Acı taleli qız
(Əvvəli ötən şənbə
saylarımızda)
Bu sözləri deyəndən
sonra Ruhiyyə ilə sağollaşdı. Ruhiyyə yenə
müəmmalar içində qalsa da, bu kişinin xarakterinə,
prinsiplərinə, nikbinliyinə heyran qalmışdı.
Qız düşündü ki, tanımadığı halda,
bu adam onu düz yola çıxartmağa müvəffəq
oldu. İndi də proqnoz barədə mən özümü
onunla heç cür müqayisə edə bilmərəm.
nepallı şerplər kimi, o, Himalayın ən yüksək
zirvələrinə dırmaşmaq qaydalarını
yaxşı bilir. Allaha şükür et ki, sənin həyat
gəminin belə bir sükançısı vardır.
Hüseyn müəllimlə yeni
görüş
Heç bir ay keçməmiş, Ruhiyyənin
telefonuna audio mesaj gəldi. Hüseyn müəllim deyirdi ki,
xaricdə ezamiyyətdə idim, ona görə də səninlə
əlaqə saxlamamışdım. Şənbə
günü axşam səni evə dəvət edirəm. Mən
sənə söz verdiyim kimi, söhbəti davam etdirməliyik.
Hüseyn bu müddətdə Ruhiyyə
haqqında çox fikirləşmişdi, qızın
özünə xoş gəldiyini etiraf etdiyindən,
özünü aldatmaq istəmirdi. Bu
qızdakı çox şey onu valeh etmişdi, hərəkətlərində
bir incəlik var idi, yeridikdə isə daha gözəl
görünürdü, axı günəşin
şüaları altında uçan kəpənəyin
qanadları cilvələnir, əsrarəngiz bir palitra
açılır. Ruhiyyə də yeriyəndə
hökmən hamının diqqətini özünə cəlb
edirdi. Kim antilopanın qaçışına, boylanmasına
heyran olmur? O, yaşından da cavan görünürdü,
hamiləliyi, uşaq doğması da onun fiqurasını poza
bilməmişdi. Bu qızın cazibədarlığı
son vaxtlar daha da artmışdı. Onun üzünün ifadəsi
də dəyişilmiş, gözlərindəki
parıltı daha da artmışdı. Danışanda,
albalı dodaqları açılanda onun təbii gözəlliyi
bir qədər də artırdı. Saçları yumru sifətinə
xüsusi cazibədarlıq haşiyəsi verirdi.
Kiçik döşləri bədənindəki harmoniyanı
daha kamil edirdi. Qaşları camış buynuzu kimi bir-birindən
aralı olmaqla, qövs əmələ gətirirdi. Onun
başının vəziyyəti dəyişəndə
tanış olmayan yeni qadın meydana gəlirdi, elə
görünürdü ki, adam onun şəxsində bir
neçə gözəl qızı seyr edir. Onun danışığı
da sərin meh təsiri bağışlayırdı. Ona
görə də düşünürdü ki, mən ona
platonik məhəbbət bəsləyə bilməzdim, o, mənim
hissiyyatımı coşdurur, ehtirasımı marten
sobasında əriyən metala döndərir.
Bibliyada olan kimi,
görünür, Ruhiyyənin taleyini əks etdirən bir
divarda indi sehrli əl, müqəddəs kitabdakından fərqli
olaraq yalnız əks mənada ifadə olunan mene, mene, tekel,
uparsin sözlərini yazmışdı. Yəni onun
keçmişi hesablanmış, tərəzidə çəkilmiş
və hesabı veriləcəkdir. Başqa sözlə,
bu qızın bütün bədbəxtliklərinə son
qoyulacaq, ona xoşbəxtlik şansı veriləcəkdir. Hər
şey dəqiq ölçülüb biçilmişdir və
bu qız xoşbəxtliyə qovuşacaqdır. Axı
qız üçün, qadın üçün ərə
getmək ikinci dəfə anadan olmaq kimidir. Ruhiyyə də bu
nikahla yenidən doğulmalı, dünyaya gəlməli idi.
Onun səmimiyyəti, yalandan, məkrdən uzaq
olması sifətindən görünürdü. Bu
qızın gözləri bir dəfə də olsun səmimilikdən
başqa bir şeyi ifadə etmirdi. Baxışları
cazibə gücünə malik olmaqla, onu ifadə edən
gözlər günəşin
işıqlandırdığı dəniz kimi
parıldayırdı. Hüseyn müəllim bir dəfə də
olsun onda hiyləgərlik və vulqarlıq nişanələri
görməmişdi.
Hüseyn bilirdi ki, bəzi adamlar dini kitablarda təsvir
olunan əhvalatlara, qədim yunan mifologiyasına, qədim Roma
tarixinə də hörmətsizliklə yanaşır.
Onları isə böyük adamlar yaratmışlar və
bizim də böyüklüyümüz varsa, onları dərk
və qəbul etməkdə məhz özünü göstərməlidir.
Hüseyn müəllim, liftin qapısı
yanında onu qarşıladı və qonaq otağına dəvət
etdi. Yenə də onlar qarşı-qarşıya
oturmuşdular. O, bu dəfə əvvəlkindən fərqli
olaraq gülərüz görünürdü. Söhbəti
özü başladı:
- Mən demişdim ki, qərar vermək
üçün fikirləşmək lazımdır. Bir ay mənə
kifayət etdi ki, birinci növbədə özümün
naminə düzgün qərara gəlim. Mən Südabənin
uzaqgörənliyinə, alicənablığına görə
onun xatirəsi qarşısında baş əyirəm. O,
çox düzgün nəticəyə gəlmişdi ki, onun
vəfatından sonra mən hökmən evlənməliyəm.
Mənim yeni arvadımın namizədliyini də,
müdrikliyinə görə özü tapmışdı və
o, sənsən. Mən ilk görüşdən sənin
zahiri xüsusiyyətlərinə vurulmuşdum və
sonrakı görüşlərdə gizlin qaydada da olsa, mən
bunu sənə bildirmişdim. Daxili aləminə
bələdçiliyim yox idi, bu barədə Südabə
çox şey, çox yaxşı şeylər
danışmışdı. Sənin xasiyyətinə o, məftun
olmuşdu və bu hissi mənə də təlqin etməyi
bacarmışdı. Mən səninlə evlənmək qərarına
gəlmişəm. Amerika yazıçısı
Vaşinqton İrvinq gənc arvadı öləndən sonra
heç vaxt evlənməmiş, 40 il sonra da arvadını
göz yaşları ilə xatırlamışdı. Biz azərbaycanlılarda
isə belə qayda yoxdur.
- Biz xoşbəxt ailə həyatı
qurmalıyıq, məndən asılı olan hər şeyi
edəcəyəm. Sən də, yəqin ki, öz qabiliyyətini
büruzə verəcəksən. Mən heç kəslə
məsləhətləşmək, kiminsə fikrini öyrənmək
istəmirəm. Mən köhnə stereotiplərin
də əsiri olmağı özümə rəva bilmirəm.
Ən başlıcası, bizim bir-birimizi başa düşməyimizdir,
ailə həyatı birinci növbədə bizə
qarşılıqlı məhəbbət bəxş edəcəkdir,
mən bu məhəbbətin işartılarını
özümdə görürəm, heç şübhə
etmirəm ki, sən mənim məhəbbətimi cavabsız
qoymayacaqsan.
Sən artıq yaşlı bir kişinin
xanımı olsan da, gənclərə xas olan şuxluq, həyatdan
həzz almaq məsələsində sənə mən
heç bir məhdudiyyət qoymayacağam. Biz mənim
dostlarımın ailələrini birlikdə evimizdə qonaq
kimi qəbul edəcək və onlara qonaq gedəcəyik. Bunlar hamısı sənin razılığın əsasında
həyata keçiriləcəkdir. sən cavan olsan da, evin
xanımı kimi bütün səlahiyyətlərdən
istifadə edəcək, evin büdcəsinə də
özün nəzarət edəcəksən. Bunlar səni
qorxutmasın, hamısına yavaş-yavaş öyrənəcəksən.
Mən çalışacağam, bu evdə, bu mənzildə
səni daim məhəbbət havası əhatə etsin, sən
yeni ailə həyatından həzz və ilham alasan. Heç
kəsin ixtiyarı olmayacaq ki, sənin keçmişinin
hansısa səhifəsini yada salsın. Mən səninlə
ailə qururamsa, kiminsə sənin həyat yolunu hansısa
şübhə dumanı altında xatırlamasına və
ya eyham vurmasına imkan verməyəcəyəm.
Sonra o, stuldan qalxıb, dediklərinin real təsdiqi
kimi, mən söylədiklərimə möhür vurmaq
üçün səni ilk dəfə öpmək istəyirəm,
dedi. Yaşlı adama xas olmayan bir ehtirasla Ruhiyyənin
dodaqlarından öpdü. Ruhiyyə ilk dəfə idi ki, belə
şirin, qızğın ehtirasın nümayişi olan
öpüşü dodaqlarında, ağzında hiss edirdi,
çox istəyirdi ki, bu şərbət izi onun
ağzını, bütün vücudunu heç vaxt tərk
etməsin. Qız utancaqlığını kənara
atıb, dilini gələcək ərinin ağzına
saldı. Hüseyn müəllim ilk dəfə idi ki,
ağzında bal dadı hiss edirdi. Bu, onların hər ikisinə
qarşılıqlı sevgilərini anlatdı. Ruhiyyəni bərk-bərk
qucaqladıqdan sonra yerinə oturdu və dedi:
- Əmin ola bilərsən ki, son nəfəsimə
qədər mən səni belə ehtiras yanğısı ilə
öpəcəyəm. Bircə şərtlə ki, o
öpüşlər sənə də ləzzət versin.
Ruhiyyə Hüseyn müəllimin belə
aktivliyini gözləmirdi, əvvəlki tək onunla soyuq
davranacağını fikirləşirdi. Ancaq bu mehribanlıq
şərqisinə bənzəyən sözlər,
ehtiraslı öpüş tamam başqa operadan xəbər
verirdi. O, özünü yuxuda hiss edirdi, onun
könlünün dəmir bəndləri də
dağılıb yoxa çıxmışdı. Heç
vaxt hiss etmədiyi bir vəcdə gəlmişdi, indiyədək
heç kəs onu belə əzizləməmiş, ona belə
ehtiras nümayiş etdirməmişdi. Yazıq qız
yenə qorxmağa başladı. Axı qorxu hətta cəzadan
da pisdir. Cəzada nəsə bir müəyyənlik
vardır, qorxu isə öz məchulluğu hesabına yoxa
çıxmayana qədər böyüməyə,
ağır sarsıntı yaratmağa başlayır. Qorxdu ki,
Hüseyn müəllim öz ehtirasına qızın belə
cavab verməsini başqa cür qiymətləndirə bilər,
axı bu yazığı öz keçmişi daim kabus kimi
izləyirdi. Ancaq onu da düşünürdü ki, belə
bir anın daim arzusunda olmuşdur. Həmişə istəmişdi
ki, elə bir ildırım çaxsın ki, onu
keçmişin əsarətindən birdəfəlik
qurtarsın. Bir az keçdikdən sonra hiss etdi ki, artıq
qorxu xaosu arxada qalmışdır, çünki o, yeni,
çox güclü bir hissin hər şeyi
dağıtmağa qadir olan gur axınına
düşmüşdür. Ona görə də
hətta utancaqlıq əlaməti kimi gələcək ərinə
müqavimət göstərmədi. İlk dəfə idi ki,
bu zəifliyini öz qələbəsi, böyük zəfəri
hesab etməyə başladı. Lakin xoş anlar da köhnə
yaraları sürətlə sağalda bilmir,
çünki yara hələ qaysaq
bağlamamışdırsa, adamı yandırmağa
başlayır. Lakin əgər ərə gedirsə,
özü də nəcib bir insanla ailə qurursa, yara nə qədər
dərin olsa da, hökmən sağalacaqdır, bir daha onu
incitməyəcəkdir.
Sevinc hissləri onu dəyişdirmişdi. Onun
ağarmış, arıqlamış yanaqlarına gur qan gəldi.
O, özü də anlaya bilmirdi, nədir onun zərif üz
cizgilərinə bu ehtiras şehini tökən? Onun sifətində
güc işarəsi, həyat eşqi, sehrli görünən
cazibədarlıq meydana gəlmişdi. Təbəssüm onun
dodaqlarını tərk etmirdi. Qəmgin görünən bu
qız birdən parlamağa başlamışdı. Çox
arzulayırdı ki, onda yaranan bu dəyişiklik bir də
solmasın, sifətindəki, gözlərindəki
parlaqlıq bir də yoxa çıxmasın. Hüseyn
heyranlığını gizlədə bilmirdi, dünənə
qədər qəm-qüssə ifadəsinə xidmət edən
sifət indi ilahi gözəlliyə yiyələnməyə
can atırdı.
Sonra Hüseyn müəllim praktiki məsələlərə
keçdi, sabah nikah kəsdirməyə gedəcəklərini
elan etdi və axşam bir restoranın bağlı
otağında yaxın dostların iştirakı ilə toy məclisi
keçirərik, dedi. Mənim tərəfimdən 15 nəfər
olacaqdır, sən də o qədər adam dəvət edə
bilərsən.
Ruhiyyə dedi:
- Siz etiraz etməsəniz, mən anam və
bacımdan əlavə ancaq Yusif müəllimi və onun
övladlarını dəvət edərdim. Südabə
xanıma onun haqqında çox şey
danışmışdım. Bugünkü xoşbəxtliyimin
də künc daşını o, qoymuşdur.
Hüseyn müəllim dedi:
- Mən ürəkdən razıyam, o alicənab
insanı qiyabi tanıyıram, indi isə əyani
tanış olarıq.
Sonra Hüseyn müəllim Ruhiyyəyə
dedi ki, bu gündən etibarən mən sənin
üçün Hüseynəm, rəsmiyyətçilik
qeyri-səmimilikdən xəbər verir. İkinci sözü
isə bu oldu ki, sabah iş yerinə gedib, işdən azad
olmaq barədə ərizəni verərsən.
Və əlavə etdi:
- Bu mənzilin ev xanımına böyük
ehtiyacı vardır və sən bu vəzifəyə ən
layiqli namizəd olmaqla, ev təsərrüfatımızı
da idarə etməklə bu titulu ləyaqətlə
daşıdığını sübut edəcəksən.
Yeni həyatındakı hər bir addımın sənə
qövsi-qüzeh rəngləri bağışlayacaqdır. Sənin
xoşbəxtliyə nail olmağa haqqın vardır, ona layiqsən,
bu, sənin keçmiş acı günlərinin
kompensasiyasıdır.
Hüseyn müəllim
planlaşdırdığı kimi də hərəkət
etdi, sabahısı günü onlar rəsmi qaydada
nikahlarını qeyd etdirdilər. Nikahı kəsən
qadın onu da vurğulamağı özünə borc bildi
ki, bu, Ruhiyyənin ilk, Hüseyn müəllimin isə ikinci
nikahıdır, əslində, bunun mərasimə heç bir
dəxli yox idi, vacib olan razılığı onlar ucadan bəyan
etmişdilər. Onlar hər ikisi şirin həyat
yuxularının ağuşuna qapılmış kimi
görünürdülər, heç nəyə məhəl
qoymayan göyərçin cütlüyünün
açıq-saçıqlığı kimi hərəkət
edirdilər. Hüseyn müəllim sevinirdi ki, təzə
gəlin mərasimə təzə, şux paltarda gəlmişdir.
Çünki o, bahalı mağazalar açılandan sonra
Ruhiyyəni onlara baxmağa və özünə paltar
seçməyə aparmışdı. Onun heç bir maliyyə
çətinliyi yox idi. Özünün bankda xeyli pulu var idi,
Südabə xanım da maaşından və əsərlərinin
qonorarından aldığı pulları həm manat, həm də
funt-sterlinqdə bankda depozitə qoymuşdu və öləndə
mövcud olan iri məbləği ərinə vəsiyyət
etmişdi. Ona görə də Ruhiyyəyə
bahalı ağ gəlinlik paltarı və fata, üç dəst
yaraşıqlı brend paltar almışdı. Gəlinlik
paltarında o, özünə də bənzəmirdi, daha
gözəl, daha cazibədar görünürdü. Südabədən
fərqli olaraq Ruhiyyə bir qədər tutqun rəngli idi, belə
qızları çox vaxt "əsmər bənizli"
adlandırırlar. Ona görə də ağ paltar ona
çox yaraşırdı, axı kontrast rənglərdə
gözəllik daha aydın nəzərə çarpır.
(Ardı
var)
Telman ORUCOV
525-ci qəzet.- 2021.-
9 may.- S.22.