"Ariflərdən sordum dünya əhvalın..."
Güneyli el şairi Hacı Əbdülrəhman
Təyyar Katiblə gğrüşümün unudulmaz tarixçəsi.
Sənətşünaslıq
elmləri doktoru, professor, Bakı Musiqi Akademiyasının və
Qaziantep Universiteti Türk Musiqisi Dövlət
Konservatoriyasının müəllimi
Qüdrətli şairlərin məna dolu, hikmətlə
zəngin şeirləri barədə xalqımız, haqlı
olaraq, "Söz sərhəd tanımır" deyib və
belə söz sahiblərini hər zaman uca tutub.
İranın Xoy mahalından olan, Qarapapaq türklərinin
məskunlaşdıqları Sulduz diyarını da əhatə
edən aşıqların repertuarında möhtəşəm
sözləri ilə hələ sağlığında
geniş yer tutan, xalqın hüsn-rəğbətini
qazanmış bu kimi azman ustadlardan biri də Qədim Urum
elinin Qulunçu köyündə yaşayıb. İranın
sazlı-sözlü bin-bərəkətli Qərbi Azərbaycan
diyarından Hacı Əbdülrəhman Təyyar Katib kimi pərvazlanıb
və beləcə də tanınıb o sənətkar.
Bu pirani-nurani şairin adını ilk dəfə
1993-cü ilin mart ayında Urmiya aşıq məktəbinin nəhəng
ustadı Məhəmmədhüseyn Dehqanın dilindən
eşitdim. O günlər yaxşı xatirimdədir. Aşıq Dehqanın Azərbaycanın başkəndində
müsafir olduğu vaxt, Bakıda Şəhriyar günləri
keçirilirdi. Bu münasibətlə də
İrandan çoxsayda rəsmi hökumət nümayəndələri
təşrif gətirmişdi. Bu tədbirlərin biri
Müslüm Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasında gerçəkləşmişdi.
Mən fürsəti qaçırmayıb
Aşıq Dehqanın bu əlamətdar günə sazımla
(Aşıq Dehqan Bakıya sazsız gəldiyi
üçün mən öz sazımı müvəqqəti
olaraq çalıb söyləməsi üçün
ustadın ixtiyarına vermişdim) rəng qatması
üçün törənin təşkilatçılarından
izn aldım. Sonucda ustad aşıq Dehqan
öz çıxışı ilə mərasimi daha da şərəfləndirdi.
Səhnədəki çıxışı bitdikdən sonra
ustad sənətkar səhnənin arxasına gəlib mənə
belə dedi: "İranda Məhəmmədhüseyn Şəhriyar
kimi elə qüdrətli şairlər var ki, hələ də
onların adını kimsə duymamış, məna
yüklü, müdrik ruhlu sözlərini bəlkə də
çox az insan eşitmişdir". Bu sözdən heyrətləndiyim
üçün Aşıq Dehqana belə dedim: "Ay ustad,
dediyin şairlərin adlarını siz söyləyin, biz də
bilək". Bu sözün cavabında Şair
Məhəmmədəli Purazərin və Hacı
Əbdülrəhman Katibin isimlərini ilk dəfə
Aşıq Dehqanın dilindən eşitdim. Bu şairlərdən ilki ilə olan
tanışlığım 1999-cu ildə Təbrizdə ikən
Urmiyaya Aşıq Dehqanla görüşməyə getdiyim
zaman gerçəkləşdi. Ustadın
vasitəçiliyi ilə şair Məhəmmədəli
Purazərlə görüşüb həyatı və
yaradıcılığı barədə bəzi məlumatlar
aldım. Sonra ədəbiyyatçı alim professor
Əli Qafqaziyalı bu şair haqda məlumata Ərzurumda
Atatürk Universitetinin yayınlatmış olduğu altı
cildlik "İran-Türk ədəbiyyatı antalojisi"
adlı qiymətli kitabında da yer ayırdı.
Aşıq Dehqanla Urmiyada görüşdüyüm
zaman Sulduz mahalının Fərruxzad köyünə bir toya
dəvət aldı.
Görüşümüzdən istifadə edib məni
də özüylə həmin düyünə bir müsafir
olaraq apardı. Gecənin bir məqamında ustad Dehqan bu
günədək heç kimdən eşitmədiyim bir
şeirlə məni heyrətə saldı. Qələm
çıxarıb cəld iki misranı dəftərçəmə
qeyd etdim ki, ağlımdan çıxmasın: "Haram maldan
ehsan olmaz səxavət də yalandır, Gər könüldə
rəhm olmasa, ibadət də yalandır". Bu
misraların kimə aid olduğunu toy şənliyinin
sabahı aşıq Dehqandan sorduğum zaman Əbdülrəhman
Təyyar Dədə Katibə aid olduğunu öyrəndim.
Divani olaraq yazılmış bu şeiri,
Aşıq Dehqanı yormamaq üçün, onun istedadlı
çırağı (şagirdi) Əli Qarağacıdan tam
halında yazıb götürdüm.
Könül
nəfsi öldürməmiş
riyazət də yalandır,
Haram
maldan ehsan olmaz,
səxavət də yalandır.
Bir
insanın ki,
zatında gər ləyaqət olmasa,
Dədə,
baba sultan ola,
nəcabət də yalandır.
Bir ay
oruc, beş vaxt namaz,
əldə təsbeh, səccadə,
Gecə-gündüz
zikr edəsən,
Həccə getsən piyadə.
Şeytana
yüz daş atasan,
qurban kəssən
Minada,
Gər
könüldə rəhm olmasa,
ibadət də
yalandır.
Cavanlara təlim
eylə,
böyüklərə ehtiram,
Yoxsulların
halın yoxla, düşkünlərə (qocalara) ver salam,
Yaradana
qulluq eylə,
xalqa
xidmət vəssalam,
Əgər
qəsdin şöhrət olsa,
o xidmət
də yalandır.
Dədə
Katib, işlə,
çalış nə qədər var ixtiyar,
İşləyərsən
el içində olar sənə iftixar,
Gərçi
ruzi müqərrərdi,
amma hərfi
aşikar,
İşləməsən
ruzi yetməz,
o qismət
də yalandır.
2004-cü ildə Xoy mahalının aşıqları
ilə görüşmək həvəsilə avqust
ayında İrana getdim. Çox sayda aşıqlarla
görüşüb söhbət etdim, çalıb
oxumalarını dinlədim. Mənə məlum
oldu ki, bu diyarın da aşıqları repertuarlarında Dədə
Katibin sözlərinə geniş yer ayırmışlar.
Ustadnamə ruhlu qiymətli şerlərini dinlədikcə
Dədə Katiblə görüşmək istəyim daha da
artırdı. Nəhayət ürəyimdəki
bu arzmu əslən Səlmaslı olan Aşıq Mənəf
Mahmudoğluna söylədim.
Nəhayət, 11 illik arzuma Aşıq Mənəfin
yardımı ilə çatmış oldum. Aşıq Mənəf
öz şəxsi avtomobili ilə məni Xoydan Urmiyanın
Qulunçu köyünə, 85 yaşlı, nurani
çöhrəli Dədə Katib ocağına apardı.
Əlamətdar olan həmin gün Dədə
Katiblə görüşmək şərəfi mənə
Ərzurumlu Cimşid Erol oğlu Gürlə birgə nəsib
oldu.
Görüş zamanı çox suallarıma
aydınlıq gətirdim. Söhbət
sırasında məndən göyçəli Aşıq
Ələsgər haqda sorduğunda anladım ki, uzun məsafə
olmasına rəğmən, Dədə Katib də Dədə
Ələsgər yaradıcılığına, şeirinə
bələddi. Sualına belə cavab verdim: "Ay ustad,
1986-cı ilin iyul ayında Göyçə mahalında
Türk dünyasının böyük saz-söz ustadı
Aşıq Ələsgərin məzarını ziyarət
edib, ocağında qonaq olmağı, şükürlər
olsun ki, Allahım mənə nəsib edib".
Hər zaman özümü bəxtəvər sanıram
ki, Dədə adında Dədə Qorqudun adını
duymuş olmaqla, aşıqlar arasında Dədə Ələsgərin
məzarını ziyarət etmişəm. Eləcə də
canlı olaraq yaxından Dədə Şəmşiri Cəmil
Əkbər ocağında müsafir olduğu zaman evimizdə
görmüşəm.
Dədə
Şəmşir, İlqar İmamverdiyev, Cəmil Əkbər.
1970-ci il. Gəncə
Bu uca adı almağa haqq qazanmış Dədə
Katibi isə Qulunçu kəndində öz ocağında
ziyarət edib səsini, nəfəsini duymuş
varlığını görmüş oldum.
Ömrümə yazılan bu
görüşümüzdən öyrəndim ki, hafizi-Quran
olan, "İncili sədəf" şeir kitabının
müəllifi, qaynar təbli bu şəxs müxtəlif dillərdə
şeirlər yaradıb. Bu müdrik insanın ərəb və
kürd dillərinin iki ləhcəsini, farscanı,
osmanlıcanı, o cümlədən, ana dilimiz Azərbaycan
türkcəsini mükəmməl bilməsi onun həm də
alim olmasından xəbər verirdi. Bu
unudulmaz görüşümüzü fürsət bilib Dədə
Katibin bir neçə şeirini xalqımıza
çatdırmaq məqsədilə maqnitofona yazdım.
Bu mübarək Ramazan ayında dəyərli
oxucularımızın marağına səbəb
olacağını nəzərə alıb, Hacı
Əbdülrəhman Təyyar Dədə Katibin ruhuna fatihə
verməklə, bizlərə əmanət olan dörd
şeirini, "525-ci qəzet"in oxucularının
timsalında, bütün xalqımıza ərməğan
edirəm.
DEDİLƏR
Ariflərdən
sordum dünya əhvalın,
Azad quşa bir qəfəsdi, dedilər.
Ömrün
etibarın sual eylədim,
Getdi, gəlməz, bir nəfəsdi, dedilər.
Dedim, bir
sərmayə, bir də səadət,
Dedilər, xoş əxlaq, bir də qənaət.
Dedim,
şöhrət üçün olsa ibadət,
Abid deyil, pulhəvəsdi, dedilər.
Dedim,
dünya malı? Dedilər, ibrət,
Dedim, bəs
cavanlıq? Dedilər, fürsət.
Dedim ki,
qocalıq? Dedilər, həsrət,
Ömrün payız yeli əsdi, dedilər.
Dədə
Katib, qəmli halın qəm əkə,
Qəm xırmanın qəm anbara, qəm tökə.
Ömrün
süfrəsindən bir neçə tikə,
Yedim, doymamışdım, bəsdi, dedilər.
VƏSSALAM
Dəli
könül, məndən sənə vəsiyyət,
Ədəbsizdən insan olmaz, vəssalam.
Qırtlaqsız
boğazda, bir hərzə dildə,
Həyasızda iman olmaz, vəssalam.
Çalışıb
tər tökən ər, olmaz möhtac,
Haqqına
qane ol, nəfsə vermə bac.
Bir
sınıq könül yap, eylə sən merac,
Könül qıran xəndan olmaz, vəssalam.
Neçə
sözüm vardır, deyim qanasan,
Qorxaq ilə
yoldaş olma, yanasan,
Şoran
yerdə heç vaxt əkmə danə sən,
Şor torpaqda bostan olmaz, vəssalam.
Dədə
Katib, heç vaxt haqqı buraxma,
Doğru
get izini, yolundan çıxma,
Batil piruz
(qalib) olmaz, ürəyin sıxma,
Haqq aydındır, pünhan olmaz, vəssalam.
DANIŞMAZ
Haram
nütfələrdən vücud olanlar,
Dili doğru dönməz, düz söz danışmaz.
Bir
insanın şübhə olsa zatında,
Üç-dörd üzlü olar, bir üz
danışmaz.
Xalqın
ehsanını bilməyən insan,
Xalqın yaxşılığın heç bilməz,
inan.
Söz gəzdirib,
ara qatıb, iş pozan
Fəsad salar sülhə, dürüst danışmaz.
Hərzə
dillər hər nə deyər, utanmaz,
Həya
getsə, iman qərar tutammaz,
Pul-məqam
keflisi xeyir-şər qanmaz,
Puldan deyər, ayrı bir söz danışmaz.
Dədə
Katib, könlün nasaza bənzər,
Nə
qışım bəllidi, nə yaza bənzər,
Nanəcib
insanlar o saza bənzər,
Qulağın burmasan, o, düz danışmaz.
TAMAŞA
Beş
gün yaz-bahara aldanan insan,
Yazın getsə, qışındadı tamaşa.
Məğrur
olub quruluqda at qovan,
Bataqlara düşəndədi tamaşa.
Zaman
dönər, hər vaxt bu gün olammaz,
Qocalığa
loğman çarə bulammaz,
Sinnin
keçər, qan damarda dolanmaz,
Ayaqların şişəndədi tamaşa.
Güvənmə
gücünə, bükülər belin,
Tükənər
ayların, qurtarar ilin,
Tökülər
dişlərin, düz deməz dilin,
Pəltək vurub çaşandadı tamaşa.
Dədə
Katib, gülüstanın solanda,
Haqq sahibi
əmanətin alanda,
Cansız
cəsəd torpaq altda qalanda,
Yerqurdları deşəndədi, tamaşa.
İlqar CƏMİLOĞLU İMAMVERDİYEV
525-ci qəzet.- 2021.- 8 may.- S.14;15.