Özü Qoca,
Sözü uca şairimiz
Nadir RZALI
Hava dünən
gecədən tamam çönmüşdü. Pəncərədən baharın çiskininə
tamaşa eləyirdim.
Yaz yağışının yaratdığı
ovqat tamam başqa olur, heç özün də bilmirsən ki, nəyə darıxırsan. Amma bu səhər nəyə darıxdığımı bilirdim.
Fikrət Qocanın "Üfüqlər
tutulsa, gülərsən
göy gülər"
misrası xatirimdə
dolaşırdı. Fikirləşirdim
ki, görəsən,
Fikrət Qoca bu gün səhər
dünyasını dəyişməsəydi,
təbiət belə boz rəngə bürünərdimi?!.
Tez-tez saata baxırdım, dəfn 4-ə
planlaşıdırılmışdı. Elə bilirdim ki, ora
getsəm, həm yaşıdım, həm də qocaman qələm adamlarını
görsəm, üzüntümüzü
baxışlarımızla bölüşə bilsək,
bir az
rahatlıq taparam. Çünki bir qələm
adamının, ələlxüsus
bir şairin vəfatını bütün
çalarları ilə
yalnız söz adamları anlaya bilərdi. Neçə
duyğu, neçə
xatirə, neçə
deyilməmiş misralar
- şeirimizin qocası,
qocamızın şeiri
mayın 5-i, saat
16:00-da, I Fəxri xiyabanda
dəfn ediləcəkdi.
Saat 15:10 idi,
77 nömrəli avtobusa
minib xiyabana yollandım. Beynimin içində sanki
maqnitofon işləyirdi.
Gülağa Məmmədovun ifasında
"Qatarı yola salmaq"
mahnısı qulağımda
cingildəyirdi. Fikrət
Qocanın həmin şeirdəki "Gedənlərin
dalınca, gözlərin
qaralınca baxmaq yaman ağırdır..."
misraları hansı ab-havadadırsa, mən də həmin əhval-ruhiyyədə idim.
20 nömrəli məktəbin qarşısında
avtobusdan düşərək
Fəxri xiyabana qədər irəlilədim.
Beş addımlıq
bu yol mənə
elə uzaq gəldi ki... Sanki yol məni
yox, mən yolu aparırdım. Bayaqdan gəlmək üçün
hövsələsizlik edən
mən, indi qapıdan içəri girmək üçün
özümdə mənəvi
güc axtarırdım.
Təkəmseyrək insanlar üç-üç,
dörd-dörd dayanıb
söhbət edirdilər. Simalarda bir
susqunluq, hüzn var idi. Qələm dostlarımla salamlaşıb bir az söhbət
elədik. Fikrət Qoca üçün son mənzil Məmməd Səid Ordubadinin yanında qazılmışdı,
Məmməd Arazdan bir az aralı. Arxa sıradan İsa Muğannanın nəzərləri
sanki prosesi müşayiət edirdi.
Yəqin,
onlara da əyan olmuşdu. Əyan olmuşdu ki,
bu bahar səhəri bir şair dünyadan köç edib. Yavaş-yavaş məzar yerinə
yaxınlaşdıq. Bu
zaman gözüm bir tanışa sataşdı. Tərəddüd
içində baxıb
salam verəndə
təəccübümü başa düşdü.
"Nə əcəb
burdadır" - fikirləşdim.
Fikrət Qocanın vaxtilə ona bir məsələdə yardım etdiyini dedi, son vəfa borcunu yerinə yetirməyə gəlmişdi:
"Həmişə atasına
rəhmət oxuyurdum,
təəssüf ki, bu gün özünə
rəhmət oxuyuram..."
Bu söz mənə
bərk təsir elədi, qəhərlənməmək
mümkün deyildi.
Nəhayət, vaxt yetişmişdi, şairin nəşini gətirirdilər. Matəm karvanı yaxınlaşdıqca,
hər addım atılanda yağış
daha da şiddətlənirdi.
Təbiət Fikrət Qocaya
ağlayırdı, küləyin
vıyıltısı ağı
deyirdi. Amma yaxşı ki,
yağış yağırdı.
Gözlərdəki nəm
nəzərə çarpmırdı,
adam asta-asta
ürəyini boşalda
bilirdi. Mənim isə gözlərim Rəşad Məcidi axtarırdı...
Səhər xəbəri eşidən
kimi Rəşad müəllimə mesaj yazıb başsağlığı
verdim. Fikrət müəllimlə çox
yaxın dost idilər.
Rəşad müəllimin necə
kövrək olduğunu
bilirəm. Təxmin edirdim
ki, bu itkiyə
necə reaksiya verib. Elə dəfnin vaxtını da
o mənə dedi. Dəfndə kövrəlmişdi,
gözləri qıpqırmızı
idi, hiss olunurdu ki, özünü ələ almağa çalışırdı. Rəşad müəllim
Fikrət Qoca haqqında qısa bir çıxış elədi, aralarındakı
dostluqdan, birgə xarici səfərlərindən
danışdı, şairin
"Cəsarət" şeirini
səsləndirdi.
Dəfndə Xalq yazıçıları
Anar, Elçin Əfəndiyev, Xalq şairi Sabir Rüstəmxanlı, İlqar
Fəhmi, Azər Turan, Səlim Babullaoğlu, Dayandur Sevgin, Sayman Aruz və başqa
ədiblərimiz iştirak
edirdilər. Qələm
adamları tutduğu mövqedən asılı
olmayaraq, bir məqamda ortaqlaşırlar:
ədəbiyyat. Ona görə də, insanlar ailə üzvlərindən başqa,
yazarlara da başsağlığı
verirdilər. Anar müəllim
Fikrət Qocanın sədaqətli, xeyirxah insan olmasından danışdı. Amma
cümləsini tam yekunlaşdıra
bilmədi, qəhər
boğdu, hiss olunurdu ki, bərk kövrəlib.
Sabir Rüstəmxanlının
isə bir cümləsi eynilə yadımdadır: "Biz meydana
çıxanda Fikrət
Qoca meydanı masasına çəkirdi..."
Bu cümlədə dərin
məna var. Fikrət Qoca od-alovun çınqısını sözdən
çıxaran şairdi...
Ağalar Bayramov Fikrət Qocanın şeirlərini
ən çox səsləndirən qiraətçidir. Şairin məzarı
başında o da var idi. Qüssəsi səsinə sirayət
eləmişdi. Onun gur,
emosional səsi bir andaca insanları
kədərdən yayındırıb
Fikrət Qoca misraları ilə əfsunladı, sözün
sehrinə saldı.
Sonda isə Ağalar müəllim şairin mənəvi hüzurunda bir söz verdi:
"Nə qədər
ki mən sağam, sənin şeirlərin mənim dilimin əzbəri olacaq". Ağalar müəllim demiş,
Fikrət Qoca sözün başına pərvanə kimi dolanan insanlardan idi. Şair Adil Babayevin belə bir misraları
var: "Bircə sözüm, bircə kəlməm ürəklərdə
qalaydı kaş, mən dünyada olmayanda". Mənə elə gəlir
ki, bu bütün
qələm adamlarının
ən ümdə arzusudur. Fikrət Qoca ona görə xoşbəxt şair idi ki,
bundan sonra da onun misraları dodaqlarda səslənəcək,
avazlarda yüksələcək.
Fikrət Qocanın qızları, Sabir Rüstəmxanlının
qızı və atam paytaxtın mərkəzindəki məşhur
132 nömrəli məktəbdə
eyni sinifdə təhsil alıblar. Nənəm həmişə
onun xanımından ağızdolusu danışırdı.
Hələ uşaq vaxtından
bu ailənin portreti gözümün qabağında canlanmışdı.
Nənəm daima bu barədə söhbət
edirdi. Fikrət Qoca imzası ilə o zaman tanış olmuşdum. Sonralar dərsliklərdə bu imza qarşıma
çıxdı. Sözlərinə yazılmış mahnılardan
ilk yadımda qalanı
"Bahar çiçəyi"
olub. "Bu mənzildə bir qız yaşar, qardaşından aman-aman"
misralarını xüsusi
zarafatla yaşıdlarımın
yanında deyirdim, həmin şeir tamam əzbərimdədir.
İllər keçdikcə əslində
çox məşhur
olan mahnıların mətn müəllifinin məhz Fikrət Qoca olduğunu öyrəndim. "Bir
xumar baxışla",
"Gəl, ey səhər", "Əziz
anam", "Anacan, dostum evlənir", "Küsüb məndən",
"Dön geri",
"Bayram axşamlarında",
"Töhfə" və
s. bu cür yüzlərlə şedevr
mahnının mətni
Fikrət Qocanındır.
Dövrünün ən məşhur
bəstəkarları onunla
işləyib. Ağabacı
Rzayeva, Tofiq Quliyev, Ramiz Mirişli, Vasif Adıgözəlov, Telman
Hacıyev, Adil Bəbirov, Rühəngiz Qasımova, Faiq Sücəddinov və başqa neçə-neçə
ustad bəstəkarlar
Fikrət Qocanın şeirlərinə musiqi bəstələyiblər. Fikrət Qocanı
Azərbaycan ədəbiyyatından
çıxarsaq, həmin
yeri heç nə doldura bilməz, yüzlərlə
nəğmə yetim qalar. Fikrət Qoca "nəğməkar
şair" ifadəsinə
sanbal gətirən yaradıcı şəxsiyyətdi.
Fikrət Qocanın elə şeirləri var ki, insanları saatlarla düşündürə
bilir. Məna yükü nə
qədər ağır
olsa da, öz sadəliyini qoruyub saxlaya bilirdi. Özünə məxsus üslubu
olan Fikrət Qoca bütün dövrlərdə şeirin
tələbləri ilə
ayaqlaşa bilib, ana dilimizin saflığının
qorunub saxlanılmasına
xidmət edib. XX əsr poeziyamızın
damarını tutub, eynilə postmodern şeirdə
də sözünü
deyə bilib. Fikrət Qocanı hamı şair kimi tanıyıb, bu cür sevib. Amma həm də nasir idi o. "Ölüm ayrılıq deyil" povestini xatırladım. Fikrət
Qoca, ölüm ayırılıq deyil, bu xalq yaşayırsa,
siz də yaşayacaqsınız...
Fikrət
Qocanın yaradıcılığı
barədə vurğuladığım
məqamlar Fəxri xiyabanda lent kimi beynimdən keçirdi. Filoloji təhsil alan biri
kimi deyil, sadəcə bir oxucu olaraq onunla
bağlı hər şey gözlərimin önündə dayanmışdı. Qəbri torpaqladıqca şairin
cismi gözdən itirdi, amma yaradıcılığı
üzdə qalmışdı,
göz qabağında.
Yazarların ölümü
çox mistikdir,
"bir yandan da bu yağış..."
Səhər bu acı xəbəri
eşidəndə Fikrət
Qocaya ithaf olaraq bu şeiri
qələmə aldım. Rahat uyu, özü Qoca, Sözü uca şairimiz...
Eh, Qoca şairim, qoca şairim,
Yaşı bilinməyən uca şairim.
Savalanla
yaşıd, Qoşqar
vüqarlı,
Tabuta sığışdın
necə, şairim?!
Yayın
nübarını bahar
apardı,
Nəğmənin özünü Tanrı
qopardı,
Əcəl sözə baxmır,
ömür çapardı,
Şeirlər hönkürür gecə,
şairim.
Asta-asta,
usta-usta yaşadın,
Taleyin yükünü təkcə
daşıdın,
İndi bir əbədi ömür başladın,
Sən ömrü
vermədin becə, şairim.
Söz,
misra şairim, heca şairim,
Səsi bəmdə,
özü uca şairim...
Nadir RZALI
525-ci qəzet.- 2021.- 7 may.- S.15.