Nəğmə ölümünə
inanmıram
Dünya
elə bil acıq çıxır bəndədən... Səksəkə içində saxlayır,
diksindirir, qorxudur, vahimə ilə yaşamağa
alışdırır. Ovcumuzdakı
şeytan əməli - telefon bəd xəbər
carçısına çevrilib. Kütlə də pis
vərdişdən xilas ola bilmir - neqativ
ab-hava vampirlərinin sayı-hesabı yoxdu. Ölüm,
itim başlıqlarını ildırım sürəti ilə
tirajlamaq çağdaş medianın ən böyük hərisliyinə
çevrilib. Ona görə səhər açılanda
telefonumdan qorxuram, sanki bir düyməni sıxmaqla uçqun
altında qalacağam, nəfəsim kəsiləcək... Bu gün də eyni vahimə içində mətbuata
nəzər saldım.
«Xalq şairi Fikrət Qoca dünyasını dəyişib»
- başlıqlı xəbərlər hər yerdədi, sosial
şəbəkələrdə şairin vəfatı ilə
bağlı statusların sayı bilinmir. Xalqın
sevimli şairi, şeirləri, nəğmələri dillər
əzbəri olan insan əbədiyyətə qovuşub.
Fikrət müəllimi az-çox tanıyan
hamı onun özünə necə yumorla
yanaşdığını bilirdi. Uzun illər
xəstəlikdən əziyyət çəkən, bir
neçə dəfə ölümün astanasından
qayıdan şairin bu mövzularda da zarafat etdiyinin şahidi
olmuşdum. Ağ ciyərləri ilə
bağlı mücadiləsini də üzündə təbəssümlə
danışırdı hər zaman. Ona
görə bu xəbəri oxuyan kimi Fikrət müəllimin
işıqlı, təbəssüm dolu siması
gözümün önünə gəldi. Sanki təsəlli
verirdi baxışları ilə... Elə bil
indicə bir zarafat edəcəkdi bu mövzuda. Amma indi
zarafat yeri deyil, şairim! Haqqın dərgahına
qovuşmaq özü də yaşamaq qədər ciddi və
qaçılmazdı.
Və indi ölüm xəbərindən bir neçə
dəqiqə sonra gözümün yaşını saxlaya
bilməməyimi də Fikrət müəllimin o hər zaman
mehriban, işıqlı, xoş davranışına, təmkinli
xasiyyətinə yaraşdırmıram. Bir dəfə müsahibəsində
zarafatla «Bir az da yaşasam, ağlayanım olmayacaq» -
demişdi... Var amma, var! Bir də ona görə ki,
istedadlı insan, qeyri-adi şəxsiyyət, millətini sevən
sənətkar vətən göylərində parlayan minlərlə,
milyonlarla ulduzdan biridi... Yolumuzu aydınladır.
Bu gün o işıqlardan biri söndü.
Özü sənətkar ölümünü bir vaxt belə
şərh etmişdi:
Ölüm
də qanundur yaşamaq kimi,
Odur ki, artıqdır göz yaşları, qəm.
Deyib
qurtarmamış hələ fikrini
Şair necə ölər, başa düşmürəm.
Hələ
yaranmamış yer kürəsi,
Küləklər min nəğmə bəstələmişdi.
Çoxdan
yaranmışdı şeirin nəfəsi,
Hər ulduz şirin bir layla demişdi.
Ölüm
də, olum da bunlar bir yana,
Bu adi qanunu mən də danmıram.
Şair nəğmə
kimi gəldi cahana,
Nəğmə
ölümünə mən inanmıram!
Səməd Vurğunun vəfatından sonra
yazılmış bu şeir sanki bu gün üçün qələmə
alınıb.
Hər misrasında şairin yoxluğuna üsyan və
ölümdən sonrakı həyatın
mümkünlüyünə, insanın yaratdıqları ilə
var olmasına inam... Və elə bu ovqatla şeirlərini
ardıcıl oxuyanda xəstəliklə mübarizəyə
alışmış insanın həyata da, ölümə də
necə ağayana yanaşdığını
görürük:
Bir də bunlar mənim
üçün
Təkrar olan deyil daha.
Nə qədər dost itirmişəm,
Nə qədər
düşmənim gedib.
Burda mənim kölgəm qalıb,
Onlar ilə canım
gedib.
Bundan belə yolum yoxuş,
Yüküm
yüngül, mənzil yaxın.
Ömür bir göz
qırpımıdır,
Gəldim,
gördüm, gedim, baxım.
Bunların
hamısını bilə-bilə, yenə də
ağrıyırıq, acıyırıq ölümə.
Bəlkə sadəcə itirdiyimiz adamın
yoxluğu, onu görmək, söhbət etməyin
mümkünsüzlüyü deyil, həm də xatirələrimiz
incidir. Azərbaycan Yazıçılar
Birliyinə gəldiyim ilk günlərdən Fikrət müəllimi
pozitiv, qayğıkeş, təvazökar bir insan kimi
tanıdım. Sonralar müxtəlif tərdbirlərdə,
səfərlərdə, görüşlərdə onu bir az da yaxından müşahidə etmək
imkanım oldu. Və indi sevimli şairin
ölümü ilə sanki o xatirələr rəngsizləşdi,
işığı azaldı.
Şöhrətin, oxucu sevgisinin ən yüksək səviyyəsini
tanıyan şairin təvazökarlığına həmişə
heyrətlənirdim. Yadımdadı, Gəncədə Nizami Gəncəvi
yubiley tədbirlərində axşam ziyafətində bir masa
arxasında əyləşmişdik. Mən
fürsətdən istifadə edib Fikrət müəllimdən
şeirləri haqqında soruşur, bildiyim əsərlərindən
misralar deyirdim, o isə sakitcə gülümsəyir, təşəkkür
edirdi. Birdən Rəşad Məcid - Fikrət
müəllim, deyəsən, bu şeirlər heç öz
yadınızda deyil... - deyəndə Fikrət müəllimin
necə gülməsi, sonralar da bunu tez-tez yada salması
xatirimdə qalıb. Sonralar bu xasiyyətini,
özü haqda təriflərə də, uğursuzların
yersiz tənqidləri və atmacalarına da necə sakit
yanaşdığını çox gördüm və indi
düşünürəm, bəlkə elə bu qədər
işıqlı olmasının sirri bunda idi?! Nə tərifi «ürəyinə salırdı», nə
də haqsızlıqdan, yalandan, böhtandan qaraldırdı
qanını. «O gözlər kimi hər tərəf
qara» - deyən şairi elə gözəl ifadə edir ki, bu nəğmə;
qaradısa, elə gözlərin bəbəyi kimi qaradı, yəni
tam işıqsız, zil-zülmət deyil.
Fikrət müəllimin dostlarına münasibəti də,
sədaqəti də bir başqa örnək idi məndən
ötrü. Gənclik illərindən özünə aid bir
çox məsələlərə soyuqqanlı yanaşa bilən
şair dostlarıyla bağlı işlərdə heç
zaman biganəlik göstərməyib. Anar
müəllimin Qırğızıstanda, Bişkekdə
keçirilən yubiley mərasimində necə ürəkdən
çıxış etməsini, sevinməsini, Vaqif və
Yusif Səmədoğlu haqqında yazılarıma
böyük minnətdarlıqla reaksiya verməsini unutmuram.
Yubileyinə, oncildliyinə yazdığım məqalələrə
görə isə üzrxahlıq edirdi Fikrət müəllim.
Heç kəsə, heç bir şəkildə əziyyət
vermək istəmirdi... Seçilmiş əsərləri
Dövlət mükafatına təqdim olunanda «Cildlərə
sığmayan şair» adlı geniş bir araşdırma məqaləsi
yazmışdım. Onda şairin oncildliyini
ardıcıl oxuyanda necə fərqli hisslər keçirməyim,
bəzən bir şeirdən saatlarla danışmaq arzum, bəzən
də sadəcə susmaq istəyim indiki kimi yadımdadı.
Bir də Fikrət müəllimin oğlu
Yalçın dünyasını dəyişəndə necə
sükuta dalmasını da, təsəlli üçün
söz tapa bilməməsini də unutmuram. O vaxt qətlə
yetirilən oğlu haqqında mətbuat haray-həşirinə
heç bir reaksiya verməmişdi şair, sadəcə elə
Fikrət Qoca kimi danışmışdı:
Mən səni
qorudum uşaqlığından,
Mən səni
qorudum cavanlığından,
Qorudum səni
mən baba olunca
Demirəm
izlədim, gəzdim dalınca...
Bu
sözü atalar deyib əzəldən:
“Ac qarın özünü verər qılınca”.
Bəlkə
yaxşı ata ola bilmədim
Səni öz əlindən ala bilmədim.
Sən öldün, amma mən ölə bilmədim.
İndi yaşayıram qalan vaxtımı.
Yaşamaq...
Yəni bu yaşamaqdımı?..
«Oğluma sonuncu layla» adlandırdığı bu
şeirin hər misrasından, hər sözündən
çıxılmazlıq, kədər, dərd yağır. Amma yəqin
heç kəs Fikrət müəllimi üsyan edən, dərdini
ən sərt sözlərlə dilə gətirən görməyib.
Əksinə, o, həmişə, hər yerdə
xoş ab-hava yaratmağa çalışıb. İndiyə kimi tələbələrim bir məqamı
gülərək xatırlayırlar.
Yazıçılar Birliyinin Natəvan klubunda gənclərlə
görüşü idi Fikrət Qocanın. Tələbələrim
şeirlərindən kompozisiyalar hazırlamışdılar,
maraqlı suallar verirdilər. Birdən hər kəs
üçün gözlənilməz söz dedi Fikrət
müəllim:
“Səhv etməkdən qorxmayın, lap deyək
ki, yanlış addım atıb zamanını
alçağın biri ilə bağladın, nolar, bir
alçağı da tanımış oldun, həyatına
davam elə...” Hələ öz yolunu axtaran, nə istədiyini
tam da dəqiqləşdirə bilməyən gənclərdən
ötrü bu sözlər ən böyük motivasiya idi. Həm
də zəngin ömür yaşamış insanın ən
dəqiq, ən səmimi yaşama resepti idi. İndi
bütün o anları yada saldıqca bir anlıq dərk edirəm
ki, Firkət Qoca vəfat edib. «Mənim xoş üzə
ehtiyacım var, sənin xoş sözə... Götür kitabımı
oturaq üz-üzə» - deyən şair indən sonra
yalnız şeirləri, nəğmələri ilə yol
göstərəcək oxucusuna, ancaq sözü ilə təsəlli
olacaq, xoş söz deyəcək.
Amma bu günün, bu anın, ədəbiyyatımızın,
mədəniyyətimizin böyük itki
yaşadığı indiki zamanın tək bir təsəllisi
var. Fikrət Qoca Şuşanın azad olunmasını,
Qarabağ zəfərini görə bildi. Hər il avqust
ayında doğum gününü qeyd edən şair
pasportunda bu tarixin yanlış yazıldığını
bilirdi. Bir neçə dəfə bu haqda soruşmuşdum
da... O, dəqiq bilirdi ki, 8 mayda dünyaya gəlib. Amma Şuşanın işğal günü
olduğu üçün elə şəxsiyyət vəsiqəsindəki
yanlışlıqla barışmışdı, gerçək
ad gününü qeyd etmirdi heç vaxt. Üç gündən
sonra ilk dəfə Fikrət Qoca ürək, könül
rahatlığı ilə əsl ad gününü
keçirə, qeyd edə bilərdi... Amma nə etməli,
ömür vəfa etmədi.
Allah sizə rəhmət eləsin, əziz Fikrət
müəllim! Bundan sonrakı həyatınız,
taleyiniz kitablarda, əsərlərinizdə,
mahnılarınızda davam edəcək. İndi o da
yadıma düşdü ki, yazmışdız - ağlamaq
üçün ən gizlin yer leysan yağışın
altıdı. Bu gün Bakı qaş-qabaqlıdı,
havasından kədər yağır, yağış da
yağacaqmı, görən?!
PƏRVİN
525-ci qəzet.- 2021.- 6 may.- S.7.