Eposun naməlum boyuna çevrilən
yazıçı...
Kamai Abdullayevin yeni romanı haqqında qeydlər
"Bəs Mahiyyətin
qafiyəsi?!"
Kamal
Abdullanın Epos tilsimindən çıxa bilməməsini (Bəlkə,
cazibəsindən? Yox, yenə düz olmadı, özü istəmir
bunu... Və ən əsası, Epos əhvalatına
çevrilən bir insanı Eposdan necə çıxarmaq
olar?) çeşidli səbəblərlə yozmaq istəsək
də, alınmır. Eposdan çıxmamaq, həm də birbaşa Yazı ilə
əlaqəli olduğundan gərək onu yazıdan da uzaq
tutaq. Lap tutaq ki, bunu da etdik, bəs sonra? Məhz o "sonra"nın
cavabı yazıçının yeni qələmə
aldığı "Laokoon, Laokoon... yaxud bir romanın
"gerçək" yazılma tarixçəsi"ndədir.
Məsələ orasındadır ki, "sonra" gələcəyə
yönəlik söz olsa da, yazıçı onu ustalıqla əski
yunan mifinə - Laokoon dövrünə, Eposun özünə,
Şah İsmayıl zamanına və çağımıza
elə məharətlə "dağıdır" ki, o
"sonra"nın altında bütün zamanlar
"indi" kimi görünür; baxın, bu cür:
"Bir-iki bizimki, üç-dörd - qapını ört, yeddi,
səkkiz - Firəngiz". Elə əsas məsələ də
bu "səkkiz"də - Firəngizdədir... Məhz
qadın bütün zamanlarla çox rahat bir halətdə
şuxluq edə bilir, sözlər məhz qadına görə
qafiyələnir və bütün qafiyələnmiş
sözlərin sonunda məhz qadın adı gəlməlidir;
Firəngiz kimi...
Yazıçının
"məqsədi" bizə roman təqdim etmək deyil, sadəcə,
bir "gerçək" "romanabənzər"in
yazılma tarixçəsini danışmaqdır. Bu
"izahat"a kimin nə qədər inanması onun öz
şəxsi işidir. Lakin biz həcmcə kiçik, lakin mətləbləri
çox uzun və dərin olan bir diskursla üz-üzəyik...
"Sənsə
mənə deyirsən, qulaq qafiyəsi belə gəldi,
kök qafiyəsi belə getdi... Bəs Mahiyyətin qafiyəsi?!"
(Kamal Abdulla. "Səhvlərimizin qrammatikası" hekayəsi)
Yenə
deyirik və... yenə də deyəcəyik...
Əvvəllər
demişik və yenə də o fikrin üzərində
möhkəm ("möhkəm" ha!) dururuq ki, Kamal Abdulla mətnləri
bizə, sadəcə, mövcud olanı deyil, nəsə
mövcud olmayan və ya mövcud olub üzə
çıxmaq istəməyən tamamilə "tanış
və yad bir bir diskursun - "sonsuz Lüğət"in
varlığından işarətlər verir. Məhz işarətlər!
Bilirsiniz bu, nəyə bənzəyir? Mürəkkəblə
yazılmış mətnin üzərinə qurudanın
sıxılmağına. Əslində, niyyətimiz mürəkkəbi
qurutmaqdır. Amma məlum mətn özünün tərs,
güzgüvari, "yad" obrazını qurudana da həkk
edir. Və hər dəfə bu təkrarlananda ilkin
"tanış Lüğət" bizdən bir qədər
də aralanır və "yad sonsuz Lüğət"ə
çevrilir. "Unutmağa kimsə yox..."
romanındakı "Çiçəkli yazı" kimi.
Olsun ki, "Çiçəkli..."nin
"aldadıcı" rayihəsinə uyub yad məkanlara da
gedib çıxmışıq. Amma əsl həqiqət
ondan ibarətdir ki, mağara divarına həkk olunan həmin
yazılar öz qanadı altında daha qədim
yazıları gizlədir. Onların isə bizə məlum
olmayan yeni leksika və qrammatikası vardır. Həm də lənətə
gəlmiş uydurulmuş zamanı. Nədənsə çox
əminəm ki, "zaman"ın qarşısında
"uydurulmuş" sözünü yazmalıyıq. Kim
uydurub onu, nə zaman uydurub?! Üst-üstə yazılan və
qalaqlanan bu "uydurma"ları bizdən sonra kim oxuyacaq? Və
"bizdən sonra" varmı? Yazıçı bizi hər
dəfə məhz o "sonra" adlanan məchul məkanlara
aparmaq istəyir. Amma nə özü gedib çata bilir ora, nə
də biz...
Qırx
oynaşlı Boğazca Fatmadan Firəngizəcən...
Firəngiz
haqqında düşünəndə qırx oynaşlı
Boğazca Fatmadan ("Yarımçıq Əlyazma") əvvəl
Pablo Pikassonun "Güzgüdəki qadın" rəsmi xəyalımda
canlandı. Bəs niyə yarımbaşlığa lap əvvəl
Boğazcanın adı düşdü?! Cavabımız
çox sadədir: Biz səkkizlə belə rahat qafiyələnən
qadınlara inanmırıq. Pikassonun "Güzgüdəki
qadın"ı isə son ştrixinəcən, necə deyərlər,
səkkizlə Firəngizin qafiyələnməsinə
qarşıdır və ya sadəcə, şəkil deyil,
mahiyyətdir. Qadın güzgüdə real olanı deyil,
irreallığı sevir. Firəngiz də Eposa (Güzgüyə!)
baxanda mövcud reallıqdan qopub fərqli dünyaya - "sirr
içində sirr"ə düşür. Təkcə Firəngizmi?
Kamal Abdullanın bütün qəhrəmanları bu və ya
digər şəkildə milli-etnik, tarixi-ədəbi, ruhi-mənəvi
dünyamızın Güzgüsündə - Eposumuzdadır.
Amma necə? "Güzgü"nü hərfi qavramda qəbul
etmək doğru deyildir. Eposun güzgüyə
düşmüş əksi ilə onun əslinin arasında
yerdən göyə qədər fərq vardır.
(Xatırladırıq: "Yarımçıq Əlyazma"nı
"Dədə Qorqud"un "qara kitab"ı
adlandıranlar məhz bu məqamda səhvə yol vermişdilər)
Biz məhz güzgüdəki Eposdan
danışmalıyıq. Necə ki, Pikassonun güzgüdəki
obrazının kimliyi - prototipi bizi o qədər
maraqlandırmır. Bizi maraqlandıran gerçək
güzgüdəki əksdir. Bəli, "gerçək"!
Kamal Abdulla da bizə guya "gerçək romanabənzər"in
tarixçəsindən danışmaq istəyir. Gerçəyi
qabıqcıqa alması da onu "xilas" edə bilmir.
Çünki "gerçək" yoxdur, Eposun əyri-üyrü
sirli xətləri altında qalmışdır. O da bir
başqasının, o da... Və məhz güzgüdəki
"gerçəy"in müəllifi Kamal Abdullladır. Həmin
"gerçək" də özünü "romanabənzər"
kimi təzahür elətdirir, məsələnin qəlizliyi
də məhz bundadır...
"Natamamlığı
bütövləşdir"ə bildinizmi?
Ənənəvi
təhlillər quleybanılar kimi (Nizamidə;
qayışbaldırlar) oxucunun boynuna atılmaq istəyir.
Atılıb yerini rahatladımı, daha düşməyəcək.
Kamal Abdulla bəlkə də bizdə yeganə
yazıçıdır ki, quleybanılarla mübarizədə
oxucunun tərəfindədir. Çünki onun mətnləri,
haqqında yazılmış bütün qəlp mətnləri
rədd edir. Yazdıqlarımın da şiddətlə rədd
olunacağının psixoloji basqısı altındayam. Ona
görə də "romanabənzər"lə "dil tapmağa"
çalışıram...
"Heç
zaman etmədiyi, hətta edə biləcəyini ağlına
belə gətirmədiyi bir işin "peşinə"
düşdüyünün fərqində idi". Bu,
romanın birinci cümləsidir. Əsərin qəhrəmanı
Vaqif nə qədər real görünsə də, metafizik və
hətta absurd bir işin arxasınca
düşdüyünün fərqindədir. Amma geriyə də
yol yoxdur. Çünki onunla "geri" arasında Yazı
vardır. Bu yerdə nəfəsimizi dərmədən
deyirik: Sizə qəribə gəlməsin, bu "romanabənzər"in
mövzusunu müəyyənləşdirmək də
çox çətindir. Adama deyərlər, xeyir ola, səhərdən
danışırsan, nədir axı, bu romanın mövzusu?!
Mövzusu: Yazıdır! O Yazı ki, roman məhz ona həsr
olunub. Bəli, Yazıya! Əzablı Yazı prosesinə!
Ondan alınan ləzzətə! Alınmayan ləzzətə!
Gizlənən ləzzətə! Və hətta mövcud
olmayan ləzzətə!
"Önsöz
və yaxud natamamlığın bütövlüyü".
"Son söz və yaxud natamamlığın
damğası". Yəqin ki, söhbətin nədən
getdiyini sezdiniz! "Yarımçıq Əlyazma"nın
ön və son sözündən! Əslində, roman məhz
bu ikisinin arasındadır. Kamal Abdulla romanı yazmağa
başlayanda, bəlkə də ona elə gəlmişdi ki, o,
Eposda gördüyü "natamamlıqlar"ı
bütövləşdirə bilər. Başlamaq
üçün ona bu stimulverici reaksiya lazım idi;
özünü nəyəsə inandırmaq. Amma işin sonu
necə oldu?! Natamamlığı bütövləşdirmək
məqamında məhz natamamlıq özünün son dəhşətli
damğasını diskursa vurdu. Yeni romanında da o, yenidən
Eposla kontakta girməyə cəhdlər edir... Bəli, məhz
cəhdlər! Çünki proses davam edir...
Nöqtə...
Nöqtənin damğa olduğunu bilirdinizmi?! Unutmayın,
"Yarımçıq Əlyazma" da üç nöqtə
ilə bitir.
Mifdən
Yazıya və yaxud gizliliyin mövcud olmayan "son"u...
Epos
Yazıya dönüşəndə arada ən azı yeddi
yüz il "it-bat"a düşüb və ya Yazıya
alanın özü yeddi yüz il gecikib. Və biz "Dədə
Qorqud"dan söhbət açanda əgər o yeddi yüz
ili xatırlamasaq, avtomatik olaraq əsl həqiqət yeddi
yüz il də bir kimsəyə məlum olmayacaq. Hətta
"əsl" həqiqət mövcud olmasa belə...
İndi biz Kamal müəllimə - "əzizi-mən"ə
sual edirik: Özünüzün nə qədər gecikdiyinizdən
xəbəriniz varmı?! Amma xoşbəxtlik
orasındadır ki, siz, başlıcası, İlahi lütf,
konseptual mistik-mifoloji açarlar, "batin-zahir"
düsturundan biryolluq imtina və mifolinqvistik işarələrlə
Eposla o yeddi yüz il arasına dünyanın ən faciəvi
fatehi, böyük psixoanalitik K.Yunqun təqdim etdiyi modellə
yanaşsaq, mistik Platon naturası ilə Aristotel naturası
arasında qalıb sıxılan və sonda bir
"heç"ə çevrilən Şah İsmayıl Xətai
"qəziyyəsi"ni hörməklə, məlum
"qara dəliy"i kompensasiya etmək üçün cəhdlər
etdiniz. İndi həmin "dəlik"dən bizə
dünyanın ən fədakar anası, provaslavların mələk,
katoliklərin isə fahişə kimi tanıdığı
Mariya Maqdalenanın Şərq "variantı" olan
qırx oynaşlı Boğazca Fatma ("Yarımçıq
Əlyazma"), altsheymer xəstəsi Həsən müəllim
("Sirlərin sərgüzəşti"), əbədi
Harmoniyanı simvolizə edən Bəhram kişi
("Unutmağa kimsə yox..."), öz uzun adlarını
paltar kimi soyunub geyinən Hacı Mir Həsən ağa Səyyah
("Sehrbazlar dərəsi") və nəhayət, Həsən
müəllim kimi "indi"ni unudan Vaqiflə Firəngiz
("Laokoon, Laokoon... yaxud bir romanın "gerçək"
yazılma tarixçəsi") baxır...
Kamal
Abdulla "Gizli Dədə Qorqud"u yazarkən sanki onun
qarşısında nəhəng Troya atı
dayanmışdı. Sanki o da Apollon məbədinin kahini
Laokoon kimi öz şübhələrini "gerçəy"ə
çevirmək üçün Troya atında - diskursda dəliklər
açmaq istəyir. İndi biz belə bir ekperiment aparaq;
müəllifin zəhmətinə "rəğmən",
Troya atını başıaşağı çevirək.
Heç şübhəsiz, taxta ata vurulan nizə izləri və
onların missiyası sıfırlanacaq. Bütün gizlinlər
də belədir. Sənin o gizlinləri açmaq
üçün etdiyin bütün cəhdlər
uzaqbaşı predmetin (bizdə diskursun!) genezisini dərindən
öyrənib onu başıaşağı çevirəcəyin
ana qədərdir. Və yaxud, mətni sondan əvvəlinə
doğru oxumaq anına qədər...
"Romanabənzər",
yoxsa Yazı haqqında bədii-fəlsəfi pritçalar
romanı?!
Yazıçı
əsərin nədən bəhs etdiyini bizə
"xatırladır": "...bir romanın "gerçək"
yazılma tarixçəsi". Amma gerçək
sözünün qabıqcığa alınması məsələnin
real müstəvidən irreal müstəviyə keçidini
simvollaşdırır. Diskursun ümumi stixiyası da
qabıqcığın "bulanıq" havasına rəğmən,
sanki soyuq duş effekti yaradır; yəni, oxucum, aldanıb eləmə,
heç bir müəllif sənə yazı prosesinin universal
təzahürlərini - xaosu və harmoniyasını,
xoşgörülüyü və "iblisanəliyini",
incə və "qaba" nüanslarını göstərə
bilməz. Kamal Abdulla öz variantını (oxu zamanı məlum
olur ki, həmin variantlar da sonsuz çoxluğa mübtəla
olublar və ya "bilmirəm" sözü ilə
möhürləniblər) təqdim edir: Yazı prosesində
yad sonsuz Lüğət tanış sonsuz Lüğətə
qalib gəlir. Hətta insani münasibətlərdə də
belədir. Sənin istifadə etdiyin tanış sözlər
hələ dilinə gətirmədiyin yad sonsuz Lüğətin
basqısı altındadır. Məsələnin qoyuluşu
və "həlli", əsasən, iki obrazın - Vaqiflə
Firəngizin simasında fokuslandırılır.
Dünya ədəbiyyatında
yazı sənəti, texnikası, onun mahiyyəti, sadə və
labirintvari konstruksiyası haqqında kifayət qədər
geniş yazılıb. Dilimizə yeni tərcümə olunan
Stiven Kinqin "Yazı sənəti" kitabı da bu qəbildəndir.
Amma bəri başdan deyim ki, kitab daha çox
tanınmış bir yazıçının illər ərzində
əldə etdiyi şəxsi yazı təcrübəsinin gənc
qələm adamları ilə paylaşılması istəyinə
xidmət edir, yazıçı daha çox yazı sənətinin
"məhdud" fiziksəl dünyasından bəhs edir.
"Divləri
qumluqda basdıran" böyük dissident, dahi avanqardist Cavad
Mircavadovun milliyyətcə rus olan həyat
yoldaşının onun haqqında yazdığı kitab, zənnimizcə,
sənətin əsrarəngiz sirli dünyasına nüfuz
edilmə dərəcəsinə görə, bəlkə də
dünyada unikal ədəbiyyat hadisəsi sayıla bilər.
Mirzə
Cəlilin "Buz"u da bədii mətnin doğuluş
estetikasını bütün möhtəşəmliyi ilə
göstərən, "İnsan niyə yazır?" -
sualının əsrarəngiz koordinantlarını ortaya
qoyan, lakin onların içərisindən yalnız ikisini
qabardıb yazıçı əzablarının da məhz
oradan qaynaqlandığını israrla düz
gözümüzün içinə söyləyən, həmçinin
bədii-estetik və elmi-nəzəri konsepsiya sərgiləyən
bir mətndir. Nədir insanı yazmağa sövq edən həmin
dərin psixoloji iki hal? Birincisi, insan adətkərdə
olmuş vərdişlərin əsiridir. Ondan qaçmaq
mümkünsüzdür. "Kortəbii"
ağıllılıq (Və ya fəaliyyət)
maraqlarımızn əksinə olsa da, bizi idarə edir.
Nitşe də, Şopenhauer da, Freyd də və Mirzə Cəlil
də bunu deyirdi. "Romanabənzər"in müəllifi də
bu "anlaşılmaz" fəaliyyət növü ilə
insanın niyə nəhayətsiz bir ehtirasla məşğul
olma səbəbini "bilmirəm!"lə
qıfıllayır. Amma bu "bilmirəm!" o "bilmirəm"lərdən
deyildir...
"Buz"da
qırx il öncəki hadisə nəql olunur. Özü də
təhkiyəçinin öz dilindən. Elə yazmağın özü də
"kortəbii" fəaliyyət növüdür. Dahi Mirzə
Cəlilin fəlsəfi qənaəti budur: "Adətkərdə
olmaq yaman pis imiş". ("Buz")
İkincisi,
insan yazarkən nə vaxtsa aldığı travmalardan, acı
xatirələrdən, lap "görüb-götürdükləri"ndən,
bir sözlə, izafi "yük"ün
ağırlığına tablaşmayan yaddaşından
qurtumaq istəyir. Yazmaq da sərxoşluğun bir
növüdür. ("Kefli" İskəndərlər həm
də simvolik "yazıçı"dırlar, onlar
içməsə, dəli olarlar! Arxayın olun, Həsən
ağalar heç bir zaman içməyəcəklər! Kamal
Abdullanın yeni romanında isə yazmaq çoxspektrli məchul
bir həzz mənbəyi kimi simvolizə olunur) Təhkiyəçi
qırx il öncə baş vermiş hadisəni heç
cür unuda bilmir: "Hər yay fəsli arabalarda
daşınan ağ və təmiz duru buz kərpiclərini
görəndə xalam yadıma düşür".
("Buz")
Kamal
Abdullanın yeni romanı sözügedən problemlə
bağlı bizə standardlaşdırılmış psevdo qəliblərin
fövqündə dayanaraq, individual və əsrarəngiz ədəbiyyat
dünyasının klonlaşmış rəsmlərindən
çox-çox uzaq olan (Pikasssonun "Güzgüdəki
qadın" rəsmi kimi), tamamilə yeni bədii-fəlsəfi
informasiya və ideyalar verir. Yazı sənətinin əsrarəngiz,
oyunvari (taxta Troya atı kimi; təkcə kahin bu oyuna
qoşulmadı, aqibəti nə oldu?) teatral, "maskarad"
ruhu haqqında bu qədər sadə "tamaşa"-roman
görməmişik. İstər-istəməz dahi Tolstoyun
aşağıdakı fikirləri ilə
razılaşmalı oluruq: "Böyük nəticələrə
səbəb olmuş bütün fikirlər öz sadəliyi
ilə seçilib".
İndi
baxaq görək, nədir bu "sadəliklər?"
Cavabını romanda qoyulan suallardan alaq (mümkündü ki,
sualların bəziləri sizə tanış gəlsin, amma
nisbət baxımından təkrarsızlar çoxdur, lap
çoxdur):
- Mətn
üzərində təkrarən işləyərkən niyə
məhz sözlər, şəkilçilər, durğu
işarələri tanış sonsuz Lüğətdən
deyil, yad sonsuz Lüğətdən "uçub" gəlirlər?
- Bəlkə,
tanış sonsuz Lüğətlər tək deyillər,
paralel sonsuz Lüğətlər də mövcuddurlar?
- Dəyişmələr
niyə sonsuza məhkumdurlar?
-
Başqa lüğətlərin müdaxiləsi mətnin
ideologiyasını dəyişə bilərmi?
- Yazı
prosesində niyə elə məqamlar olur ki, insan öz fikirlərini
başqalarının fikirlərindən ayıra bilmir? Həqiqətənmi
hər adam ömrü boyu bir kitab yazır?
-
İnsan niyə öz fikirlərini bəzən reallıqda
olmayan birinin fikri kimi mətnə salır?
- Yad
sonsuz Lüğətdən gələnlər, həqiqətənmi
əvvəl-əvvəl ad, söz, fikir, ideyalar şəklində
gəlirlər?
- Bu qəribə
və maraqlı oyunun anlamı nədir? Bütün bu
yaradıcılıq oyunları vaxtilə Troya
qapısının ağzına qoyulmuş nəhəng taxta
atla oyunu xatırlatmırmı? Bu oyuna "qatılmayan"
Apollon məbədinin kahini Laokoonun taleyi necə oldu? O niyə
inamsızlıq simvoluna çevrildi?!
- Niyə
həyatda hər şeyi gözəl anlayan və başa
düşən Vaqif öz mətninin içində
çaş-baş qalmağa başlayır?
- Niyə
Vaqiflə Firəngizin intim sevgi "zonası"na məhz
Epos girir?
- Mətnlə
işləyən insanda niyə "qəribə hallar"
baş verir?
Bu və
digər suallar romanda "çılpaq" (Lüt kral kimi!)
görünmür, mətnin strukturu, ümumi stixiyası, ruhu
və obrazların hərəkət
"marşrutları"na uyğun olaraq mahiyyətdən
doğur və öz bədii-estetik həllini ustalıqla
tapırlar. Əgər biz bütün sualları
cavablandırsaq, məqalə mizanını pozmuş
olarıq. Ona görə də sondan ikisini cavablandırmaqla
kifayətlənməli olacağıq. Həm də unutmayaq
ki, cavablarım etalon sayıla bilməz. Heç bir zaman!
Maraqlıdır,
mətnlə işləyən adamda niyə "qəribə
hallar" baş verir?
Vaxtilə
Mirzə Cəlil də həmin "qəribə hallar"dan
danışmışdı, amma bir az fərqli:
"Miladın min səkkiz yüz doxsanıncı illərində
Nehrəm kəndində müəllim olduğum vaxt kəndlərimizdə
qəribə hallar görərdim və gördüklərimizi
yazıya götürərdim". (Cəlil Məmmədquluzadə.
"Xatiratım". "Xan" nəşriyyatı,
2014-2015, səh: 147) Belə çıxır ki,
yazıçının həyatda gördüyü "qəribə
hallar" mətnə çevrilsə də, onlar öz
"qəribəliy"ini yenə də saxlayır,
sonrakı ömürlərini müəllifdə
yaşayırlar. "Məqalə məqalə dalınca,
esse esse dalınca, şeir şeir dalınca yazan" Vaqifə
nə olub? Kamal Abdullanın versiyası çox sadədir:
Onun canına Laokoon ruhu köçüb! (Müəllifin
Eposdan "qopa bilməməsi"nin bir səbəbi də bu
deyilmi? Və niyə də qopsun?!) Əgər sevdiyin Firəngiz
də həmin ruhla "yoluxsa", nə baş verər?
İlk növbədə mətn qazanar; süjet quruculuğu
işində möcüzələr baş verər, necə
ki, baş verir...
Sondan
ikinci sual: Niyə Vaqiflə Firəngizin intim sevgi
"zonası"na məhz Epos girir? Cavablandırmaq
üçün bir qədər "uzaq"dan
başlamalıyam. Bundan əvvəlki - "Sirlərin sərgüzəşti"
romanı haqqında qeydlərimizdə demişdik ki, Kamal
Abdulla hər dəfə yeni ədəbi-elmi, bədii-fəlsəfi
hipotezalarla oxucunu heyrətləndirir. Belə ki, "Sirlərin
sərgüzəşti" romanının qəhrəmanı
Həsən müəllim altsheymer - yaddaşsızlıq xəstəliyindən
əziyyət çəkərkən, yeni Epos müəmması
ilə üz-üzə dayanır və yaddaşı sanki
"oyanır", hərəkətə gəlir, tez
qızı Həlimə ilə dastan barəsində söhbət
edir. Bu təkcə fiziksəl yaddaşın deyil, həm də
milli-genetik, ictimai-ədəbi-tarixi yaddaşın
oyanışı deməkdir. Eyni proses, əslində, müəllifin
yeni romanında da, amma çox fərqli bir müstəvidə
baş verir; Vaqiflə Firəngiz arasında "sevirsən,
sevmirsən" oyununun ləzzəti, istiliyi azalıb, hər
ikisi Laokoon "xəstəliyi"nə yoluxan məqamda, (təbii
ki, Firəngiz!) Epos yenə də onların dadına
çatır. Əlbəttə ki, daha çox Firəngizin...
Ustad Kamal
Abdulla mətnləri həmişə heyrətləndirir və
ədəbi cameədə böyük rezonans doğurur. Vaxtilə
"Mifdən Yazıya" çox ciddi və möhtəşəm
bir keçid edən müəllif yeni romanında, zənnimizcə,
demək istəyir ki, stereotipləri qırıb, Mif
fobiyasından biryolluq qurtulmaq lazımdır. Bizə görə,
reallıqda Mifdən Yazıya keçid-zad lazım deyil. Qoy
Mif öz mifliyində, Yazı da yazılığında
qalsın. Sadəcə, baxış bucağını dəyişmək
lazımdır və yaxud Oyunun teatrallığı və
dramatizmini bir az da artırmaq üçün, məsələn,
Troya atını başıaşağı qoymaq
lazımdır. Onda Laokoonun taxta atı nizələməsi səhnəsi
çox gülməli görünəcək və həm də
onun üzərindən "inamsızlıq simvolu"
damğası götürüləcək. Hələ kəşf
olunan bürclərdən biri də onun adıyla adlandırılacaq:
Laokoon bürcü.
Nə
Basat, nə Təpəgöz, nə Qazan xan, nə
Banuçiçək, nə Beyrək, nə də
başqaları ölüb eləməyiblər, bizim
aramızda - Bakıda, Moskvada, kənddə, qəsəbədədirlər.
Və günlərin bir günü qəfildən sevgiliniz:
"- Qara başım qurban olsun sənə...", - desə,
diksinib eləməyəsiniz...
Zənnimizcə,
yazı tamamlandı, bununçün qırxıncı
qapıdan içəri keçib son nöqtəni qoymaq və
yaxud mətnin işıqlarını söndürmək
lazımdır. Amma qapı nəinki mənə, heç
xırda bir nöqtəyə, vergülə, nidaya da
açılmır. Səbəb aşağıdakı
cümlələri deməməyimdir; 1. Müəllif yeni
romanı ilə göstərir ki, yazı sənəti
çox mürəkkəb, qəliz, ziqzaqlı bir prosesdir. O
qədər fərdi və intimdir ki, özünü hər kəsdə
bir cür təzahür etdirir. Bu sənət haqqında guya
öz şəxsi təcrübəni paylaşmaq və soyuq
mühakimələr irəli sürmək, ən yumşaq
halda, besteller mərəzinə tutulub, popolizmə hesablanan
riyakarlıqdan başqa bir şey deyildir. 2. Kamal Abdulla yeni,
orijinal bir variant irəli sürür; Yazı haqda monoton, quru,
statik faktlarla danışmaq yox, bu prosesin son dərəcə
dinamik, qeyri-stabil, "diskomfort" mahiyyətini açıb
göstərmək lazımdır. Necə ki, o, kanonları
dağıdıb, bütün zamanları süngər kimi
öz daxilinə çəkib "indi"yə çevirən
özünəməxsus Vird üslubu ilə bunlara nail olur və
nəsrimizdə tamamilə yeni olan bədii-fəlsəfi,
"şıltaq" "romanabənzər"lə bizi
üz-üzə qoyur...
Mehman QARAXANOĞLU
525-ci qəzet.-
2021.- 8 may.- S.12-13.