"Cənnətdən süzülür şəhid bulağı..."

 

 

 

 

Yazılarımın birində qeyd etmişdim ki, bizdə çox vaxt "şeir", "poeziya", "şeiriyyət" anlayışlarının sərhədləri dəqiq müəyyən olunmadığına, onlar bir-birinin yerinə işlədildiyinə görə elmi-nəzəri fikirdə dolaşıqlıq yaranır, dəyərlərin yeri səhv düşür, necə deyərlər, gözün qiyməti qaşa, qaşınkı isə kirpiyə verilir.

 

Şeir, əslində, bədii mətnin sadəcə təşkili üsulu, fikrin vəzn qafiyə sistemi daxilində ifadə vasitəsidir. Bu mənada normal mətn qurmağı bacaran hər kəs babat şeir yaza bilər.

 

Poeziya isə hissi əqli idrak səviyyələrində təfəkkür hadisəsidir, dünyanı başqa cür, başqa rakurslardan görmək ifadə etmək vasitəsidir. Belə qəliz, mürəkkəb missiya isə hər kəsin bəxtinə yazılmır - bu işin öhdəsindən yalnız Allahın seçdiyi bəndələr - şairlər gələ bilər.

 

Bu gün yazdıqları şeirləri sosial şəbəkələrdə geninə-boluna paylaşıb özlərinə şair imici qazandırmaq istəyənlər o qədər çoxdur ki, bu vurhavurda əsl poeziyanın səsi, həzin pıçıltısı çox vaxt eşidilmir. Amma xoşbəxtlikdən mən qarğa qarıltısına oxşayan səslərin batıra bilmədiyi o pıçıltını, o avazı eşitdim...

 

Aşıq Qurbaninin kəşf etdiyi poetik obraz - boynubükük bənövşə duyğularımıza, hisslərimizə sığal çəkə-çəkə neçə illər idi ki, bizi öz sehrində saxlayır, necə deyərlər, boynunu büküb özünün yeni biçimdə, yeni rəngdə yeni doğuluşunu gözləyirdi. Ayrılıqdan boynu əyilmiş bənövşəni yeni rakursdan görən, onun qar altındakı taleyi - gözəllərin buxağında başa çatan ömrü ilə həsrətli, nisgilli insan taleləri arasında paralellər aparıb yeni metaforalar kəşf edən şair axır ki, özünü bəlirlədi - Göyçayda yaşayan Şəmsiyyə Qaramanlı! Onun   II Qarabağ şəhidlərinin ruhuna həsr etdiyi "Boynubükük bənövşə" şeiri yaşı  yüz illərlə ölçülən poetik obrazı öz stixiyasından - təbiətdən qoparıb  toplumun stixiyasına qovuşdurmağın, onun yeni, gözlənilməz poetik analoqunu yaratmağın, əslində, təbiətin bir parçası olan insan taleyi ilə bənövşə qisməti arasındakı  kəsişən nöqtələrin obrazlı ifadəsinin parlaq nümunəsidir. Şəmsiyyə xanım qar altında üşüyən bənövşəyə baxa-baxa nisgilinin ünvanı klassik poeziyadan gələn bu zərif çiçəyin real həyatdakı dərddaşlarını, yoldaşlarını - oğul şəkli ilə yatıb-duran anaları, evinin dirəyini itirən gəlinləri, vüsala qovuşa bilməyən qızları ön plana çəkir öz sələfindən fərqli olaraq məhz insan talelərindən bənövşənin boynubükük obrazına keçid edir, insan teleyində bənövşə aqibəti axtarır onu tapır. Nəticədə bu boynubüküklük fəlsəfəsi insaniləşir, hamımıza tanış olan insan ağrılarının poetik rəsminə çevrilir. Müəllif bənövşəyə xitabən deyir:

 

Bu yaz onlar

öz boynubüküklüyi ilə

sənə meydan oxuyacaqlar.

Bu yaz şəhid qəbirləri

bənövşə, nərgiz, yasəmən

qoxuyacaqlar...

 

Azərbaycan lirikasında meditativ poeziyanın parlaq nümunələrindən olan bu şeirin başqa bir məziyyəti onun iddiasızlığında, lakin hüdudsuz səmimiyyətindədir. Adama elə gəlir ki, müəllif bu şeiri qələm-kağızla yox, bənövşəni oxşaya-oxşaya bədahətən yazıb, sözlər sanki özü hardansa uzaqdan axıb gəlib, özləri özlərinə yol açıb... Əsl poeziya da əslində, belə doğulur - beynin, şüurun yox, qəlbin, ürəyin səsi kimi...

 

Biz II Qarabağ savaşında verdiyimiz şəhidlər haqqında ƏBƏDİ həm ƏDƏBİ bir söhbətə başlamışıq. Məncə, Şəmsiyyə xanımın şeiri bu mövzuda yazılmış ılk ən təsirli nümunələrdən biridir.

 

Bu, təkcə şeir deyil, şəhidlərimizin ruhuna rekviyem, elegiya, şəhid ailələrinə isə bənövşə ətirli kövrək bir təsəllidir...

 

Mən Şəmsiyyə xanımın "Qarabağa namə" adlı kitabını əldə edib oxuyandan sonra  bir daha inandım ki, poeziya həm Xalq yazıçısı Anar demişkən, dua kimi söylənən sözdür, iddiasız izhardır. Elə kitabdakı ilk şeirdə Şəmsiyyə dünyanın "yoxlarını var etmək" üçün həmin SÖZÜN axtarışa çıxdığını bəyan edir:

 

... qalan ömrümü

o sözün axtarışına həsr etməyə dəyər.

Bəlkə onda gələcəkdə kimsə

"filan söz filankəsdən

yadigar qalıb" - deyər.

 

Şairin iddiası yalnız budur - hər cür umacaqdan uzaq istəyə qovuşmaq arzusu.

 

 

 

Şəmsiyyə sözün işığında sevginin təmənnasızlığını poeziyanın predmetinə çevirə bilir, özünün dediyi kimi, şairlərin yüz illərdir şeirlər həsr etdikləri Vətən, Ana Dil məhəbbətini görün necə izhar edir:

 

Vətən elə vətəndir,

sevginlə suvarsan torpağını

səhrası gül bitirəndir...

Ana elə anadır,

Vətən elə vətəndir,

O sevgi bu sevgi

ürəyimizdə təndir.

 

Poeziyanı şeirçilikdən fərqləndirən bir gözəllik hamının gördüyü, tanıdığı nəsnələri başqa rakurslardan göstərməsi, başqa rənglərlə tanıtmasıdır. Şəmsiyyə "Atam" şeirində Ata Ana obrazlarını görün necə vəsf edir:

 

Bir oğul itirdi - üsyan etmədi,

ikinci oğlunu da itirəndə

üsyan etmədi atam

sadəcə həyatdan getdi atam...

Anam mənə Vətəni sevməyi öyrətdi

Atam Allahımı.

Biri nemətlərini hədiyyə verdi,

Biri bağışladı günahımı.

 

Şəmsiyyə sözü, onun imkanlarını, gücünü çox yaxşı hiss edir, yeri gələndə onu, kino dili ilə desək, "ön plana" çıxarmağı, orta plandakı sözlərə  qeyri-adi "mizanlar verməyi", hətta arxa plana çəkilmiş sözlərə belə nəfəs ötürməyi bacarır - "Yuxuna gələcəyəm" şeirində olduğu kimi. Ailəsini, 2 övladını atmış vəfasız kişiyə müraciət kimi yazılmış bu şeirdə müəllif inci kimi sapa düzdüyü poetik ricətləri belə tamamlayır:

 

Bu röyadan heç qalmayacaq sənə

gülüşünü eşidib boynuna sarılmadığın

bir cüt körpənin nərgiz yuxusundan başqa,

İstisinə qızınmadığın ocağın

yanıq qoxusundan başqa.

 

Bəzən şair sözünün qüdrətini onun yaradıcılığının fəlsəfi vüsətində, sosial problematikasında axtarırlar. Məncə, bu, səhv yanaşmadır. Fəlsəfə formal məntiqin, rasional düşüncənin qanunları ilə danışır, poeziya isə bədii təfəkkürün. Fəlsəfənin predmeti real, gerçək dünya, poeziyanınkı isə şairin kəşf etdiyi bədii dünyadır. Şair uzaqbaşı rasional düşüncə faktlarını bədii şəkildə təkrarlaya bilər ki, buna da qətiyyən ehtiyac yoxdur. Bu mənada Şəmsiyyənin şeirlərini oxuyanda bir daha inanırsan ki, poeziyanın missiyası dünyanı kəşf etmək yox, onunla barışmaq, onu gözəlləşdirməkdir:

 

Dilimdən düşmədi Tanrı duası,

Vətən məhəbbəti, torpaq havası,

Ən şirin nemətdir Ana laylası,

Bütün sevgilərdən gözəldir dünya.

 

Şəmsiyyənin ilk kitabının adından da göründüyü kimi, onun yaradıcılığında Qarabağ mövzusu mühüm yer tutur. O, hələ azad olunmamış Qarabağdan yazanda müəllif bəzi həmkarlarından fərqli olaraq mətni sızıltı, inilti ladına kökləmirdi, Qarabağı Qaf dağında zəncirlənmiş Promotey dağı ilə müqayisə edib yazırdı:

 

Qaf dağında qartal hər gün

Promoteyin oyurdu köksünü.

Sənsə illərdir qartalın

köksündə çabalayıb

tapa bilmirsən özünü...

 

Böyük Qələbəyə imza atdıq günlərin birində "Zəfərnamə"nin ilk nümunələrindən birini oxuyanda Şəmsiyyə xanımın poetik kəşflərinə heyran oldum,

 

Kəhərim nallı gedir,

Səkilli, xallı gedir,

Cənnətdə toy başlanıb,

Şəhidlər yallı gedir...

 

Yaxud:

 

əzmi azaldı, qüruru söndü,

Zamanı qocaltdı, tarixi yendi,

Zəfər şərqisiylə evinə döndü,

Hər şəhid tarixin qızıl varağı,

Cənnətdən süzülür Şəhid bulağı

 

Sizə uğurlar arzulayıram, Şəmsiyyə xanım...

 

"Qarabağa namə"nin davamı olan "Zəfərnamə"ni gözləyirik.

 

Əlisəfdər HÜSEYNOV

525-ci qəzet.- 2021.- 6 may.- S.11.