Fırtınalı əsrin vizual hekayəti
- Qulu Məhərrəmlinin qeydləri
İctimai
TV-nın “XX yüzillik.
Faktlar,Hadisələr və İnsanlar”
lahihəsi haqqında qeydlər
Telekanallardan
giley-güzarların çoxaldığı bir vaxtda ekranda
diqqəti cəlb edib marağa səbəb olan hansısa
yaxşı verilişi görmək adamı az
qala riqqətə gətirir. Aktual mövzu,
dramatizmi təmin edən rejissor işi,
tamaşaçını cəlb edən peşəkar
aparıcı, fərqli rakursları göstərən operator
ustalığı, zövqoxşayan bədii tərtibat - indi bunların
hamısını özündə birləşdirən
televiziya verilişinə az-az rast gəlmək olur.
"Niyə belədir" sualının yüz cavabı ola bilər, amma bu məsələdə
televiziyaçılar üç məqam üzərində
dayanırlar: yaradıcı menecment, maliyyə və peşəkarlıq.
Bunları birləşdirə bilən
bacarıqlı prodüser varsa, televiziya auditoriyaya davamlı
keyfiyyətli verilişlər təqdim edə bilir. Hazırda İctimai televiziyada yayımlanan və
tamaşaçı auditoriyasının xeyli hissəsinin diqqətini
özünə cəlb etmiş "XX yüzillik.
Faktlar, hadisələr və insanlar" telelayihəsinin məhz dediyimiz şərt və
bacarıqların sayəsində meydana çıxması
şübhə doğurmur.
***
"Nə,
harada, nə vaxt" verilişindən bacarıqlı
prodüser və intellektual kimi tanınan Balakişi Qasımov
İTV-yə rəhbərlik edəndən bu yana
adı çəkilən layihə onun ilk uğuru deyil. Bəlli
tamaşaçı kütləsinin baxdığı
"Diqqət mərkəzi", "3 D",
"Pressinq", "Sabaha saxlamayaq", "Fatehin
divanı", "Nübarlı bağ", "Dikdaban"
və s. proqramlar İctimai televiziyada yeni səhifənin
uğurlu başlanğıcı kimi qiymətləndirilə
bilər. Haqqında
danışdığımız "XX yüzillik" isə
tamamilə başqa cəhətdən diqqəti cəlb edir.
Bu proqramda ifadə olunan gözəl niyyət,
onun peşəkarlıq səviyyəsi, sərf olunan
yaradıcı enerji və maddi vəsait, verilişin
auditoriyada doğurduğu maraq, ictimai düşüncəyə
və tamaşaçıya verdiyi fayda - bunların
hamısı təkcə yaradıcı qrupun deyil, ümumən
telekanalın özünün yüksək intellektual səviyyəsinin
və gücünün göstəricisidir.
Əlbəttə, veriliş ilk növbədə
mövzusu və bu mövzunun yüksək bədii-estetik
formada çatdırılması ilə diqqəti cəkir. Verilişin
rejissoru Elçin Qasımovun proqram üzərində
yaradıcı işi təqdirə layiqdir. Onun yüz il əvvəlin dramatik hadisələrini
canlandırmaq üçün tapdığı vizual
üsullar, istifadə etdiyi qrafik priyomlar proqramı xeyli
baxımlı edir. Rejissorun rəhbərlik etdiyi
yaradıcı və texniki heyətin veriliş üzərində
ciddi işlədiyi, verilişin dinamik olması
üçün hansı əziyyətlərə
qatlaşmaları dərhal görünür. Burada operatorun və
montaj rejissorunun (heyif ki sonda proqramı hazırlayanların
adları verilmir) fədakar işini qeyd etməmək olmur.
Belə səviyyəli proqrama kanalın
icraçı direktor B.Qasımovun özünün
prodüserlik etməsinə heç təəccüblənmədim.
***
İndiki həssas bir dövrdə İTV-nin tarixə
müraciəti çox önəmlidir. Çünki
tarix təkcə keçmişlərin təcrübəsi,
düşüncə qaynağı və gənclər
üçün müdriklik dərsi deyil, həm də ibrətdir.
Bu mənada adını çəkdiyimiz layihənin XX əsrin əvvəllərini
fokusa gətirməyi çox önəmlidir. Həmin illər
Azərbaycan üçün bütün sahələrdə - ictimai-siyasi həyatda,
iqtisadiyyatda, ədəbiyyat və publisistikada, mətbuatda,
teatr və musiqidə sözün əsl mənasında
intibah dövrüdür.
Təbii
ki, bu intibaha
Bakıda XIX əsrin sonlarından başlanan neft
bumu təkan vermişdi. Abşeron
yarımadasındakı neft fontanlarına görə buraya rus
və xarici kapitalın sürətli axını
başlanmışdı. "Nobel qardaşları",
"Rotşild", "Şell", "Oyl" kimi məşhur
şirkətlər bu neftin hesabına milyonlar qazanırdı.
Avropa qəzetləri Bakı neftindən
yazırdı. 1901-ci ildə dünyada
çıxarılan neftin təxminən 52 faizi Rusiyanın
payına düşürdü ki, bunun da 95 faizini Bakı
verirdi. Həmin dövrdə ən uzun olan
829 verstlik neft kəməri də məhz Bakıdan Batuma
çəkilmişdir. Bakıda 171 neft
şirkəti çalışırdı.
İqtisadiyyatdakı yüksəliş ictimai-iqtisadi və
mədəni həyatda köklü dəyişikliklərə
gətirib çıxara bilmişdi. Ən
başlıcası, müstəmləkə
asılılığı şəraitində olsa da, milli
burjuaziya təşəkkül tapmışdı.
Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi
Əsədullayev, Murtuza Muxtarov, Zəfər və Qurban Babayev
qardaşları, Qasım bəy Səlimbəyov, Ağa Aşurbəyov və
başqa sahibkarlar ortaya çıxmışdılar.
Onların ayıq düşünənləri xarici ölkələrə səfərləri
zamanı yəqin edirdilər ki, Azərbaycanın geriliyinin
bir səbəbi də milli kadrların olmamasıdır. Buna görə də milyonçular milli mədəniyyətin
inkişafına, təhsilə və mətbuata kapital
yatırmağa başladılar. Həmin sahələrin inkişafı
yavaş-yavaş milli oyanışa ciddi təkan verirdi. Milli şüurun oyanışı isə öz
növbəsində milli məsələni tədricən cəmiyyət
həyatının əsas probleminə çevirirdi.
Bu hadisələrin hamısı İTV ekranında cazibədar
vizual formada nəql olunur. Xalqı intibaha aparan həmin
mürəkkəb proseslər 1901-ci ildən başlayaraq ilbəil
- xronoloji ardıcıllıqla təqdim olunur. Belə yanaşma ekran qarşısında əyləşmiş
tamaşaçıya mənzərəni dolğun görməyə
imkan verir.
Verilişdə səsləndirilən hər bir cümlənin,
hər faktın konkret mənbəyi var. Məlumatlar o
dövrün qəzetlərindən götürülür. Mənbə kimi əsasən "Kaspi" qəzetinə
müraciət olunur, amma ekranda "Baku" və
"Bakinskoe exo" qəzetlərinin yazdıqları da
canlandırılır. Bu materialları
seçmək, heç şübhəsiz ki, veriliş müəlliflərindən
yüksək intellekt və duyum tələb edir. Bu veriliş bir daha xatırladır ki, qəzetlər
cəmiyyətin güzgüsüdür və həm də
dövrün-zamanın saniyə əqrəbləridir. Məsələn, bu qəzetləri oxuyarkən
bilirik ki, 1901-ci ildə Ağ şəhər rayonunda Xəzər-Qara
Dəniz Cəmiyyətinin anbarlarında baş verən
yanğında 16 nəfər həlak olub. Alman mühəndisi Uilyam Lindley şəhərə
su çəkmək üçün Bakıya dəvət
edilib. Tağıyevin qız məktəbinin
təntənəli açılışı olub. Bakıya ilk avtomobil gətirilib. Şəhərə
rentgen aparatı gətirilib, Tağıyev teatrında
"Hamlet" və Dağılan tifaq" tamaşaları
oynanılıb və s.
"XX yüzillik. Faktlar, hadisələr və insanlar" sənədli-araşdırma
verilişi bütün bu hadisələri ekrana gətirərək
o günlərin vizual mənzərəsini yaradır. Burada elə hadisələr var ki, veriliş boyu
maraqla izlənir. Məsələn,
Bakıya Şollar suyunun çəkilməsi bu tarixdən bir
xətt kimi keçir. Hər il nə
iş görülüb, hansı müzakirələr,
mübahisələr aparılıb, hətta nəyin
üstündə davalar olubsa, hamısı ekranda
canlandırılır. Yeri gəlmişkən
deyək ki, burada istifadə olunan qrafik elementlər
verilişin qayəsini və hadisələrin mahiyyətini
çatdırmaqda yaradıcı heyətə çox kömək
edir.
Verilişin bir matraqlı məqamı da bu dövr tarixi
ilə bağlı olan əfsanə, şayiə və
uydurmalara aydınlıq gətirməsidir. Məsələn,
aydın olur ki, Şollar suyu Bakıya Tağıyevin pulu ilə
çəkilməyib. Milyoner Musa
Nağıyevin girov götürülməsində Stalinin əli
olmayıb. Yaxud Bakıya ilk avtomobili nə
Tağıyev gətirib, nə Hacınski, bu işi 1901-ci ildə
hansısa sabiq polis məmuru görüb və s.
Verilişdə müəyyən tarixi paralellərin
verilməsi də çox təqdirəlayiqdir. Məsələn,
1905-1906-cı il qırğınları. 1988-1990 hadisələri. O vaxt da hökumət
Şeyxülislamı qabağa verib, barışıq
üçün, 90-cı illərdə də eynən. O vaxt
da bizə deyiblər milli münasibəti
qızışdırmamaq üçün dostluqdan yazın qəzetlərdə,
90-cı illərdə də! Onda da biz buna əməl
etmişik, ermənilər yox! O vaxt Peterburq qəzetləri
günahı müsəlmanlarda görüb, 90-cı illərdə
də Moskva qəzetləri və s.
***
Haqqında
danışdığımız "XX yüzillik"
verilişinin bir uğuru da, heç şübhəsiz ki, onun
aparıcısı,
tanınmış publisist Müsəllim Həsənovla
bağlıdır. M.Həsənov təkcə
peşəkar jurnalist deyil, həm də elmi təfəkkürü
olan istedadlı tədqiqatçı və gözəl qələm
sahibidir. Əvvəllər qəzetdə
çalışıb, çox aktual mövzuda məqalələri
var. Son dövrlərdə isə onun qələmindən bir
çox sənədli-publisistik kitablar çıxıb.
"Qərib məzarlar. Fransa",
"NOBELLƏR neft, milyonçular və qoçular şəhərində"
kimi oxunaqlı
kitablar məhz M.Həsənovun
araşdırmalarının məhsuludur.
Televiziya onun yaradıcılığının başqa
bir cəhətini - gerçəyi dəmir məntiq,
xüsusi aparıcı məharəti və parlaq nitqlə
çatdırmaq istedadını üzə
çıxarıb. Mən ilk dəfə onu Lider TV-də
verilişlər aparan görmüşdüm. İTV-də diqqətimi daha çox cəlb edib.
"Bakı vaxtı" ilə silsiləsi onun
təqdimatında çox maraqla qarşılanırdı. İctimai TV-də ekrana
çıxmış "Yelenendorfdan… Göygölə
qədər", "Deportasiya. 1948-ci ilin soyuq
qışı" sənədli proqramlarının, eləcə
də həmin TV-də efirə getmiş
F.Axundov, M.Ə.Sabir, Mirzə İbrahimov və b.
dühalar haqqında hazırladığı portret
verilişlərin də müəllifi və
aparıcısı M.Həsənov olub. Elə buradaca mütləq
xatırlamaq lazım gəlir ki,
Bakı Media Mərkəzində istehsal olunmuş
"Əbədi ezamiyyət"
(2016) və "Son iclas"
(2018) filmlərinin də ssenarisi Müsəllim Həsənovun
qələmindən çıxmışdır. Yəni televiziya publisistikası və ekran aparıcılığı
sahəsində bu qədər nailiyyətləri olan bir
istedadlı müəllifin "XX yüzillik. Faktlar, hadisələr və insanlar" layihəsinə
dəvət olunması çox uğurlu seçimdir.
M.Həsənov bu verilişi çox məharətlə
aparır, hadisələri, sanki görürmüş kimi nəql
edir, nüanslar dəqiq qabardır, ən başlıcası
odur ki, tamaşaçıları inandıra bilir. Tamaşaçılar
bu verilişə həm də, məhz aparıcıya
inandıqlarına, onun ciddiliyinə və intellektual səviyyəsinə
görə baxırlar.
***
Vaxtilə mən AzTV-də "Müəllif
proqramları" departamentində çalışarkən
"XX əsr insanların taleyində" adlı, təxminən
50 nəfərin çəkiləcəyi bir telelayihə
düşünüb, sinopsisini hazırlamışdım.
Fikrimi diplomat dostumuz və fədakar tədqiqiatçı
Ramiz Abutalıbova bildirdim, çünki onu da çəkmək
istəyirdim. İdeyanı çox bəyəndi, amma bunun
maddi baxımdan çox ağır iş olduğunu dedi. Misal gətirdi ki, Rüstəm İbrahimbəyov da təxminən
bu mövzuda sənədli filmlər silsiləsi etmək istəyirdi,
hətta maliyyə üçün UNESCO-ya müraciət
etmişdi, təəssüf ki, o layihə alınmadı. Mən
o vaxt işimi bildim və bu layihənin arxasında dayanan təşkilati
və maliyyə işlərinin miqyasına görə daha o
mövzuya qayıtmadım. Ona görə də bu gün
İTV ekranlarında XX əsr kimi mürəkkəb və
fırtınalı bir dövrün vizual hekayətini görəndə
çox sevindim. Yəni düşünmək və danışmaq
bir başqa işdir, ideyanı bacarıqla gerçəkləşdirmək
isə tamam başqa. Ona görə də bu gərəkli
layihə ilə İctimai TV-nin Azərbaycanda televiziya
düşüncəsinə ciddi töhfə verməsi qənaətindəyəm..
Məhərrəmli
Qulu
525-ci qəzet.- 2021.- 9 may.- S.8.