə etmək olar?! Əfsuslar
olsun ki, bəzi mətnlərdə tərcümə səhvləri
də özünü göstərir. Elə
sözlər var ki, sırf Azərbaycan xalqına məxsusdur.
Məsələn, "çarıq"
sözünü necə çevirəsən?! Mən belə düşünürəm ki, ən
yaxşısı budur, elə sözlər tərcümə
olunmasın, aşağıda mənası göstərilsin.
"Saz" sözünü bəzən
"balalayka" kimi, "çarıq" sözünü
"lapti" kimi göstərirlər, bu, yolverilməzdir.
"Kitabi-Dədə Qorqud" dastanı iki dəfə
rus dilinə tərcümə edilib. Düzdür,
çox böyük iş görülüb, rus oxucusu bundan xəbərdar
olub. Amma dastanın tərcüməsi zamanı
bəzi məqamlar kölgədə qalmışdır.
Hətta rus bölməsi üzrə təhsil alan
tələbələrə dərs keçən zaman onlara
tövsiyə edirəm ki, folklor nümunələrini orijinal
dildən oxusunlar.
- Folklor tərcüməçiləri
ilk növbədə hansı keyfiyyətləri özündə
birləşdirməlidir?
- İlk növbədə hər iki dili - tərcümə
edilən mətnin dilini və hansı dilə tərcümə
edirsə, həmin dili çox mükəmməl bilməlidir. Bildiyiniz kimi,
folklor nümunələri çoxvariantlıdır. Tərcüməçi bütün variantlara bələd
olmalıdır. Bundan başqa, tərcümə
edən şəxs bizim milli adət-ənənələrimizi,
sırf bizim xalqa məxsus olan sözlərin mənasını
yaxşı bilməlidir. Məsələn,
"təndir" sözünü tərcümə etməkdən
ötrü izah eləməlidir ki, "təndir" nədir.
Yaxud, əgər aşıq
yaradıcılığını tərcümə edirsə,
bu barədə anlayışı olmalıdır.
-
Hazırda şifahi xalq ədəbiyyatı nümunələrinin
xarici dilə tərcümə olunması prosesi davam edirmi,
xüsusilə bu işlə məşğul olan insanlar
varmı?
- Tərcümə
prosesi nisbətən zəifləsə də, folklor nümunələrinin
tərcümə edilməsi davam etdirilir. Bu da
ondan irəli gəlir ki, tələbələrin dil öyrənməyə
marağı azdır. Ona görə də
tərcümələrin sayı əvvəlki qədər
deyil. Folkloru başqa dilə tərcümə
etmək üçün, ilk növbədə, onu oxumaq, sevmək
lazımdır. Bu, çox çətin
prosesdir.
- Yeni tərcümələr
planlaşdırırsınızmı?
- Arzum
budur ki, Azərbaycan dastanlarını rus dilinə kefiyyətli
şəkildə tərcümə edim. Düzdür
dastanların əksəriyyəti tərcümə olunub.
Amma yenidən daha orijinal formada tərcümə
edib çap etdirməyi planlayıram. Digər
bir istəyim isə, bayatılarımızı ivrit dilində
çap etdirməkdir. Bu işlə
professional tərcüməçilər məşğuldur.
Yaxın zamanlarda bayatılarımız ivrit
dilində işıq üzü görəcək.
- Bəzən "mifologiya
bizim nəyimizə lazımdır, onlar uydurmalardır" və
ya "var olub-olmaması qeyri-müəyyən qalan
Koroğlu, Dədə Qorqud kimi obrazların
aşılanması gərəksizdir, real tarixi şəxsiyyətlər
haqqında danışmaq lazımdır" kimi fikirlər səsləndirilir.
Bu söylənənlərə münasibətiniz
necədir?
- Şifahi xalq ədəbiyyatı mütləq öyrənilməlidir.
İlk növbədə ona görə ki,
miflər, əfsanələr təsadüfi yaranmayıb.
Qədim insanlar təbiət hadisələrini
fövqəladə güc hesab edərək onları mifləşdirmiş,
əfsanələr yaratmışlar. Qeyri-real deyiləndə
əgər Koroğlu nəzərdə tutulursa, bir çox tədqiqatçılar
onu tarixi
şəxsiyyət hesab edirlər. Amma bu obrazın
mifoloji köklərə bağlılığı da
danılmazdır. Mifologiya bizim
başlanğıcımızdır. Bunları
bilmək lazımdır ki, Nizami, Füzuli
yaradıcılığını daha dərindən dərk
edə bilək.
- Azərbaycan
şifahi xalq ədəbiyyatı kafedrası son illər ərzində
hansı işlərə imza atıb və yeni dərsliklərin
nəşri nəzərdə tutulubmu?
- Son illər
ərzində kafedra çox inkişaf edib. Bizim
elmi nəşrlərimiz artıb. Kafedranın
beynəlxalq indeksli "Folklorşünaslıq" elmi-nəzəri
jurnalı ildə iki dəfə çap olunur. Jurnalda azərbaycanlı müəlliflərin məqalələri
ilə yanaşı, xarici tədqiqatçıların
araşdırmaları, eləcə də folklor toplamaları
çap edilir. Bir çox beynəlxalq
konfranslarda məruzələrlə iştirak edirik. Həm ölkə xaricində, həm də ölkə
daxilində bir çox universitetlərlə sıx əməkdaşlıq
edirik. 2015-ci ildən Gürcüstan,
Qırğızıstan, Özbəkistan, Qazaxıstanın
Elmlər Akademiyalarının və ali məktəblərinin
folklor şöbələri, kafedraları ilə sıx elmi əlaqələr
qurulub. İstər müəllimlərimiz, istərsə də
magistr və doktorantlarımız aktual, az
işlənən mövzulara müraciət edir. Kafedra müxtəlif mövzularda elmi seminarlar təşkil
edir. Məsələn, "Heydər Əliyev və
folklor", "Azərbaycan ədəbiyyatında
multikulturalizmin təzahürləri", "Azərbaycan ədəbiyyatında rənglər", "YUNESKO-da qeyri-maddi mədəni
irsimiz" və başqa mövzulu elmi seminarlar keçirilib.
Bu seminarlardakı məruzələr məcmuə
şəklində çap edilir. Bildiyiniz kimi, Prezident
İlham Əliyevin Sərəncamına əsasən, 2021-ci il "Nizami ili" elan olunub. Kafedramız
"Nizami Gəncəvi və folklor" layihəsi üzrə
silsilə tədbirlər həyata keçirməyə davam
edir. Azərbaycan şifahi xalq ədəbiyyatı
kafedrasının tərkibində "Folklor" dərnəyi,
"Ədəbiyyat" klubu təşkil olunub. Filologiya fakültəsinin tələbələri
bunların ətrafında birləşərək maariflənirlər,
tədbirlərdə iştirak edirlər. Yaxın
zamanlarda Azərbaycan və rus bölmələri üzrə
"Azərbaycan şifahi xalq ədəbiyyatı" və
"Azərbaycan dastanları" fənləri
üçün dərsliklərin çapı nəzərdə
tutulur.
Nadir RZALI
525-ci qəzet.- 2021.- 5 may.- S.19.