Ermənistan silahlı qüvvələrinin
məhv etdiyi təhsil obyektlərimiz
Ötən
əsrin 90-cu illərinin əvvəllərində Ermənistanın
hərbi təcavüzü nəticəsində Azərbaycan
torpaqlarının 20 faizi işğal olunmuş, 20 min nəfərdən
artıq azərbaycanlı qətlə yetirilmiş, 4866 nəfər
itkin və əsir düşmüş, girov
götürülmüşdü. Təxminən
100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif
dərəcəli xəsarət alaraq əlil olmuşdu.
Hərbi təcavüz ölkəmizin 17 min kvadratkilometr ən
məhsuldar torpaqlarının işğalına, 900
yaşayış məntəqəsinin, 150 min evin, 2389 sənaye
və kənd təsərrüfatı obyektinin, 1025 təhsil
və 798 səhiyyə ocağının, 1510 mədəniyyət
müəssisəsinin, 5198 km avtomobil yollarının, 348
körpünün, 7568 km su və 76940 km elektrik xətlərinin
dağıdılması ilə nəticələnmişdi. Təəssüflə qeyd edək ki, bu rəqəmlər
və statistika hələ son deyil.
Ümumiyyətlə,
Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü
nəticəsində ölkəyə dəymiş ziyan təxminən 500
milyard ABŞ dollarından çoxdur.
Bu
yazıda məqsədimiz alimlərin, mütəxəssislərin
araşdırmalarına və analitik yazılarına, həmçinin,
mərkəzi, yerli İcra hakimiyyətləri və təhsil
orqanları tərəfindən təqdim edilən sənədlər
əsasında Ermənistan silahlı qüvvələri tərəfindən
Azərbaycanın mindən çox təhsil obyektinin məhv
edilməsi ilə bağlı bir sıra fakt və epizodlar
haqqında söz açmaqla bəzi fikir və mülahizələrimizi
oxucularla bölüşməkdir.
Bu məqalənin
müəllifi 1993-cü ilə qədər xidməti fəaliyyəti
və özünün şəxsi təşəbbüsü ilə
bir neçə dəfə Şuşa, Ağdam,
Laçın, Zəngilan, Qubadlı, Füzuli rayonlarında
olub, Kəlbəcər, Cəbrayıl, Xocalı və Xocavənd
rayonlarının yaşayış məntəqələrini
gəzib. Bu səfərlər zamanı həmin
yerlərdə abad məktəb binalarının olduğunu
görmüşəm və hətta bəzilərində
olmuşam.
Tənəffüs zamanı şagirdlərin sevinc dolu
anlarını, müəllimlərin çoxmənalı və
sərt baxışlarını, lazımi avadanlıqlarla təchiz
olunmuş sinif otaqlarını və kabinetlərini, təmiz,
səliqəl və baxımlı məktəb həyətlərini
görmüşəm. İndi isə televiziya kanallarında
dağıdılmış, tamamilə məhv edilmiş rayon
mərkəzləri, qəsəbə və kəndlər
haqqında televiziya çəkilişlərinə baxanda
ürəyimizdən keçən hissləri sözlə ifadə
etmək mümkün olmur.
Təhsil obyektlərinin erməni vandalları tərəfindən
özülünə qədər
dağıdıldığını gördükdə
emosional vəziyyətinizi təsvir etmək o qədər də
asan deyil.
Təkcə
Şuşanın işğalı nəticəsində 23
ümumtəhsil məktəbi, 6 məktəbəqədər
uşaq müəssisəsi, 7 məktəbəqədər
uşaq tərbiyə müəssisəsi, Peşə-ixtisas məktəbi,
Mədəni-maarif, Kənd təsərrüfatı, M.M.Nəvvab
adına Musiqi texnikumları, 2 saylı Bakı Baza Tibb
Texnikumunun filialı, həmçinin, Azərbaycan Dövlət
Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinin və Azərbaycan Milli Elmlər
Akademiyasının Nəsimi adına Ədəbiyyat İnstitutunun filialları
dağıdılıb.
Şuşa Realnı məktəbinin binası. XX əsrin memarlıq abidəsi
1992-ci
ilin may ayında Şuşa şəhəri
işğal edildikdən sonra erməni vandalları tərəfindən
yandırılaraq xarabazara çevrilmiş obyektlərdən
biri Realnı məktəbidir. Onun əsası hələ
1881-ci ildə qoyulub. Hazırlıq və
üç əsas sinifdən ibarət olan bu məktəbə
ilk dəfə 159 şagird qəbul edilib. Məktəb
dövrünün nümunəvi maarif ocağı
sayılırdı. Bu məktəbdə
dinin qoyduğu qadağalara baxmayaraq, başqa xalqların dilləri
öyrədilir, digər xalqların ədəbiyyatının
tədrisinə xüsusi diqqət yetirilirdi. Məşhur Azərbaycan yazıçıları
Əbdürrəhim bəy Haqverdiyev və Yusif Vəzir
Çəmənzəminli bu məktəbin məzunları
olmuşlar.
Ağdam
şəhərində işğaldan əvvəl Musiqi, Kənd
təsərrüfatı, Kənd Təsərrüfatı
Mexanikləşdirmə və Elektrikləşdirməsi
texnikumları, 9 ümumtəhsil
və internat orta məktəbi, iki Peşə məktəbi,
həmçinin, Şahmat, Uşaq, Gənclər və
İdman, Ekoloji Tərbiyə və Təcrübəçilik,
Tibb məktəbləri, Texniki Yaradıcılıq və Gənclər
Yaradıcılıq mərkəzləri fəaliyyət
göstərirdi. Həmin təhsil obyektlərinin
binaları da işğal dövründə yerlə yeksan
edilib.
Laçın
Rayon Təhsil Şöbəsinin verdiyi məlumata görə,
1992-ci ilin may ayının 18-də Laçın rayonu erməni
silahlı birləşmələri tərəfindən
işğal olunanadək rayonda 102 ümumtəhsil məktəbi
fəaliyyət göstərib. Onlardan 40-nın
fəaliyyəti dayandırılıb, 62 məktəb isə
məcburi köçkün əhalinin ölkəmizin
müxtəlif bölgərində kompakt məskunlaşdıqları
yerlərdə fəaliyyətini davam etdirib, sonrakı illərdə
əhalinin yaşayış yerini dəyişməsi ilə əlaqədar
olaraq şagird kontingenti azaldığı üçün bu
məktəblərdən 13-ü bağlanıb.
Laçınlı məcburi köçkün
uşaqların təhsildən kənarda qalmaması
üçün əhalinin sıx məskunlaşdığı
ərazilərdə 55 ümumtəhsil məktəbi təşkil
edilib. Hazırda 14 şəhər və rayonda 104 ümumtəhsil
məktəbi və 2 məktəbdənkənar təhsil
müəssisəsi fəaliyyət göstərir. Rayon işğaldan
azad olunduqdan sonra həmin məktəb binalarından şəhər
2 nömrəli tam orta, M.Müseyibov adına Bozlu kənd tam
orta, P.Məmmədov adına Qarıqışlaq kənd tam
orta və Ə.Şahverdiyev adına Şəlvə kənd
ümumi orta məktəblərinin binalarının qismən
yararlı olduğu, digər məktəb binalarının isə
tamamilə dağıdıldığı məlum olub.
Qubadlı
rayonunda işğaldan əvvəl 61 ümumi təhsil məktəbi,
o cümlədən, 33 tam orta, 16 ümumi orta, 12 ibtidai məktəb
fəaliyyət göstərirdi. Rayonda 6000-ə qədər
şagirdin təhsili ilə 1317 nəfər pedaqoji işçi məşğul
olurdu. Qubadlıda Uşaq-gənclər idman məktəbi,
Uşaq şahmat məktəbi,
həmçinin, Uşaq və yeniyetmələrin
yaradıcılıq, Texniki yaradıcılıq və Ekoloji
Tərbiyə mərkəzləri, Texniki Peşə məktəbi
fəaliyyət göstərirdi. Bunlardan əlavə,
əyani-qiyabi məktəb və məktəbəqədər
tərbiyə müəssisələri də var idi. Erməni
vandalları tərəfindən rayonun şəhər və
kəndləri yandırılıb, şəxsi və ictimai
mülkiyyət, tarixi abidələr talan və məhv edilib, məktəb
binaları dağıdılıb və yararsız hala
salınıb.
Ermənistan silahlı qüvvələrinin təcavüzkar
hərəkətləri nəticəsində Füzuli, Kəlbəcər,
Cəbrayıl, Zəngilan, Xocalı, Xocavənd
rayonlarının təhsil müəssisələri də
dağıdılıb və viran qoyulub. Bunların arasında Xocavənd
rayonunun 1859-cu ildə əsası qoyulmuş Tuğ kənd məktəbi, bu il 130 yaşı tamam olacaq
Laçın rayonunun B.M.Məmmədov adına Minkənd tam
orta məktəbi, 145 il əvvəl əsası qoyulmuş
Akademik M.Mehdizadə adına Cəbrayıl şəhər
tam orta məktəbi, növbəti ildə fəaliyyətinin
140 ili tamam olacaq Qara İlyasov adına Qubadlı şəhər
tam orta məktəbi, ötən il yaradılmasından 190 il
keçmiş Azərbaycanın ilk qəza məktəbi -
Şuşa şəhəri 1 nömrəli orta məktəbi
- bütün bu təhsil ocaqları işğaldan sonra erməni
barbarları tərəfindən dağıdılıb, talan
edilib, nəticədə həmin və yüzlərlə digər
məktəblər öz fəaliyyətlərini
respublikamızın müxtəlif bölgələrində,
o cümlədən, Bakı, Sumqayıt şəhərlərində
davam etdirməyə məcbur olub.
Qeyd etmək lazımdır ki, vaxtilə işğal
olunmuş və hazırda işğaldan azad edilmiş
rayonlarda yüz ildən artıq fəaliyyət göstərmiş
daha bir sıra məktəblər var. Həmin məktəblər
də işğal dövründə ölkəmizin müxtəlif
şəhər və rayonlarda fəaliyyət göstəriblər.
Yaşayış
məskənlərini, evləri və binaları
özülünə qədər dağıtmaq, meşələri
qırmaq və talan etmək, torpaqları yandırmaq, əraziləri
viran qoymaq və "təmiz vərəqdən" yeni erməni
tarixinin uydurulması üçün şərait yaratmaq -
bütün bunlar ermənilərin millətçi ideolojisinin
başlıca məqsədləri olub. Onlarda
başqa xalqlara aid olan maddi-mədəniyyət abidələrinin,
memarlıq incilərinin və tarixi abidələrin
dağıdılması və ya saxtalaşdırılaraq
özününküləşdirilməsi, dini, ictimai və
dövlət tikililərinin istisnasız olaraq məhv edilməsi
və yer üzündən silinməsi istəkləri
artıq pataloji xəstəliyə çevrilib.
Bütün
bunlar barədə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev aydın şəkildə demişdi:
"Bütün şəhərlər, bütün kəndlər,
tarixi və dini məkanlar, məscidlər, qəbiristanlıqlar
dağıdılıb. Bu, islamofobiyanın, Azərbaycanofobiyanın,
vandalizmin təzahürüdür. Çünki
dəfələrlə dediyim kimi, bizim şəhərlərimiz
Birinci Qarabağ müharibəsi ərzində deyil, sonradan
işğal dövründə dağıdılıb. Bu, bütün Azərbaycan və İslam irsini Azərbaycanın
bu tarixi torpaqlarından silmək və həmin torpaqların mənşəyini
dəyişdirmək üçün qəsdən
yürüdülən siyasət idi".
Qeyd etmək lazımdır ki, işğal dövründə
ermənilər tərəfindən Ermənistanla sərhəd
bölgələrində olan və münaqişə
zonasından xeyli uzaqda yerləşən məktəblər də
erməni silahlı qüvvələri tərəfindən
müxtəlif növ silahlardan intensiv atəşə məruz
qalıb. Təbii ki, hərbçilərimiz tərəfindən
onlara qarşı adekvat tədbirlər görülüb.
Bu sətirlərin müəllifi 1996-cı ildə
Ağstafa rayonunda xidməti ezamiyyətdə olarkən Ermənistanla
sərhəddə yerləşən Köhnə
Qışlaq kəndinin bütün gün ərzində
düşmən tərəfindən iri və kiçik
çaplı silahlardan fasiləsiz olaraq atəşə
tutulduğunun şahidi olub. Kəndin
yuxarısında yerləşən orta məktəb binası
da atəşə məruz qalmışdı. Xoşbəxtlikdən
müəllimlər və şagirdlər arasında xəsarət
alan olmamışdı. Bununla
əlaqədar, mövcud vəziyyət hərtərəfli
müzakirə edildikdən sonra təhsil prosesinin kəndin
aşağı hissəsində təşkil edilməsi qərara
alınmışdı.
O zaman bu
işdə "Azəryolservis" ASC-nin (hazırkı
"Azəravtoyol" ASC) o vaxtkı rəhbərliyinin, şəxsən
Cavid Qurbanovun böyük köməyi olmuşdu. Onun təşəbbüsü ilə məktəbin
təhlükəsiz şəraitdə fəaliyyət göstərməsi
üçün etibarlı bir format təşkil olundu və
kəndə inşaat-məişət vaqonları göndərildi.
Təhsil Nazirliyi isə məktəbi yeni şəraitə
uyğun avadanlıq və dərs ləvazimatları ilə təchiz
etdi. Sonradan Heydər Əliyev Fondunun
köməyi ilə Köhnəqışlaq kəndinin təhlükəsiz
hissəsində üçmərtəbəli məktəb
binası tikildi və istifadəyə verildi. Qeyd etmək lazımdır ki, bu kəndin ərazisində
hələ də partlamamış hərbi sursat
tapılır və zərərsizləşdirilir.
Gədəbəy rayonunun Ermənistanla sərhəddə
yerləşən Şınıx bölgəsinin kəndləri
də uzun illər intensiv atəşə məruz qalıb. Ötən əsrin
90-cı illərində həmin bölgədə ezamiyyətdə
olarkən kəndlərin birində sakinlərlə
görüşdüm. Söhbət
zamanı kəndin sakinləri ermənilər tərəfindən
tez-tez müxtəlif növ silahlardan yaşayış
binalarının, əkin, örüş, otlaq və biçənək
sahələrinin ermənilər tərəfindən atəşə
tutulması barədə danışır, eyni zamanda, məktəb
binası istiqamətində atəş
açdıqlarını da xüsusi qeyd edirdilər. İclasdan sonra təhsil prosesinin təhlükəsiz
təminatını təmin edəcək tədbirlər
müəyyənləşdirildi.
2020-ci
ilin Vətən müharibəsində də Ermənistan
silahlı qüvvələri beynəlxaq hüquq
normalarını kobud şəkildə pozaraq, müharibə
zonasından kənarda yerləşən dinc əhalini və
mülki infrastrukturu
yenə də ağır silahlardan atəşə
tutmaqda davam edirdilər. Ermənistan silahlı qüvvələri tərəfindən
Gəncə, Mingəçevir, Naftalan, Bərdə, Tərtər,
Xızı, Abşeron və digər bölgələrin
yaşaış məntəqələrinin raket atəşinə
tutulması artıq dünya ictimaiyyətinə də məlumdur.
2020-ci il 44 günlük müharibə dövründə
Gəncə şəhəri Ermənistan Silahlı Qüvvələri
tərəfindən 5 dəfə ayrı-ayrı vaxtlarda
bombalanıb. Bu hücumlar nəticəsində hamısı
mülki şəxslər olmaqla,16 nəfər
şəhid olub, 55 nəfər isə yaralanıb. Raket
hücumlarından həyatını itirənlər və
yaralananlar arasında
azyaşlılar da var. Hücum nəticəsində şəhərin
infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər
çoxsaylı binalara, avtomobillərə ziyan dəyib. Gəncə şəhəri 29 nömrəli tam orta
məktəbin binasına da ciddi ziyan vurulub.
Müharibə
dövründə Tərtər rayonuna vurulan zərərin
miqyası çox böyükdür - 3548 fərdi ev,
çoxmərtəbəli binalarda 1735 mənzil, 163
sahibkarlıq obyekti, 47 sosial obyekt, 28 inzibati bina, 103
maşın-mexanizm, 2 qazanxana dağıdılıb. Zərər çəkmiş və ya tam
dağıdılmış obyeklərdən biri də rayonun
Düyərli kənd məktəbinin binasıdır.
Bu ilin
fevral ayında Azərbaycan Respublikasının Təhsil naziri
Emin Əmrullayev, UNICEF və Beynəlxalq Qırmızı
Xaç Komitəsinin nümayəndələri birlikdə Ermənistan
silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində
ciddi ziyan dəymiş Düyərli kənd tam orta və Gəncə şəhəri 29
nömrəli tam orta məktəblərində
olublar. Düşmən təcavüzünün faciəvi nəticələrinin
əyani şahidi olduqdan sonra rəsmi şəxslərin bu ərazilərdə
təhsil alan şagirdlərlə görüşü
keçiriliib. Tədbirdə bildirilib ki, tezliklə bu təhsil
ocaqları əvvəlkindən daha abad olacaq və tərəfdaşlar
müharibə cinayətlərinin fəsadlarının aradan
qaldırılması üçün Təhsil Nazirliyi ilə müxtəlif istiqamətlərdə,
o cümlədən, müəllim və şagirdlərə
sosiol-psixoloji dəstəyin göstərilməsində əməkdaşlıq
edəcəklər.
Bu çərçivədə
Təhsil İnstitutu UNICEF ilə birgə əməkdaşlıqda
Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Tovuz,
Füzuli, Goranboy rayonlarında və Gəncə və
Naftalan şəhərlərində fəaliyyət göstərən
məktəblərdə çalışan psixoloqlar
üçün təlimlər təşkil ediblər. Bu təlimlər Vətən müharibəsi
zamanı zərər çəkmiş müəllimlər,
şagirdlər və onların valideynlərinə psixoloji dəstək
göstərilməsi və məktəb psixoloqlarının
biliklərini artırmaq məqsədi ilə həyata keçirilib.
Bunlar son 30 ildə Azərbaycan ərazisindəki
təhsil obyektlərini dağıtmış Ermənistan
silahlı qüvvələrinin təcavüzkar hərəkətləri
ilə bağlı çoxsaylı fakt və epizodların
yalnız cüzi bir hissəsidir.
Əlbəttə, Ermənistan təcavüzünün
nəticələrinin öyrənilməsi üçün
bu mövzuda geniş və hərtərəfli
araşdırmalar, analitik təhlillər, fundamental və
sistemli tədqiqatlar aparılmalıdır. Bu işə
xarici mütəxəssislərin cəlb olunması da vacibdir.
Sonrakı mərhələdə Ermənistan silahlı
qüvvələri tərəfindən məqsədyönlü
şəkildə Azərbaycanın təhsil obyektlərinin məhv
edilməsi istiqamətində təcavüzkar hərəkətlərin
bütün aspektlərini müzakirə etmək və
dünya ictimaiyyətinə çatdırmaq üçün beynəlxalq
konfransın keçirilməsinə də ehtiyac var. Bu konfrans bizə ölkəmizlə
bağlı həqiqətləri
və reallıqları bir daha göstərmək, yaymaq və
təbliğ etmək üçün böyük bir fürsət
vermiş olar. Bu, ona görə lazımdır
ki, dünya ictimaiyyəti Ermənistanın hərbi təcavüzü
nəticəsində Azərbaycanın
dağıdılmış və qarət edilmiş təhsil
müəssisələri barədə geniş məlumata
malik olsun.
Ermənistanın təhsil müəssisələrinə,
dövlət əmlakına vurduğu zərərin beynəlxalq
ekspertlərin cəlb edilməsi ilə hesablanması vacibdir. Sözsüz
ki, bu istiqamətdə görülən tədbirlər Ermənistanın
vurduğu bütün ziyanın qiymətləndirilməsi
üzrə aparılan işlərin ayrılmaz tərkib hissəsi
kimi qəbul edilməlidir. Görülən
işlərin nəticəsi beynəlxalq səviyyədə
hüquqi cəhətdən qiymətləndirilməlidir.
Bundan sonra Ermənistan ölkəmizə
vurduğu bütün ziyanlara görə maddi təzminat
ödəməli olacaq.
Qeyd etmək lazımdır ki, ölkəmizdə son
20-25 ildə gənc nəslin vətənpərvərlik tərbiyəsinə
böyük diqqət yetirilir. Ulu öndər Heydər
Əliyevin əsasını qoyduğu dövlət gənclər
siyasətinin uğurla davam etdirilməsi nəticəsində
Azərbaycanın müasir gəncliyi bütün sahələrdə
özünü doğruldaraq, ölkəmizi ləyaqətlə
təmsil edir, onun dinamik inkişafı üçün əllərindən
gələni əsirgəmir. Yaşlı
nəsilin nümayəndələri ilə birlikdə
torpaqlarımızın düşmən işğalında
azad edilməsi üçün gənclərimizin göstərdikləri
qəhrəmanlıqlar bunun bariz nümunəsidir.
Bəli,
XXI əsrin əvvəllərində birinci sinifə gələn
və 2018-2020-ci illərdə məktəbi bitirən
uşaqların çoxu, dünənki məktəb məzunları
həqiqi hərbi xidmətə getdilər və milli ruhda tərbiyə
almış bu keçmiş məzunlar Ali Baş Komandan
İlham Əliyevin ətrafında sıx birləşərək,
canları və qanları bahasına torpaqlarımızı
düşmən işğalından azad etdilər. Qəhrəmanlıq salnaməsi yazan Azərbaycanın
müasir gəncliyi gələcək nəsillər
üçün qürur mənbəyinə çevrildi.
İlkin araşdırmala görə, Vətən
müharibəsində 19-23 yaş arası 1020 gəncimiz
şəhid olub. Çox böyük itikidir. Şəhidlərin
adına layiq təmiz, namusla, vətənə
və xalqa ləyaqətlə xidmət etməklə
yaşamaq qalanlarımızın - hamımızın borcudur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
dediyi kimi: "Müharibədə bütün nəsillərin
nümayəndələri iştirak ediblər, qəhrəmanlıq
göstəriblər. Amma hər kəs bilməlidir
ki, əsas missiyanı mənim prezidentlik dövrümdə
yetişən gənclər yerinə yetiriblər, 2003-cü
ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq,
bütün Azərbaycan xalqına borcluyuq".
Burada həmin gənc əsgərlərin müəllimlərinin
və valideynlərinin ünvanlarına xoş və isti minnətdarlıq
sözlərini söyləməmək mümkün deyil. Bu gənclərə ən
vacib xüsusiyyəti - geniş qəlbli və layiqli insan olmağı
öyrətdiyiniz üçün Sizə təşəkkür
edirik! Gənclərə vətənpərvərlik,
Vətənə məhəbbət və Vətəninimizlə
qürur duymaq hisslərini aşıladığınız
üçün Sizə hədsiz minnətdarıq.
Daha bir məsələ haqqında. İşğal altında
olan və hazırda işğaldan azad edilmiş rayonların
məcburi köçkun məktəblərinin birinci sinifinə
XXI əsrin lap əvvəllərində daxil olmuş və 11
ildən sonra həmin məktəbləri bitirmiş gənclər
indiyə qədər öz kiçik vətənləri
haqqında yalnız öz valideynlərinin xatirələri əsasında
məlumat ala bilirdilər. Müəllimlər də
onlara çoxlu maraqlı məlumatlar verirdilər. Bununla yanaşı, bununla əlaqədar məlumat
bülletenləri və broşurlar buraxılıb, məktəblərdə
bu və ya digər rayonun bütün yaşayış məntəqələrinin
adlarının göstərildiyi müvafiq stendlərlə təchiz
edilib.
6 may
1996-ci ildə Ulu öndər Heydər Əliyev Şuşa ziyalıları ilə
görüşdə rayonun tarixi, mədəniyyət abidələri,
mövcud hadisələr ətrafında geniş söhbət
apararkən demişdi: "Mən bunu bəyənirəm, bəli,
Şuşanın öz məktəbləri var. Qoy olsun,
öz məktəbi olsun. Öz məktəbi
olanda, o, Şuşa haqqında daha çox düşünəcək".
Onun təhsillə bağlı etdiyi tövsiyələr həm
Şuşanın məktəbləri üçün, həm
də bütün məcburi köçkün təhsil
müəssisələri üçün yol xəritəsi
oldu.
Lakin
bununla belə, XXI əsrin əvvəllərində birinci
sinifə daxil olan şagirdlər, eləcə də bu məktəblərin
sonrakı məzunları və ümumiyyətlə, bu
bölgələrin gəncləri öz kəndlərini,
doğma qəsəbələrini və rayon mərkəzlərini,
valideynlərinin, böyük qardaş və bacılarının
oxuduğu məktəbləri hələ də reallıqda
görməyiblər.
Şübhəsiz ki, işğaldan azad edilmiş ərazilərdə
partlamamış hərbi sursatların zərərsizləşdirilməsi
və insanların həyatı və rifahı
üçün bütün sosial-iqtisadi şəraitlərin
yaradılması üçün bütün lazımi işlər
görüldükdən sonra məcburi köçkünlər
kiçik vətənlərinə qayıda biləcəklər. Gənclər
də onların sırasında olacaqlar.
Elə etməliyik ki, bugünkü məktəblilər
və bu bölgələrdəki gələcək təhsil
alanlar öz bölgələrinin və qəsəbələrinin
vəziyyətini, erməni təcavüzündən əvvəl
buradakı sosial və mədəni obyektlərin necə
olduğunu və işğaldan sonra hansı işlərin
görüldüyünü bilsinlər. Bu mövzuda
broşurlar, hər azad edilmiş ərazi ilə bağlı
tematik prospektlər buraxmaq, filmlər çəkmək barədə
düşünmək lazımdır. Bu
mövzularda hazırlanmış bütün broşur və
filmlərin sonradan xarici dillərə tərcümə edilməsi
də vacib məsələlərdəndir.
Bərpa üçün yararsız təhsil müəssisələrinin
yerində ağaclar əkilməsini və bununla "Xatirə
bağları" yaratmağı da təklif etmək
mümkündür. Bu aksiya ölkəmizin tarixinə hörmət
hissi aşılamaqla cəmiyyətdə vətənpərvərlik
dəyərlərinin formalaşmasına kömək edəcək.
Bu bağlar torpaqlarımızı düşmən
işğalından azad edənlərə dərin minnətdarlıq
hisslərimizin ifadəsi olacaq, nəsillər arasındakı
bağlılığın simvoluna çevriləcək və
gələcək nəsillərimizə xalqımızın qəhrəmanlığını
xatırladacaq. Bu, işğaldan əvvəl
və sonra bilik və xeyirxahlıq işığı
daşıyan, öz fədakar əməyi ilə şagirdlərin
və valideynlərin sevgisini qazanan müəllimlərə da
bir ehtiram əlaməti olacaq.
Aydındır ki, hər hansı hərbi qələbə
yüksək dərəcədə inkişaf etmiş
iqtisadiyyat hesabına əldə olunur. Son illər
ölkəmiz öz təbii ehtiyatlarını çox səmərəli
və səriştəli şəkildə idarə edib.
Neft sərvətimiz xalqın rifahı, milli
iqtisadiyyatın dinamik inkişafı və ölkənin
müdafiə qabiliyyətinin gücləndirilməsi
üçün istifadə olunur. Bütün
bunlar Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin rəhbərliyi altında çox uğurla həyata
keçirilir.
Şübhəsiz, Vətən müharibəsində
qazanılan qələbə nəzərə alınmaqla, məktəblərin
tədris proqramlarına və dərsliklərinə Azərbaycanın
yeni tarixi ilə bağlı əhəmiyyətli dəyişikliklər
və əlavələr ediləcək. Bu dərsliklərdə
Azərbaycanın birinci şəxsi, ölkənin Silahlı
Qüvvələrinin Ali Baş Komandanı İlham
Əliyevin 44 günlük müharibədə qələbə
qazanılmasında müstəsna rolu layiqincə əks
etdirilməlidir.
Yekun söz əvəzi. Artıq
işğaldan azad olunan rayonlarda yeni həyat başlanıb.
Hazırda yenidənqurma işləri
planlaşdırılır, şəhərlərin, kəndlərin
baş planları artıq hazırlanma prosesindədir. İşğaldan azad edilmiş bölgələrin
sakinləri yaxın vaxtlarda tədricən doğma şəhərlərinə,
qəsəbələrinə və kəndlərinə
qayıtmağa başlayacaqlar. Bu vaxta qədər
bərpa üçün yararsız olan
dağıdılmış binaların əksəriyyəti
onsuz da söküləcək, yaşayış
üçün hər cür şəraiti olan evlər, tibb
və mədəniyyət obyektləri inşa ediləcək,
kommunal xidmətlər və digər əlaqədar
infrastrukturlar fəaliyyətə başlayacaq. Məhv edilmiş məktəblərin fəaliyyətini
bərpa etmək üçün yeni binalar tikiləcək.
Bu mənada Türkiyənin Millətçi Hərəkat
Partiyasının (MHP) sədri Dövlət Baxçalı və
Ölkə Ocaqları Təhsil və Mədəniyyət Vəqfi
tərəfindən Şuşada məktəb inşa edilməsi
ilə bağlı qəbul edilmiş qərar ictimaiyyət
arasında böyük ruh yüksəkliyi ilə
qarşılanıb. Məktəbin təməlinin qoyulması
Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanın və MHP lideri
Dövlət Baxçalının iştirakı ilə nəzərdə
tutulur. Sözsüz, bu tədbir qardaş
xalqlarımız arasında qırılmaz dostluq münasibətlərinin
möhkəmlənməsində daha bir əhəmiyyətli
amil olacaq.
Eyni
zamanda, bu məktəbin məhz Şuşada tikilməsi,
istismara verildikdən sonra fəaliyyət göstərməsi
Xeyirin Şər üzərində qələbəsinin, Ermənistanın
30 il davam edən iyrənc və alçaq təcavüzkar
siyasəti üzərində böyük Zəfərinin
simvoluna çevriləcək.
Azərbaycan Respublikasının Medianın
İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə
çap olunub.
Rövşən
Ağayev
525-ci qəzet.- 7 may.-
S.10;12.