Əbədiyyətdəki əziz
ünvanlarımız
Həyat nə qədər şirin olsa da, ölüm
heç bir insan övladının qaça bilməyəcəyi
tale yazısıdır. Amma Allah qatında seçilmiş elə
insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk
edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar.
Ölümlərin ən şərəflisi də
deyirlər buna. Bu, müqəddəs şəhidlik
zirvəsidir ki, hər kəsə qismət olmaz.
Ali
Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə
sentyabr ayında başlanan və 44 gün davam edən Vətən
müharibəmiz 30 ilə yaxın erməni
işğalında olan torpaqlarımızın,
Qarabağın azadlığıyla nəticələndi.
Müharibə
varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də
qurbanlarsız ötüşmədi. Azərbaycanın
üç minə yaxın qəhrəmanı
torpaqlarımızın azadlığı uğrunda şəhidlik
zirvəsinə ucaldı, minlərlə igid qazi adını
qazandı. "525-ci qəzet" olaraq bu
layihəmizdə mütəmadi şəkildə hissə-hissə
həmin igidlərimizi oxucularımıza
tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq
dastanı olan bu həyatlarla qürur duyur, onları
unutmayacağımıza, unutdurmayacağımıza söz
veririk! Allah hər birinə rəhmət eləsin!
P.S. Bu
layihəmizə dəstək olmaq üçün ətrafınızda
tanıdığınız, bildiyiniz şəhidlər varsa,
həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin
göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya
bilərsiniz!
shahane.mushfiq@gmail.com
***
Quliyev Elgün Vasif oğlu 17 sentyabr 1992-ci ildə
Şamaxı rayonu, Göylər kəndində anadan olub. 1998-ci ildə Şamaxı
rayonu T.Kərimov adına 2 saylı
Göylər kənd orta məktəbinin birinci sinifinə gedən
Elgün 2005-ci ildə İsmayıllı rayon N.Behtiyev
adına İsmayıllı kənd orta məktəbində təhsilini
davam etdirib. Eyni zamanda, İsmayıllı
rayonunda hazırkı "Nihal" hazırlıq kursunda dini
təhsil alıb.
Daha sonra
2007-ci ildə Şəki İslam Hafizlik Kollecinə daxil olub
və bir il orada təhsil alaraq 2008-ci ildə
Şəki İslam Hafizlik Kollecini Hafiz (Quranı ərəbcədən
əzbər bilən) kimi bitirib. 2009-cu ildə
İsmayıllı rayon N.Behtiyev adına
İsmayıllı kənd orta məktəbindən məzun
olub. 2010-2014-cü illərdə Sumqayıt
Dövlət Universitetinin Tarix müəllimliyi ixtisasında
oxuyub. 2014-cü ildə Füzuli rayonunun
Şükürbəyli kəndində Həqiqi Hərbi Xidmətdə
olub. 2016-cı ildə Aprel
döyüşləri zamanı Müdafiə Nazirliyinə
könüllü olaraq müraciət edib. 2016-2020-ci illərdə Bakı şəhəri
ÖZSÜT restoranında əmək fəaliyyətini davam
etdirib. 2020-ci il MİQ (Müəllimlərin İşə
Qəbulu) imtahanında 52 balla Lerik rayon Sors kəndinə Tarix
müəllimi təyin olunur.2020-ci il 29 sentyabrda
könüllü olaraq İkinci Qarabağ -Vətən
müharibəsinə yollanır.Vətən müharibəsinin
son günlərində, 8 noyabr- Şuşa uğrunda gedən
döyüşlərində fəal iştirak edib. Şuşa uğrunda gedən döyüşlərdə
qəhrəmanlıqla vuruşan Elgün Quliyev noyabrın 9-da
Şuşaya olan şanlı hücum nəticəsində
şəhidlik zirvəsinə ucalır. O, noyabrın
12-də böyüyüb boya-başa çatdığı
Şamaxı rayon Dağ Göylər kəndində dəfn
olunub.
Təəssüf ki, şəhidimiz imtahan verib
qazandığı müəllimlik adını bir gün belə
daşıya bilmir, yəni müəllim kimi işləyə
bilmir. Onun son
sözlərindən biri də məhz bu haqda olur: "Tarix
müəllimi ola bilməsəm də, yəni
işləyə bilməsəm də, bəlkə tarix
yazdım".
Elgün Quliyev şəhadətindən sonra "Vətən
uğrunda" və "Şuşanın azad olunmasına
görə" medalları ilə təltif edilib.
***
Səbuhi
Rövşən oğlu Sadıqov 9 may 1996-cı ildə Biləsuvar
rayonunda anadan olub. Əslən Füzuli rayonundan
olan Səbuhi Bakı şəhəri Nərimanov rayonu 73 saylı
tam orta məktəbdə təhsil alıb. Uşaq yaşlarından idmana böyük həvəsi
olan Səbuhi Sadıqov kiçik yaşlarından karate,
kikboks ilə məşğul olub, 8-9-cu sinifə kimi
yüngül klublararası turnirlərdə iştirak edib.
Daha sonra sərbəst güləşlə məşğul
olmağa başlayan Səbuhi bu idman növü üzrə Azərbaycan
yığmasının üzvü olub. O, respublika
daxilində və beynəlxalq yarışlarda dəfələrlə
müxtəlif dərəcələrlə təltif olunub,
çempion adını qazanıb. MMA
(Qaydasız döyüş) üzrə professional olaraq məşğul
olub. Ultimax döyüş növləri
federasiyasının üzvü idi.
O, bir
çox yarışlarda Azərbaycan Respublikasını təmsil
edərək qazandığı naliyyətləri ilə
bayrağımızı yüksəldib.
2014-cü
ildə Xüsusi Təyinatlı Qüvvələrdə 1 il 6 ay xidmət edib. 2015-2017-ci illərdə
Ultimax Döyüş Növləri Federasiyasının təşkil
etdiyi Bakı çempionatında və 2017-ci ildə Respublika
çempionatında qalib olub. Gürcüstan
Respublikasında Dünya Çempionatında professional kəmər
uğrunda mübarizə aparıb və qara kəmər
qazanıb. Bununla yanaşı, şəxsi
"Comando Fight Klub"unu yaradaraq çoxlu sayda özü
kimi tələbələr yetişdirib. O,
Gürcüstan Respublikasında Ultimax döyüş növləri
üzrə keçirilən 3-cü Dünya
Çempionatında 1 tələbəsi dünya çempionu
olub, digər 3 tələbəsi isə fərqli dərəcələrlə
III yeri qazanıblar.
28 sentyabr
2020-ci ildə Vətən müharibəsinə
könüllü yollanan, ailəsi ilə "Vətən
dardadır" deyərək sağollaşan Səbuhi
Sadıqov "dua et, ana, mən arzuma
çatım" sözlərini deyib. Nişanlı
olan Səbuhi müharibədə Xüsusi Təyinatlı
Qüvvələrdə kəşfiyyatçı kimi 37
gün xidmət edib. Füzuli, Xocavənd, Hadrut, Cəbrayıl,
Qubadlı, Laçın istiqamətində gedən
döyüşlərdə iştirak edib və
Laçında qəhrəmancasına şəhid olub. Noyabrın 5-də Füzuli rayonunun Əhmədbəyli
kənd qəbiristanlığında dəfn olunub.
Səbuhi
Sadıqov şəhadətindən sonra "Vətən
uğrunda", "Cəbrayılın azad olunmasına
görə" və "Qubadlının azad olunmasına
görə" medalları ilə təltif olunub.
***
İbrahimov Murad Valeh oğlu 6 sentyabr 1993-cü ildə Gəncədə
doğulub.
1999-cu ildə Gəncə şəhər 12 nömrəli tam
orta məktəbin 1-ci sinfinə daxil olub, 2008-2009-cu illərdə
1 nömrəli Gəncə Peşə liseyində (indiki Sənaye
və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə
Təhsil Mərkəzi) təhsil alıb. 2011-ci ildə Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin Gəncə Şəhər
Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi
xidmətə çağırılıb, Müdafiə
Nazirliyinin "N" saylı hərbi hissəsində xidməti
borcunu yerinə yetirib. 2014-cü ildən MAHHX HQ
kimi Azərbaycan Ordusunda xidmətə başlayıb. Uşaqlıq arzusu hərbçi olmaq, vətənin
keşiyində durmaq, onu qorumaq olub. 2-ci
Qarabağ müharibəsi başlandığı ilk günlərdən
Murad öz döyüş yoldaşları ilə ön cəbhəyə
yollanır. Murovu tanıyırdı, ora
döyüşə getməyin təhlükəli olduğunu
da bilirdi. Amma ora getməkdə israr edib,
komandirlərinə "məni də göndərin" deyə
təkid edib. Murad sonuncu dəfə 2020-ci
ilin oktyabr ayının 2-də, müharibənin 5-ci
günündə evə zəng edərək "Mən
Murova gedirəm, bəlkə qayıtmadım" deyib. Təcrübəli hərbçi idi, bilirdi ki,
döyüşdə Murov dağları gedər-gəlməz
sayılır, o dağlardan geri qayıtmaya bilər, amma bu,
onu qorxutmayıb, Vətən üçün ən çətin
imtahanına getməyi könüllü istəyib. Murad İbrahimov Kəlbəcər rayonu və Xocavənd
istiqamətlərində gedən döyüşlərdə
iştirak edib. 3 oktyabr 2020-ci il
tarixində Kəlbəcər rayonu istiqamətində bir
bölük döyüşçü ilə Murova
yollanıblar. O döyüşçülərin
böyük əksəriyyəti sonralar Azərbaycan tarixinə
Vətən şəhidləri kimi düşəcəkdilər.
Murad İbrahimov da onlardan biri olacaqdı. Batalyon 3 istiqamətdə hərəkət etməli
idi. Muradın da daxil
olduğu 24 nəfərlik taqım Ağdərə
istiqamətində irəliləyərək
döyüşüb. Murad Qaragöl istiqamətində
(Çınqıllıq adlanan ərazi) gedən
qızğın döyüşlərdə iştirak edib, qəhrəmanlıq
göstərib. Son döyüşdə
ayağından yaralanıb, lakin döyüşü
dayandırmayıb, yaralı halda atışmağa davam edib.
Yaxınlığa düşən top mərmisi daha
ağır yaralanmağına səbəb olub, sol qolu
çiyninədək yanıb. Amma ağır yarası, axan
qanı onu sarsıtmayıb, döyüş yoldaşları
ilə birlikdə
güllə yağışı altında Vətənə
olan son xidmətlərini gerçəkləşdiriblər və
qəhrəmanlıqla şəhid olublar. Murov
dağı o gecə 3 ayrı istiqamətdə
döyüşən 60-dan çox igidimizə məzar olub.
Murad İbrahimov da o gənclərdən biri
oldu. Muradı və şəhid olan digər
döyüşçü yoldaşlarını tapmaq asan
olmadı. Ərazini örtən qalın
qar axtarışlara mane olurdu. Xilasetmə
qrupları çətin şəraitdə işləyirdilər.
Şəhidləri tapmaq onların 100 gündən
çox axtarışından sonra mümkün oldu. Murad İbrahimov da şəhid olduğu gündən
111 gün sonra tapıldı, 23 yanvar 2021-ci ildə Gəncənin
Şəhidlər Xiyabanında dəfn edilib.
Ailəli olan şəhidimizin Əli adlı bir oğlu
yadigar qalıb. Murad İbrahimovun qardaşı da hərbçidir.
***
Anar
Talıb oğlu Əliyev 16 may 1991-ci ildə Oğuz şəhərində
doğulub. 1998-2009-cu illərdə Oğuz şəhər
E.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə
təhsil alıb. 2009-cu ildə həqiqi hərbi
xidmətə yollanıb. Hərbi xidmətini
başa vurduqdan sonra Oğuzda müxtəlif sahələrdə
çalışıb.
Vətən müharibəsində elan olunan qismən səfərbərliklə
cəbhəyə yollanan Anar Füzuli döyüşlərində
şəhidlik zirvəsinə yüksəlib və
oktyabrın 27-də Oğuz şəhərindəki Şəhidlər
Xiyabanında dəfn edilib.
Şəhidimizin bir oğlu övladı vətənə
əmanət qalıb.
Anar Əliyev şəhadətindən sonra "Vətən
uğrunda" və "Füzulinin azad olunmasına görə"
medalları ilə təltif edilib.
***
Əmrah
Şahid oğlu Əkbərov 1998-ci il
fevralın 21-də Lerikin Livədirqə kəndində anadan
olub. 2004-cü ildə Livədirqə kənd
orta məktəbinin 1-ci sinifinə gedir. 2005-ci
ildə təhsilini Xəzər rayonunda yerləşən 322
saylı tam orta maktəbdə davam etdirir. O, 2013-cü
ildə Cəmşid Naxçıvanski adına
hərbi liseyə daxil olub. 2016-cı ildə həmin
liseyi bitirib.
Əmrah
Əkbərov 2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə
daxil olub. 2020-ci ildə məktəbi bitirib Azərbaycan
Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı
Qüvvələrində leytenant rütbəsi alaraq baş kəşfiyyatçı
kimi xidmətə başlayıb.
O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən
müharibəsi zamanı Cəbrayılın, Hadrutun
azadlığı uğrunda gedən döyüşlərdə
iştirak edib. Baş Kəşfiyyatçı
Əkbərov Əmrah Hadrut istiqamətində gedən
döyüşlərdə kiçik kəşfiyyat dəstəsi
ilə düşmənin arxasına keçır. Düşmən tərəfi Əmrahgilin dəstəsini
müəyyən edə bilir və ağır
döyüş başlayır. Bir
neçə saat döyüşdən sonra düşmən
ağır itkiyə məruz qalır. Əmrahın
döyüş yoldaşlarının yarısı şəhid
olur, bir neçəsi yaralanır. Əmrah
da özünün ağır yaralı olduğunu və
silahında mərmisinin qurtardığını görəndə
qabağa gedərək üzərində saxladığı
son qumbaranı partladaraq bir neçə düşmən əsgərini
məhv edir və eyni zamanda, özüdə qəhrəmancasına
şəhidlik zirvəsinə ucalır. Oktyabrın 12-də
şəhid olan Əmrah Əkbərov şəhadətindən
sonra "Vətən uğrunda", "Cəbrayılın
azad olunmasına görə", "Xocavəndin azad
olunmasına görə" və "Hərbi xidmətlərə
görə" medalları ilə təltif edilib.
***
Böyükağa Savalan oğlu Şahverdiyev 15 iyun
1998-ci ildə Biləsuvarda məcburi köçkünlərin
çadır şəhərciyində anadan olub. Uşaq olarkən
atasını itirib. Cəbrayıl rayon 10
nömrəli orta məktəbdə təhsil alıb. 2015-ci ildə orta məktəbi əla qiymətlərlə
bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad
Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olunub.
2019-cu ildə universiteti bitirib həqiqi hərbi
xidmətə yollanıb. Azərbaycan
Silahlı Qüvvələrinin Sumqayıt şəhərində
yerləşən N saylı hərbi hissəsində qulluq
edib.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə
qatılıb.
Cəbhənin Cəbrayıl, Füzuli istiqamətlərində
gedən döyüşlərdə minaatan kimi xidmət edib. Düşmənin çoxsaylı canlı qüvvəsini
və texnikasını məhv edib. 8
oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən
döyüşlərdə şəhid olub. 9 oktyabr 2020-ci ildə Biləsuvardakı "Cəbrayıl
qəsəbəsi"ndə salınmış Şəhidlər
xiyabanında dəfn olunub.
Böyükağa Şahverdiyev şəhadətindən
sonra "Vətən uğrunda" və "Cəbrayılın
azad olunmasına görə" medalları ilə təltif
edilib.
***
Hacıyev Fərid Təşkilat oğlu 4 oktyabr 1989-cu
ildə Cəbrayılın Böyük Mərcanlı kəndində
doğulub.
2006-cı ildə İ.Quliyev adına B.Mərcanlı
kənd tam orta məktəbini bitirib. Vətənə
olan sevgisi onu hərbi xidməti başa vurduqdan sonra yenidən
hərbi xidmətə qayıtmağa sövq edir.
Hacıyev Fərid İkinci Qarabağ müharibəsinə
Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən
hərbi qulluqçusu kimi qatılır. O, 28 sentyabr 2020-ci ildə
Füzuli rayonu istiqamətində gedən döyüşlərdə
qəhrəmanlıq göstərərək şəhid olur.
Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə
salınmış qəbiristanlıqda dəfn edilib.
Ailəli olan şəhidimizin iki azyaşlı
övladı yadigar qalıb.
Fərid
Hacıyev şəhadətindən sonra "Vətən
uğrunda", "Füzulinin
azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə"
medalları ilə təltif edilib.
***
Naim Süleyman oğlu Ağayev 29 avqust 1998-ci ildə
Rusiya Federasiyasının Saratov vilayətində doğulub. Əslən
Ağcabədi rayonunun Muğanlı kəndindən idi.
2004-cü ildə Azərbaycana köçdükləri
üçün Naim elə həmin il
Ağcabədi rayon Muğanlı kənd Sarvan Quliyev adına
tam orta məktəbin 1-ci sinfinə daxil olub. Naim
2015-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə
yollanıb. 2018-ci ilə qədər davam
edən hərbi xidmət müddətində təlimlərdə
iştirak edib.
Ordudan tərxis olunandan sonra o, MAHHXHQ əsgər olur. 2020-ci ilin 7
iyununda yenidən ordu sıralarına
çağırılır.
27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində
əsgər Naim Ağayev də döyüş
yoldaşları, silahdaşları ilə birlikdə
mühüm hərbi əməliyyatlarda iştirak edir və
döyüş tapşırığını böyük
müvəffəqiyyətlə yerinə yetirir. O, 30 oktyabr 2020-ci ildə
Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə
döyüş tapşırığını yerinə
yetirərkən şəhid olur.
Oktyabrın əvvəlində anasıyla telefon
danışığında "sənlə
qardaşımın ad gününə nə olur, olsun
özümü çatdıracam, 1-2 saatlıq da olsa, icazə
alıb gəlib sizi görəcəm" - deyən Naim
sözünə əməl edir. O, oktyabrın 30-da anasıyla
qardaşının ad günündə şəhid adıyla
evə qayıdır və torpağa tapşırılır.
Naim Ağayev şəhadətindən sonra "Vətən
uğrunda" və "Füzulinin azad olunmasına görə"
medalları ilə təltif edilib.
***
Dadaşzadə
Mahir Qərib oğlu 1993-cü il
sentyabrın 28-də Beyləqan rayonu Allahyarlı kəndində
doğulub. Cəmşid Naxçıvanski adına
hərbi liseyi əla qiymətlərlə bitirdikdən sonra
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi
akademiyasına qəbul olub. 2014-cü ildə
akademiyanı bitirib və Təlim Tədris Mərkəzində
tağım komandirliyi kursunu keçib. 2015-ci
ildə Daşkəsən rayonunda yerləşən N
saylı hərbi hissədə xidmətə başlayıb.
5 ay sonra posta çıxıb və xidmətini
orda keçib. Həmin post dəniz səviyyəsindən
3500 kilometr yüksəklikdə yerləşir. 2019-cu ildə
Qazax rayonunda yerləşən N saylı hərbi hissədə
xidmətə edib.2016-cı il Aprel
döyüşlərinin və 2020-ci il Tovuz döyüşlərinin
iştirakçısı olub. İkinci
Qarabağ müharibəsi zamanı böyük şücaətlə
vuruşub, Murovun, Füzulinin, Zəngilanın və
Qubadlının azadlığı uğrunda gedən
döyüşlərdə savaşıb. Oktyabrın 25-dən 26-na keçən gecə
Füzuli istiqamətində şiddətli döyüş
başlayıb. Əsgərlərinin
yaralandığını, hətta bəzilərinin şəhid
olduğunu görən Mahir özünün yaralı
olmasına baxmayaraq, döyüş meydanını tərk
etməyib, "bir əsgərimin də düşmən əlinə
keçməsinə imkan vermərəm" deyərək
yaralıları döyüş bölgəsindən
çıxarıb. Özü yaralı
olduğu halda 35 əsgəri çıxara bilib. Sonuncu əsgəri çıxarandan sonra həmin əraziyə
yenidən minamyot atılıb və Mahir onun qəlpəsi nəticəsində
şəhid olub. "Qoymaram bir əsgərim də
şəhid ola" deyən, anasına
"dua et, əsgərlərimi şəhid verməyim"
deyən Mahir Dadaşzadə özü şəhidlik zirvəsinə
ucaldı. O, Beyləqan rayonu Şəhidlər Xiyabanında dəfn
olunub.
Mahir
Dadaşzadə şəhadətindən sonra "Vətən
uğrunda", "Döyüşdə fərqlənməyə
görə" və "Füzulinin azad olunmasına görə"
medallarıyla təltif edilib.
***
Baxşəliyev Araz Yavər oğlu 18 sentyabr 1993-cü
ildə Füzuli rayonu Horadiz qəsəbəsində anadan
olub.
2000-2011-ci illərdə Horadizdə yerləşən Mahir Səfərov
adına 1 N-li tam orta məktəbdə təhsil
alıb. 2011-ci ilin oktyabr ayında həqiqi hərbi
xidmətə yollanıb. Hərbi xidmətini
Daxili qoşunlarda keçib. 2013-cü ildə
həqiqi hərbi xidmətini bitirərək Horadizə
dönür. 2014-cü ildə
könüllü olaraq müddətdən artıq hərbi
xidmətə yollanır. Əvvəlcə
çavuş, manqa komandiri, sonra isə minaatıcı
komandiri vəzifəsinə təyin olunub. Xidməti dövründə "Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin 100 illiyi
medalı" və Silahlı Qüvvələr günü
münasibətilə, hərbi intizamın yüksəldilməsində
fəal iştirakına görə Fəxri fərmanla təltif
olunub. 27 sentyabr 2020-ci il tarixindən
2-ci Vətən müharibəsində əks hücumda
düşmənin bir neçə mövqeyini, postunu dəqiq
və düzgün atışları ilə məhv edib. Döyüş əməliyyatlarında
böyük şücaətlə iştirak edib. Bir neçə döyüş
yoldaşlarını düşmən mühasirəsindən
xilas edib. 28 sentyabr 2020-ci ildə Füzuli
rayonu Aşağı Seyidəhmədli kəndi uğrunda gedən
döyüş əməliyyatlarında qəhrəmancasına
şəhid olub. Füzuli rayonu Horadiz
şəhər qəbiristanlığında dəfn olunub.
Araz Baxşəliyev şəhadətindən sonra "Vətən
uğrunda" və "Füzulinin işğaldan azad
olunmasına görə" medalları ilə təltif
olunub.
***
İlkin Rəfail oğlu Quliyev 15 aprel 2002-ci ildə
Moskva şəhərində anadan olub. 2007-ci ildə
ailəsi ilə birlikdə Bakıya köçüb. Sabunçu rayonu Bakıxanov qəsəbəsində
yerləşən 310 saylı tam orta məktəbdə orta təhsil
alıb. 2019-cu ildən Qərb
Universitetinin Kollecində təhsil alırdı.
O, 2020-ci
ilin aprel ayında təhsilini donduraraq hərbi xidmətə
yollanıb. 27 sentyabr 2020-ci ildən başlayan Vətən
müharibəsində Füzuli istiqamətində gedən
döyüşlərdə iştirak edib, oktyabrın 10-də
şəhid olub və Sabunçu rayon Şəhidlər
Xiyabanında dəfn edilib.
İlkin çox səmimi, mehriban, sevgi dolu, dostcanlı,
vətəninə bağlı bir övlad idi. Hər zaman vətənpərvər
ruhda musiqilərə qulaq asırdı. Atası Rəfail
bəy deyir ki, İlkin bu yüksək keyfiyyətlərinə
görə az yaşda çox dosta sahib
olmuşdu. O, hərbi xidmətə getməzdən öncə
bütün dostlarından, ailə üzvlərindən
halallıq almışdı. İlkin müharibədə
vurulduqdan sonra əllərindən əlcəyini
çıxarıb döyüş yoldaşlarına verərək
deyib ki, "əlcəklərimi ailəmə
çatdırın". Anası Reyhanə
xanım bugün o əlcəkləri qucaqlayıb
övladının qoxusunu alır.
İlkin Quliyev şəhadətindən sonra "Vətən
uğrunda" və "Füzulinin azad olunmasına görə"
medalları ilə təltif edilib.
***
Kamil Araz oğlu Atakişiyev 12 iyun 2000-ci ildə
Oğuzun Xaçmaz kəndində doğulub. 2006-2017-ci illərdə
şəhid Vüqar İbrahimov adına
Xaçmaz kənd 2 nömrəli tam orta məktəbdə təhsil
alıb. 2018-ci ildə həqiqi hərbi xidmətə
yollanıb. Kəşfiyyatçı olub.
Əsgəri xidmətini başa vurduqdan sonra
doğma Xaçmaz kəndinə qayıdıb.
Vətən
müharibəsinin ilk günlərindən ölkəmizdə
elan olunan qismən səfərbərliklə döyüşlərə
qatılan Kamil Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edib. Bu döyüşlərin
birində yaralanıb, hospitalda müalicə aldıqdan sonra yenidən israrla
döyüşə yollanıb.
Laçın dəhlizi istiqamətindəki
döyüşlərdə şəhidlik zirvəsinə
yüksəlib və noyabrın 27-də Xaçmaz kəndindəki
Şəhidlər Xiyabanında dəfn edilib.
Kamil
Atakişiyev şəhadətindən sonra "Vətən
uğrunda", "Qubadlının azad olunmasına görə", "Laçının azad
olunmasına görə" və
"Hərbi xidmətlərə görə"
medalları ilə təltif edilib.
***
İsmayıllı
Məhəmmədəli Elxan oğlu 06 may 1996-cı il tarixində Füzuli rayonunun Yuxarı
Kürdmahmudlu kəndində anadan olub. 2002-ci ildə Ramil
Əkbərov adına Füzuli rayon
Kürdmahmudlu kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul
olub.
Hələ uşaqlıqdan idmana olan xüsusi həvəsi
və təbiətin ona bəxş etdiyi qeyri-adi fiziki
gücü hesabına o, bir çox yarışların qalibi
olub. Belə
ki, Məhəmmədəli 2007-ci ildə Bakı şəhərində
keçirilən karate üzrə Azərbaycan
çempionatında 35 kq çəki dərəcəsində
III yerə, Füzuli rayonunda keçirilən klublararası
açıq çempionatda 40 kq çəki dərəcəsində
I yerə, 2008-ci ildə karate üzrə Bakı şəhər
açıq çempionatında 47 kq çəki dərəcəsində
I yerə, 2009-cu ildə Bakı şəhərində
keçirilən karate üzrə açıq çempionatda
50 kq çəki dərəcəsində I yerə, 2011-ci ildə
Gürcüstan Respublikası Poti şəhərində
keçirilən beynəlxalq turnirdə 65 kq çəki dərəcəsində
I yerə çıxıb. Qeyd etmək
lazımdır ki, Gürcüstanda keçirilən turnirdə
yarımfinal mərhələsində o, erməni
idmançını nokautla məğlub edib.
Bu
yarışdan sonra Məhəmmədəli həmin il Türkiyənin Antalya şəhərində
keçirilən dünya çempionatında, 70 kq çəki
dərəcəsində bütün rəqiblərini məğlub
edərək dünya çempionu adına layiq
görülüb, Azərbaycanın dövlət himnini səsləndirib.
Yarışdan qayıdandan sonra o, Azərbaycan
Respublikasının Gənclər və İdman naziri, Karate
Federasiyası tərəfindən fəxri fərmana layiq
görülüb və karate üzrə 1-ci və 2-ci danla təltif
olunub.
Məhəmmədəli
2013-cü ildə Ramil Əkbərov adına
Kürdmahmudlu kənd tam orta məktəbin 11-ci sinfini bitirdikdən
sonra həqiqi hərbi xidmətə yollanır. Hərbi Dəniz Qoşunlarında xidmət etdiyi
dövrdə nümunəvi xidmətinə görə fəxri
fərmanla təltif olunur və baş matros rütbəsi ilə
qiymətləndirilir.
2017-ci ilin noyabrın 7-də Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar Nazirliyində işə qəbul
edilir və mühafizə leytenantı kimi fəaliyyətə
başlayır. İşlədiyi dövrdə rəhbərliyin
və iş yoldaşlarının hörmətini qazanır.
Lakin vətənə, torpağa olan sevgisi və onun ata
yurdunun erməni quldurlarının əlin də olması Məhəmmədəlini
çox narahat edirdi.
Ana vətənə olan sevgisi onu hərbiçi
kimi işləməyə vadar edir. Xüsusi kurs keçir və
"N" saylı hərbi hissədə xidmət
qulluqçusu kimi işə başlayır. İşlədiyi
müddətdə bütün şəxsi heyətin hörmətini
qazanır. Yaxşı işlədiyinə görə
mükafatlar alır.
İşğalçı düşmənə
qarşı 2-ci Qarabağ müharibəsi
başlandığı gündən ön cəbhəyə
gedir. Hərbi tibb maşınını idarə edən Məhəmmədəli
gecəni gündüzə qatıb 300-ə qədər
yaralı əsgəri döyüş meydanından
çıxarır. Dəfələrlə əlində silah əsgərlərlə
birgə döyüşlərə atılıb, cəsurluq
göstərib.
2020-ci il 26 oktyabrda Füzuli rayonu Qaraməmmədli
kənd ərazisində minalanmış ərazidə əsgərlərimizin
yaralandığını eşidən Məhəmmədəli,
“mən yaralı qardaşlarımın orada qalmasına imkan
verməyəcəyəm”, - deyir. Yaralı əsgərimizi
götürüb ilkin yardım üçün tibb məntəqəsinə
çatdırır. Yenidən döyüş meydanına
qayıdır, yaralı əsgərlərimizi apararkən
maşın tank əleyhinə minaya düşür. Məhəmmədəli
qəhrəmancasına şəhid olur.
İsmayıllı Məhəmmədəli
şəhadətindən sonra "Vətən uğrun
da", "Füzulinin azad olunmasına görə",
"Xocavəndin azad olunmasına görə" və “Cəsur
döyüşçü” medalları ilə təltif olunub.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2021.- 6 may.- S.14-15.