"Efirdə azadlıqla anarxiyanı, səmimiyyətlə
özbaşınalığı qarışdırmaq olmaz
Bu gün
hər layihəsində tamaşaçısını
düşünüb, səviyyəli formada onların
qarşısına çıxmağı əsas meyar
götürən və izləyicisinə hörmət edən
azsaylı aparıcılar var. Müsahibimiz onlardan biri - "Mədəniyyət"
kanalının direktor müavini, tanınmış
aparıcı Bəhruz Niftəliyevdir.
- Uzun
müddətdir, televiziya sahəsindəsiniz və işin
içində olan biri kimi ən yaxşı tənqidi də,
tərifi də edə bilərsiniz. Sizcə,
hazırda ümumən telekanallarımızda vəziyyət
necədir?
- Mən
Azərbaycan televiziyası ilə bağlı 2014-cü ildən
araşdırmalar edirəm və elmi iş üzərində
işləyirəm. Keçən 6-7 ili
müqayisə etsək, həqiqətən bütöv Azərbaycan
teleməkanında inkişaf var. Çünki elə
nöqsanlar var idi ki, bu sahənin adamı deyil, bir
tamaşaçı kimi onlara baxdıca dəhşətə
gəlirdim. Araşdırdıqca, öyrəndikcə,
müqayisələr apardıqca dəhşətə gəlirdim
ki, 1956-cı ildən yaranan, böyük ənənəsi
olan Azərbaycan televiziyasının vəziyyəti
acınacaqlıdır. Bu gün nəzər
yetirəndə isə müəyyən mənada dəyişiklik,
irəliləyiş, inkişaf görürəm. İndi istər mövzu, istər məzmun
baxımından televiziyamızda tamaşaçının
baxa bildiyi verilişlər var. Desək ki, problemlər tamamilə
həll olunub, xeyr. Ümumiyyətlə,
iş olan yerdə qüsur olur. Televiziya yeganə
sahədir ki, nəinki cəmiyyətdəki eybəcərlikləri,
çatımazlıqları, həm də özündə
olan nüansları da özü ifşa edib göstərir.
Televiziya özü özünün
aynasıdır. Bu fikirlə də razı
deyiləm ki, bütövlükdə televiziya cəmiyyətin
arxasınca düşməli, nəyi istəyirsə, onunla
ayaqlaşmalıdır. Xeyr, əksinə,
mənim aləmimdə televiziya maarifləndirmə, informasiya
və əyləndirmə funksiyalarını özündə
biləşdirərək insanları inkişaf etdirməlidir.
Telekanallar həmin bu üç vəzifəsini
yerinə yetirməklə yanaşı, şəxslərin və
cəmiyyətin inkişafına nail olmalıdır.
İndi də müəyyən qüsurları göstərmək
olar, demirəm ki, göstərməyək, ancaq gözəlliklərdən
də danışaq. Amma cəmiyyət təkcə
dağılmış ailələr, cinayətlər, təhsildən
qaçan, elmə dırnaqarası yanaşan insanlardan ibarət
deyil. Bunları müəyyən qədər
göstərib, “sən belə olma” deyə bilərik, lakin təbliğ
etməməliyik. Təəssüf ki, bəzi
telekanallarımızda özləri də bilmədən bu
nüansları təbliğ edirlər. Acınacaqlı
vəziyyət budur. Düşünürəm
ki, zamanla bu da keçəcək.
- Sosial
şəbəkələrdə insanların telekanallara
qarşı kütləvi bir qınağının şahidi
oluruq. Necə düşünürsünüz,
bu tənqidlərin telekanallara təsiri və nəticəsi
olurmu?
-
Ümumiyyətlə? sosial şəbəkələr
təkcə telekanallara yox, bütün proseslərə öz
təsirini göstərir. Hansısa bir sahədə,
strukturda nə isə çatışmazlıq varsa və
bunu xalq olaraq dilə gətiririksə, nəticə hər
zaman olur. Çünki tənqid olunan sahə diqqət
çəkir və həmin yerdə iş aparılır. Bu sevindirici haldır. Bəli, televiziyaların
da inkişafında bu iradların, yazılan statusların həqiqətən
də rolu var. Nə gözəl, demək ki, sadə vətəndaşların
sözü eşidilir və meyar kimi dəyərləndirilir.
- Hesab
edirəm, Əməkdar jurnalist Flora xanım Xəlilzadə
ismi peşə seçimi və təcrübə baxımından
yararlanmağınıza təsir edə bilib. Bir ana-övlad
bağlarından savayı, Flora xanım sizin üçün daha
çox hansı obrazdır?
- O, bir
meyar, etalon, şəxsiyyət, jurnalist, xanım, ana, nənə,
vətəndaş - bütün bu sözləri deyə biləcəyim
insandır. Biz artıq ana-övlad münasibətindən daha
çox dost, sirdaşıq. Biz bir-birimizi
anlayır, duyuruq. Flora xanım mənim
üçün bir möcüzədir. İnsan nə qədər
yaxşı, bağışlayan, fədəkar ola bilər? O, mənim üçün həyat
və peşə məktəbimdir. Bəzən
özünə də sual edirəm. Onun
haqqında danışmaq Azərbaycan qadını haqda
söz deməkdir. Mən anama baxaraq
anlayıram ki, qadın kimdir, necə olmalıdır. Qadın evinin xanımı, işinin ağası
olmalıdır. Bütün çətinliklərə
baxmayaraq, övladlarına zaman ayırıb, sevgisini bildirməlidir.
Deyim ki, atam və anam hər ikisi çox
yaxşı, lakin bir-birinə zidd insanlardır. Onları mənəvi keyfiyyətlər birləşdirib.
Ümumiyyələ deyim ki, bizə valideynimiz
hansı peşəni seçəcəksən deyə məcbur
etmirdilər. Əksinə, hansı peşədə
olursansa ol, doğru insan ol deyirdilər. Mən
ADMİU-nun televiziya rejissorluğunu bitirdim. Çünki özümü bu sahədə
görürdüm və heç vaxt mən jurnalist olacam
demirdim. Deyirdim mən televiziyaçı
olacağam. Bizim evdə elə ab-hava vardı ki, o
mühit özü məni yetişdirib, hazır kadr kimi
televiziyaya verdi. Mən univesitetə
daxil olanda çox şeydən xəbərdar idim, sadəcə
orda daha sərbəst olmağı öyrəndim, səhnəni
hiss etdim. Lakin sözü anlamaq, onunla
işləməyi anama borcluyam. Ailəm mənim
üçün Allahın hədiyyəsi,
şansıdır. Atacağım hər
addımın kandarında onlar dayanır. Onların
övladı olmaq mənim üçün qürur və
xoş məsuliyyətdir.
- Loru dillə
desək, medianı mətbəxindən tutmuş,
görünən tərəfinə qədər hərtərəfli
bilirsiniz. Bir ümumiləşdirmə etsək,
bu sahənin əsas meyarı nədir?
- Bu, biraz
geniş sualdır. Baxır siz medianın
hansı sahəsini seçirsiniz. Ümumiləşdirsək,
zəhmətkeşlik əsas meyardı. Bu,
səndə özünəinam yaradır və uğur sənin
ovucunun içinə gəlir. Zəhmətkeşliyin
daxilində də inkişaf, öyrənmək, yorulmaqdan
yorulmamaq, əziyyət çəkməkdən zövq almaq
var. Bütün bu çətinliyi edə bilmək
üçün seçdiyin sahəni sevməlisən.
Sevməsən, heç nəyə nail ola
bilməyəcəksən. Bu sahədə
hansısa bir imzaya sahib olmaq istəyirsənsə,
sözünün və özünün qədrini bilməlisən,
sözü sevib dəyər verdikcə o, səni cilalayır.
Jurnalistika belədir ki, sən yazdıqca
inkişaf edirsən. Sən ideyalar aləmində
var-gəl etməlisən. Onları
gerçəkləşdirmək arzuna və məqsədinə
çevrilməlidir. Burada son mərtəbə
yoxdur, zirvələr çoxluğu var. Sən də zirvələri
qət etməlisən. Dayandınsa,
inkişaf etməyəcək, bu zaman da lazımsız
olacaqsan. Media daim dəyişir.
- Fərqli
layihələrlə izləyicilərinizin qarşısına
çıxırsınız. Bu dəfə
"O" gəldi. Bəs "O" necə yarandı?
- "O" əslində, çoxdan var idi və mənim
daxili dünyam idi. Özümü anlayandan mən elə
"o"yam. Biz sadəcə
"O"nun ekran həllin gətirdik. İdeya
olaraq, bəlkə də mənlə yaşıddı. Anladım ki, vaxt
yetişib və mən onu ekrana çıxarmalıyam.
"O"nu hamı tanımalı, bilməlidir. Layihənin əsas məqsədi insanlara "Biz
hamımız eyni səmanın altında, eyni günəşin
şəfəqlərinə oyanıb, qızınırıq.
Hamımız eyni dünyanın
insanlarıyıq. Fərqli
düşüncələrə malik olsaq da, dinimiz, irsimiz,
irqimiz ayrı olsa da, biz əslində, eyni evin sakinləriyik",
mesajını aşılamaqdır. Mənim
qonaqlarımın içində aktyor, xalq artisti, qazi, fiziki məhdudiyyətli
şəxslər və b. var. Hamısı mənim
üçün bir "o"dur və hekayələri ilə
biz cəmiyyətə sosial mesajlar ötürürük. Bütün çətinliklərə baxmayaraq, həyat
davam edir. Hər bir parlaqlığın pərdə
arxasında əziyyət var. Sənin özünə güvənin,
təmiz vicdanın və olmaq istədiyin yerə sevgin varsa, sən
qalib gələcəksən. Qaliblərinsə
yaraları tez sağalır.
- Yəqin
ki, gənclərlə işləmə imkanınız olur. Onlarda nə müşahidə edirsiniz?
- Onlarda həvəs
və iradə var. Biraz da səbr olsa, inanın ki hər gələn
yeni nəsil digərini ötə bilər. Yəqin
hər birimiz bizdən əvvəlki nəsillərə nisbətən
daha səbirsiz olub, hər şeyə tez çatmaq istəmişik.
Bu, həyatın qanunudur. Mən
həmişə deyirəm, insan addım-addım nələrisə
əldə edəndə onun dəyərini daha yaxşı
bilir və peşəkar olur. Televiziyada
işıqçılıqdan başlayıb, baş
rejissorluğa doğru yol qət edirsənsə, müxbirlikdən
başlayıb baş redaktorluğa çatırsansa, bu mərhələlərin
hər anından xəbərdar olursan. Bu,
peşəkarlıqdır. Çünki
peşəkarlıq tək savadla ölçülmür, təcrübə
də öz sözünü deyir. İnsanda
analitik düşüncə formalaşmalıdır. Bu düşüncənin də yaranmasını
özəyində o mərhələləri keçmək
durur. Çox istedadlı, həvəsli,
maraqlı, televiziyaya can atan, özgüvənli gənclər
var. İnsan özünə güvənməyəndə
qarşısındakılardan qorxur. Fərqi
yoxdur, yaşın neçədir.
- Bir
tamaşaçısı kimi teleməkanda nə
axtarırsınız?
- Bir
tamaşaçı kimi istər xəbərlərə, istər
digər proqramlara baxanda mən yalnız səmimiyyət
axtarışındayam. Bütün ekran işlərində,
digər yaradıcı sahələrdə də belədir.
Əgər səmimiyyət yoxdursa, 70-ci illərin
pafosu, yaxud sünilik varsa, o, tamaşaçını itələyəcək.
Eləcə də efirdə azadlıqla
anarxiyanı, səmimiyyətlə
özbaşınalığı qarışdırmaq olmaz.
Bəzi aparıcılarda bunlar var,
hamımız onları görürük. Amma
tamaşaçıların geri dönüşlərindəki
fərqlərə baxın. Tanınmaqla
sevilmək və qəbul olunmaq fərqli şeylərdir.
Hamı tanına bilər, ancaq bir də var ki, səni
sevsinlər, qəbul etsinlər, sözünə dəyər
versinlər. İnsan qəbul olunmağı
məqsəd qoymalıdır qarşısına. Sən televiziyaçısansa, sən izləyicilərin
daxili səsinə çevrilməyi bacarmalısan. Çünki sən izləyicilərin verdiyi dəyər
qədər dəyərlisən. Onların
baxdığı, anladığı qədərsən.
Sən efirdə onlar üçün varsan,
onlara aidsən. Lakin bir nünası da qeyd
edim ki, bir aparıcını hamı sevə bilməz.
Bu, normal haldır, baxır səni kim sevir
və necə qəbul edir. Qeyd etdiyim ki, son 5-6
ildə telekanallarımız kifayət qədər inkişaf
yolu keçib. Mən indi səbirsizliklə
Qarabağ televiziyasının açılışı xəbərini
gözləyirəm. Şuşadan canlı
"stand-up"lar edəcəyim günləri
həsrətlə gözləyirəm. Tanrıya
təşəkkür edirəm ki, bu tarixin şahidləriyik.
- 8 may
doğum gününüzdür. Bildiyim qədərilə
Şuşanın işğal tarixinə
düşdüyü üçün 28 ildir qeyd etmirdiniz.
Ancaq şükürlər olsun ki, bu il
hadisələr fərqlidir. Şuşa azaddır! Necə hiss
edirsiniz və ən əsası bu il
doğum gününüzü keçirdinizmi?
- 8 may
1987-ci il dünyaya göz
açdığım tarixdir. Mənə
görə doğum günü hər bir insanın qalibiyyət
tarixidir. Amma bu illər mənim üçün
5 yaşına qədər gözəl və şən
keçdi. Xatirimdədir,
1992-ci ilin 8 mayı - doğum günümə bir qaranlıq
çökdü, yarıda qaldı. Evimizdəki
şadlıq elə bir ab-hava ilə əvəz edildi ki, 28 il davam etdi. Mən bu illərdə
heç vaxt ürəklə sevinə, rəqs edə,
şadlana bilmədim. Doğrudur, heç
vaxt ailəm, sevdiklərim, dostlarım məni tək
buraxmırdı. Amma həmişə
içimdə bir qırıqlıq var idi ki, o
yarımçıq qalmış ad günümü mən nə
zaman tamamlayacağam?! Şükür Tanrıya ki, bu il 5 yaşlı Bəhruz öz ad
gününü tamamlaya bildi. İlk dəfə
rəqs etdi, şadlandı, ürəy
açıqlığı ilə 34 deyil, 5 yaşını
qeyd etdi. O gün dünən kimi yadımdadır. Ailəm,
qohumlarım ilə masa arxasındayıdıq və bir anda hər
şeyin necə dəyişdiyini, kədərlə, üsyanla əvəzləndiyini
xatırlayıram. Lakin bu gün Ali Baş
Komandana, Azərbaycan Ordusuna ürəkdən təşəkkür
edirəm ki, azad və bütöv Azərbaycanın qalib vətəndaşıyıq.
Afaq RZA
525-ci qəzet.- 2021.- 9 may.- S.13