Aşıq Ələsgər
poeziyasının satira və yumor naxışları
yubileyinin
qeyd edilməsi haqqında" 18 fevral 2021-ci il tarixli Sərəncamı
və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
22 fevral 2021-ci il tarixli Sərəncamı ilə Aşıq
Ələsgərin 200 illik yubileyinə həsr olunmuş Tədbirlər
Planının təsdiq edilməsi ulu ozan Aşıq Ələsgərin
zəngin irsinə dövlət tərəfindən göstərilən
diqqət və qayğının parlaq ifadəsidir.
Aşıq Ələsgərin
yaradıcılığı mövzu-məzmun, janrlar
baxımından o qədər rəngarəngdir ki, XIX əsr
Azərbaycan həyatının mühüm ictimai-siyasi hadisələrinin
bədii əksini, o cümlədən, yumoristik-satirik təqdimatını
orada görə bilirik. Filologiya elmləri doktoru, professor Kamran Məmmədov
"XIX əsr Azərbaycan şeirində satira" monoqrafiyasında
Aşıq Ələsgərin
yaradıcılığından da satiranın müxtəlif
janrlarına dair nümunələr verir, maraqlı təhlil və
müqayisələr apararaq sonda belə bir nəticəyə
gəlir: "Aşıq şeirinə qısaca bir səyahət
də, orada satiranın necə də zəngin və nə səpkidə
olduğunu təyin etməyə imkan verir. Əlbəttə,
XIX və XX əsr Azərbaycan satirasının təsirləndiyi
mənbələrdən biri olmaq etibarilə, aşıq
şeirini daha dərindən öyrənməyə, tədqiq
etməyə ehtiyac vardır. Bu qeydlər
göstərir ki, Azərbaycan şifahi ədəbiyyatının
müxtəlif janrlarında təzahür edən satiranın
özünəməxsus zəngin xüsusiyyətləri
vardır".
Akademik
İsa Həbibbəyli uzun zaman ərzində
apardığı müşahidələrə əsasən,
satiranın yüksək səviyyədə
inkişafını, rəngarəngliyini nəzərə
alaraq ədəbi növ hüququ qazandığını və
"Satira ədəbi növ kimi" məqaləsində
onun konkret olaraq hansı janrları əhatə etdiyini
xüsusi olaraq vurğulayır: "Fikrimizcə, satirik ədəbi
növ aşağıdakı satirik-yumoristik janrlar qrupunu əhatə
edir: təmsil, felyeton, həcv, qaravəlli, taziyanə,
parodiya, şarj, bəhri-təvil, hərbə-zorba, şikayətnamə,
kuplet və sair".
Aşıq
Ələsgərin yaradıcılığının əsas
dövrünün təsadüf etdiyi zaman - XIX əsrin II
yarısından sonrakı dövr Azərbaycan, rus və Avropa
ədəbiyyatında satira xüsusi bir canlanma ilə
inkişafa başlamış, XX əsrin əvvəllərində
satirik "Molla Nəsrəddin" jurnalı ilə isə
öz inkişafının zirvəsinə
çatmışdı.
Satiranın həcv və hərbə-zorba janrlarına
ümumən aşıq ədəbiyyatında olduğu kimi,
Aşıq Ələsgər yaradıcılığında
da rast gəlirik. Qüdrətli söz ustadı nə qədər
gözəllik, təbiət və vətən aşiqi olsa
da, bütün bu anlayışları insandan və onun
yaşadığı zəmanədən ayrı təsəvvür
eləmir. Bəzən sırf hansısa
real bir gözəlin tərənnümü ilə başlayan
şeir sonrakı bəndlərdə tamamilə ictimai-siyasi
bir mövzuya keçir, bəzən də müxtəlif
mövzulu əsərlərində həm də gözəlin
tərifi, yüksək mənəviyyatı, zəngin daxili aləmi
öz bədii ifadəsini tapır. Həm
klassik Azərbaycan ədəbiyyatı, həm də zəngin
el ədəbiyyatı ilə yaxından bağlı olan
Aşıq Ələsgərin həcvləri də janrın
dar çərçivəsinin hüdudlarına
sığmır, daha çox ictimai məzmunlu satiralar kimi
müəyyənləşir. Aşıq
olmaq istəyənlərə "Gərəkdi" rədifli
qoşmasında ustadın verdiyi məsləhətlərdən
biri də xalqa həqiqətləri anlatmaq, onları baş
verən hadisələrdən xəbərdar etməkdir.
Aşıq Ələsgər yaradıcılığının
bu istiqamətini daşıdığı ideya və mövzu
dairəsi baxımından bir neçə qrupa
ayırmaq olar: sırf ictimai və siyasi məzmuna malik olanlar;
yalnız öz şəxsi mənfəəti
üçün çalışan bəzi yalançı
din xadimlərinin ifşası; ailə-məişət
mövzusunda qələmə alınanlar; aşıqlıq sənəti
ilə bağlı yazılan həcv və hərbə-zorbalar.
Aşıq
Ələsgərin "Bu yerdə tapılmaz",
"Çıxıbdı", "Düşərsən",
"Dönübdü", "Gəlsin" başqa ictimai
məzmunlu həcvlərində XIX əsrin sonları və XX
əsrin əvvəllərində Azərbaycan xalqının
güzəranı, siyasi-tarixi hadisələr, ayrı-ayrı
zümrələrin davranışlarının real mənzərəsi
canlandırılıb. Bu şeirlərdə sadə
xalqın nümayəndəsi olan aşıq özünü
əzilən kütlənin dərd-sərindən,
bitib-tükənməyən problemlərindən ayrı təsəvvür
belə edə bilmir və xalqın düşmənləri
olan yerli və yadelli vəzifəliləri söz atəşinə
tutur.
Bioqrafik məlumatlardan
bilirik ki, kəndin zülmkar kovxası tərəfindən
"qamçıda belinin qatı çıxan"lardan biri
də aşığın oğlu Əbdüləzim
olmuş, bu səbəbdən də digər oğlu Bəşir
kovxanı yaralayıb qaçmış, aşığın
qardaşı Xəlil və Əbdüləzim təqsirli
bilinib həbs edilmişdi. Aşıq Ələsgər
çox çətinliklə Tiflisə getdikdən sonra
onları azad etdirə bilmişdi. Şeirdə
xalqın amansız düşmənləri olan zümrələr,
Xaqani Şirvaninin sözləriylə desək, şeytana uyan,
bəndə yox, "şərməndə" sayılan
şəxslər bir-bir sadalanır. Digər
bir şeirində bu sıranı daha da genişləndirir, ədalətsiz
xanlar, acları doyurmayan zənginlər, oruc tutub namaz
qılmamaqla kifayətlənməyib mələkləri dar
ağacından asdıran din xadimləri, abır və həyası
olmayan kişilər və qadınlar tənqid olunur.
Sonda aşıq müqəddəs dinin qaydalarından imtina edən
bu kimi "şərməndə"lərin olduğu bir
ölkədə onun dərdlərinə dərman,
yaralarına məlhəm olmayacağını təəssüflə
dilə gətirir
Yalançı
din xadimlərinin ifşası onun ictimai məzmunlu satirik
şeirlərində də yer alıb. Sırf
bu mövzudakı həcvlər isə neştərləyici,
qamçılayan tənqidi mahiyyəti, kəskinliyi ilə
diqqəti cəlb edir. Aşıq Ələsgər təkcə
mollaları deyil, digər dinlərə mənsub
"ruhani"ləri də dini kəlamları öz mənafeləri
naminə saxtalaşdırmaqda, din pərdəsi altında əxlaqa
sığmayan hərəkətlər etməkdə, dinin
haram buyurduqlarını özləri icra edib başqalarına
qadağan etməkdə, yəni bir sözlə müqəddəs
dinə xəyanətdə, ikiüzlülükdə,
yaltaqlıqda, etibarsızlıqda qınayır:
İslama
haramı halal bilərsiz,
Şəriətdən kənar mətləb dilərsiz.
Əskik
danışarsız, artıq gülərsiz,
Namus, qeyrətiniz, arınız olmaz.
Aşıq Ələsgərin ailə-məişət
mövzusundakı yumoristik şeirləri daha çox islahedici
xarakteri ilə, yüngül istehza və zarafat yolu ilə
yazılması ilə diqqəti cəlb edir. Bu şeirlərin
bəziləri əməkçi insanların məişət
problemlərini bədii ədəbiyyata gətirmək məqsədi
daşıyır. Dövrün ziddiyyətli
və ağır güzəranı bir yandan, digər yandan da
ziyanvericilər kasıbın maddi durumunun daha da pisləşməsinə
səbəb olurdular. Aşıq Ələsgərin
"Birə", "Pişik" şeirləri bu problemlərin
aradan qaldırılması arzusuna istiqamətlənən
nümunələrdir. "İnsanların həyatını
zindana döndərən, alagöz gəlinlərin zər
libasını doğrayan, gen dünyanı insanlara dar edən,
insanların canını boğazına yığan"
siçanların əlindən dad-fəryad edən
aşıq o gəmiricilərə qənim kəsilən
Pişiyi tərifləyir, onun "ədəbini,
kamalını, aslan kimi caynağını" mədh edir və
hər bir naz-neməti ona layiq bilir, hətta xanım ona xələt
də bağışlayır.
Aşıq
Ələsgərin "Xəbərin varmı?", "Qohum
bildik", "Qız sevən oğlan",
"Düşmüşəm", "Salamatdı",
"Məhəmməd" şeirləri də ailə, qohum
münasibətlərindən bəhs edən yumoristik nümunələrdir.
Deyilənlərə görə, məclislərini
apardığı evlərdə, düyünlərdə
söylədiyi gözəlləmələrlə məşhur
olan Aşıq Ələsgərin arvadı Anaxanım ondan tərif
istəyib, aşıq isə onu tərifləmək əvəzinə
zarafatla birinci şeiri söyləyib. Bundan
inciyən Anaxanım küsüb atası evinə gedib,
aşıq onun könlünü alıb geri qaytarmaq
üçün xeyli əziyyət çəkib. Bu hadisə bütün təfsilatı ilə
"Anaxanımın küsməyi" adlı dastan-rəvayətdə
öz əksini tapıb.
Ustadın sırf aşıqlıq sənəti ilə
bağlı yazılan həcv və hərbə-zorbalar da
aşığın bu janrlardakı məharəti və etika
qaydalarını gözləməsi, vulqarizmlərə bədii
əsərlərində yer verməməsi, məşhur
atalar sözü və məsəllərdən istifadə ilə
rəqibini sözlə qamçılaması ilə səciyyələnir. "Bir şair
çıxıbdı Yekəallardan",
"Danışma", "Düşərsən",
"Gəlsin", "Olsun", "Şair
Nağı" kimi şeirlər ustad aşığa həcv
yazan "aşıq və ya şair"lərə cavab
olaraq deyilib və onların sözün-sənətin sirlərinə
bələd olmadan özlərini öymələri tənqid
edilib. Öz xeyrini və şərini anlamayan,
elmi, biliyi, istedadı Aşıq Ələsgərlə
müqayisəyə belə gəlməyən belələrinə
qarşısındakı insanı yaxşı tanımaq və
daha sonra deyişməyə qoşulmaq, ya da həcv yazıb
göndərmək tövsiyə edilir. Əks təqdirdə:
Tökərəm
hörməti, götürrəm sazı,
Şişər başın, bu mahala
sığışmaz.
Yaxud:
Soyaram
libasın, allam sazını,
Yal-quyruğu yoluq yola düşərsən.
Bu
şeirlərdə ustad özünün, əslində,
qovğa, dalaş tərəfdarı olmadığını,
yeri gələndə də mübahisə meydanına da igid
kimi tək çıxmaq lazım gəldiyini, başqa məsələləri,
el-obanı, milli məsələləri şəxsi
münasibətlərə qarışdırmaq gərəkmədiyini,
ədəb-ərkan qaydalarını hər zaman gözləməyi
tövsiyə edir:
... Bir
adamsan, bir adama namə yaz,
Mahalı
incidib, eldən danışma!
... Kalman
çarıq bizə adəti-nasdı,
Müsəlmana "persoy" deyən xənnasdı.
Ulağın
eşşəkdi, yükün girbasdı,
Əbrü
ətlaz, tirmə şaldan danışma!
Bütün bunlardan müəyyən qədər
aydın olur ki, satira və yumor, bu sahənin tədqiqatçılarının
da vaxtilə qeyd etdikləri kimi, folklorda olduğu qədər,
onun bir qolu olan aşıq ədəbiyyatında da bir-birindən
fərqli mövzu və janrlarda təzahür edir. Bunu biz XIX əsr
aşıq ədəbiyyatının aparıcı nümayəndəsi
Aşıq Ələsgərin
yaradıcılığında da bütün rəngarəngliyi
və yeniliyi, zənginliyi, yüksək bədiiliyi ilə
müşahidə edirik. XIX əsr və
XX əsr Azərbaycan satirik şeirinin qaynaqlandığı
mənbələrdən biri olan ustad Aşıq Ələsgərin
şeirlərinin bu baxımdan araşdırılması
xüsusi əhəmiyyət kəsb edir. Çünki
Aşıq Ələsgər yaradıcılığında
təkcə lirik deyil, satirik məzmunlu şeirlər də həm
ideya-məzmunu, həm də sənətkarlığı
baxımından mühüm çəkiyə malikdir.
Aygün ORUCOVA
Filologiya üzrə
fəlsəfə doktoru, dosent
(AMEA
Naxçıvan Bölməsi)
525-ci qəzet.- 2021.- 6 may.- S.10.