Nizami Gəncəvi: İnsan qəlbinin
azadlıq himni
Düzünü
tədqiqatçılar bilir, belə oxumuşam ki, on ikinci
yüzilliyin birinci yarısında Azərbaycanın mədəniyyəti,
memarlıq incisi qədim Gəncədə güclü zəlzələ
baş verib; təbiətin bu təlatümündən iki
möcüzə yaranıb. O iki möcüzədən biri
Göygöldür, digəri Nizami Gəncəvi.
Biri təbiətin
saf güzgüsü, digəri mənəviyyatımızın,
düşüncəmizin aynası...
Min ilə
yaxındır ki, insanlar qocaman Kəpəzin ağuşuna
sığınan Göygölə can atır,
xalqımızın təmiz qəlbinə bənzəyən
bu aynanı seyr edir. Onun fonunda şəkil çəkdirmək
bizim günlərimizdə içdən gələn bir həvəsə,
ənənəyə dönüb. İnsanlar daranır, bəzənir,
Göygölün önündə şəkil çəkdirir,
amma həmişə də bir anda əbədiləşən
o fotolarda hamıdan gözəl görünən
Göygöl olur.
İnsanlar,
dünya min ilə yaxındır ki, Nizami Gəncəvi
yaradıcılığına, Nizami Gəncəvi dəryasına
baş vurur, xalqımızın mənəviyyat aynasına
baxıb özünü görür, möhtəşəm
varlığını hiss edir, durulub saflaşır. Amma həmişə
də yeni-yeni nəsillər öz əzəməti ilə nəinki
Kəpəzi, Qaf dağlarını, Himalayı, Alpı
utandıran Nizami zirvəsinə, Nizami Gəncəvinin fikir,
düşüncə ucalığına ucala bilmir. Di gəl
ki, o ucalığın əl-ətəklərində
dolaşıb çevrə vurmaq da insanı zənginləşdirir.
Bəzən
tabular qoyulur. Məsələn belə, hər yerindən
duranın Nizami Gəncəvi haqqında nəinki, yazmaq,
heç danışmaq ixtiyarı yoxdur. Bəlkə də bu
dahi şairin yaradıcılığının əlçatmaz
olmağından ortaya çıxan bir tələbdir. Amma məncə,
Nizamidən danışmaq, onun ölməz "Xəmsə"si
haqqında fikir söyləmək üçün
Nizamişünas olmağa heç ehtiyac da yoxdur. Xüsusən
də yer üzündə var olan, sayı 60 milyona çatan
Azərbaycan türkləri, xüsusən bütün türk
dünyası, xüsusən
külli müsəlman dünyası...
İrəli
sürülən hər fikrin bir "nə
üçün?" sualı var. O sualı cavablandırmaq
üçün arqumentlər lazımdır. Amma Nizami adı
gələndə arqumentlər ortadan qalxır. Çünki
hər bir azərbaycanlı dünyaya göz
açdığı gündən ata-ana nəfəsi, tarixi
keçmişin yaddaşlara hopan dərin xatirəsi, milli ruh,
doğma dil, müqəddəs torpağın ətri ilə
yanaşı Nizami Gəncəvi havasını da ciyərlərinə
çəkir. Düzdür, Nizami epik əsərlər
yazmışdır, əgər şeir qaydalarına uyğun
yazılmasaydı, onun hər bir poeması həyat cövhəri,
insan xarakterləri ilə dolu bir romandır. İş
burasındadır ki, hər bir azərbaycanlı
üçün Nizaminin hikmətləri, poetik sərvəti
"Kitabi-Dədə Qorqud", "Koroğlu"
dastanları, bayatılar, qoşmalar, hətta mən deyərdim
ki, anamızın laylası qədər aydın,
doyulmazdır.
Nə
vaxtsa oxuduğum, bəlkə orta məktəb illərində
eşitdiyim belə bir fikri bu gün daha inamla təsdiq etməyə,
o sözlərə şərik çıxmağa borcluyam.
Bizim ədəbiyyatımızın tarixi iki dövrə
bölünür; Nizami Gəncəviyə qədərki ədəbiyyat,
Nizamidən sonrakı ədəbi dövr.
Nizami Gəncəvini
Azərbaycan şairi adlandıranlar da haqlıdırlar. Onun
1500 illik İslam mədəniyyətinin yetirməsi, dünya
şairi adlandıranlar da eyni dərəcədə
haqlıdırlar. Amma bu gəncəli dahini kainat şairi
adlandırsalar da haqlıdırlar... Nə yaxşı ki, Azərbaycanın
övladları belə bir həqiqətlə lap kiçik
yaşlardan tanış olmaq bəxtiyarlığına
sahibdirlər. Axı orta məktəbdə oxuyarkən bizim ədəbiyyat
dərsliklərimiz, ana dili, Azərbaycan dili kitablarımız
Nizami Gəncəvinin adı, onun müdrik rəsmi ilə
açılırdı. Uşaqkən fəxr edirdik ki, Nizami
bizimdir. İnsan yetkinləşdikcə dərk və fəxr
edir ki, Nizami Gəncəvi bizim olmaqla yanaşı, həm də
dünyanındır. Çünki Nizami Gəncəvi milli mənsubiyyətindən,
dilindən, dinindən, cinsindən, dərisinin rəngindən
asılı olmayaraq bütün bəşəriyyət
üçün tükənməz bir xəzinə
yaratmışdır. Nizami Gəncəvi söz sənətini
yüksəldən bir sənətkar olmaqla bərabər
müasir insanın fikrən və ruhən
formalaşmasında misilsiz xidməti olan düşüncə
dahisidir.
Burada hər
kəsin düşünə və söyləyə biləcəyi
sadə oxucu təəssüratını
yekunlaşdırır və Nizami Gəncəvi şəxsiyyətinin
yetişməsini şərtləndirən psixoloji məqamları,
şairin əsərlərində insan psixologiyasının ən
incə, ən dərin qatları haqqında psixoloq mülahizələrimi
qısaca da olsa qeyd etmək istərdim. Elmi və praktik təbabətdən
fərqli olaraq psixoloqların insanlara yeganə təsir vasitəsi
sözün gücü ilə inandırmaqdır. Psixoloji
yardımın ən ümdə vəzifələrindən
biri, bəlkə də birincisi insana məqdəsyönlülük,
mənəvi-zehni keyfiyyətlərin
aşılanmasıdır. Budur artıq yeddi ildir ki,
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi
müəyyən psixoloji problemlərlə
ünvanımıza üz tutan uşaqdan böyüyə hər
kəsə anlatmaq istəyir ki, əgər qarşına məqsəd
qoymusansa və o məqsədin reallaşması
üçün çalışırsansa, sonda səni
uğur gözlədiyinə tam əmin ola bilərsən. Vay
o kəslərin halına ki, onların həyatdakı
leytmotivini təşkil edən dərk olunmuş məqsədi
yoxdur. Əslində insan məzmunu, onu formalaşdıran və
bəlli bir istiqamətə yönləndirən də məqsəddir.
Bu yazını hazırlayarkən mən bu qlobal psixoloji məsələyə
Nizami Gəncəvinin şəxsiyyəti fonunda nəzər
salmaq istədim.
İstedadın
bir vergi olduğunu heç kim inkar etmir. Psixoloqlar yardım
prosesində ilkin başlanğıcı mütləq nəzərə
alır, daxili potensialı dəyərləndirərək
insan dünyasına körpü salmağa
çalışırlar. Lakin bu da inkar olunmazdır ki,
dünyaya gələn hər bir insan həyatının əvvəli
yazılmamış ağ vərəq kimidir. Bəzən biz
ona tale deyirik. Qoy olsun. Əsas odur ki, həmin o ağ vərəqə
yazılan tale, həyat hekayəsinin müəllifi bir
başqası deyil, elə o insanın özüdür. Bu mənada
Nizami Gəncəvinin həyatı və şəxsiyyəti
ideal bir nümunədir. Təsəvvür edin cəmi 68 (bəzi
mənbələrə görə 63) il yaşayan bu dahi şəxsiyyət
erkən yaşlarından daxili-zehni bir zənginliyə can
ataraq sənət möcüzələri
yaratmışdır. Bu elə-belə, durduğu yerdə
alınmır. Nizamişünaslar, xüsusilə şairin
öz əsərləri deməyə imkan verir ki, Nizami Gəncəvi
fikrən və əməldə bir an belə məqsədsiz
yaşamamışdır. Gəncədə şəhər
mühitində böyüyən dahi şair məntiq, tibb,
astronomiya, astrologiya, coğrafiya, tarix, fəlsəfə elmlərini
dərindən mənimsəmişdi. Təbii ki,
xalqının dili, ana dili ilə yanaşı ərəb,
fars, gürcü dillərini də bilirmiş. Bəs
yaxşı əsərlərində adı keçən
Sokrat, Aristotel kimi filosofları Nizami hansı dildən mənimsəmişdi
- bəlkə yunancadan? Orası dəqiqdir ki, Nizami Gəncəvi
fitrətinin gücünə, gecə-gündüz bilmədən
çalışdığına görə yəhudi,
xristian, pəhləvi, müsəlman, türk tarixini, xalq
mifologiya və folklorunu, özündən əvvəlki
bütün ədəbi-tarixi sərvətləri mənimsəmişdi.
Nizami Gəncəvi tanrı yolunu tutaraq İslam fəlsəfəsinin
ən mötəbər daşıyıcısına
çevrilmişdi. O, söz peyğəmbəri, bütün
varlığı ilə İslama bağlı şeyx idi. Bəzən
ən yaxşı ifadələri dəyərsizləşdiririk.
Amma Nizami Gəncəvinin - böyük şairin simasında məqsədyönlülüyün
ideal şəkli ilə üz-üzə qalırıq,
söz bütün mahiyyəti ilə məhz məzmunu ifadə
edir. Bax bu zaman Nizami Gəncəvi düha və zəhmətin,
məqsədin, amalın övladıdır. İstər
psixoloq olsun, istər müəllim - biz yeni nəslə bax bu
nümunəni çəkib övladlarımızı işə,
zəhmətə öyrətməliyik.
Nizami min
ilə yaxın bir dövrün, ən müxtəlif
ictimai-iqtisadi quruluşlar yaradan zamanın elə nadir şairlərindəndir
ki, o bir saat belə şah sarayında yaşamamış,
öz gözünün nuru, əlinin zəhməti ilə
ömür sürmüşdür. Ona görə
yazırdı ki:
Elə
bir ixtiyar olsaydı məndə,
Qoymazdım
bəndəyə bir möhtac bəndə!
Dünya
tarixində bir çox kütləvi psixoloji sarsıntılar
mühitin, ictimai çevrənin vəziyyəti ilə
bağlı olmuşdur. Bu qlobal bir məsələdir. Hər
zaman ədəbi mövzulara sadiq qalan Nizami Gəncəvi cəmiyyətin
mənəvi-psixoloji sağlamlığının
qorunmasının kökündə ədalət psinsiplərinin
sarsılmazlığını görür, elə ilk əsəri
"Sirlər xəzinəsi"-ndə şahları insafa,
xalqa xidmət etməyə, gəncləri əməyə,
doğruluğa, humanizmə çağırırdı.
Çoxsaylı
həyat təcrübələrinin timsalında insanın
özünə inamı ən qüdrətli mənəvi-psixoloji
amil kimi uğurların təməlində dayanır. Məqsədi
müəyyən etmək nəzəri cəhətdən də
mümkündür, amma inamsız məqsədə yetmək
çətin məsələdir. Bizim psixoloqlarımız
haqlı olaraq xüsusilə qadınlar arasında
apardıqları maarifləndirmə işində inam faktorunu
önə çəkir, hər hansı psixoloji gənginliyin,
problemin aradan qaldırılmasında daxili qətiyyətin
rolunu qeyd edirlər.
Yenə də
Nizami Gəncəvinin ləyaqətli obrazı göz
önündə canlanır. Onun yaradıcılıq
uğurlarının əsasında dayanan başlıca amil
inam duyğusu ilə bağlıdır. Nizami Gəncəvi əsərlərinin,
yaratdıqlarının gərəkli və əbədi
olduğuna inanır və yazırdı ki,
Yüz il
sonra sorsan, bəs o hardadır? -
Hər
beyti səslənər: burda, burdadır!
Mən
erkən yaşlardan, gənclik illərindən sevərək
tanış olduğumuz obrazları - Kərpickəsən
kişini, həqiqəti rəmzlərlə ifadə edən
bayquşları, Sultan Səncəri ifşa edən
qarını... xüsusilə Xosrovu, Şirini, Fərhadı,
Bəhram Guru, Leylini, Məcnunu, Fitnəni, Nüşabəni,
İsgəndəri psixologiya sahəsində
çalışan bir mütəxəssis kimi göz
önünə gətirərkən bir daha yəqin edirəm
ki, Nizami Gəncəvi bir-birindən fərqli insan psixologiyasını
canlandıran filosof, dahi alimdir.
Nizami Gəncəviyə
görə insan nikbin olmalıdır, nikbinlik dayanmadan dörd
bir yana təbəssüm paylamaq deyil. Nikbinlik dözüm deməkdir.
Nikbin insan yalnız gülməyi deyil, dərd çəkməyi,
kədərə dözməyi də bacarmalıdır. Mənəvi
azadlıq insanı insan edən, onu ucaldan ən mühün
psixoloji amillərdən biridir. Köləlik xəstəlikdir.
O insan azad olur ki, o daxilən zəngindir.
Yüksək
intellektə, yaradıcı həvəsə malikdir. Nizami Gəncəvinin
"Xəmsə"si, lirik şeirləri
bütövlükdə götürüldükdə insan qəlbinin
azadlıq himnidir. Budur bədii dəlil, ədəbi şəhadətnamə:
Qorxuram,
xain ürəklər doludur dünyada -
Öküz
üstünlük edər, şir də xəcalətdə
olar.
Hər
zirək quş uça bilməz bu mavi göylərdə
Çox
göyərçin bu səmalarda əsarətdə olar.
Məhəbbət
insan ruhunun meyarıdır. Məhəbbət - ürəklərin
qovuşub bütövləşməsi, insan qəlbinin
baharıdır. Nizami dünya ədəbiyyatında bir şəxsiyyət
olaraq ən sədaqətli aşiqdir. Bunu biz şairin istəkli
həyat yoldaşı, oğlu Məhəmmədin anası
Afaqa sonsuz sevgisində, "Xəmsə"-nin
obrazlarının timsalında görürük. Psixoloji
yardım prosesinin müxtəlif mərhələlərində
bir daha görür və təsdiqləyirik ki, bugün cəmiyyətimizin
bir sıra problemlərinin ortaya çıxmasının səbəbi
insanların bir-birinə, valideynlərinə,
qonşularına, iş yoldaşlarına, hətta xalqına,
millətinə, vətəninə sevginin az olmasıdır. Mənə
elə gəlir ki, bir çox həyat məsələlərinin
nizamlanması prosesində Nizami Gəncəvi
yaradıcılığının, dahi şairin
düşüncələrinin örnəyi ən etibarlı
mənbə ola bilər, necə ki, tarixən olmuşdur.
Nə
yaxşı ki, xalqımız qədirbiləndir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ilin
“Nizami ili” elan olunmasına dair sərəncamı bu həqiqəti
bir daha sübut edir.
Nizami Gəncəvi
zəfər şairidir, o hər zaman fikir və söz
dünyasında qalibdir. Axı yaşadığımız il
həm də zəfər ilidir. Nizami Gəncəvinin ruhunu
yaşadan çağdaş Azərbaycanın mərd
oğulları 44 günlük vətən savaşında
şər üzərində qələbə
çalmışdır. Bu xeyrin qələbəsidir!
Bütün
dünyanın Nizami Gəncəvinin 880 illiyini qeyd etdiyi bir
zamanda məkr və şər rəmzi olan ermənilərin
Nizami yurdu Gəncəni raket atəşlərinə
tutması, dinc insanların həyatına qəsd edilməsi,
qədim şəhərin böyük bir məhəlləsinin
dağıldılması erməni millətinin savaş
gücü deyil, bədbəxtliyidir.
Və ulu
şeyx babamız, dahi şair Nizami Gəncəvinin ruhu
rahatdır. Çünki Gəncədə erməni caniləri
tərəfindən atəşə tutulan dinc sakinlərin də,
vətən naminə canından keçən qəhrəman
şəhidlərimizin də qanı yerdə qalmadı,
düşməndən qisas alındı!
Ən əsası
isə Nizami Gəncəvinin 880 illiyini qeyd edən Azərbaycanın
ayrılmaz parçası olan Qarabağ da azaddır!
Təranə PAŞAYEVA
Psixologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.-
2021.- 8 may.- S.10;16.