"Heydər
Əliyevin media dərsləri: jurnalistikaya böyük
töhfə
Azərbaycan Mətbuat Şurasının sədri,
Əməkdar jurnalist Əflatun Amaşovun media sahəsində
gördüyü işləri sadalamağa ehtiyac yoxdur.
Düşünürəm ki, bu, xalqımıza kifayət
qədər məlumdur. Əflatun Amaşovun jurnalistikamızın
inkişafı naminə atdığı ən uğurlu
addımlardan biri də ötən il
"Heydər Əliyevin media dərsləri" adlı
kitabı nəşr etdirməsi oldu. Vaxtilə
"Respublika" qəzetinin baş redaktoru olan görkəmli
jurnalist Teymur Əhmədov 2003-cü ildə dörd cildlik
"Heydər Əliyev və mətbuat" kitabını ərsəyə
gətirmişdi. O vaxtdan 18 il
ötüb. Həmin məsələyə
müasir jurnalistikanın gözü ilə baxmaq mütləq
idi. Jurnalist olmağa çalışan tələbələr
üçün də yeni nəşr vacib amildir. Teymur Əhmədov o kitabı ərsəyə gətirməklə,
əlbəttə, çox böyük işə imza
atmışdı. Amma indi informasiya qəbul
etməyə çalışan nəsil daha lakonik və yeni
nəfəsli məlumatlar toplusu aruzusundadır. Bu baxımdan, Ümummilli lider Heydər Əliyevin
media ilə əlaqələri barədə yeni nəşrin
hazırlanması çox zəruri idi və Əflatun müəllim,
sözün əsl mənasında, bu çox vacib,
sanballı nəşri meydana gətirdi, son dərəcə dəyərli
işə imza atdı. Digər tərəfdən,
kitabın ədəbiyyat siyahısı çox zəngindir və
bu da dərin araşdırmadan xəbər verir.
"Heydər Əliyevin media dərsləri"
kitabı "Giriş"dən və on bir dərsdən
(hissədən) ibarətdir. Kitabda müstəqillikdən
əvvəlki və sonrakı illərdə Heydər
Əliyevin mətbuatla əlaqəsi barədə ən
maraqlı məqamlar oxuculara təqdim olunur. Ən maraqlısı odur ki, bu təqdimat media dərsləri,
bir növ, təlimlər şəklində öz əksini
tapır. Bütün dərslərdə
"Heydər Əliyev və jurnalistika" kontekstində
"peşəkar media işçisi necə
olmalıdır" sualına cavab axtarılır və dərslərdən
alınan nəticə oxucunu düzgün istiqamətə
yönləndirir. Məhz kitabın
bölmələrinin "hissə" yox, "dərs"
adlandırılması bu nöqteyi-nəzərdən
heç də təsadüfi deyil.
"Kitaba niyə bu başlığı
seçdik" adlı giriş hissədə Əflatun
Amaşov dərsliyin əsas istiqaməti, mövzuların
ümumi predmeti və ana xətti barədə öz fikirlərini
oxucularla bölüşür. Xüsusilə, niyə
məhz bu adın seçilməsi barədə əsaslı
arqumentlər göstərir, ümumi aspektdə medianın
inkişafının bünövrəsini məhz Heydər
Əliyevlə əlaqələndirir. Müəllif qeyd
edir ki, Ümummilli lideri fərqləndirən məqam onun mətbuata
spesifik yanaşması idi: "Bütün tədbirlərində,
görüşlərində, nitqlərində, müsahibələrində,
sinədəftər çıxışları,
cilalanmış fikirləri, cümlələri ilə dinləyicilərin,
həmçinin, qələm əhlinin diqqətini
özünə çəkən Heydər Əliyev fenomeninin
dərslər üçün mövzu vermədiyi sahə
yoxdur. Onu özündən əvvəl Azərbaycana
rəhbərlik etmiş şəxslərdən əsaslı
fərqləndirən başlıca xüsusiyyətlərdən
biri məhz bu cəhətdən də nəzərəçarpacaq
üstünlüyüdür".
Birinci dərs
belə adlanır: "Sovetlər dönəmi Azərbaycan
mediası - rəhbər istəyi, iradəsi,
qayğısı inkişafın başlıca meyarı
kimi". Bu dərsdə Heydər Əliyevin
Sovet illərində jurnalistikamız naminə
gördüyü işlərdən bəhs olunur. Ulu öndərin həmin illərdəki fəaliyyətinin
təhlilindən əvvəl media sahəsində gördüyü
işlərin bəziləri nümunə kimi sadalanır.
Göstərilir ki, bu illər ərzində
kütləvi informasiya vasitələrində mövcud olan
problemlər həll edilib, milli ruh güclənib, bir sıra qələm
əhli dövrün amansız reallığından
qurtarılıb. Heydər Əliyev birinci
dəfə ölkə rəhbəri olana qədər mətbuatda
qadağan olunan imzalar yenidən parlamağa başlayıb.
KİV-in maddi-texniki bazalarının təkmilləşdirilməsi,
yeni peşəkar kadrların hazırlanması, mətbuat
işçilərinin maddi durumlarının
yaxşılaşdırılması naminə Heydər
Əliyev bir sıra mühüm işlərə imza atıb.
"Respublikanın Əməkdar Jurnalisti" fəxri
adı da bu dövrdə təsis edilir. Ə.Amaşov
Ümummilli liderin jurnalistlərə çox böyük dəyər
verdiyini vurğulayaraq yazır: "Heydər Əliyev dərsləri
göstərirdi ki, jurnalistə ümid və tələbkarlıqla
yanaşan hakimiyyət, cəmiyyət yaradıcı insana
sayğılı münasibət göstərməyə də
borcludur. Dövlət qayğısının təşkilati,
maddi və mənəvi sahələri əhatə etməsi təsirsiz
qalmırdı. Jurnalistin özünə,
sözünə ehtiramla yanaşan Ümummilli liderimiz
onları hər yerdə səbirlə dinləyir, arzu və təkliflərinə
sayğılı yanaşır, nitqləri,
çıxışları, mükafatları ilə qəlbləri
ələ alırdı".
"Qoy ədalət
zəfər çalsın, yaxud "Literaturnaya
qazeta"nın iki üzü" adlanan ikinci dərsdə
Antonina Qriqonun 1981-ci il noyabrın 18-də
Heydər Əliyevdən aldığı müsahibə təqdim
olunur. Bu, həm müsahibə verənlər, həm
də jurnalistlər üçün, həqiqətən,
ustad dərsidir. Heydər Əliyev Sovet
dövründə silsilə müsahibələr verib. Əflatun Amaşov isə bir zərgər həssaslığı
ilə məhz bu müsahibəni olduğu kimi kitabda təqdim
edib. Bütün suallara ustalıqla və
təmkinlə cavab verən Ulu öndər müsahibədə
respublikamızın həmin illərdəki orijinal mənzərəsini
yaradıb.
Heydər Əliyevin 1981-ci ildən sonraki fəaliyyət
illərini əhatə edən üçüncü dərs
"Moskva - İki təzadlı dövr, səbir, iradə dərsləri"
adlanır. Əslində, bu sərlövhə bütün dərsin
ümumi ifadəsidir. Ümumiyyətlə,
müəllif dərslərin adını o qədər dəqiqliklə
və xüsusi sərraflıqla qeyd edib ki, artıq mətləb
qismən oxucuya agah olur və dərsi mənimsəyə həvəsləndirir,
oxucu üçün maraq yaradır. Bu dərsin
qayəsi odur ki, böyük imperiyanın xoşagəlməz
tələblərinə, gərgin rejimə rəğmən
Heydər Əliyev hər zaman müdrik yanaşma tərzi ilə
fəaliyyət göstərib, media nümayəndələrini,
ümumən qələm adamlarını bacardığı
qədər təhlükədən qorumağa
çalışıb. Dərs xüsusən
xatirə-faktlara dayanır. Əflatun Amaşov
üçüncü dərsin sonunda belə bir abzas verir:
"Heydər Əliyev Moskvanı tərk edənədək
susmadı. Cavab haqqını tanımayanlar barədə tənqidi
fikirlərini cəmləyərək Sov.İKP MK-nın
1989-cu ilin aprel plenumunda səsləndirdi: "Bakıda və
Moskvada çalışarkən mən doğru-düzgün
və vicdanla işləmişəm, vaxtıma qənaət
etmədən işləmişəm, özümü
bütünlüklə işə sərf etmişəm, mənfi
hallara qarşı fəal mübarizə aparmışam və
nəticədə özümə çoxlu düşmən
qazanmışam, geniş ürək infarktı
keçirmişəm" ("Pravda" qəzeti, 27 aprel,
1989-cu il). Sitat təlqin edir
ki, oxucu da, qələm sahibi də cavab haqqının
tanınmasında israrlı olsun. Mən
bunu da Heydər Əliyevin media dərslərindən biri
sayıram".
Dördüncü dərs "Blokadalı
Naxçıvanda Heydər Əliyevin media dərsləri"
adlanır. Bu
dərsin ən mühüm məqamlarından biri budur:
"Ümummilli lider müsahibədə litvalı jurnalistlərin
iştirakına razılıq verməklə
Naxçıvanın mətbu blokadadan
çıxarılmasının təməlini qoydu". Heydər Əliyev Naxçıvana qədəm qoyan
gündən etibarən media ilə təmasları yaranır,
"Şərq qapısı" qəzetinə müsahibə
verməyə razılaşır. O müsahibədə
bir çox jurnalist iştirak edir, o cümlədən,
litvalı media nümayəndələri. Müəllif
xüsusi cəhət kimi qeyd edir ki, vətənə
dönüşünə qədər Heydər Əliyev barədə
mənfi mövqe tutanlar bu müsahibələrdən sonra
tamamən müsbət yönə dəyişdilər.
Ulu öndər Heydər Əliyev üçün hər
şeydən əvvəl, heç şübhəsiz, Vətən
anlayışı gəlirdi. Fəaliyyətinin
bütün illərində, hansı vəzifədə olur
olsun, ilk növbədə, xalqının taleyini
düşünürdü. Ona görə də,
Ə.Amaşov kitaba belə bir dərs də əlavə edib:
"Heydər Əliyevin jurnalistlər üçün vətənpərvərlik
dərsləri". Ümummilli lider xalqın
arzusu ilə Bakıya qayıtdıqdan sonra mütəmadi
televiziya vasitəsilə çıxışlar edirdi. Ulu öndər o çətin vəziyyətdə
xalqı yumruq kimi birləşdirməyi bacardı. Ordunun yenidən qurulması, müharibə
iştirakçılarına göstərilən xüsusi
qayğı xalqın rəhbərə olan sevgisini günbəgün
artırırdı. Onun bu illərdə hər
bir çıxışı hamı üçün,
xüsusən jurnalistlər üçün örnək idi.
"Xarici ölkələrin jurnalistləri
iştirakçıları olub - bizlərə də
faydası var" adlı altıncı dərs xüsusi əhəmiyyət
kəsb edir. Xarici KİV-lə əlaqə Heydər Əliyev
siyasətinin bir hissəsi idi. Bu dərsdə
jurnalistlərə dünya arenasına çıxmağın,
xarici media ilə əlaqənin əhəmiyyəti
aşılanır.
Yeddinci dərs
belə adlanır: "Ulu öndərin jurnalistlər
üçün yaradıcılıq dərsləri". Dərsdən çıxan əsas nəticə odur
ki, jurnalistlər yazı zamanı kreativ və məlumatlı
olmalıdırlar. Xüsusən müsahibə
hazırlayarkən suallara yaradıcı
yanaşmalıdırlar. Bu dərs Heydər
Əliyevin müxtəllif illərdə həm yerli, həm də
xarici mətbuatlara verdiyi müsahibələr fonunda izah olunur.
"Ulu öndərin jurnalistlər üçün dil,
nitq dərsləri publisistika müstəvisində"
adlı səkkizinci dərs Heydər Əliyevin ana dilimizə
verdiyi dəyərdən və bu barədə vacib bildiyi məqamlardan
bəhs edir. Müəllif Ulu öndərin bu barədə
sitatları əsasında vacib müddəaları qeyd edib.
"Həqiqət anı" televiziya proqramının
aparıcısı Andrey Karaulovla müsahibə" adlı doqquzuncu
dərs jurnalistlər üçün əsas praktiki dərslərdən
biridir. Burada bəzən jurnalist təhrif olunmuş faktlar səsləndirsə
də, Heydər Əliyev təmkinini qoruyaraq konkret arqumentlərlə
bütün sualları sərrast cavablandırır.
Onuncu dərsdə "Heydər Əliyevin jurnalistlər
üçün mənəviyyat dərsləri və etik
prinsiplər" öz əksini tapıb, jurnalistlərin
davranış məsələlərinə toxunulub. Heydər
Əliyev daima etik prinsiplərə önəm verən lider
olub və bunu daima ustalıqla təlqin edib. Əflatun Amaşov bu dərsdə peşə əxlaqının
peşə borcu ilə çox yaxın olduğunu bildirir.
Sonuncu dərs
belə adlanır: "Jurnalistlərin dostu olmağın Heydər
Əliyev dərsləri". Mətbuat nümayəndələri
Heydər Əliyevi çox sevirdilər. Çünki
Ulu öndər hər bir jurnalistə xüsusi hörmətlə
yanaşırdı və jurnalistlərin qəlbini
qırmırdı. Müəllif müxtəlif faktlarla
jurnalistlərlə dost olmağın yolunu Heydər Əliyev
yanaşması kontekstində göstərir. Ümummilli
lider, sözün əsl mənasında, jurnalistlərin
sevimli dostu idi...
"Heydər Əliyevin media dərsləri -
müsahibələr, yaşantılar fotolövhələrdə"
adlı hissədə Ulu öndərin müxtəlif illərdə
jurnalistlərin əhatəsində, müsahibələr
zamanı çəkilmiş şəkilləri yer alıb.
Nadir RZALI
525-ci qəzet.- 2021.-
9 may.- S.9.