Nizaminin sehrli sənət
güzgüsü və ya
“Sirlər xəzinəsi”nin xəzinədarı
Kainat sirlərlə doludur və insanlar zamanın
ayrı-ayrı dönəmlərində bu sirləri
araşdırmağa, öyrənməyə, ondan nəticə
çıxarmağa çalışıblar.
Dünyanın dərki bütün dövrlərdə həm
fəlsəfənin, həm elmin digər sahələrinin, həm
də ədəbiyyat və incəsənətin tədqiqat
predmeti olub. Dünyanın dərki
insanın özünün özünü tanımasından
sonra mümkündür. "Dilim sirlər xəzinəsinin
açarıdır" söyləyən Xaqani də, qəflətdən
ayılma üçün "Özünü və
Allahı tanıyıb ucalma" tezisini irəli sürən
Nizami də, "Öylə sərməstəm ki, idrak etməzəm
dünya nədir" deyən, "Mən kiməm?"
sualına cavab axtaran
Füzuli də, onlardan əvvəl və sonra gələn
digər elm və sənət korifeyləri də yekunda bu qənaətə
gəlmişlər ki, bütün hikmətlərin,
qanunauyğunluqların, səbəblərin, nəticələrin
"Sirlər xəzinələri"nin açarı onu
yaradan Tanrının əlindədir. Allahın
Peyğəmbər vasitəsilə nazil etdiyi "Quran"
onu sidq ürəklə oxuyub anlayan bəndələr
üçün axtarış istiqaməti verir,
dünyanın dərkində onlara yardımçı olur.
Oxuyub öyrəndiklərini iman nuruyla yoğuran mütəfəkkirlər
dünyanın, təbiət hadisələrinin, canlıların,
insanın dərki ilə bağlı araşdırmalar
aparmış, düşünüb daşınmış,
tam olmasa da, bəndə düşüncəsi səviyyəsində
müəyyən məsələləri dərk etməyə
çalışmışlar. Belə görkəmli
mütəfəkkirlərdən biri də Nizami Gəncəvidir.
Onun biliyinin, dünya və kainat haqqında zəngin
informasiyasının iman və istedad nuruyla yoğrulması bədii
düşüncəsinə qol-qanad verib, bu görkəmli
şairin, mütəfəkkirin sətiraltı mənalarla zəngin
kamil əsərlər yaratmasına zəmin yaradıb. Nizaminin əsərlərində təbiət, cəmiyyət
hadisələrinin mükəmməl, bənzərsiz bədii
əksi onun yaradıcılıq nümunələrinə bir
ölməzlik bəxş edib.
Nizaminin əsərlərinə müxtəlif rakurslardan
baxış onun ilahi nuruyla yoğrulan hikmətlərinin mənasını
daha dərindən açmağa, anlamağa
yardımçı olur. Dövrünün tarixi hadisələrini
öz sənət aynasında bədii şəkildə əks
etdirən sənətkarın güzgü haqqında fikir və
mülahizələri çox maraqlıdır. Özü də bu, ötəri səciyyəli
deyil. Nizami öz əsərlərində
güzgünü mükəmməl bir bədii obraz səviyyəsinə
qaldıra bilir.
"İsgəndərnamə"
əsərində güzgünün ilk dəfə
yaradılmasını böyük fatehin adı ilə
bağlayan Nizami yazır:
Həndəsi
yol ilə qara dəmirdən
Güzgünü İsgəndər parlatdı birdən.
Sən də
bu güzgüyə baxdığın zaman
İsgəndər dövründən xəbər
alarsan.
Gördüyü
seyqəldən rəngini atdı,
Qapqara bir dəmir şəfəq yaratdı.
İlk dəfə
güzgüyə baxdı İsgəndər
Bir əlamət aldı gövhərdən gövhər.
Güzgüdə
görüncə qeysər özünü,
Güzgünün şadlıqdan öpdü
üzünü.
Gəlinlər
bu rəsmə ehtiram üçün
Güzgünü öpərlər baxarkən hər
gün.
İsgəndəri
heyrətləndirən bu əşya sonradan mifik, sehrli bir
qüvvə kəsb edən, gələcəkdən xəbər
verən, qələbələrin rəhninə, məğlubedilməzlik
rəmzinə çevrilən, düşmənləri lərzəyə
salan bir
silaha çevrilir. Həndəsi yolla
yaradılan bu güzgü "Ayineyi-İsgəndər" adı
ilə məşhurdur və böyük sərkərdənin
bəxt, tale güzgüsü kimi səciyyələndirilir.
"İsgəndərnamə" əsərinin
"Rum və Çin nəqqaşlarının
yarışı" adlı hissəsində güzgü ilə
bağlı bir məsələdən söhbət
açılması da maraqlıdır. Eyni
otağın ortasından pərdə çəkilir. Yarışan rəssamların - nəqqaşların
biri bu divarda, o birisi o divarda yaradıcılıqla məşğul
olur. Pərdə açılanda hər
iki divarda çəkilən rəsmlərin eyniyyəti
hamını heyrətə salır. Sən
demə, rəssamlardan biri mənzərə çəkəndə,
o birisi üzbəüz divarda güzgü düzəldirmiş.
Axıra
yetincə müəyyən zaman,
Örtüyü çəkdilər iki naxışdan.
Hər
iki Ərjəngin birdi peykəri,
Vurduğu naxışı, rəngi, zivəri.
Onlara
baxınca heyrətlə qaldı,
Hər iki surətdən bir ibrət aldı.
Buradan belə aydın olur ki, güzgü hələ qədim
zamanlardan mifoloji dünyagörüşünü əks etdirən
bir vasitə olmuşdur. Güzgünün sirləridi
dünyagörmüş, filosoflardan dərs almış sərkərdəni
düşünməyə, ibrət dərsi almağa vadar edən.
Bu dünyada görülən hər bir işin
gözəgörünməz əməl aynasında öz əksini
tapması ideyası dünyanı dərk etməyə
çalışan insanın mifoloji düşüncə tərzinin
formalaşmasına zəmin yaradır.
Fikrimizcə, bu da doğru elmi qənaətdir ki,
dünyanın əvvəli və axırının,
başlanğıc və sonunun simmetriyası Azərbaycan
xalqının adət-ənənələrində bu günədək
yaşamaqdadır. Belə ki, gəlin
köçürülərkən qabaqda güzgü
aparılması (həyatın, yaranışın
başlanğıcı) və insan ölən zaman üzərinə
güzgü qoyulması (həyatın sonu) qədim
dünyagörüşü ilə bağlıdır. Çox qədim qəbirlərdən güzgü
aşkar edilməsi faktı arxeoloqlara yaxşı məlimdur.
Bu da həmin inamın ifadəsidir.
Məlumdur ki, güzgü əslində, insanın
özünü görmək ehtiyacından yaranıb. Gölün,
suyun səthində ətrafdakı əşyaların,
ağacların, dağın, hətta özünün əksini
görən insan çox düşünüb,
daşınıb, bunun səbəbini açmağa
çalışıb və nəticədə güzgü
yaranıb. Güzgü fikrimizcə,
"göz" sözü ilə əlaqəlidir. "Gözgü" - göz görən. Mənim ehtimalıma görə, "güz"
“göz”, "gü" isə "gör"
sözünün izidir. Göz görən.
Maraqlıdır ki, Ərəb mənşəli
ayna sözünün də kökündə göz (eyn)
dayanır. Rus dilində
güzgüyə "zerkalo" deyilir və bunun da
kökündə "görmə" mənası var:
"zreniye".
"Ərəb
və fars sözləri lüğəti"ndə "Ayinə
- güzgü" fars mənşəli
sözü kimi təqdim edilsə də, burada nə ayna, nə
də güzgü sözünün etimoloji şərhi var.
Burada "Ayineyi İsgəndər" (İsgəndərin
güzgüsü), "Ayineyi-gitinüma" (dünyanı
göstərən güzgü) ifadələri və əsatirə
görə, bunların ehtiva etdiyi məna xatırlanır.
Xaqaninin "Mədain xərabələri" əsərlərində
"Ayineyi-ibrət" sözünün işlədilmsi də
maraqlı faktdır.
"Azərbaycan
dilinin izahlı lüğəti"ndə güzgü
sözünün etimologiyası açılmır,
"güzgü qarşısındakı şeyləri,
şəkilləri əks etdirən xüsusi surətdə
pardaqlanmış şüşə lövhə" və məcazi
mənada "hər hansı hadisəni, prosesi özündə
əks etdirən şey"
kimi təqdim olunur.
Güzgü insanların gözündə adi məişət
əşyası deyil, o, sirli, sehrli bir dünyanın
simvoludur. Güzgü təsiredici gücə və enerjiyə
malikdir. Hər kəsin öz tale, bəxt
güzgüsü olur. Ona görə
güzgünün sınması pis əlamət
sayılır.
Böyük alim Arximedin günəşin
şüasını güzgülər vasitəsi ilə
düşmən gəmilərinin üstünə salıb
onları yandırması bu möcüzəli əşya ilə
bağlı ən maraqlı faktlar sırasındadır. Sonralar da bu "Arximed
möcüzəsi"ndən istifadə edənlər az olmamışdır.
Əlbəttə,
bu xatıtlatmalar tədqiqat səciyyəli deyil, sadəcə
düşündük ki, bu informasiyalar Nizami əsərlərindəki
güzgü obrazını daha yaxşı anlamağa
yardımçı ola bilər.
Əsərlərini oxuyanda aydın olur ki, Nizaminin əsərlərində
təsvir edilən güzgü də adi bir məişət əşyası
deyil, özündə daha geniş mənanı ehtiva edir. "Sirlər xəzinəsi"
əsərindəki "Birinci xəlvətin səmərəsi"
adlı hissəsində belə bir beyt var:
Hər
kimin ki, xaslığa mənsubdur gözəl üzü,
İxlas surəsinin tək odur parlaq güzgüsü.
Güzgünün "Qurani-Kərim"dəki ixlas surəsi
ilə əlaqələndirməsi şairin güzgü haqda
mülahizələrinin hardan qaynaqlandığının
göstəricisidir.
Əsəri
oxuduqca ayrı-ayrı məqamlarda güzgüdən tez-tez
söhbət açılması göstərir ki, bu, təsadüfi,
gəlişigözəl söz deyildir, şairin fikirlərini
açmaq üçün istifadə elədiyi bədii
detaldır. Səhifələr çevrildikcə
ayrı-ayrı məqamlarda güzgünün təsviri onun
obrazlaşmasına zəmin yaradır. "İnsanın
yaranması" haqqında bölməsində də
güzgüdən söhbət açılır. Burada istər-istəməz xalqın "hərənin
bir bəxt güzgüsü olması" ilə bağlı
fikirləri yada düşür. Doğum
günündən qəbir evinə kimi güzgünün təkcə
məişət əşyası kimi yox, inanc predmeti kimi dəyərləndirilməsi
də maraqlıdır. İlk bəşər
övladından, Adəmdən söhbət açılarkən
deyilən bu fikirlər də insanı istər-istəməz
düşündürür:
Gövhər
tək rəngi tutqun, həm də ki, çox saf idi,
Həm qızıl, məhək daşı, həm də
bir sərraf idi.
Fələk
əhlinin yeni fitnəli gözəliydi,
Məxluqat güzgüsünün gənciydi, əzəliydi.
Adəmdən,
onun dünyaya gəlməsindən, qadağaları pozduğu
üçün cəzalandırılmasından söhbət
açan şair daha sonra yazır:
Dünya
güzgülü evdir, hər yana
düşür üzün,
Ona görə hər zaman sənə tərəfdir
gözün.
Bir
sözlə, hər bir həddi qəbul etdinsə də sən,
Bir heç kimi mücərrəd, çılpaq
qaldın hər şeydən.
Surətpərəstlər
kimi olub özünə aşıq,
Öz əlində göy kimi güzgü tutursan,
yazıq.
Bu
dünyada - "güzgülü ev"də
yaşamaq o qədər də asan deyil. Güzgü
özünə vurulanları yoldan çıxarırsa, nəticə
çıxarmağı bacaranları
düşündürür, onları mənəvi-əxlaqi
kamilləşmə yoluna səsləyir.
Nizaminin poeziyasında güzgü insanın nəzarətçisi
kimi təqdim olunur. Özünə güzgüdə
baxıb əyər-əskiyini görmək, onu düzəltməyə
çalışmaq insanın kamilləşmə prosesinin
başlanğıcı, çıxış nöqtəsidir.
"Ədalət gözləmək üçün
padşaha nəsihət" hissəsindəki bu misralar
şair məramının ifadəçisidir:
Səhər
sənin qarşına çıxarır
güzgüsünü,
Bəlkə sən o güzgüdə görəsən
öz üzünü.
Nizaminin əsərlərində güzgü
özünü görmək və nəticə
çıxarmaq vasitəsi kimi təqdim olunur. Güzgü həm
də insanın özünü özünə göstərsə
də, gözəgörünməz hikmət
dünyasının qapısıdır. Nizaminin
əsərləri bir güzgü kimi insanlığın
keşməkeşli həyat yolunu əks etdirir. Onun sehrli sənət güzgüsündə bəşəryyətin
keçdiyi yol, tarixin qaranlıq məqamları, insanların
daxili dünyası, onların hiss və həyəcanları,
sevinc və iztirabları, duyğu və düşüncələri
yüksək bədii vüsətlə öz əksini
tapmışdır. Nədir bu məqamdakı
bədii əks? Elə bil ki, Nizaminin əsərlərində,
onun təsvir etdiyi hadisələrin, rəmzlərin,
misraların alt qatında gizlədilən hikmət xəzinəsinin
qapısıdır onun bədii obraz səviyyəsinə
qaldırdığı güzgü... Bu
güzgünün mahiyyəti anlaşılmasa, o sirlərlə
dolu xəzinəyə sahib olmaq da mümkün deyil. Güzgünün o biri üzündəki axirət
dünyasıdır. Bu dünyada
görülən bütün işlər güzgünün
biz tərəfdə olan üzündədi, natamamdı.
Güzgünün o biri üzü axirətdədi.
Yarımçıq əksin qarşısına
qoyulan güzgü onu tamamladığı kimi, bu
dünyadakı təkcə surət güzgüsü yox, o
dünyadakı əməl güzgüsü ilə
üz-üzə qoyulanda portret, ömür yolunun mənzərəsi
tamamlanır və qiyamət günündə kimin cənnətə,
kimin cəhənnəmə düşməsi də məhz bu
əməl güzgüsü vasitəsilə müəyyənləşir.
"Nuşirəvan və bayquşların söhbəti"ndə
şahın hakimiyyəti dövründə xaraba qalan şəhərlər
və kəndlər onun gördüyü işin əksi, surəti
kimi təqdim olunur. Şah dərk eləyir ki, qiyamət
günündə bunun haqq-hesabı mütləq
soruşulacaqdır. Başqa sözlə
desək, mələklərin insanın ömür yoluna
tutduğu tale güzgüsündə insanın təkcə
zahiri görünüşü deyil, onun yaxşı və
pis əməlləri də öz əksini tapır. Güzgünün bu üzündə bu dünyada
gördüyün işlərin əksi var, o biri
dünyadakı axirət güzgüsü isə bu
dünyadakı işlərini tamamlayır.
Başqa sözlə desək, müvəqqəti olan bu
dünyadakı bütün işlərin əksi hikmət
güzgüsündən silinmir. Təkcə zahiri
görkəm yox, əməllər əks olunur o güzgüdə.
Güzgünün o biri üzündə axirət dünyasının
tələblərinə uyğun mükafatlandırma və cəza
var: cənnət, cəhənnəm...
Yaxşılıqla
çatdırsa hər kəs işini sona,
Yaxşı üz göstərəcək öz
yaxşılığı ona.
Bu qayda ilə
daim dövr edən bu asiman
Yaxşıya
və yamana düz qiymət verər hər an...
Buradakı asiman da elə güzgüdür, kainatın
güzgüsü. Bu güzgüdə bütün
günahlar və savablar öz əksini tapır. Güzgünün bu üzündəkilər silinsə
də, adi gözlə görünməsə də,
güzgünün o biri üzündə hər şey necə
varsa, elə də qalır. Bu
güzgüdə əks olunanlar bir növ cənnət və
cəhənnəmə buraxılış vəsiqəsi kimi
bir şeydir.
Güzgüyə
elə güzgü kimi, adi məişət əşyası
kimi baxanlar, ayna qabağında özlərini sğallamaqla,
tumarlamaqla keçirənlər Nizaminin qınaq hədəfidir:
Gözəl
qadınlar kimi alıb güzgü, darağı,
Saça sığal verirsən, gözləyirsən
növrağı.
Elə adi güzgü bu dünyanın özü kimi vəfasızdır. Önündən
çəkilən kimi hər şey tərtəmiz silinir.
Əməl güzgüsünün
üstündən isə heç nə pozulmur.
Kim ki,
xalqı bir gecə ədli ilə şad etdi,
O, demək
öz sabahkı evini abad etdi.
Dünyanın bütün naqisliklərinə,
yaramazlıqlarına "güzgü tutmaq"la onu təmizləməyin
mümkünlüyü Nizami əsərlərindən bir
qırmızı xətt kimi keçir. Elə
şairin bütün əsərlərinin poetik aynasında bu
və ya digər şəkildə Xeyirlə Şərin əbədi-əzəli
mübarizəsi öz əksini tapmışdır.
"Sirlər xəzinəsi"inin "Xilqət
haqqında" adlı bölməsində şair naxələf
insanların öz bəd əməlləri, nəfslərinin
qulu olmaqla dünyanı necə ləkələdiklərini
söyləyir, onları xeyirxah əməllərə, axirət
dünyasını fikirləşməyə səsləyir:
Ləkəsiz
bir güzgüyə bənzərdi əzəl dünya,
Ləkələndi bir neçə nəfəslə
gözəl dünya.
Nizamiyə görə, müvəqqəti sınaq
dünyası əbədi axirət dünyası
üçün hazırlıqdır. Bu dünyanı "eyiblərlə
dolu bir ev" adlandıran mütəfəkkir
bəşəriyyətin gələcək taleyindən
çox narahatdır:
Bu dünya
eyiblərlə dolu bir evkən, nədən
Onun eyiblərinə salmayırsan nəzər sən?
Görməyib
öz gözündə tiri, yaxşı nəzər qıl,
Nədəndir axtarırsan özgənin gözündə
qıl?
Ayna kimi hər
eybi yetər, göstərmə əbəs,
Yoxsa ləkələr səni öz eybiylə bir nəfəs.
Ya hünəri
yerə tök, öz batilindən çıxart,
Ya da ki, öz eybinin güzgüsünü qırıb
at.
Özgələrin
eybinə baxma, qldır gözünü,
Yetir nəzər
özünə, eyibli say özünü...
Özünü görmə, özünü dərk isə
güzgü vasitəsi ilə reallaşır. Burada
güzgü təkcə surət göstərmə yox, daha
geniş mənanı əhatə edir. Güzgü
insanın daxili dünyasını göstərən bir vasitə
kimi dəyərləndirilir. Zahir batinə
gedən yolun başlanğıcı kimi təqdim olunur.
Ancaq
düşün əlinə güzgü alan
zaman sən,
Özünü sındır, olma öz-özünü
bəyənən.
"Zalım padşahla zahidin dastanı"nda təsvir
olunan hadisələrin mahiyyəti güzgü vasitəsilə
reallaşdırılır. Padşahı zalım
adlandıran zahidi ağır dünyəvi cəza gözləyir.
Lakin dünyanı dərk edən bu mömin
insan bəndə cəzasından qorxmur. Boynuna
öz kəfənini dolayıb şahın hüzuruna gedir və
deyir ki, mən sənin eyiblərini göstərən
güzgüyəm. Kişiliyin, mərdliyin
şatıtsa, üzündəki ləkəni sil,
güzgünü sındırma:
Sənin
gördüyün işi və eybini sayarkən,
Yaxşına, yamanına ancaq güzgü tutdum mən.
Güzgü
sənin naxşını düz göstərirsə, ancaq
Özünü qır, güzgünü yaxşı
deyildir qırmaq.
Mənə
yaxşı diqqət et, məndədir
doğru ürək,
Əgər belə deyilsə, buyur məni dara çək.
Buradan belə bir məntiqi nəticə çıxarmaq
olar ki, Ən mükəmməl güzgü, adi bir məişət
əşyası deyil, xalqın "tərəzi" hesab
edilən gözüdür.
Nizaminin əsərlərini oxuya-oxuya
düşünürəm ki, güzgü sirlər xəzinəsinin
qırxıncı qapısıdır, onun açarı isə
bəsirət gözü və əməldir.
Nizaminin sənət güzgüsü çox möhtəşəm
və sehrlidir.
Bu güzgünün üstündəkiləri
görməyi bacaranlar, Nizaminin hikmət və nəsihətlərindən
faydalana bilənlər xoşbəxtdir. Güzgü
təzahürdür, mahiyyət isə onun arxasındakı
gözəgörünməz axirət dünyasındadır.
Rafiq YUSİFOĞLU
525-ci qəzet.- 2021.- 9 may.- S.20.