Elçinin "Ağadadaşın
kişi sözü" hekayəsi
Sayın oxucular, "525-ci qəzet"in bu sayından
etibarən hər şənbə sizə müstəqillik
dövrü hekayələrimizdən birinin feysbuk üzərindən
aparılan müzakirəsini təqdim edəcəyik.
Müzakirədə məqsəd pandemiya dövründə
zəifləmiş yazıçı-oxucu münasibətlərini
gücləndirməkdir. Təşəbbüsümüzü dəstəklədiyi
üçün qəzetin baş redaktoru Rəşad Məcidə
minnətdarlığımızı bildirir, layihəyə
Xalq yazıçısı Elçinin
"Ağadadaşın kişi sözü" hekayəsi
haqda müzakirə ilə başlayırıq.
Yazıçının
"Şuşaya duman gəlib", "Qarabağ şikəstəsi",
"Sarı gəlin", "Bayraqdar", "Baş"
kimi əsərlərində xanlıqlar zamanı, Sovet
dövrü və
qaçqınlıq-köçkünlük zamanının
Qarabağı əks olunub. Bu hekayədə isə
İkinci Qarabağ müharibəsi dövrü təsvir
olunur. Hekayə yazıçının
Abşeron seriyasından olan koloritli əsərləri silsiləsinə
daxil olmaqla, Bakı və Qarabağın, ümummilli
birliyimizin və bu birliyin qələbədəki rolunun bədii
ifadəsidir. Şuşadan duman artıq
çəkilib. El üçün
yaşayıb-yaradan Elçin müəllimi həm bu
münasibətlə, həm də qarşıdan gələn
ad günü münasibətilə təbrik edir, ona
cansağlığı və yeni yaradıcılıq
uğurları arzu edirik.
Layihənin
ideya müəllifi Əsəd Cahangir
***
Müşfiq
Şükürlü: Elçindən yeni hekayə oxumaq
sevindiricidi. Üslubu klassikaya çevrilsə də,
onun yeni mərhələsini görmək xoşdur. Bu şirin təhkiyə həmişə
yaşayacaq. Abşeron və Bakı məhlələri
Elçinin hekayələrinin əsas məkanı olub. Yazıçı yeni hekayəsində də adətini
pozmur. Hərdənbir pandemiyanı
xatırlatsa da, Elçinin ənənəvi bədii atmosferi
qalmaqdadır. Bəlkə, bugünün
Bakısını papaqçı Ağadadaşın
dünyasından görmək çətindir? Yazıçı tez-tez müharibəni də yada
salır. Mənə elə gəlir,
Gülbala ilə Nisənin məhəbbət əhvalatına
geniş yer vermək olardı.
Tural
Türksoy: Maraqlı süjetə malik, bədii cəhətdən
normal hekayədir. Bu təşbeh cazib idi:
"... o gözəl kəpənəyin yüngül
qanadları necə açılıb-bükülürdüsə,
Nisənin də ürəyi eləcə
döyünürdü".
Narıngül
Nadir: Üslub, təhkiyə gözəldir. Təsvirlər
canlıdır. Elçin öz peşəkar
üslubundan yararlanıb. Sujet xətti,
hadisə baxımından normal hekayədir. Elçin
peşəkar, istedadlı yazıçı kimi bu hekayədə
bir az da özünü təkrarlayır
deyərdim.
Alpay Azər:
Elçin möhürünü vurmuş yazıçılardandır.
Bu hekayə mənə də normal gəldi.
Bəlkə də Ağadadaş obrazıyla
bağlı yazıçı maraqlı, ruslar demişkən,
"ostrosüjetniy", detal versəydi, hekayə daha
uğurlu alınardı.
Sara
İbrahim: Elçinin bundan yaxşı hekayələri var.
Fransadan indi kim məktub yazır? İnternet əsridir, kiminsə durub Parisdən
Bakıya məktub göndərməsi inandırıcı
deyil. Amma Elçin öz sözünü
demiş yazıçıdır, əsərləri ədəbiyyat
tarixində qalacaq.
Əyyub
Qiyas: Elçinin gəncliyində Bakı mövzusunda
yazdığı hekayələri xüsusi tədqiqat
mövzusudur. Oradakı obrazlar, kolorit dünya ədəbiyyatının
ən bərkgedən müəllifləri ilə eyni tərəziyə
qoyula bilir, amma bu hekayədə dramaturgiya zəifdir. Allah cansağlığı versin. Hər şeyə rəğmən, Elçin dəyərdir.
Həcər
Paşayeva: Elçin Bakı ətrafı kəndlərin həyatı
mövzusunun cazibəsindən ayrıla bilmir. Yeni
mövzunu - Vətən müharibəsi - köhnə qazanda
bişirib. Məkan eyni, zaman isə bir qədər
müəmmalı, yəni 2020-ci il və
Fransadan ayda bir neçə məktub yazmaq - bir-birinə
uyğun gəlməyən detallardır. Ələkbər
obrazı cəlbedicidir. Final maraqlı
qarşılaşma ilə bitir - verdiyi sözə əməl
edən Ağadadaş və verdiyi sözə əməl etməməkdən
qorxan, söz verməyən Ələkbər.
Aqil
İsmayılov: Obrazlar gözəl seçilib, özünəməxsus
düzgün dəbi mühüm bilən və sözünə
sahib çıxan papaqçı, vətənini sevən
polkovnik obrazları... Çatışmayan
ümiddir, müəllif bu haqda heç nə yazmayıb.
Əzizə
Ağahüseynqızı: Hekayə "kiçik
adamın" böyüklüyü məsələsinə
həsr olunub. Əgər hər kəs öz
sahəsində vətənə xidmət edirsə, xalq ən
böyük problemləri həll edə bilər. Hekayənin qəhrəmanı söz verir ki, əgər
Qarabağ alınarsa, pulsuz papaq tikib verəcəm. Görəsən, müəllif öz qəhrəmanını
niyə məhz papaqçılar arasından seçib? Çünki papaq kişilik rəmzidir. Bu hekayə də Elçinin əvvəlki hekayələri
kimi şirin təhkiyə ilə qələmə
alınıb, birnəfəsə oxunur. Yeri
gəlmişkən, mayın 13-ü Elçin müəllimin
ad günüdür. Möhtərəm
yazıçımızı bu münasibətlə təbrik
edir, ona cansağlığı və yeni
yaradıcılıq uğurları arzulayıram.
Zərifə
Mikayılova: Elçin müəllimin üslubu, tamamilə, fərqlidir.
Cümlələr bəzən bitmək bilmir.
Yəni təhkiyə oxucunu bəzən
çox yorur.
Tomas
Ceferson: Hekayə birnəfəsə oxunur, sadə, səmimi,
başadüşülən və qavranılandır. Müəllif hekayədə yaşadığı
dövrün reallıqlarını sadə dillə yazıya
köçürüb. Maraqlı təhkiyəsi,
sadə cümlə quruluşu ilə həyat həqiqətlərini
ön plana çıxarıb. Hekayədə
hər gün oxuyub eşitdiyimiz faktlar tam dolğunluğu ilə
diqqət çəkir. Yazıçı qələmə
aldığı əsəri günümüzün
güzgüsünə çevirməyə nail olub.
Elvin
İntiqamoğlu: Sadə dildə yazılmış hekayədir;
mürəkkəb cümlələr də aydın başa
düşülür deyə yorucu təsir
bağışlamır. Düzdü, hekayənin
məğzi birmənalıdı, amma o birmənalılıq
özündə sədaqəti ehtiva edir.
Nazilə
Gültac: Elçin bu çoxsaylı hekayələri
göstərir ki, o, öz xalqının adət-ənənəsini
dərindən bilir. Tanıdığı insanların
iç dünyasını, xarakterini, mərdliyini
çalarlarla verir. Yazıçı bu hekayədə
də bu dövrdə olanları müxtəlif ştrixlərlə
verib. Canlı bir aləm yaradıb. Pandemiya dövründə yazılmış
yaxşı bir hekayədir.
Gülər
Mikayılqızı: Elçinin hekayələri şəhər
balladasıdır, çox canlı və realistik
üslubdadır. Şəhər adamları
üçün bu həyat ritmi çox doğmadır.
Ümumiyyətlə, Elçin qəhrəmanların
hisslərini də ölçülü verməklə şəhər
adamının ərkanını önə
çıxarır.
Elşən
Əzim: Diqqətimi çəkən müharibəyə məhz
papaqçının və çörəkçinin
oğlunun getməsidir. Market sahibinin oğlu isə
Fransaya gedib və ordan məktub yazmaqla öz vətənindən
xəbər tutur. Məktub mesajın,
skaypın, vatsapın, feysbukun ümumiləşdirilmiş
adıdır. Qızın Gülbalaya olan
sevgisinin sonluğunun verilməməsi
yazıçının oxucunu cəlb etmək
üçün işlətdiyi priyomdur. Əsərdəki
kənd simvolik məkandır. Bir elin
papaqçısı, çörəkçisi,
hacısı, xaricə qaçanı və s. olduğu kimi
generalı da var. Bu general yaxşı adamdır, sadədir, səmimidir.
Bu, müzəffər ordunun
komandanlığına müəllif ehtiramının təzahürüdür.
Almaz Bəyazid:
Mənə elə gəldi ki, 1970-ci illərlə 2020-ci ilin
arasında çaşıb qalmışam. Uyğunlasma
yorucudur. Papaq mövzusu ürəyimcə
olan mövzudur. Bu, xalqımın qeyrət
rəmzidir. Məncə, hekayə janrı
özünün yığcamlığı, süjet
quruluşu ilə tam fərqli olmalıdır. İllah da ki, müasir texnikaya aludəçilik
zamanında.
Elvin Nuri:
Elçin Azərbaycan ədəbiyyatının canlı
klassikidir!
Etibar
Yaqubov: Elçin müəllim İkinci Qarabağ müharibəsi
dövrünün sadə bir kəndinin çox da sadə
camaatının həyatını ustalıqla təsvir edə
bilib. Cəbhədə əsgərlə bir səngərdə
olan general kənddə də həmkəndliləri ilə bir
yerdədir. Bu, həmin dövrün xalqla
ordu, dövlətlə xalq arasındakı birliyinin rəmzidir.
Papağın özünün bir obraz kimi verilməsi
maraqlı bir aura yaradır. Hekayəni
uğurlu hesab edir, müəllifi doğum günü
münasibətilə təbrik edirəm.
Bahəddin
Salman: Elçin bu hekayəsi ilə sübut edib ki, zamanın
tələblərini inkar edir. Axı, hansı
dövrdür ki, Parisdən Bakıya məktub yollasınlar,
yaxud sevən kəslər bir-biri ilə əlaqə saxlamaq
üçün problem yaşasınlar? Əgər
təsvir olunan obrazların mobil telefondan istifadə etmək
kimi bir çətinliyi, imkansızlığı varsa, mətndə
xüsusi qeyd olunmalı idi. İndiki
zamanda məktubu məhkəməyə, vergi idarəsinə
göndərirlər, ya da bu tipli yerlərdən vətəndaşlar
məktubla cavab alırlar. Dəyərli
yazıçımıza cansağlığı,
yaradıcılıq uğurları arzu edirəm.
Eyvaz
Zeynalov: Hekayəni oxuduqca gözümün qabağında
gözəl bir Abşeron kəndi canlandı. Bu
kənd mehriban, qayğıkeş insanları, dənizi,
bağ-bağatları, qayğıları ilə
yaddaşıma həkk olundu. Onlar adi
adamlardı. Hər birinin öz
iş-gücü var. Hər biri çalışır ki,
başqasının kədərinə şərik olsun.
Papaqçı Ağadadaş, Çörəkçi Firuzə
xala, "piyanıska" Ələkbər, sevən Nisə,
rəfiqəsinə yardımçı olmağa
çalışan Səriyyə, Gülbala bir-birinə bənzəməyən,
ancaq hamısı saf qəlbli insanlardı. Yeri
gəlmişkən, Xalq yazıçımızı
qarşıdan gələn ad günü münasibətilə
təbrik edirəm.
Sara
Selcan: Çox əla yazılıb. Elçinin dil,
yaradıcılıq manevrləri... Amma bəzi
detallar zəmanəylə ayaqlaşmır. Yəni məktub yazmaq. Nisə ilə
Gülbala xəttinin tamamlanmaması əhvalımı
korladı.
Murad
Süleyman: Elçin müəllimin dəsti-xətti
özünəməxsusluğu ilə seçilir. Axıcı və oxunaqlıdır.
Nihat Pir:
Bakılı olmasam da, mətn məni həmin havaya sala bildi. Ümumi olaraq, hekayədə yorucu nəsə yoxdur,
təhkiyə çox yaxşıdır və süjet
adamı hansısa gözlənilməzliyin baş verməsinə
hazırlayır. Amma qeyri-adi nəsə
olmur, hətta mən bunu hekayədən daha çox
Bakının hansısa bir kəndindən reportaj kimi qiymətləndirirəm.
Sona İsmayılova: Hekayədə insan və
cəmiyyət üçün maraq doğuran, lakin hərfən
və mahiyyətcə fərqli ideyalar bərqərardır.
Bu da oxucuda mənəvi, emosional qabiliyyətin artmasına zəmin
yaradır. Burada insanın taleyi özünə tabe etmək və
yaxud dəyişdirə bilmək ideyası var.
Varis Yolçuyev: Nəsrimizin
canlı klassiklərindən olan Elçinin
"Ağadadaşın kişi sözü" hekayəsini
maraqla oxudum, Bakı kəndlərindən birində
yaşayan, müharibəyə getmiş oğlunun
sağ-salamat qayıdacağı təqdirdə hamıya
pulsuz papaq tikməyi əhd eləyən papaqçı
Ağadadaş dərhal mənim yadıma Elçinin başqa bir qəhrəmanını - eynən
Bakı kəndlərindən birində yaşayan, kepka tikməsə
də, başına kepka qoyan, adı da Ağadadaşla həmqafiyə
olan Baladadaşı saldı. Elçin Bakı kəndlərinin
koloritini gözəl əks etdirir, eyni zamanda, sadə
insanların timsalında nəcibliyi, düzgünlüyü,
sözübütövlüyü oxucusuna təlqin eləyir.
Qəhrəmanların müasir mobil rabitə
mesajlaşması dövründə kağız məktublar
yazmaları detallı hekayənin gücünü azalda bilməyib.
Fürsətdən istifadə edib görkəmli ədibimizi
doğum günü münasibəti ilə də təbrik
edirəm. Mifik 77 rəqəmi qoy ona düşərli olsun!
Vaqif Yusifli: Elçin çoxcəhətli
yaradicılığa malik bir sənətkardir. Bir
romançı, povestlər müəllifi, dramaturq, publisist və
tənqidçi kimi onun ədəbiyyatımıza bəxş
etdiyi töhfələr çoxdur. Hekayə ustası kimi də
Elçin orijinal və bənzərsizdir. O, özünün
hekayələri ilə "kiçik" janrın, əslində,
roman və povest qədər əhəmiyyətli olduğunu
sübut etdi. Onun "Ağadadaşın kişi
sözü" hekayəsi bu uğurlu nümunələrdən
biridir. Bu hekayədə canlı həyat var, Bakı kəndlərinin
koloriti var, maraqlı obrazlar var və nəhayət, Elçinə
məxsus bədii təsvir ustalığı var. Bir də
yaşadığımız bu günlərin həyəcanları
var.
Əsəd Cahangir
525-ci qəzet.- 2021.- 9 may.- S.17.